Gəncləşən gənclik
şəhəri - Şirvan
Şirvan
şəhəri (keçmiş Əli
Bayramlı) burada yaşayan
indiki yaşlı və orta
nəslin gözləri qarşısında yaranıb, inkişaf edib, boy atıb. Keçən əsrin
ortalarında burada ölkənin həyatında
mühüm rol oynayan istilik-elektrik stansiyası
tikilib istifadəyə verildi.
Həmin dövrdə neft sənayesi də
sürətlə inkişaf edirdi, tikinti-quruculuq
işləri genişlənirdi. Beləliklə, ölkəmizin
iqtisadi coğrafiyasına indiki
Şirvan yeni şəhər
kimi daxil oldu.
Ali məktəbləri,
xüsusilə Azərbaycan Neft və Kimya İnstitutunu (Neft Akademiyasını) bitirən gənclər
işləmək üçün təyinatla
buraya gəldilər. Üstəlik, Azərbaycanın
müxtəlif bölgələrindən də insanlar iş dalınca Şirvan şəhərinə üz tutdular. Ötən əsrin
70-ci illərində
istifadəyə verilmiş elektrotexnika zavodunda
çalışmaq üçün
Rusiyanın ayrı-ayrı vilayətlərindən də gənclər
buraya göndərilirdi. Çoxu
da qızlar idi. Demək
olar ki, onların
hamısı burada ailə qurdu,
talelərini birdəfəlik bu şəhərə
bağladı. Bu minvalla
Şirvan şəhəri energetiklər,
neftçilər şəhəri olmaqla
yanaşı, daha bir status - gənclik şəhəri adını
qazandı.
İnsan əlləri aylar-illər
ötdükcə xariqələr yaradır. Əhali
artdıqca hüdudlar genişlənir. "Köhnə şəhər" adlanan ərazidən kənarda -
Muşovdağın ətəyində təzə şəhər
salındı. Yeni-yeni çoxmərtəbəli
yaşayış evləri, təhsil, səhiyyə
ocaqları, inzibati binalar
tikilib istifadəyə verildi.
İndi şəhərin mərkəzi elə
bura sayılır.
Şirvan şəhərinin daha sürətli və əsaslı
inkişafı ötən əsrin 70-ci illərindən, ulu öndər Heydər Əliyevin hakimiyyətə
gəldiyi vaxtdan başlayır. Bir çox sənaye tikinti müəssisələri həmin illərdə
yaradılmışdır. İstehsalatda
fərqlənən neçə-neçə əmək
adamı yüksək mükafatlara, fəxri
adlara layiq görülmüşdür.
Müdriklər
həmişə keçmişə nəzər salır, onu öyrənirlər. Azərbaycanın isə
tarixi qədimdir, qəhrəmanlıqlarla
dolu şanlı səhifələri var. Ancaq tarix
tarixdir, onu təhrif
etmək mümkün deyil.
Necə deyərlər, yaxşısı da,
pisi də özümüzünküdür.
Bu mənada ötən əsrin 90-cı
illərindəki hadisələr hər birimiz
üçün ubrət dərsi
olmalıdır. Bu gün
müstəqilliyimizin bərpasının 20 illiyini
qeyd etdiyimiz bir vaxtda o
günləri xatırlamamaq mümkün deyil. O zaman hərc-mərclik,
xaos, özbaşınalıq hökm sürürdü.
Müstəqilliyə təzəcə qovuşmuş
ölkəyə təcrübəsiz, səriştəsiz adamlar rəhbərlik edirdilər. Bundan istifadə edən xarici
qüvvələr Azərbaycanı əsarət altına almaq, onun sərvətlərinə
sahib olmaq istəyirdilər.
Vəziyyətdən yararlanan ermənilər
öz havadarlarının köməyilə
torpaqlarımızı işğal edir, xalqımıza qarşı
soyqırımı törədirdilər. Digər bölgələrimiz,
şəhərlərimiz kimi, o zaman Şirvan
şəhəri də acınacaqlı günlərini
yaşayırdı. Bakıda gedən proseslər burada da analoji
halda təkrar olunurdu.
Dinc əhali boğaza
yığılmışdı. Hava
qaraldıqdan sonra hətta küçəyə
çıxmaq təhlükəli idi.
