Qafqazın əbədi düşmənləri

 

Əgər yenidən bu dünyaya qayıtmaq, yenidən yaşamaq şansını versəydilər,  bəzilərinin möcüzə kimi arzuladığı fürsətdən düşünmədən imtina edərdim. Mənə yaşamağa elə bu ömür də yetərlidir. İkincisinə ehtiyac yoxdur, qoy başqaları yaşasın. Müharibəyə yola düşən jurnalist ölümlə təsəvvürünə gətirdiyindən daha çox rastlaşır. Bu təhlükələrdən sağ çıxmaq adama yenidən doğulmaq kimi gəldiyi üçün ikinci dəfə yaşamaq, təkrar doğulmaq arzusu olmur. Ona görə ki, müharibədə bəzən ölümlə yaşamaq arasında fərqlər itir. Məğlubiyyətin şahidi olanda, ətrafında baş verən hadisələri dərk etməkdə aciz qalanda sabah, birisi günondan sonra da qismətinə yazılan həftələrin, ayların, illərin hamısı gərəksiz və mənasız görünür. Yəni yaşamamaq da olar. Ağlın, biliyin, təcrübən dadına çatmır. Ölüm də axtardığın sualların cavabı kimi işinə yarıyan olur. Çəkinmirsən, hara olsa düşünmədən şığıyırsan - ölümün üstünə belə. Çünki müharibədə gördüyün ölümlərin, yaralıların və qismətindən didərgin düşənlərin sayı ağlasığmaz dərəcədə çox olduğundan  bir ölümün artıq və ya əskik olması heç nəyi dəyişdirmir. Öz ölümün belə bu sırada istisna deyil.

Tarixi hadisələri, xatirələri parçalanan güzgü qırıqları kimi birləşdirməyə çalışıram. Göy guruldayır, ildırımlar çaxır və hər güzgü sınığında bir faciə yaşanılır.

Tarixi hadisələrin ən təntənəlisi və müdhişi, nədənsə, bəşəriyyətin qismətinə yanaşı, qoşa yazılır. Bayramların zirvəsindən fəlakətlərin  uçurumlarına çırpılıb parçalanırsan, özünü də, sivil dəyərləri də dərk etməkdə çətinlik çəkirsən. Məsələn,  sentyabrın biri yaddaşımızda İkinci Dünya müharibəsinin  alışdığı gün kimi qalıb.  Elə həmin gün də dünyanın bir çox dövlətlərində məktəblərdə dərslər başlayıb.  Kitelinin boğazından, bərələn gözləri ilə pırtlayıb çıxan Hitler çox yaxşı bilirdi ki, XV əsrdən üzü bəri hər il sentyabrın birində dünyada dərslər başlanır. Məhz bu gün ona lazım idi ki, faşizm adlı universitet silahların, işğalların və kütləvi qətllərin dili ilə "yeni dərs ilinin" başlandığını elan etsin. Almaniyanın faşist dövləti və Hitlerin fürer kimi yetişməsində ən demokratik və ən böyük dövlətlər bütün imkanlarını işə saldılar. Göbələk kimi yetişən faşizmi yer üzündən silməyə 7 il və 70 milyon günahsız insan həyatı lazım gəldi. Görəsən, böyük dövlətlərin öpüb əzizləyib, ovuclarında bəslədikləri erməni faşizmini Qafqazdan kürümək üçün yenə nələri qurban verməliyik?

 

* * *

 

1945-ci ildə mayın 9-da SSRİ kimi qüdrətli bir dövlətin tərkibində bütün sovet xalqları ilə birləşib alman faşizmi üzərində qələbə çaldıq. Reyxstaqa sancılan bayraq Azərbaycana trilyonlarla ölçülən Bakı neftinin və 300 minə yaxın gəncin həyatı bahasına başa gəldi. Qələbənin göyə atılan fişənglərinin parıltıları sönməmiş Ermənistandan təxminən bir o qədər azərbaycanlı qovuldu, sürgün edildi, didərgin salındı. Savaşdan geri qayıdan azərbaycanlı qəhrəmanlar yurdlarını boş, evlərini sovet qiyafəsində viran qoyan erməni faşistləri qarşısında özlərini aciz, zavallı və kimsəsiz gördülər. Böyük qələbəsi iliyinə kimi Bakı neftində yoğurulan Sovet İttifaqı bizim qəhrəmanlığımıza kor baxdı.

