Maarif fədaisi
Azərbaycan
xalqının milli təfəkküründə müəllim
adı hər zaman ucalıq, ziyalılıq və mənəvi
saflıq rəmzi kimi təcəssüm olunmuş, onlar
böyük hörmət və yüksək ehtiramla
qarşılanmışlar. Sosial statusundan, tutduğu vəzifədən
asılı olmayaraq bu gün də hər bir kəs
qazandığı biliklərə, həyatdakı mövqeyinə,
şəxsiyyət kimi formalaşmasına görə
özünü məhz xeyirxah müəllimlərinə
borclu sayır.
Müəllimlik
elə bir zirvədir ki, bu şərəfə nəsib olan
insanlar, başqalarından fərqli olaraq, dövrü əhatə
etmiş qaranlıqları daha tez duyub nəticə
çıxarmağı bacarır, mövcud problemlər,
onların həlli yolları və gələcək barədə
konkret əmələ yönəlmiş formada
düşünürlər, əzmkar axtarışları, tədqiqatları
ilə çoxlarının bəhrələnəcəyi
maarifçilik irsi və bütöv bir məktəb yaradırlar.
Bu irfan sahibləri üzərlərinə götürdükləri
müqəddəs missiya ilə həm də ucalığa
qovuşurlar. Mübaliğəsiz demək olar ki, hansı
ölkədə fəaliyyət göstərmələrindən
asılı olmayaraq, müəllimlər cəmiyyətin ən
nüfuzlu, ən mötəbər insanlarıdır.
Ziyalılığı, intellekti, xeyirxahlığı və
səmimiyyəti ilə həyatı boyu saysız-hesabsız
"sağ ol"lar qazanan belə müəllimlərdən
biri də Fərrux Fərhad oğlu Ağasıbəyli idi.
O, yaşadığı 74 illik ömrünün 57 ilini bu
müqəddəs peşəyə həsr etmişdi.
Doğmaları
və dostları, həmkarları və yetirmələri - hərə
öz ürəyində, öz dairəsində onun yubileyinə
hazırlaşırdı. Əgər ömür bircə il vəfa
etsəydi... Lakin Fərrux müəllim bir neçə ay
bundan əvvəl dünyasını dəyişdi və onun
ruhu 74 il əvvəl həyata göz açdığı
doğma Şəkidə əbədi qərar tapdı.
O, 1937-ci
ildə Şəkinin Orta Zəyzid kəndində
doğulmuşdu. Həmin kənddə yeddiillik təhsilini başa vurduqdan sonra Şəkidə
Pedaqoji Texnikuma daxil olmuşdu. 1954-cü ildə texnikumu
bitirmiş və bir müddət Masallıda müəllim
işləmişdi.
Elmə
marağı böyük idi. Xüsusilə ədəbiyyatı
çox sevirdi. Daim oxuyurdu, öyrənirdi. Bir istəyi də
həmişə bildiklərini özündə "gizlətməmək",
başqalarına, əsasən də uşaqlara öyrətmək
idi. Ona görə də Bakı Dövlət Universitetinin
Filologiya fakültəsini seçərək oraya daxil oldu.
Universitetdə təhsilini davam etdirərək Bakının
müxtəlif məktəblərində Azərbaycan dili və
ədəbiyyatından dərs deməyə başladı.
Sonralar o, çalışdığı təhsil
ocaqlarında təlim-tərbiyə üzrə direktor
müavini, direktor vəzifələrində işlədi.
1989-cu ildən isə paytaxtın Yasamal rayonundakı 21
saylı məktəbə rəhbərlik edirdi. Amma hansı vəzifədə
olmasına baxmayaraq, o, müəllim peşəsindən
ayrılmırdı. Hər dəfə sinif otağına
daxil olub öz sevimli fənnini tədris etmək ona ruh və
fərəh gətirirdi.
O, əsl
pedaqoq idi. Müəllimliyi təkcə dərs deməkdə
görmürdü. "Əsl müəllim hər sahədə
öz şagirdlərinə nümunə göstərməlidir,
- deyirdi. - Yalnız bu halda o, müəllim şərəfini
uca tutmuş olur".
Təsadüfi
deyil ki, Fərrux Ağasıbəyli ali kateqoriyalı metodist
müəllim kimi də hörmət qazanmışdı.