SSRİ süqut etdikdən sonra iqtisadi əlaqələrin
kəsilməsi nəticəsində əksər müəssisələr
fəaliyyətini dayandırmış, adamlar
işsiz qalmışdılar. "Azərbaycan xalqı müdrik
xalqdır" deyənlər yanılmayıblar. Şirvanda da
çıxış yolunu həyatın
sınaqlarından mərdliklə çıxmış, bütün varlığı ilə doğma xalqına bağlı olan
ümummilli lider Heydər
Əliyevin hakimiyyətə qayıtmasında
görürdülər. Belə də oldu. 1993-cü ilin
yayında ulu öndər hakimiyyətə
qayıtdı. Onun polad
iradəsi, uzaqgörən siyasəti, gərdin əməyi
sayəsində həyat addım-addım məcrasına
düşməyə başladı. Atəşkəs əldə
olunmaqla qan
axıdılmasının qarşısı alındı,
ölkədə sabitlik yarandı. Sabitliyi pozmaq istəyən
separatçı qüvvələr birdəfəlik susduruldu. Xarici və daxili siyasət sahəsində
dəyərli işlər görüldü.
İqtisadiyyatın davamlı inkişafı üçün
tədbirlər həyata keçirildi.
"Əsrin müqaviləsi" bağlandı, torpaqlar kəndlilərə verildi,
digər islahatlar
aparıldı. Yaranan sabitliyi,
əlverişli şəraiti görən xarici
şirkətlər respublikamıza sərmayə qoymaqdan çəkinmədilər. Bunlar yaxın gələcək üçün möhkəm bünövrə
idi.
2003-cü
ilin axırları - 2004-cü ilin əvvəllərindən ölkəmizin
həyatında yeni bir
dövr başladı. Hər sahədə
sürətli inkişaf, tikinti-quruculuq,
abadlıq dövrü. Qarşıya təkcə
Bakıda deyil, bütün
rayonlarda həyatın
canlandırılması, insanların sosial
vəziyyətinin, rifah halının
yaxşılaşdırılması vəzifəsi qoyuldu. Bununla əlaqədar
Prezident İlham Əliyevin
11 fevral 2004-cü il tarixli fərmanı ilə yaxın 5 il üçün
regionların sosial-iqtisadi inkişafına
dair Dövlət Proqramı təsdiq edildi. Bu sənədin qəbul olunması ilə Şirvan şəhərində də canlanma yarandı. Dayanmış bir sıra müəssisələrin fəaliyyəti
bərpa olundu, təzələri işə
salındı. 2005-ci ildə istehsal gücü 10-12 min ton mahlıc emal etməyə
imkan verən pambıq emalı zavodu, 2007-ci ildə yerli xammaldan istifadə etməklə
il ərzində 3,5 milyon
kərpic buraxan zavod,
20 min ton çiyid, 2 min 700 ton yağ istehsal
edən "Yağ-Jmıx-Lint" müəssisəsi,
Müdafiə Sənayesi Nazirliyinin "Telemexanika", "Araz"
zavodları, Şirvan Müalicə- Diaqnostika Mərkəzi, digər onlarca mühüm obyekt istifadəyə verildi.
İndi həmin tədbirlər öz bəhrəsini verir.
2010-cu ildə şəhərdə istehsal
olunan ümumi məhsul
buraxılışının həcmi 302,9 milyon
manata çatmışdır ki, bu da
2004-cü illə müqayisədə 2,6 dəfə çoxdur. İqtisadiyyatın əsasını
təşkil edən sənayedə 234 milyon
manat həcmində, başqa sözlə, 2004-cü
ildəkindən 2,2 dəfə çox məhsul
istehsal edilmişdir. Sənaye
məhsulunun 70,7 faizi qeyri-dövlət sektorunun payına düşür
ki, apardığımız dövrlə
müqayisədə bu 2,4 dəfə
artım deməkdir.
Ötən
dövr ərzində əhalinin alıcılıq
qabiliyyəti xeyli yüksəlmiş, vətəndaşların
sosial rifah halı daha da
yaxşılaşmışdır. Təkcə keçən
il şəhər sakinlərinə 25,4 milyon manat həcmində pullu xidmət göstərilmiş, pərakəndə
əmtəə dövriyyəsi 31,6 milyon
manat təşkil etmişdir.