 

* * *

 

1988-ci il. SSRİ hələ də əvvəlki əzəmətindədir.  Masis rayonunun Rəncbər kəndindəyik. Rayon mərkəzində ermənilər azərbaycanlıların oxuduğu texnikuma od vurublar. Adamlar hamısı Türkiyə ilə səhrəddə yerləşən Rəncbər kəndinə toplaşıblar. Heç kimə inanmırlar, mənə də. Aydının evi yaralı adamlarla doludur, balaca qızı gördüyü vəhşiliklərdən özünü itirib sığınmağa, gizlənməyə yer tapa bilmir. Aydın isə qışqırır:

- Ay qardaş, get Bakıdakıları başa sal ki, Arazdan, sərhəd xəttinin arxası ilə bizə silah, birun göndərsinlər ki, biz bu rəzillərdən çörək almayaq. İrəvan qulağımızın dibindədir, iki günə oranı alt-üst eləməsək, kişi deyilik.

Adamlar yer-yerdən - "Hə"!!! - deyə qışqırırlar. Masis rayon partiya komitəsinin üçüncü katibi - azərbaycanlı qadın müsahibə verməkdən imtina edir. Adamların arasında heç bir suala cavab vermir.  Vəzifəni itirmək qorxusu Vətəni itirmək xofunu üstələyir.

Məni buralarda gəzdirən, qoruyan Telman Səfərovdur. O, artıq dünyasını dəyişib.  Naxçıvan MR daxili işlər naziri Ramil Usubovun Ermənistanı yaxşı tanıyan cəsarətli işçilərindən biri idi. Azərbaycan hökumətindən kömək istəyənlərin, yaralıların ərizələrini yığıb, şəkillərini çəkdikdən sonra "Jiquli"yə minib saatda 140-160  kilometr sürətlə geriyə - Azərbaycana tərəf qaçırıq.

 

* * *

 

1988-ci ildə Qafanda dəmir yolu stansiyasında azərbaycanlıların evlərini erməni faşistləri yandıranda rayon partiya komitəsinin birinci katibi ilə görüşdüm.

Qafanın birinci kommunistindən  nə səbəbdən və kim tərəfindən azərbaycanlıların evlərinin yandırıldığını soruşdum. Sualım onda ikrah hissi oyatdı. Birdən bütün rəsmiyyəti yana qoyub, qəzəbqarışıq faşist ironiyası ilə soruşdu ki, "bura bax, sən niyə azərbaycanlıları müdafiə edirsən?" Biləndə ki, Bakıdan gəlmişəm, xoflandı: "Neçə yəni Bakıdan? Sənin vəsiqənə Moskva yazılıb"!

İzah etdim ki, Naxçıvandan Dəmir Yolu İdarəsinin rəisi Malik Farayevlə bir qatarda gəlmişəm. O da buradadır, dəmir yolu stansiyasında adamlarla görüşür. Vəsiqəni isə Moskvada əsgərlikdə olduğum Hava Hücumundan Müdafiə Qoşunlarında veriblər. Əslində isə "Bakinski raboçi" qəzetinin Naxçıvan MR-də xüsusi müxbiriyəm.

- Sən bilirsən vəziyyət neçədir? - O həqiqətən də qorxduğunu gizlətmirdi. - İndi stadionda mitinq gedir, xəbər tutsalar ki, burada azərbaycanlı var, səni də məni də öldürəcəklər.

