Düşünülmüş,
sürətli və davamlı inkişaf
Heydər Əliyev Fondu milli-mənəvi
dəyərlərimizin qorunması və Azərbaycan mədəniyyətinin
təbliği sahəsində mühüm layihələr həyata
keçirib. Bunların arasında Bakı şəhərində
Beynəlxalq Muğam Mərkəzinin yaradılması layihəsi
önəmli yer tutur. Beynəlxalq Muğam Mərkəzində
gənc ifaçılar Azərbaycan
musiqi mədəniyyətinin mühüm qismini təşkil
edən muğam sənətinin incəliklərinə yiyələnirlər. Bundan əlavə, mərkəzdə
dünya ictimaiyyətinin diqqətini Azərbaycan muğam sənətinə
cəlb etməyi bacarmış görkəmli muğam
ustalarının konsertləri, muğam gecələri, beynəlxalq
konfranslar təşkil olunur.
Xalqımızın
möhtəşəm mədəniyyət abidəsi, professional musiqimizin
yaranıb formalaşmasında əvəzsiz rol
oynayan muğam sənətini
yaşatmaq və təbliğ etmək, qədim
ifaçılıq ənənələrini yenidən inkişaf etdirmək, gənc
ifaçıları üzə çıxarmaq və muğam
sənətinin dünyada təbliğini
gücləndirmək məqsədilə Heydər Əliyev Fondu mugam müsabiqələri
də təşkil edir. Bundan
başqa, 2009 və 2010-cu illərdə Qəbələdə
Beynəlxalq musiqi festivallarının
keçirilməsində də fond mühüm rol oynayıb.
Heydər Əliyev Fondu tarixi-mədəniyyət,
dini abidələrin bərpasına və
mədəniyyət obyektlərinin inşasına xüsusi önəm verir.
Fəaliyyət
göstərdiyi dövrdə qarşıya qoyduğu
bütün layihələri uğurla gerçəkləşdirən Heydər
Əliyev Fondu insanlara
qayğı və təmənnasız xidməti ilə cəmiyyətdə
böyük rəğbət
qazanmışdır. Fondun vətəndaşların hər bir
müraciətinə həssas münasibəti, milli-mənəvi
dəyərlərimizin qorunması istiqamətində əzmkar
fəaliyyəti, təhsil, səhiyyə və idmanın
inkişafı sahəsində dövlətin yürütdüyü
siyasətə dəstək verməsi bu qurumun ən ali ideallara xidmət etdiyini təsdiqləyir.
Mehriban xanım Əliyeva fonda üz tutmuş
insanların mənəvi hamisi,
qayğıkeşi kimi
çıxış edir, imkan
daxilində onların problemlərinin həllinə
çalışır: "Bəzən cəmiyyətdə insan elə bir vəziyyətə
düşür ki, bütün döydüyü
qapılar onun üzünə
bağlı qalır. O öz dərdi ilə,
öz problemi ilə təkbaşına
qalır və ona elə gəlir ki, heç bir şey və heç kəs ona kömək
edə bilməz. Bu halda,
o, üzünü bizim fonda tutur.
Mən demək istəmirəm ki, biz dərhal onun bütün problemlərini həll edirik. Amma o
insan burada nə biganəliklə,
nə soyuq münasibətlə rastlaşmaz və hökmən onun problemlərinin həlli üçün
mümkün olan bütün vasitələrdən istifadə
ediləcəkdir. Yəqin ki,
xeyriyyəçilik, insansevərlik, mərhəmət Azərbaycan
xalqının mentalitetinə, mədəniyyətinə, əsrlər
boyu formalaşan ənənələrimizə
xas olan ən gözəl
keyfiyyətlərdən biridir və biz bu gün
Heydər Əliyev Fondu olaraq
bu ənənələri davam
etdirməyə çalışırıq".
Azərbaycanın
birinci xanımı üzərinə götürdüyü xoşməramlı missiya ilə həm də insan
hüquqlarının qorunmasına, vətəndaş cəmiyyəti
ideyalarının cəmiyyətdə daha
da möhkəmlənməsinə, habelə
cəza siyasətinin humanistləşdirilməsi prosesinə öz töhfələrini verir.