Bu göstəricilər 2004-cü ilə
nisbətən müvafiq olaraq
6,1 və 1,2 dəfə yüksəkdir. Ötən dövrdə
9,1 min yeni iş yeri
açılmışdır ki, bunun da 6,9 mini
daimidir.
Son illər Şirvan
şəhərində genişmiqyaslı tikinti-quruculuq,
abadlıq işləri aparılıb. Yeni
binalar, salınan park
və xiyabanlar şəhərin hüsnünü bəzəyir, ona xüsusi gözəllik
gətirir. Son 5 ildə 224 mənzilli 6 yaşayıış
binası tikilmiş, qəza vəziyyətində
olan 120 mənzilli 2 bina
əsaslı təmir edilmişdir. 2005-ci
ildən indiyədək Qarabağ
müharibəsi əlilləri və şəhid ailələri
üçün 55 və 16 mənzilli 3
yaşayış binası inşa olunmuşdur. Daxili İşlər Nazirliyi Pasport Qeydiyyatı
İdarəsinin Regional Şöbəsi,
Dövlət Miqrasiya Xidmətinin Şirvan Regional İdarəsi,
Ədliyyə Nazirliyinin Şirvan
Regional Şöbəsi, Daşınmaz Əmlakın
Dövlət Reyestri Xidmətinin Ərazi
İdarəsi, maliyyə, gömrük,
baytarlıq idarələri, "Şirvan
Regional Enerji Təchizatı"
MMC-nin müasir üslubda inşa olunan binaları, "Azercell-Telekom"
MMC-nin mərkəzi baza
stansiyası, Şirvan Ticarət Mərkəzi
şəhəri daha cazibədar və
baxımlı edir. Göz
oxşayan Heydər Əliyev parkı yenidən
qurulmuş, burada müasir fontanlar kompleksi tikilmiş, minlərlə
ağac, gül-çiçək əkilmişdir.
Şirvanlılar
ümummilli liderin
xatirəsini həmişə əziz tuturlar.
Şəhərin mərkəzində yaradılan Xatirə kompleksi buna əyani
nümunədir. Burada xalqımızın
böyük oğlunun
tunc heykəli ucaldılıb. Meydanın
cənub hissəsində Şirvan
memarlıq məktəbinin ənənələrinə uyğun tikilmiş Heydər
Əliyev Mərkəzi fəaliyyət göstərir. Mərkəzdəki 6 sərgi salonunda
836 eksponat nümayiş
etdirilir. Şəhərin sakinləri, məktəblilər,
xüsusən gənclər bura gələrək
böyük ömrün
müxtəlif anlarını əks etdirən fotoşəkillər,
kitablar və digər materiallarla
tanış olurlar. Uzun
illər baxımsız qalan
İ.Qayıbov adına istirahət parkı da
yenidən qurulmuş, burada
uşaqların, gənclərin, qocaların istirahəti üçün hər cür
şərait yaradılmışdır.
Şirvan şəhəri sürətlə
inkişaf edir, aydan-aya, ildən-ilə gözəllikdən don geyir. Bakı istiqamətindən
şəhərə daxil olarkən
qarşıda könül oxşayan
mənzərə açılır. Orijinal üslubda tikilmiş giriş qapısı
ilk baxışdan tikinti-quruculuq
işinə peşəkarlıq və yaradıcılıqla
yanaşıldığını göstərir. Elə buradan da şəhər boyu uzanıb gedən Heydər Əliyev prospekti başlayır. Prospektdə son 2-3 ildə yeni-yeni
yaşayış evləri, özəl və ictimai
obyektlər tikilmişdir. Bu
iş indi də davam edir. Yolun
hər iki tərəfində sıra ilə
şam ağacları əkilmişdir.
Ümumiyyətlə, Şirvan şəhərində
yaşıllığa xüsusi diqqət
yetirilir. Son illər
84,5 min müxtəlif növ
ağac, 144 min gül və bəzək kolu
əkilmiş, 13 min kvadratmetr
yaşıl örtük salınmışdır.
Hər həftənin şənbə günləri
şəhər icra hakimiyyətinin, yerli bələdiyyələrin təşkilatçılığı
ilə iməciliklər keçirilir,
küçələrdə, park və xiyabanlarda, idarə və müəssisələrin
həyətyanı sahələrində təmizlik
aparılır, səliqə-sahman yaradılır.