Hansı məktəbdə və hansı vəzifədə
çalışmasından asılı olmayaraq, o, kollektivin rəğbət
və məhəbbətini qazanırdı. Şagirdləri
onu bilikli və qayğıkeş müəllim kimi sevirdilər.
Həmkarları üçün o, əlindən gələn
köməyi əsirgəməyən, təcrübəsini
bölüşən bir dost idi. Valideynlər isə onu ədalətli
bir insan, böyüməkdə olan hər bir yeniyetmənin gələcəyi
üçün çalışan bir vətənpərvər
kimi tanıyırdılar.
Fərrux
Ağasıbəyli mərd insan idi. Həyatda ən çox
çəkindiyi müəllim nüfuzuna, müəllim
adına və şərəfinə ləkə düşməməsi
idi. O öz ömrünü elə yaşadı ki, bu şərəfli
adı axıradək ləyaqətlə qoruya bildi.
Fərrux
Ağasıbəyli mütaliədən, oxuyub-öyrənməkdən
doymurdu. Üstəlik, axtarış həvəsi də
vardı. Cəlil Məmmədquluzadə və Molla Pənah
Vaqif haqqında yazdıqları yaradıcılıq
axtarışlarının məhsulu idi. Mətbuat tariximizi dərindən
öyrənmiş və bu barədə də silsilə məqalələr
yazmışdı. Mustafa bəy Əlibəyov haqqında
yorulmadan tədqiqatlar aparmışdı. Nəticədə
"Mustafa bəy Əlibəyov" ("O, bizə şərəfdir,
biz ona övlad") adlı monoqrafiya yazmışdı.
İstər
dövri mətbuatda, istərsə də elmi-pedaqoji nəşrlərdə
tez-tez çıxış edirdi. Maraqlıdır ki, Fərrux
müəllim bir mövzu dairəsində qapanıb qalmır,
öz istedadı və qələmi ilə bir sıra sahələri
əhatə edirdi. Bir çox məqalələrində o, məhz
pedaqoq kimi çıxış etmiş, müəllimlik
peşəsi, onun nüfuzu və şərəfi, müəllim
etikası haqqında söhbət açmışdır. Bu
sırada onun pedaqogikaya aid elmi məqalələri də
xüsusi yer tutur. Bütün bunlar Fərrux müəllimin
"Monoloqdan dialoqadək", "Müəllim" kimi
oçerklərində və çıxışlarında
daha aydın görünür.
Fərrux
Ağasıbəyli yaradıcı insan idi. Bədii
yaradıcılığa da xüsusi meyil göstərirdi.
Yazdıqlarını publisistik və bədii üslubda qələmə
alırdı. Məsələn, təmsil yazmağı bəlkə
də onun tərbiyəçi olduğundan, hər mətləbi
incə anlatmaq qabiliyyətindən irəli gəlirdi. Bunu
müəllifin "Özünü gözə soxan
tüstü" təmsillər kitabında daha aydın
görmək mümkündür. "Yasamal yaylasında ilk məktəb",
"Məhəmmədhəsən əminin behişt
yuxuları" kitabları da məhz bu yanaşmanın nəticəsində
yaranıb. Odur ki, layiq görüldüyü
"Qızıl qələm" mükafatı Fərrux
Ağasıbəylinin halal haqqı idi. 2003-cü ildə isə
Fərrux müəllim "XXI əsrin maarifçisi" beynəlxalq
diplomu ilə təltif olunmuşdu. Hələ keçən əsrin
50-ci illərindən ömrünü gənc nəslin təlim
və tərbiyəsinə həsr etmiş Fərrux müəllimin
öyrətmək həvəsi hələ çox idi.
Bir insan və
müəllim ömrünə Tanrı tərəfindən
ayrılmış illər çox, yoxsa az olmuşdur, demək
çətindir. Amma Fərrux müəllim bu illəri elə
yaşamışdır ki, onun mənəvi ömrü hələ
gələcək zamanlaradək uzanacaq, öyrətdikləri,
yetirmələrinə ərməğan etdiyi dəyərlər
nəsildən-nəslə keçəcək.
İ.ƏLİYEVA
Azərbaycan.- 2011.- 5 oktyabr.- S. 8.