Cəmiyyətdə insanpərvərlik və humanizm ideyalarının möhkəmlənməsinə
çalışan Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın
təşəbbüsü ilə müxtəlif vaxtlarda irəli sürülmüş
və geniş ictimai
dəstək almış amnistiya
aktları isə böyük mənəvi-əxlaqi
və siyasi məzmun kəsb edib.
Digər
fəaliyyət sahələri üzrə də fondun fəaliyyəti kifayət qədər genişdir. Ümumiyyətlə, fəaliyyəti
dövründə fondun həyata keçirdiyi proqram və
layihələr, təşkil etdiyi beynəlxalq
konfranslar, görüşlər, nəşr
etdirdiyi kitablar, beynəlxalq
aləmdə qazandığı nüfuz çox
böyük nəticələrdən xəbər
verir. Artıq fondun fəaliyyət
coğrafiyası ölkəmizin sərhədlərini
aşıb, onun dəstəyi ilə
dünyanın bir çox
ölkələrində layihələr reallaşdırıb
və reallaşdırılmaqdadır. Fondun
bu istiqamətdə fəaliyyətinin
çoğrafiyası gündən-günə genişlənir,
xeyriyyəçilik missiyası bir
neçə ölkədə də uğurla
davam etdirilir. Gürcüstanda yaşayan
azərbaycanlıların təhsillə bağlı problemlərinin
aradan qaldırılması üçün hər il
dövlət xətti ilə yanaşı, fond
tərəfindən də böyük
yardım edilir. Rusiya
paytaxtında və ayrı-ayrı şəhərlərdə
fəaliyyət göstərən Azərbaycan məktəblərinə
göstərilən müntəzəm qayğı xüsusilə
qeyd olunmalıdır.
2007-ci
ildə Hollandiyanın paytaxtı Amsterdamda
fəaliyyətə başlayan Azərbaycan
məktəbi də Heydər Əliyev Fondunun
diqqətindən kənarda qalmayıb, məktəbə kompyuter dəsti və dərs vəsaitləri
göndərilib. Fondun "Təhsilə dəstək" layihəsi
çərçivəsində Pakistanın Müzəffərabad
şəhərində dağıdıcı zəlzələ
nəticəsində yararsız vəziyyətə düşən
məktəb yenidən tikilərək yüksək səviyyəli
tədrisə imkan yaradan
avadanlıqlarla təmin olunub.
Rusiyanın
"Puşkin kitabxanası" ilə qurulan əməkdaşlıq da
ölkəmizdə elm, təhsil və mədəniyyətin
inkişafına yönəldilən hadisədir. "Puşkin kitabxanası" fondu ilə yaranmış əməkdaşlıq
çərçivəsində Rusiyada son illər nəşr olunmuş
və müxtəlif elm sahələrinə
aid 5 minə qədər kitab
respublikamızın ali məktəblərinə
təqdim edilib, "World
Vision" ("Dünyaya
baxış") təşkilatı tərəfindən quruma təqdim edilən və məxsusi olaraq uşaq müəssisələri
üçün nəzərdə tutulan 1000-dək nəfis tərtibatlı kitab uşaq evlərinə
və internat məktəblərə
paylanıb. "YP Morgan" təşkilatının
fonda hədiyyə etdiyi,
xaricdə nəşr olunmuş müxtəlif
adda kitablar ali məktəblərə təqdim olunub.
Heydər
Əliyev Fondu xeyriyyəçilik
missiyasını 2009-cu ildə Fransanın Strasburq
şəhərində davam etdirmiş, Avropanın siyasi
paytaxtı olan Strasburqda
Kafedral kilsəsinin tarixi
şüşələrinin bərpası ilə əlaqədar
fondun təşəbbüsü ilə
göstərilən maliyyə yardımının təqdimat
mərasimi keçirilib.
