Sənədlər şahidlik edir

 

1917-ci ilin fevralında  Rusiyada baş vermiş siyasi hadisələrdən istifadə edən erməni  millətçiləri  Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək üçün zorakılıq və terror əməliyyatlarına başladılar. Xarici dövlətlərdən dəstək və külli miqdarda yardım alan  S.Şaumyan (həmin ilin oktyabr ayında o, Bakı Sovetinə başçılıq edirdi) Bakıda öz məkrli siyasətini həyata keçirmək üçün gizli planlar hazırlayırdı. Şəhər əhalisinin müqavimətinə baxmayaraq, əvvəlcə Azərbaycan alayının üzvləri Bakı Soveti tərəfindən həbsə alındılar. İlk zərbə də azərbaycanlılara məhz buradan vuruldu. Nəticədə silahlı münaqişə və qarşıdurma yarandı.

Martın 30-dan aprelin 3-nə qədər davam edən bu münaqişə genişlənərək Azərbaycanın bütün bölgələrinə yayılmağa başladı. "Daşnaksütyun" terror təşkilatının törətdiyi  silahlı qarşıdurma on minlərlə günahsız azərbaycanlının qətlinə səbəb oldu. Azərbaycanlıların evləri yandırıldı, var-dövlətləri talan edildi. Şəhər viran qoyuldu, tarixi əhəmiyyətli binalar, abidələr, məscidlər dağıdıldı. Azərbaycanlılara qarşı açıq-aşkar soyqırımı əməliyyatları başlandı. S.Şaumyanonun əlaltılarından olan Lalayanın, Amazaspın, Saakyanın, Mikoyanın, Ter-Mikaelyanın, Avakyanın, Arakelyanın, Əmiryanın və başqalarının terror əməliyyatlarında xüsusi rolu olmuşdur. A.Mikoyanın rəhbərlik etdiyi "Qızıl qvardiya" dəstələri isə bu əməliyyatlarda xüsusilə fərqlənmişlər. Eyni vaxtda Azərbaycanın bölgələrində həyata keçirilən qırğınlara da onlar yaxından kömək göstərmişlər. Qırğınların törədilməsi üçün Bakı Sovetindən Şaumyanın göstərişi ilə təkcə Şamaxıya 60 maşın silah və 2000 erməni əsgəri göndərilmişdi.

Ümumiyyətlə, Azərbaycan 1918-1920-ci illərdə ən faciəli dövrlərindən birini yaşayırdı. Yaxşı silahlanmış erməni dəstələri ölkəmizin müxtəlif bölgələrində silahsız və köməksiz müsəlman əhalisinin qanını axıdır, hətta  südəmər körpələrə belə rəhm etmirdilər. Qətlə yetirdikləri insanların cəsədlərini təhqir etməkdən çəkinmirdilər.  Dünyanın heç bir yerində görünməmiş bu soyqırımı ilə bağlı faktların çoxu arxiv sənədlərində öz əksini tapıb.

1918-ci il martın 31-də törədilən soyqırımında on minlərlə azərbaycanlı qəddarlıqla qətlə yetirildi. Həmin gün təkcə 15 min azərbaycanlının başı kəsilmişdi. Rəsmi mənbələrdə on minlərlə insanın qətlə yetirildiyi və nə qədər adamın itkin düşdüyü qeyd edilir. Sənədlərdə itkin düşənlərin kütləvi şəkildə torpağa basdırıldığı faktları da öz əksini tapmışdır. Buna Quba məzarlığını da misal göstərmək olar. Öldürülmüş insanların sümüklərində olan güllə yerləri, bədənlərinin müxtəlif əzalarında mismarla açılmış dəliklərin olması, baş sümüklərinin əzilməsi onların necə ağır işgəncələrə məruz qaldığından xəbər verir. Hələ neçə-neçə arxeoloji qazıntılar zamanı erməni quldurlarının törətdikləri cinayətlərin üstü açılacaq, gec, ya tez bütün dünya onların əsl simalarını görəcəkdir.