Artıq
şəhərdə əhalinin elektrik enerjisi, təbii qazla təminatında,
demək olar ki, heç bir problem yoxdur. İstismar müddətini başa
vurmuş elektrik xətləri
SİP kabeli ilə əvəz edilmiş, yüksək gərginlikli elektrik xətlərində, yarımstansiyalarda
əsaslı və cari təmir işləri
aparılmış,
istismar müddətini başa
vuran dirəklər dəyişdirilmiş,
19,6 mindən çox abonent
üçün "Smart"
tipli sayğac
quraşdırılmışdır. Eyni zamanda, şəhərin
qazlaşdırılması üçün
indiyədək 147 kilometr qaz
kəməri yenisi ilə əvəz olunmuş və hazırda bu
iş davam etdirilir. Hacıqəhrəmanlı qəsəbəsində
isə işlər başa
çatdırılmışdır. Bayramlı qəsəbəsini
təchiz edən kəmərin Kür
çayından keçən hissəsinin dəyişdirilməsinə
də yaxın vaxtlarda başlanacaq.
Telekommunikasiya Qovşağının
elektronlaşması üçün də
mühüm işlər görülmüşdür.
Hazırda idarə elektronlaşdırılmış avtomat telefon stansiyası
vasitəsilə 10,5 mindən çox
abonentə telefon, internet
və müxtəlif servis xidmətləri
göstərir. Cari ilin
doqquz ayı ərzində "CDMA" tipli simsiz rabitə xidmətinin
fəaliyyəti təmin edilmişdir. Bu ilin 3-cü
rübündə Hacıqəhrəmanlı qəsəbəsində
də yüksək sürətli internet
xidməti fəaliyyətə başlamışdır.
Təhsil
sahəsində də yaddaqalan uğurlar qazanılmışdır. Məktəb tikintisi, təmiri,
onların maddi-texniki bazasının
möhkəmləndirilməsi diqqət mərkəzində
saxlanılmışdır. 2003-cü ildə 5 nömrəli ümumi, 2005-ci ildə 1 nömrəli tam orta, 2007-ci ildə
Çılpaqlı yaşayış massivindəki 4 nömrəli
tam orta məktəblər
üçün yeni
binalar tikilib istifadəyə verilmişdir.
2007-ci ildə Dövlət Neft Şirkətinin
vəsaiti hesabına 10 və 18, 2008-ci ildə Dünya
Bankının maliyyə dəstəyi ilə şəhər
9, 11, 12, Təhsil Nazirliyinin maliyyə vəsaiti
hesabına 2 və 14 nömrəli tam orta məktəblər əsaslı təmir
olunmuşdur. Hazırda səmərəli
məktəb layihəsi çərçivəsində 16
nömrəli tam orta
məktəbdə əsaslı təmir işləri görülür. Şəhər məktəblərinin,
demək olar ki,
hamısında istilik sistemləri normal işləyir. Bu
da payız-qış aylarında davamiyyətə,
dərslərin mənimsənilməsinə müsbət təsir
göstərir.
Uşaqların
məktəbə hazırlanmasında məktəbəqədər
tərbiyə müəssisələrinin rolu
böyükdür. Hazırda şəhərdə
5 uşaq bağçası fəaliyyət
göstərir. Təkcə bu
il dövlət vəsaiti hesabına 1, 2,
3, 5 nömrəli uşaq
bağçaları əsaslı təmir olunmuş,
"Bənövşə" uşaq
bağçasının isə 2 korpusu
yenidən qurulmuş və bağçalar istilik sistemi ilə təchiz edilmişdir.
Görülən
tədbirlər sayəsində Şirvan məktəbliləri
respublikada keçirilən fənn
olimpiadalarında, inşa yazı, rəsm
müsabiqələrində yüksək göstəricilərə
nail olurlar. Dövlət başçısının 17 aprel 2006-cı il tarixli "Xüsusi istedada malik olan uşaqların yaradıcılıq
potensialının inkişafı
(2006-2010-cu illər)" haqqında fərmanı ilə
bağlı Təhsil şöbəsi müvafiq
tədbirlər planı hazırlamış və onun icrasını həyata keçirmişdir.