Fond BMT-nin
İnkişaf Proqramı, BMT-nin
Əhali Fondu, YUNESKO, İSESKO, "Save the Children"
və digər təşkilatlarla yaxından əməkdaşlıq
edir və birgə layihələr həyata
keçirir. Fondun təşkilatçılığı
ilə bir sıra mühüm
beynəlxalq konfranslar təşkil edilib. Hazırda fondun beynəlxalq
əməkdaşlığı genişlənməkdə,
dünyanın nüfuzlu qurumları ilə
əlaqələr möhkəmlənməkdədir. Heydər
Əliyev Fondunun təşkilatçılığı
ilə keçirilmiş "YUNESKO-Azərbaycan:
gələcəyə körpü",
"Avrasiyada mədəniyyət müxtəlifliyi:
Azərbaycan - sivilizasiyalararası dialoqun keçmişi və
bu günü",
"Orta əsr əlyazmalarında tibb və əczaçılıq" və
digər beynəlxalq konfranslar, bir sıra xarici ölkələrdə
baş tutan tədbirlər
onun beynəlxalq aləmdə nüfuzlu bir qurum kimi mövqeyinin
möhkəmlənməsindən xəbər verir.
İnsanlara təmənnasız
yaxşılıq
Qeyd edilənlərin nəticəsidir ki,
ümummilli liderin zəngin
dövlətçilik irsinin dünyada tanıdılması və təbliği
istiqamətində ardıcıl iş aparan Heydər Əliyev Fondu
reallaşdırdığı xeyirxah və
nəcib layihələrlə ölkəmizdən kənarda da xeyli sayda
insanın hədsiz inam və
etimadını qazanıb. Fondun böyük nailiyyətlərə, uğurlara imza atmasında
bütün təşəbbüsləri
milli ruha əsaslanır.
Müasirləşmə, dünya
birliyinə inteqrasiya, Azərbaycanın milli maraqlarının müdafiə edilməsi,
onun olduğu kimi dünyada təqdim olunması,
fərqli mədəniyyətlərin birləşməsi
istiqamətində öz dəst-xəttini
yaradan Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun
xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın
fəaliyyəti və göstərdiyi xidmətlər xüsusi qeyd olunmalıdır.
Milli-mənəvi dəyərlərimizin
inkişafı, insanlığın xilasına xidmət edən
nəcib missiyaların həyata keçirilməsi, elm, təhsil, səhiyyə, mədəniyyət
sahələrində, sosial sferada uğurlu fəaliyyəti
ilə xoş məramlar elçisi
olan Mehriban xanım Əliyeva
Vətəninə, xalqına əvəzsiz xidmətlər
göstərməkdədir. Onun
çoxşaxəli fəaliyyətini yalnız bir sözlə ifadə etmək mümkündür:
xoş niyyət.
Mehriban Əliyevanın
çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə
söykənən və intellektual
yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə
daha da zənginləşməsinə,
habelə mədəniyyət, təhsil, səhiyyə, idman sahələrində son
dərəcə gərəkli layihələrin həyata keçirilməsinə,
ölkə həqiqətlərinin dünya
ictimaiyyətinə çatdırılmasına yönəlib.
Onun əzmkarlığı,
təşəbbüskarlığı, həyata keçirilən
proqram və layihələrə və
ümumən Heydər Əliyev Fondunun
işinə yaradıcı münasibəti ulu
öndərin adını daşıyan bu
təşkilatın fəaliyyətində
kifayət qədər geniş spektri əhatə etməsini şərtləndirən
ən mühüm amillərdən biridir. Hər bir insanda fərəh və qürur
hissləri doğuran bu
çoxşaxəli fəaliyyət bir əsas
məqsədə yönəlmişdir: insanlara təmənnasız
yaxşılıq! Bunu Mehriban
xanım Əliyevanın özünəməxsus səmimiyyətlə
dediyi sözlər də təsdiq edir: "Mən arzu edirəm
ki, dünyada saf və xeyirxah əməllər
daha çox olsun, dərd-qüssə isə, azacıq da olsa, əskilsin".