Ona sakit, nigarançılıq keçirmədən qulaq asırdım. Bir qədər çaşan kimi oldu, təəccüblə soruşdu: - "Sən qorxmursan?" - Cavab gözləmədən etiraf etdi: - "Mən qorxuram".

Onunla razılaşdım:

- Əlbəttə, qorxmalısınız! Sizi ermənilər öldürsələr, bu sizin və qohumlarınızın şəxsi faciənizə çevriləcək. Mən isə Qafanda öldürülən kimi Azərbaycanda millət qəhrəmanıyam. Siz biabır olursunuz, mən əfsanəyə çevrilirəm.

Qəribəsi o oldu ki, Qafanın birinci katibi cavabdan qeyzlənmədi, bir qədər düşündükdən sonra etiraf etdi ki, düz deyirsən. Sonra o qonaqlıq vermək istədi. Süfrə açdırdı. Amma ya stadiona çağırıldığı üçün, ya da qorxduğundan bizimlə oturmadı.

Malik Farayev (artıq neçə ildir ki, dünyasını dəyişib), dedi ki, bu rəzillərin süfrəsinə əl uzatmayacaq. Soruşdum ki, ay Malik müəllim, ermənilərlə heç çörək kəsmisənmi? Cavab verdi ki, o qədər olub ki, heç sayı-hesabı yoxdur. Elə burada - Qafanda qoyun da kəsiblər, kabab da çəkiblər. Əlimlə süfrəyə işarə edib dedim ki, özünüz bilin, bu torpaq da, süfrə də, onun üstündəki naz-nemət də bizimdir, qulluq eləmək də borclarıdır. Öz süfrəmin başında oturmuşam. Kimin haqlı olub-olmadığını araşdırmaq istəmirəm. İittifaqın parçalanıb dağılması hiss olunurdu. Bir az o yanda, dəmir yolu stansiyasında azərbaycanlıların evləri yanırdı... Düşmənlərin açdığı süfrəyə də elə bil daş düzülmüşdü.

 

* * *

 

1991-il dekabrın 25-də axşam saat yeddidə SSRİ-nin paytaxtında Kremldən Sovet bayrağı endirildi, Qorbaçov Müstəqil Dövlətlər Birliyinin yaradılması ilə bağlı istefa verdiyini elan etdi. Rusiya-Azərbaycan münasibətlərinin yeni müstəvidə inkişaf edəcəyinə ümid etmək olardı.

1992-ci ildə mayın 9-da ermənilər rusların  qucağında Şuşaya oturmaqla İkinci Dünya müharibəsində  həlak olan  300 minə yaxın əsgərimizin ruhunubir respublikanın fədakar əməyini təhqir etdilər və Azərbaycan xalqının Rusiyaya əsrlər boyu nümayiş etdirdiyi müqəddəs dostluq müstəmləkə təbəəsinin gərəksiz sədaqətinin rəmzi kimi ermənilərin ayaqları altına atıldı! Onun arxasınca Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Qubadlı və başqa rayonlarımız  işğal olundu...

 

* * *

 

20 ildən artıqdır ki, ürəkdən sevinə bilmirəm. Nə bayramlarda, nə də şadyanalıqlarda.  Yemək-içməkdən partlayan qarınlar, xörəklərin ağırlığından yırtılan süfrələr, əndazədən çıxıb vəhşi bir ritmlə beyinləri dağıdan musiqidaş kimi çiyinlərimə yüklənir. Qaçıb getmək istəyirsən, ancaq vicdanın məhkəməsindən və ruhun iztirablarından yaxa qurtara bilmədiyin üçün baş götürüb getməyə yer də tapmırsan. Özün-özünə hökm oxuyub, cəza kəssən də, sağ qalıb yaşayacaqsanişğal olunan ərazilərin ağırlığını ruhunda daşıyacaqsan. Çəkə bildiyindən ağır yükün altında əyiləcəksən. "Şuşa getsə, başıma bir güllə çaxacağam!" - deyib şəhadət barmağını papağına dirəyən bir "bəyin" bu papağın altında necə yaşadığını düşünəcəksən. 