Bu  soyqırımı faciəsini təkcə azərbaycanlılar deyil, bütünlükdə  türk dünyası qanlı illər kimi xatırlayırlar. Ermənilərin vəhşiliyi yalnız Bakıda deyil, qeyd etdiyimiz kimi, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Kürdəmir, Hacıqabul, Salyan, Qarabağ, Naxçıvan  və əzəli torpağımız olan Qərbi Azərbaycanın Zəngəzur ərazisində də  törədilmiş və tarixdə ağrılı-acılı izlər qoymuşdur.

Azərbaycanlılara qarşı həyata keçirilən bu cinayət açıq-aşkar millətə qarşı hazırlanmış sui-qəsd idi. Lakin ermənilər bunu guya bolşeviklərlə müsəlmanlar arasında yaranmış hakimiyyət mübarizəsi kimi qələmə verməyə və hətta ölən azərbaycanlıların sayını az göstərməyə çalışırdılar. Bu hadisədən bir il sonra, yəni 1919-cu ilin yayında ermənilərin yepiskopu Baqrat ABŞ hökuməti tərəfindən Bakıya göndərilmiş general Harborda təqdim etdiyi sənədlərdə ermənilərin mart hadisələrində, ümumiyyətlə, iştirak etmədiyini "sübut etməyə" çalışmışdı. O, öldürülənlərin bir hissəsinin erməni, bir hissəsinin rus, qalanlarının müsəlman olduğunu iddia edərək bunun elə də milli zəmin daşımadığını bildirirdi. Amma mənbələrdən məlum olduğu kimi, Bakıdan başlanan bu qanlı cinayət Bakıətrafı kəndlərin əksəriyyətində xüsusi qəddarlıqla həyata keçirilmişdir. Qorxudan qaçıb tövlələrdə, sobalarda, anbarlarda gizlənmiş  insanların da diri-diri yandırılaraq qətlə yetirildiyini sübut edən sənədlər, belə əmr və göstərişlərin kimlər tərəfindən verildiyini, qırğınların kimlər tərəfindən törədildiyini arxiv sənədləri sübut edir.

Təkcə bunu qeyd etmək kifayətdir ki, 1918-ci ildə Rusiyadakı qarışıqlıqdan öz mənfur niyyətlərinə çatmaq  üçün istifadə edən ermənilər yaratdıqları 10-12 min nəfərlik ordunun 7 minini müxtəlif yollarla Bakıya göndərməyə nail olmuşdular. 70 faizi ermənilərdən   təşkil edilmiş bu  quldur dəstələri mart ayından Azərbaycanın  bölgələrində cəbhə boyu hücumlara başlamışdılar. 12-15 min nəfərə qədər günahsız insanı bir gecənin içində qətlə yetirmişdilər. Bu təkcə Bakıda törədilən soyqırımı nəticəsində ölənlərin sayıdır. Ümumilikdə, 1918-ci il soyqırımında Azərbaycanda 50 mindən artıq insanın qətlə yetirildiyini sübut edən sənədlər vardır. Əsrlər boyu xalqımıza qarşı düşmənçilik   siyasəti aparan ermənilərin təkcə Şamaxıda törətdikləri vəhşiliklər haqqında 925 səhifədən ibarət tədqiqat işi var. Qubada törədilən soyqırımında 30 mindən çox adam işgəncələrə məruz qalaraq qətlə yetirilmişdi. Qarabağ da bu qanlı olayı yaşamış bölgələrimizdəndir.

Sovetlər dövründə daşnakların Azərbaycanda törətdikləri vəhşilikləri əks etdirən materialların, arxiv sənədlərinin bir qismi müxtəlif yollarla məhv edilsə də, böyük əksəriyyətini qoruyub saxlamaq mümkün olmuşdur. Sovet dövründə yayılmasına qadağa qoyulmuş həmin sənədlər üzə çıxarıldıqca dünya kimin haqlı, kimin haqsız olduğunu daha yaxından tanıyır.

 

 

Pərixanım MURADOVA,

Azərbaycan Respublikası Prezidentinin

İşlər İdarəsinin Siyasi Sənədlər Arxivinin

elmi kitabxanasının müdiri

 

Azərbaycan.- 2011.- 5 oktyabr.- S.  7.