Mehriban xanım Əliyeva
haqlı olaraq hesab edir ki, Azərbaycan
xalqının milli mədəniyyətinin
yad təsirlərdən qorunması üçün, ilk
növbədə, milli-mənəvi və əxlaqi dəyərlərin
cəmiyyətdə tam bərqərar
olmasına, habelə ictimai şüurda daha da möhkəmlənməsinə
çalışmaq
lazımdır. 1995-ci ildə onun tərəfindən
yaradılmış Azərbaycan Mədəniyyətinin
Dostları Fondu da
ümumbəşəri mənəvi dəyərlərlə
zəngin olan milli mədəniyyətimizin
inkişafına çox böyük
töhfələr verib. Fondun
təşəbbüsü ilə 1996-cı ildən Azərbaycan,
ingilis, rus dillərində
çap olunan "Azərbaycan-İrs"
jurnalı ölkə həqiqətlərinin beynəlxalq
ictimaiyyətə çatdırılması və təbliği
işinə böyük dəstək
göstərib. Fondun xətti ilə festivallar, sərgilər,
mədəniyyət tədbirləri və konsertlər təşkil
etməklə Mehriban Əliyeva ölkəsinin
mədəni irsinin təbliğinin, onun milli və regional səviyyələrdə mühafizəsinin
təmin olunması sahəsində böyük
xidmətlər göstərib. Həmçinin fondun himayəsi altında müxtəlif
müsabiqələrdən, bədii sərgilərdən tutmuş xeyriyyə konsertlərinə və musiqi festivallarına qədər
çoxsaylı layihələr həyata keçirilib.
Müxtəlif dövrlərdə icra olunmuş bütün bu layihələri birləşdirən əsas
məram isə Azərbaycan xalqının mənəvi irsinin yüksək səviyyəsini qoruyub saxlamaqdan ibarət olub. YUNESKO-nun Baş direktoru Koişiro Matsuura bununla bağlı belə bir
maraqlı fikir səsləndirib: "Azərbaycanın birinci
xanımı Mehriban xanım Əliyeva
yaratdığı Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun çərçivəsində
elə böyük işlər görmüşdür ki,
mən onun bu sahədəki
fəaliyyətini yaxından izləyib öyrəndim, heyrətə
gəldim. Mehriban xanım yorulmadan
çalışır, yeni layihələr
üzərində fikirləşir, bütün
varlığı ilə təkcə öz
xalqına deyil, bütün
millətlərə xidmət edir. Ölkənin
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti indi nəinki Azərbaycanda, həm də regional miqyasda, hətta deyərdim
ki, qlobal miqyasda fəaliyyət göstərir".
Qədim
və zəngin ənənələrə malik
xalqımızın maddi və mənəvi
mədəniyyət nümunələrinin, incəsənətinin,
folklorunun, musiqisinin
qorunması, eləcə də bütün
dünyaya yayılmasında çox mühüm rol oynayan "Azərbaycan-İrs"
jurnalının 1996-cı ildən nəşrə
başlaması da son
dərəcədə təqdirəlayiq tarixi
faktdır. Mehriban xanım Əliyeva hələ o
dövrdən məhz xeyirxah missiyanı
qarşıya qoymuş, yüksək təşəbbüskarlığı,
fitri idarəçilik keyfiyyətləri
ilə milli mədəniyyətimizin böhrandan qurtulmasına və
inkişafına böyük töhfəsini
vermişdir. Azərbaycan,
rus və ingilis dillərində
nəşr edilən jurnalda qədim və
zəngin mədəniyyətimizin, tarixi-milli
irsimizin qorunub saxlanılması
və gələcək nəsillərə ötürülməsi
ilə bağlı çoxsaylı məqalələr dərc
olunub. 2004-cü ildə ulu
öndərin adını daşıyan fondun
fəaliyyətə başlaması Azərbaycanın
birinci xanımının həmin dövrə
qədər gördüyü işlərin,
yerinə yetirdiyi nəcib missiyaların daha qlobal miqyasda,
həm də sistemli və ardıcıl
surətdə həyata keçirilməsinə imkan yaratdı.