2011-ci ildə şəhər məktəblərini bitirən
məzunlardan 200-dən çoxu tələbə
adını qazanmış, onlardan 20 nəfəri
600-dən yuxarı bal toplamış, 2 nəfəri
Prezident təqaüdünə layiq görülmüşdür.
Cari tədris ili ərəfəsində
şəhərin ümumtəhsil məktəblərinə 30
mindən çox pulsuz
dərslik və vəsait, eləcə də 70 elektron oxu vəsaiti, 2 minə
yaxın didaktik material
və məktəb sənədləri paylanmışdır.
2008-2009-cu
dərs ilində şəhər 10, 2009-2010-cu dərs ilində
9, 11, 18, 2010-2011-ci dərs ilində isə 20 nömrəli tam orta məktəblər
"İlin ən yaxşı məktəbi",
4 nömrəli tam orta
məktəbin kimya müəllimi Şamama Yolçiyeva
"İlin ən yaxşı müəllimi"
müsabiqələrinin qalibi olmuşdur.
Son 5 ildə təhsildə fərqlənən,
nailiyyətlər əldə edən bir
neçə müəllim fəxri adlara layiq görülmüşdür.
Müstəqillik
illərində səhiyyə sahəsində də nəzərəçarpacaq
irəliləyiş olmuşdur. 2007-ci ilin dekabrında Şirvan
Müalicə Diaqnostika Mərkəzi
açılmış, Prezident İlham Əliyev bu səhiyyə
ocağının açılışında iştirak etmişdir. Müasir avadanlıqlarla təchiz olunmuş mərkəzdə yüksək
ixtisaslı həkimlər çalışır. Mərkəz
Şirvan şəhərinin, Salyan, Sabirabad, Saatlı,
Hacıqabul, İmişli, Neftçala
rayonlarının əhalisinə xidmət göstərir.
Şəhər
Mərkəzi Xəstəxanasının maddi-texniki
bazasının möhkəmləndirilməsi, əhaliyə
göstərilən tibbi xidmətin keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində də
xeyli iş görülmüşdür. Mərkəzi xəstəxana,
onun poliklinika
şöbəsi əsaslı şəkildə qurulmuş, müasir tibbi avadanlıqlarla təchiz olunmuşdur.
1967-ci
ildə istifadəyə verilmiş "Şirvan" kinoteatrı uzun
illər idi istifadəsiz
qalmışdı. Mədəniyyət və turizm
şöbəsi kinoteatrın bazasında yeni
mədəniyyət evi yaratmaq
təşəbbüsü ilə çıxış etdi. Təklif müvafiq qurumlar tərəfindən dəstəkləndi.
Beləliklə, yeni mədəniyyət evi 2006-cı ildən fəaliyyət göstərir.
Bina təmir edilmiş,
lazımi avadanlıqlarla təchiz olunmuşdur.
İndi burada müntəzəm
olaraq mədəni-kütləvi tədbirlər
keçirilir.
1958-ci
ildə tikilən Mərkəzi mədəniyyət evi də Şirvan şəhərinin
nümunəvi mədəniyyət ocağı olub. Lakin zaman
öz işini görmüş, bina
köhnəlmişdi. Bir neçə il əvvəl bu mədəniyyət
ocağı da əsaslı şəkildə
təmir olunaraq müasir
tələblərə cavab verən şəklə
salındı.
1980-ci
ildə ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə
açılmış və o zaman kiçik bir binada yerləşdirilmiş
Tarix-diyarşünaslıq muzeyi də bir müddət bundan əvvəl
təzə ünvana köçürülmüşdür.
2006-cı
ildən fəaliyyət göstərən Heydər Əliyev Muzeyi üçün isə
ötən il xüsusi
layihə əsasında yeni bina tikilmiş və o, mərkəzə çevrilmişdir.
Mərkəzdə 900-ə yaxın eksponat
var. Onların əksəriyyəti Şirvan şəhəri ilə
bağlıdır.
Mərkəzləşdirilmiş
kitabxana sisteminə daxil
olan Mərkəzi Kitabxana
və 11 saylı uşaq kitabxanası da əsaslı təmir olunmuşdur.
Hər il kitabxana xidmətindən
21 min nəfərdən çox
oxucu istifadə edir.
