Azərbaycanda dünya
standartlarına uyğun gömrük xidməti
formalaşmışdır
XX əsrin
sonlarında sosializm sisteminin dağılması
dünyanın siyasi mənzərəsində ciddi dəyişikliklərə
səbəb oldu. Artıq yaxın onilliklər ərzində
dünyanın siyasi xəritəsində yeni yarana biləcək
müstəqil dövlətlərin meydana
çıxacağı labüd idi. Baş verən proseslərdən
Azərbaycan da kənarda qalmadı və həmin proseslərin
fəal iştirakçısına çevrildi.
1991-ci il oktyabrın 18-də Azərbaycan
SSR Ali Soveti "Azərbaycan Respublikasının dövlət
müstəqilliyi haqqında Konstitusiya Aktı"nı qəbul
etdi. Bununla da Azərbaycan XX əsrdə ikinci dəfə
öz müstəqilliyinə qovuşdu və dövlət
müstəqilliyi bərpa olundu. Ancaq təkcə "Azərbaycan
Respublikasının dövlət müstəqilliyi haqqında
Konstitusiya Aktı"nı qəbul etməklə iş
bitmirdi. Müstəqilliyin qorunub saxlanması daha çətin və mürəkkəb
bir proses idi. Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra dəyişən tarixi şərait yeni xarici
siyasət kursu, yeni iqtisadi doktrina və iqtisadi münasibətlərə
keçid prinsiplərinin işlənib-hazırlanmasını,
daxildə milli birlik və həmrəyliyin
yaradılmasını tələb edirdi. Müstəqilliyin
ilk illərində ölkəni idarə edənlər isə
bu mürəkkəb vəzifənin öhdəsindən gələ
bilmirdi. Əksinə, Azərbaycan bir siyasi sistemdən digər
siyasi sistemə keçid dövrünün problemlərini
yaşayırdı. Diplomatiya sahəsində atılan xaotik və
düşünülməmiş addımlar, dünya dövlətlərinin
Azərbaycanda kəsişən və toqquşan
maraqlarının nəzərə alınmaması, ölkənin
geostrateji əhəmiyyətinin yetərincə dərk
olunmaması, düzgün idarəçilik sisteminin
qurulmaması, hakimiyyətin ayrı-ayrı pillələrinə
təsadüfi və səriştəsiz adamların rəhbərlik
etməsi Azərbaycanın beynəlxalq və regional müstəvidə
vəziyyətini daha da gərginləşdirir, xalqla dövlət
arasında olan uçurumu bir qədər də dərinləşdirirdi.
Ölkədə yaranmış
qeyri-sabit vəziyyət, vətəndaş
qarşıdurmasının qarşısını isə
yalnız bir nəfər - Heydər Əliyev ala bilərdi. O
zaman bu, ümumilikdə, Azərbaycan cəmiyyətinin istəyi
və tələbi idi. Beləcə, Heydər Əliyev
ölkə rəhbərliyinə qayıtmaqla ictimai-siyasi
sabitliyi bərqərar etməyə nail oldu. Ulu öndər Azərbaycanın
müstəqilliyinin möhkəmləndirilməsini, xalqın
birliyinin təmin olunmasını, ictimai-siyasi sabitlik və
iqtisadi dirçəliş üçün zəmin
yaradılmasını özünün dövlətçilik
strategiyasının prioriteti kimi müəyyənləşdirdi.
Bu gün fəxrlə deyə bilərik
ki, ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi,
onun əbədi, dönməz xarakter alması,
respublikamızın dinamik inkişaf yolu ilə inamla irəliləməsi
və beynəlxalq nüfuzunun sürətlə artması Heydər
Əliyevin səmərəli fəaliyyəti, qətiyyəti
və əzmkarlığı sayəsində mümkün
olmuşdur. Hazırda bu missiyanı Heydər Əliyev siyasi
kursunun layiqli davamçısı, Prezident İlham Əliyev
uğurla davam etdirir. Dövlət müstəqilliyinin bərpasının
20-ci ildönümünü qeyd etməyə hazırlaşan
Azərbaycan ötən müddətdə regionun
aparıcı dövlətinə çevrilmiş, beynəlxalq
aləmdə iqtisadi və siyasi maraqlarını əzmlə
qorumuşdur.