Xoşməramlı səfir
Bu gün Mehriban
xanım Əliyeva fəaliyyəti ilə bir
çox insanların ümid
yerinə çevrilib və onun həyata keçirdiyi
dəyərli layihələr, irəli sürdüyü
nəcib və xeyirxah təşəbbüslər
təkcə Azərbaycanda yox, beynəlxalq
miqyasda da Azərbaycanın
birinci xanımının dərin inam və etimad
qazanmasına, nəcib missiyalar
daşıyıcısı və Azərbaycan mədəniyyətinin
dünyada ən fəal təbliğatçılarından
olaraq tanınması ilə nəticələnib.
Qeyd olunan kontekstdə
Mehriban Əliyevanın 2004-cü ilin sentyabrında YUNESKO-nun
"Xoşməramlı səfiri" seçilməsi heç də təsadüfi xaratker
daşımır.
BMT-nin ixtisaslaşmış təşkilatı
olan YUNESKO dünyanın təhsil, elm və mədəniyyət məsələləri
sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası forumudur. Onun Nizamnaməsi
16 noyabr 1945-ci ildə Londonda
imzalanıb, 4 noyabr 1946-cı ildə isə
20 üzv-dövlətdən ibarət təşkilat öz rəsmi fəaliyyətinə
başlayıb. BMT-nin bu
ixtisaslaşmış orqanının vəzifələri
müharibə nəticəsində
dağıdılmış ölkələrdə sinif otaqları tikmək, yaxud
elmi nailiyyətləri nəşr etməklə
məhdudlaşmır. YUNESKO-nun fəaliyyəti
daha ali məqsədə
- təhsil, elm, mədəniyyət və
kommunikasiya vasitəsilə insanların şüurunda sülhü
müdafiə etmək ideyasını möhkəmləndirməyə
yönəlib. YUNESKO-nun Nizamnaməsinin
1-ci maddəsində qeyd edilir:
"Təşkilat irqindən, cinsindən,
dilindən və dinindən asılı olmayaraq
bütün xalqlar üçün BMT-nin
Nizamnaməsində elan edilmiş
ədalətə, qanunçuluğa və
insan hüquqlarına, habelə əsas azadlıqlara
hamılıqla hörmətin təmin edilməsi naminə
xalqların təhsil, elm və mədəniyyət
sahəsində əməkdaşlığını
genişləndirməklə sülh və
təhlükəsizliyin möhkəmləndirilməsinə
yardım göstərməyi qarşısına vəzifə
qoyur".
İkinci dəfə dövlət
müstəqilliyini bərpa etdikdən sonra
Azərbaycan bir sıra əhəmiyyətli
beynəlxalq və regional təşkilatlarla
əməkdaşlıq siyasətini həyata keçirməyə
başlayıb. Öz üzvlərinə dünya səviyyəli mütəxəssislərin,
texniki yardımların, həmçinin
elmi və pedaqoji
kadrların hazırlanması, qlobal elmi layihələrdə iştirak
etmək imkanlarından bəhrələnmək imkanı verən
YUNESKO ilə əməkdaşlıq etmək qərarına gələn
Azərbaycan həmin təşkilata daxil olmaq barədə müraciət edərək
müsbət cavab alıb. Qurumla ölkəmiz
arasında əməkdaşlığın genişləndirilməsi
haqda növbət addım ulu
öndər Heydər Əliyevin 1993-cü ilin
dekabr ayında Fransa
Respublikasında rəsmi səfərdə olarkən YUNESKO-nun Baş direktoru Federiko Mayorla görüşü
zamanı atılıb. YUNESKO-nun Nizamnaməsinin 7-ci maddəsinə görə,
üzv-dövlət təhsil, elm və mədəniyyətlə
məşğul olan qurumların fəaliyyətini
YUNESKO-nun, işi ilə
əlaqələndirmək üçün,
ilk növbədə, Milli
Komissiya yaratmaq yolu ilə müvafiq tədbirlər
həyata keçirməlidir. Ona görə də YUNESKO
üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının yaradılması üçün
lazımi addımlar atıldı və Heydər Əliyev bununla bağlı 21 fevral
1994-cü il tarixdə sərəncam
imzaladı. Sonrakı dövrdə də Azərbaycan -