Ölkə əhəmiyyətli abidələr sırasına
daxil olan Kürsahili mədəniyyət və istirahət
parkı 2008-ci ildə yenidən qurulmuş,
ərazisi genişləndirilmişdir. Yerli
əhəmiyyətli abidələr sırasına daxil olan məscid
binası da bərpa olunmuş,
onun yeni minarəsi
ucaldılmış, ətrafında köməkçi binalar inşa edilmişdir.
Mədəni-maarif
müəssisələri sırasında uşaq
musiqi məktəbinin özünəməxsus
yeri var. Şəhərdəki
M.Dadaşov adına musiqi
məktəbində 460 nəfər şagird
ilkin ifaçılıq vərdişlərinə
yiyələnir. Onlar respublikada keçirilən
çoxsaylı müsabiqələrdə uğurla
çıxış edirlər. Ümumiyyətlə, bu gün Şirvan
şəhərinin mədəniyyət müəssisələrində
çoxsaylı bədii özfəaliyyət kollektivləri əhalinin
asudə vaxtının səmərəli təşkili
işinə öz töhfələrini
verirlər.
İdman deyəndə istər-istəməz
göz önünə gənclər gəlir.
Şirvan gənclər şəhəridir.
Burada idmanın müxtəlif növləri
üzrə əvvəllər də çox
sayda adlı-sanlı idmançılar yetişib. İdman indi də şəhərdə prioritet sahədir. Hazırda şəhərdə
Olimpiya İdman Kompleksi tikilir. Kompleks yeni-yeni
idmançıların yetişməsində xüsusi
rol oynayacaq. Mini-futbol meydançası isə 2008-ci ildə
istifadəyə verilib. Bundan
əlavə, şəhər rəhbərliyinin yaxından
köməyi ilə buradakı idman
meydançaları və qurğuları təmir edilmiş, onların maddi-texniki
bazası möhkəmləndirilmişdir.
Nəticə
göz qabağındadır. Son 20 ildə
idmançılar arasından 8 nəfər respublika,
1 nəfər beynəlxalq dərəcəli hakim
kimi yetişmiş, 2
nəfər əməkdar məşqçi adına layiq görülmüş,
1 nəfər Avropa çempionu
olmuş, 2 nəfər Avropa
çempionatında gümüş, 1 nəfər
bürünc medal
qazanmışdır. Dünya
çempionatında isə 1 nəfər gümüş,
2 nəfər bürünc medal qazanmış, 60 nəfərdən çox idmançı beynəlxalq
yarışların qalibi olmuşdur.
Beləcə,
ölkənin sənaye şəhərindən biri kimi Şirvan
gələcəyə inamla
addımlayır. Köhnə istilik-elektrik
stansiyasının yaxınlığında gücü
800 meqavat olan yeni stansiya tikilir.
Burada aparılan işləri
gördükcə ulu öndərin
"İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" sözləri yada
düşür. Neftçilər şəhəri
kimi isə burada fəaliyyət
göstərən "Şirvan Oyl" və "Qarasu"
şirkətləri hasilatı ildən-ilə artırır. Bundan əlavə, Şirvan
şəhəri bu gün
ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsində
mühüm rol
oynayır.
Bəli, Şirvan inkişaf edir, abadlaşır. Şəhər sakinləri belə
bir məkanda yaşamaqla fəxr edirlər. Buradakı qaynar həyatda
gənclər xüsusilə
fəal mövqe tuturlar. Şirvan sənaye mərkəzlərindən
biri olduğundan
regional idarələr də
burada yerləşir.
Eyni zamanda, ətraf rayonlardakı neftçıxarma
idarələrində və
digər müəssisələrdə
çalışan xarici
mütəxəssislər bu
şəhərdə yaşamağa
üstünlük verirlər.
Şəhərin gecələri nur selinə qərq olur.
İşıqlı, musiqili fəvvarələr
insanların əhval-ruhiyyəsinə
rahatlıq gətirir.
Bir sözlə, gənclik şəhəri Şirvan
aydan-aya, ildən-ilə
daha da gəncləşir.
Bir vaxt buraya pənah
gətirənlərin övladları,
nəvələri indi
ata-babalarının yolunu
davam etdirərək quruculuq işlərində
fəallıq göstərir,
şəhərin daha
da abadlaşması, gözəlləşməsi naminə
əllərindən gələni
əsirgəmirlər.
Seyran CAVADOV
Azərbaycan.- 2011.- 6 oktyabr.- S.3.