Yaxın tarixi keçmişə nəzər
saldıqda bütün sahələrdə, o cümlədən
gömrük xidmətində əldə edilən yüksək
nailiyyətlərin heç də asan başa gəlmədiyinin
şahidi oluruq. Müstəqil Azərbaycan gömrüyü,
demək olar ki, dövlət müstəqilliyimizlə həmyaşıddır.
Müstəqilliyin bərpasından cəmi 3 ay sonra - 1992-ci il
yanvarın 30-da Dövlət Gömrük Komitəsi
yaradılmışdır. Bu da təsadüfi deyildi. Müstəqilliyin
bərpasından sonra dövlət quruculuğu sahəsində
təxirəsalınmaz vəzifələrdən biri də
ölkənin iqtisadi maraqlarının və mənafelərinin
qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və
idxal-ixrac əməliyyatlarına dövlət nəzarət
sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin
təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin
milli gömrük xidmətinin yaradılması və
formalaşdırılması bütün kəskinliyi ilə
qarşıda dururdu. Həmin illərdə Dövlət
Gömrük Komitəsi yaradılsa da, mürəkkəb
ictimai-siyasi vəziyyət gömrük orqanlarının
formalaşmasına imkan vermədi. Yalnız
xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyəti
sayəsində bütün sahələrdə olduğu kimi,
gömrük sistemində də islahatlar aparılmış,
Dövlət Gömrük Komitəsinin fəaliyyətində
ciddi dönüş yaranmışdır.
Ümummilli lider Heydər Əliyev Azərbaycan
dövlətinin iqtisadi təhlükəsizliyinin
qorunmasının və daha da möhkəmləndirilməsinin
əsas istiqamətlərindən birini yüksək səviyyəli
gömrük xidmətinin yaradılmasında
görürdü. Məhz ulu öndərin uzaqgörən
siyasəti, gömrük sisteminin formalaşması
üçün verdiyi dəyərli tövsiyələri və
bu qurumun daha da modernləşməsinə yönələn
iqtisadi siyasəti nəticəsində Azərbaycanda dünya
standartlarına uyğun gömrük xidməti
formalaşmışdır.
Qısa vaxtda Azərbaycanın dövlət
büdcəsinin formalaşmasında Dövlət
Gömrük Komitəsinin rolu xeyli artırılmış,
gömrük işinin iqtisadi göstəriciləri və
maddi-texniki resursları, informasiya təminatı
yaxşılaşdırılmış, gömrük
qanunvericiliyinin formalaşdırılması, hüquqi-normativ
sənədlərin və gömrük işinə dair ilk
milli dərsliklərin yaradılması, tədris-metodiki vəsaitlərin
hazırlanması həyata keçirilmiş, Azərbaycan
gömrüyünün beynəlxalq təşkilatlarla əlaqəsinin
daha da möhkəmləndirilməsi və təcrübə
mübadiləsi aparılması sahəsində səylər
geniş xarakter almışdır.
Məlum olduğu kimi, gömrük
işinin formalaşmasında onun qanunvericilik və
hüquqi-normativ bazasının yaradılması əsas yer
tutur. Gömrük işinin hüquqi əsaslarının
yaradılması sahəsində mühüm rol oynayan və
10 iyun 1997-ci il tarixli qanunu ilə təsdiq edilən Azərbaycanın
Gömrük Məcəlləsində dövlətin daxili və
xarici siyasətinin tərkib hissəsi olan vahid gömrük
siyasətinin məqsədləri ifadə olunmuşdur.