YUNESKO əməkdaşlığının
inkişafı üçün böyük əmək sərf edildi. Bu əməkdaşlıq
yalnız ikitərəfli əlaqələr üzərində
qurulmadı və ondan yalnız iki tərəf bəhrələnmədi. Belə
ki, Azərbaycanın qədim və zəngin
mədəniyyəti isə milli çərçivədən
beynəlxalq səviyyəyə çıxıb, ümumdünya mədəniyyətinin bir parçası oldu. YUNESKO çoxtərəfli beynəlxalq təşkilat
olduğundan onun vasitəsilə
müxtəlif ölkələrin qarşılıqlı əməkdaşlığı
üçün şərait yarandı. Bunun nəticəsidir ki, gənc
Azərbaycan Respublikası təhsil, elm və
mədəniyyət sahələrində müxtəlif
ölkələrlə YUNESKO vasitəsilə və birbaşa onun özü ilə geniş təcrübə mübadiləsi apara bildi.
Azərbaycan-YUNESKO
münasibətlərinin inkişafında, onların
canlanmasında və güclənməsində Azərbaycanın
birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzolunmaz rolu oldu. 2004-cü ilin sentyabrında Mehriban Əliyeva
ənənəvi musiqinin, ədəbiyyat
və poeziyanın inkişafına verdiyi
töhfələrə, musiqi təhsili və
dünya mədəniyyətlərinin
mübadiləsi sahəsindəki xidmətlərinə və YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə
görə bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində
xoşməramlı səfiri adına layiq
görüldü.
Sivilizasiyalararası
dialoq daxil olmaqla, müxtəlif sahələrdə
genişmiqyaslı və fədakar fəaliyyətinə,
qayğıya ehtiyacı olan uşaqlara diqqətinə, onların
yaşayış şəraitinin yaxşılaşmasına,
təhsilə, həmçinin islam aləmində
görülən işlərə böyük
dəstəyinə görə Mehriban xanım Əliyeva
2006-cı ilin noyabrında İSESKO-nun
xoşməramlı səfiri adına layiq
görüldü. 2010-cu il
30 iyul tarixdə YUNESKO-nun
xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya YUNESKO-nun
Baş direktoru İrina Bokova tərəfindən
Motsart medalı təqdim olundu.
Ölkəmizin
birinci ledisi bu mötəbər təşkilatın
xoşməramlı səfiri olaraq təkcə
Azərbaycanın deyil, bütün
türk xalqlarının mədəni irsinin təbliğatçısı kimi şərəfli missiyanı yerinə
yetirməkdədir. 2004-cü ilin
dekabrında Kazan şəhərində
(Tatarıstan) YUNESKO-nun qeyri-maddi
mədəni
irsin qorunmasına dair
regional seminarında Mehriban
xanım bu yöndə konkret
təşəbbüslə çıxış edərək
türk xalqlarının mədəniyyətini
əhatə edən regional layihələr
hazırlanacağını bildirdi.
Mehriban xanım Əliyevanın YUNESKO-nun "Xoşməramlı səfiri"
seçilməsi ilə Heydər Əliyev Fondunun
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılması sahəsindəki fəaliyyəti bir qədər də genişləndi. "Kitabi-Dədə Qorqud"
dastanının 1300 illiyinin beynəlxalq miqyasda qeyd olunması, Azərbaycanın
bir sıra görkəmli alimlərinin,
yazıçı və bəstəkarlarının yubileylərinin
keçirilməsi, YUNESKO-nun "Dünya irs
siyahısı"na İçərişəhərin Şirvanşahlar Saray Kompleksi ilə birgə daxil
edilməsi bu fəaliyyətin mühüm nəticələri
kimi diqqəti çəkir. Fondun prezidentinin şəxsi
səyləri nəticəsində Azərbaycan xalqının
milli sərvəti sayılan muğam YUNESKO-nun vasitəsilə
bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərləri sırasına daxil edildi.