İşğal olunan torpaqlara badə qaldırıb "gün o gün olsun ki, gələn toyumuzu Şuşada..." kimi kəlmələri də acı bir təbəssümlə qarşılayıram. Yuxularımda bir-birinə çırpılıb qırılan arsız badələrin cingiltisindən səksənib oyanıram.

Qapılarına səcdəyə getdiyim milli qəhrəman Mübariz İbrahimovun kimsəyə bildirmədən Suşanın, Ağdamın və bütün işğal edilən ərazilərimizin dalınca gedərək necə cəsarətlə erməniləri təqib etdiyini xatırlayıram. O ölümü ilə nur saçaraq, hamıya qələbənin müqəddəs yolunu göstərə bildi. Və hər birimizə: balaca uşaqdan tutmuş Ali Baş Komandana kimi Vətən uğrunda döyüşməyə qadir onun kimi gənclərin minlərlə olduğunu öz ölümü ilə sübut etdi.

 

* * *

 

Bu sözlər pessimizmə köklənmək üçün yazılmır. Qarabağ müharibəsi böyük bir xalqın bütün əzəməti və gücü ilə özünə qayıtması və içindən birləşib ucalması üçün güclü təkandır.

Bütün işğalların kökündə qarşıdurmalar, xəyanətlər, cılız siyasi qüvvələrin böyük ambisiyaları dayanır. Elə təsəvvür edin ki, ölkəmiz kiçik göldüronun balıqlarını tutub yemək üçün təpəgözlər əhatəyə alaraq tor atırlar. Onlar bir-birlərinə nəhəng olduqları üçün söz demədən ehtiyatla davranırlar ki, bu məcazi gölün ətrafında tor atmaq üçün sakitlik olsun, göldə balıqlar necə çırpınıb boğulursa, heç kimin vecinə deyil, hər kəs toruna düşəcək sərvətləri düşünür.

İşğal olunan torpaqlarımızda ermənilər heç vaxt otura bilməyəcəklər. O torpaqları geri almaq haqqımızı da kimsə danmır. O torpaqlar məşəl kimi alışaraq bizi viran qalan yurdlarımızın, ağaclarında bayquşlar ağı deyən kəndlərimizin, oğul-uşaqlarının  dalınca boylanan məzar daşlarının üstündəki lal şəkillərin və bir də izsiz-soraqsız itkin düşən qız və gəlinlərimizin, uşaq və qocalarımızın və yolumuzda şəhid olanların qisasını almağa çağırır.

Ömür bütün suallara tədricən, görüb-götürdükcə cavab tapmağa ayrılan vaxtdır. Təəssüflənmirəm. Əksinə, qismətimə yazılan bütün qazancları və məhrumiyyətləri Tanrının mərhəmətindən gələn hədiyyələr və sınaqlar kimi itaətlə qəbul edirəm.

Ermənilər indiki Ermənistandan qaçıb gedirlər. Onlar Qarabağda özlərini girovlar kimi hiss edirlər, hara olsa çıxıb getmək üçün istənilən rüşvəti verməyə hazırdırlar. Təki gücləri çatsın. Gedirlər ona görə ki, bu yerlər onların deyil, onlar bu torpaqlarda qərar tuta bilməyəcəklər, içlərində genetik vətən sevgisi yoxdur. Onlar üçün əbədi düşmən var, amma əbədi vətənləri, əzəldən doğulduqları torpaqları yoxdur. Güclü dövlətlərə əyilə-əyilə öz içlərində didərgin düşüblər. Qala bilməyəcəklər, yaşamayacaqlar. Qafqazın əbədi faşistləri həm bizimlə, həm özləri həm Qafqazla əbədi savaşda, ədavətdə olacaqlar.

 

 

Bahadur İMANQULİYEV

 

Azərbaycan.- 2011.- 5 oktyabr.- S.  7.