Prezidentin Azərbaycanda xarici ticarətin
tənzimlənməsinə dair imzaladığı fərmanlar,
Nazirlər Kabinetinin müvafiq qərar və sərəncamları,
həmçinin digər hüquqi-normativ sənədlər
idxal-ixrac əməliyyatlarına gömrük nəzarətinin
təkmilləşdirilməsi sahəsində mühüm rol
oynasa da, Gömrük Məcəlləsinin təsdiq
olunması, hələ 20 iyun 1995-ci ildə imzalanmış
"Gömrük tarifi haqqında" qanunun qüvvəyə
minməsi gömrük işinin hüquqi bazasını daha
da möhkəmləndirdi. Bu qanuna əsasən, Nazirlər
Kabinetinin 12 yanvar 1998-ci il tarixli qərarı ilə "Azərbaycan
Respublikasının gömrük ərazisinə gətirilən
və bu ərazidən çıxarılan malların
gömrük qiymətləndirilməsi sisteminin tətbiqi
Qaydaları" təsdiq edildi. Gömrük tarifi və
valyuta tənzimlənməsi haqqında Azərbaycan
Respublikasının qanunları gömrük orqanlarına
valyuta nəzarətini həyata keçirmək hüququ verdi
və gömrük rüsumlarının dəqiq hesablanaraq
vaxtında dövlət büdcəsinə
köçürülməsi tələbini qoydu.
Gömrük qanunvericiliyinin
inkişafında Azərbaycan Prezidentinin 27 oktyabr 1998-ci il
tarixli fərmanı ilə təsdiq edilmiş Dövlət
Gömrük Komitəsi haqqında Əsasnamə də
mühüm yer tutur. Bu sənəddə ölkədə
gömrük siyasətinin strateji məsələlərinin
müəyyənləşdirilməsi və həlli mərhələsində
DGK-nın funksiyaları öz əksini tapmışdır.
Azərbaycan gömrük təşkilatının
işini dünya standartlarına yaxınlaşdıran
mühüm sənədlərdən biri də Azərbaycan
Respublikasının 7 dekabr 1999-cu il tarixli qanunu ilə təsdiq
olunmuş "Gömrük orqanlarında xidmət haqqında
Əsasnamə" oldu. Gömrük orqanlarına
hüquq-mühafizə səlahiyyətinin verilməsi ona
qaçaqmalçılıq və gömrük işi sahəsində
digər cinayətlərin qarşısının alınmasında
məqsədyönlü tədbirləri həyata keçirməyə
imkan verdi.
Lakin ölkənin ildən-ilə
iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının
genişlənməsi, idxal-ixrac əməliyyatlarının həcminin
artması və Azərbaycanın beynəlxalq iqtisadi sistemə
inteqrasiyasının güclənməsi gömrük əməliyyatlarını
tənzimləyən normativ-hüquqi aktların təkmilləşdirilməsini,
inkişaf etmiş ölkələrin gömrük işi sahəsində
qabaqcıl təcrübəsi və bu sahədə qəbul
olunmuş beynəlxalq konvensiyaların müddəaları nəzərə
alınmaqla bütövlükdə Azərbaycan Respublikasının
gömrük qanunvericiliyinin təkmilləşdirilməsini, o
cümlədən bu sırada mühüm yer tutan yeni
Gömrük Məcəlləsinin qəbul edilməsini zəruri
etmişdir. Bu baxımdan Azərbaycan Prezidenti İlham Əliyevin
1 fevral 2007-ci il tarixli sərəncamı ilə təsdiq edilən
"Azərbaycan Respublikası gömrük sisteminin
2007-2011-ci illərdə inkişafına dair Dövlət
Proqramı"nın, eləcə də Azərbaycan
Prezidentinin 11 noyabr 2008-ci il tarixli fərmanına əsasən
Azərbaycan Respublikası dövlət sərhədinin
buraxılış məntəqələrindən keçirilən
malların və nəqliyyat vasitələrinin
yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiq
edilməsində də məqsəd ölkədə
gömrük sisteminin inkişafını sürətləndirmək,
onun normativ-hüquqi və maddi-texniki təminatını
yaxşılaşdırmaq və gömrük
orqanlarının fəaliyyətini daha da təkmilləşdirmək
olmuşdur.
