AŞ PA Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində separatçı rejimin
keçirdiyi «yerli özünüidarəetmə orqanlarına
seçkilər»i pisləyən bəyanat qəbul etmişdir
Avropa
Şurası Parlament Assambleyası (AŞ PA) erməni
separatçılarının Azərbaycanın işğal
olunmuş Dağlıq Qarabağ bölgəsində
sentyabrın 18-də keçirdiyi qanunsuz bələdiyyə
seçkilərini pisləyən bəyanat qəbul
etmişdir.
AzərTAc xəbər verir ki, Azərbaycanın
AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə
Paşayevanın hazırladığı yazılı bəyanata
AŞ PA-da təmsil olunan müxtəlif ölkələrin
deputatları imza atmış və bəyanat AŞ PA-nın
rəsmi sənədi kimi qəbul olunmuşdur.
AŞ PA-nın toplantısında qurumun
sədri Mövlud Çavuşoğlu tərəfindən
elan olunan bəyanatda deyilir: "Ermənistan AŞ PA-nın
digər üzvü Azərbaycanın beynəlxalq səviyyədə
tanınan ərazilərinin 20 faizini işğal altında
saxlamaqda davam edir. AŞ PA qəbul etdiyi 1416 saylı qətnamədə
bu işğalı pisləyərək Ermənistanı
öz silahlı qüvvələrini Azərbaycanın
işğal olunmuş torpaqlarından çıxarmağa
çağırmışdı. AŞ PA-nın və BMT-nin
qətnamələrinə məhəl qoymayaraq cari il
sentyabrın 18-də separatçı rejim Azərbaycanın
Dağlıq Qarabağ bölgəsində "yerli
özünüidarəetmə orqanlarına seçkilər"
keçirmişdir. Bu qeyri-qanuni seçkilər beynəlxalq
hüququn normalarına və prinsiplərinə, eləcə
də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə
zidd olmaqla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasına dair Azərbaycan və Ermənistan arasında
aparılan danışıqlar prosesinə də ciddi zərbə
vurmuşdur. Ermənistanın bu addımları regionda vəziyyəti
daha da gərginləşdirir".
Bəyanatda Ermənistan tərəfindən
keçirilmiş bu qeyri-qanuni seçkilərin
dünyanın əksər beynəlxalq təşkilatları
tərəfindən də pislənildiyi vurğulanır.
Azərbaycan.-
2011.- 6 oktyabr.- S.1.