Mehriban Əliyevanın YUNESKO xətti
ilə keçirilən tədbirlər çərçivəsində
Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş əraziləri,
həmin ərazilərdə Azərbaycan xalqına məxsus tarixi, mədəni və dini
abidələrin dağıdılmasına toxunulmayan
bir çıxışını belə
xatırlamaq
çətindir. O, təkcə çıxışlarında
deyil, rəhbərlik etdiyi
təşkilatların fəaliyyətində də Azərbaycan
həqiqətlərinin dünyaya
çatdırılması istiqamətində böyük
işlər görür. Dünyanın
demək olar ki, bir çox dillərində
Azərbaycan həqiqətləri adlı kitablar
nəşr olunmuşdur ki,
burada Qarabağın tarixi,
Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, Xocalıda törətdikləri
soyqırımı, erməni terror təşkilatlarının
dinc azərbaycanlılara, türk insanına qarşı törətdiyi
vəhşiliklər barədə geniş
məlumatlar öz əksini tapır. Bundan başqa, Heydər Əliyev
Fondu Ermənistanın Xocalı şəhərində
törətdiyi soyqırımı dünya
ictimaiyyətinə çatdırmaq üçün
bir neçə dildə film
də hazırlayıb. Dünyanın çoxlu sayda ölkələrində
fondun dəstəyi ilə Xocalı
soyqırımının ildönümündə böyük tədbirlər keçirilir,
Xocalı soyqırımını anladan foto və "Xocalı uşaqların gözü ilə" adlı rəsm sərgilər
nümayiş olunur.
Həmin dövrdə bu
soyqırımıyla bağlı dünyanın kütləvi
informasiya vasitələri jurnalislərinin
şahidi olduqları materiallardan,
onların məqalələrindən ibarət sərgi də dünya ictimaiyyətinin diqqətinə
çatdırılır. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi fond erməni
yalanlarını, Azərbaycan həqiqətlərini, Ermənistanın
işğal etdiyi ərazilərdə
törətdiyi vəhşilikləri, təkcə Azərbaycana
deyil, bütün
insanlığa məxsus olan dini, tarixi və mədəni
abidələrin dağıdılmasını
özündə əks etdirən çoxlu
sayda kitablar nəşr
etdirərək dünya ictimaiyyətinə
doğru məlumatların
çatdırılması istiqamətində böyük
işlər görüb və bu sahədə fəaliyyətini indi də uğurla davam etdirir.
Fond tərəfindən Azərbaycan,
ingilis və rus dillərində
hazırlanmış "Qarabağ
haqqında həqiqi faktlar" (The series of
"The true facts about Garabagh")
seriyasından kitablar isə bunlardır:
1. "Qarabağın tarixi haqqında qısa informasiya"
("Brief Information of the history of Garabagh").
2. "Azərbaycana qarşı
erməni terror dəstələrinin
fəaliyyəti" ("Activity of
Armenian terrorist organizations against Azerbaijan"). 3. "Xocalı soyqırımı"
("The Khocaly genocide"). 4. "Ermənistan tərəfindən
Azərbaycana qarşı
təcavüzün nəticələri"
("Consequences of Armenian aggression against Azerbaijan").
Nəcib əməllərinə görə
Mehriban xanım Əliyeva müxtəlif beynəlxalq
mükafatlara, fəxri
adlara, təltiflərə
layiq görülüb.
Hələ 2004-cü il dekabrın 28-də
Mehriban xanım Əliyeva Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin IV Baş Məclisində
MOK-un İcraiyyə Komitəsinə
üzv seçilib. Bir il sonra Azərbaycanda keçirilən sosioloji sorğuya əsasən, Mehriban xanım Əliyeva "İlin qadını" adına
layiq görülüb.
(ardı var)
Azərbaycan.-
2011.- 6 oktyabr.- S.2.