Ölkənin iqtisadi təhlükəsizliyinin
və daxili bazarının qorunmasında, beynəlxalq iqtisadi
və ticarət əlaqələrinin genişləndirilməsində
gömrük sisteminin müstəsna rol oynadığı qeyd
olunan "Azərbaycan Respublikası gömrük sisteminin
2007-2011-ci illərdə inkişafına dair Dövlət
Proqramı" dövlətin gömrük siyasətinin həyata
keçirilməsində mühüm mərhələ olmaqla
2007-2011-ci illərdə bu sahənin daha sürətlə
inkişafı ilə bağlı əsas vəzifələri,
istiqamətləri və yerinə yetirilməli olan tədbirləri
müəyyənləşdirmişdir. Dövlət
Proqramı qanunvericilik bazasının və gömrük tənzimlənməsinin
təkmilləşdirilməsini, gömrük nəzarəti
metodlarının beynəlxalq standartlara
uyğunlaşdırılması və gömrük
prosedurlarının avtomatlaşdırılmasını,
qaçaqmalçılığa və gömrük işi
sahəsində digər hüquqpozmalara qarşı mübarizənin
gücləndirilməsini, gömrük infrastrukturunun
inkişaf etdirilməsini, kadrların hazırlanması və
beynəlxalq əməkdaşlığın genişləndirilməsini
nəzərdə tutmuşdur. Bu proqramın həyata
keçirilməsi üzrə Tədbirlər Planına əsasən,
qanunvericilik bazasının və gömrük tənzimlənməsinin
təkmilləşdirilməsi sahəsində
"Gömrük prosedurlarının sadələşdirilməsi
və harmonizə edilməsinə dair Kioto
Konvensiyası"nın müddəaları nəzərə
alınmaqla Azərbaycan Respublikasının yeni Gömrük
Məcəlləsinin layihəsinin hazırlanması,
gömrük işi və ticarət sahəsində beynəlxalq
konvensiyalara qoşulma üzrə təkliflərin
hazırlanması, Azərbaycan Respublikasının xarici
iqtisadi fəaliyyətinin mal nomenklaturunun (XİF MN) şərhinin
hazırlanması, gömrük ödənişlərinin
alınmasında kart sistemindən istifadəyə keçidin
təmin edilməsi və s. tədbirlər
planlaşdırılmışdır.
Beləliklə, Dövlət
Gömrük Komitəsində Avropa İttifaqı və
BMT-nin İnkişaf Proqramı tərəfindən "Azərbaycan
gömrük xidmətinin təkmilləşdirilməsi"
layihəsi çərçivəsində Azərbaycan
Respublikasının yeni Gömrük Məcəlləsinin
layihəsi hazırlanmış və dövlətdaxili
prosedurlardan keçirilərək Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə təqdim
olunmuşdur. Daha sonra layihə 2011-ci ilin fevralında Milli Məclisin
müzakirəsinə təqdim olunmuş və ardıcıl
müzakirələrdən sonra, iyunun 24-də Milli Məclisin
növbədənkənar iclasında üçüncü
oxunuşda qəbul edilmiş, Azərbaycan Respublikası
Prezidentinin müvafiq əmri ilə təsdiqlənmişdir.
Bu gün Azərbaycan gömrük xidməti
mükəmməl hüquqi bazaya, inkişaf etmiş
infrastruktura malik olmaqla ölkədə fiskal siyasəti həyata
keçirir, onun quru, hava və dəniz yollarında
respublikanın iqtisadi mənafeyini və təhlükəsizliyini
qoruyur, qaçaqmalçılığa qarşı
uğurla mübarizə aparır.
"Azərbaycan Respublikası
gömrük sisteminin 2007-2011-ci illərdə inkişafına
dair Dövlət Proqramı"na əsasən, gömrük
infrastrukturunun inkişaf etdirilməsi sahəsində bir
sıra tədbirlər həyata keçirilmişdir. Astara
Gömrük İdarəsinin, Biləsuvar Gömrük İdarəsinin
"Biləsuvar" sərhəd-keçid məntəqəsinin
və Tovuz Gömrük İdarəsinin "Sınıq
körpü", Balakən Gömrük İdarəsinin
"Mazımçay", Xaçmaz Gömrük İdarəsinin
"Samur" gömrük postlarının beynəlxalq
standartlara uyğun yeni inzibati binaları tikilmiş, onlar
müasir tipli inventar və avadanlıqlarla təchiz
edilmişdir. Onu da qeyd edək ki, sözügedən obyektlərin
hamısı Azərbaycan Prezidenti İlham Əliyevin
iştirakı ilə istifadəyə verilmişdir. Hazırda
bu istiqamətdə işlər davam etdirilir, eyni zamanda "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na
uyğun olaraq, Xudat sərhəd-keçid məntəqəsinin
əsaslı tikintisi, Biləsuvar, Tovuz və Balakən
rayonlarında gömrük terminalı və anbarların
inşası sahəsində müvafiq işlər
görülür.
Gömrük ödənişlərinin
ödəniş kartları vasitəsilə alınması
üçün Azərbaycan Respublikasının idxal-ixrac əməliyyatları
üzrə mal dövriyyəsinin əsas hissəsinin
gömrük rəsmiləşdirilməsini həyata
keçirən Bakı Baş Gömrük İdarəsində,
Hava Nəqliyyatında Baş Gömrük İdarəsində,
Sumqayıt Baş Gömrük İdarəsində və Avtonəqliyyat
Gömrük İdarəsində ödəniş
POS-terminalları açılmış və hər biri
ayrıca olaraq - gömrük vergi və rüsumları, habelə
gömrük qaydalarının pozulmasına görə tətbiq
edilən cərimələr və yığımlar üzrə
ödənişlər ödəniş kartları vasitəsilə
həyata keçirilir. Digər gömrük orqanlarında da
ödəniş POS-terminallarının
quraşdırılması istiqamətində işlər
davam etdirilir.
Azərbaycan gömrük xidməti
öz fəaliyyətində informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinə də xüsusi önəm
verərək bu sahədə köklü islahatlar
aparmışdır. Əvvəla, xatırladım ki, Azərbaycan
gömrüyündə informasiya-kommunikasiya
texnologiyalarının tətbiqinə hələ 1995-ci ildə
başlanmış və 1999-cu ildə gömrüyün
İKT strategiyası artıq beynəlxalq standartlar səviyyəsində
qurulmağa başlamışdır. Belə ki, BMT-nin
İnkişaf Proqramı və Azərbaycan hökuməti
arasında həyata keçirilən "Azərbaycan
Respublikası Dövlət Gömrük Komitəsinin
Potensialının Gücləndirilməsi və Məlumatların
Ötürülməsi Şəbəkəsinin
Yaradılması" layihəsi
avtomatlaşdırılmış idarəetmə sisteminin
yaradılması sahəsində gömrük xidmətinin
inkişafına olduqca müsbət təsir göstərmişdir.
İnformasiya-kommunikasiya texnologiyalarının inkişafı
biznes proseslərinin də stimullaşdırılmasına təsir
göstərir ki, bu səbəbdən Dövlət
Gömrük Komitəsi sözügedən sahəyə
xüsusi həssaslıqla yanaşır və bu işdə
üzərinə düşən vəzifələri yüksək
səviyyədə, həm də ardıcıllıqla yerinə
yetirməyə çalışır.
Hazırda komitədə Azərbaycan
Prezidentinin 16 fevral 2011-ci il tarixli fərmanı ilə təsdiq
edilmiş "Dövlət və yerli özünüidarə
orqanlarının aktlarının elektron informasiya sistemləri
vasitəsilə açıqlanması Qaydası"ndan və
Azərbaycan Prezidentinin 23 may 2011-ci il tarixli "Dövlət
orqanlarının elektron xidmətlər göstərməsinin
təşkili sahəsində bəzi tədbirlər
haqqında" fərmanından irəli gələn vəzifələr
yerinə yetirilir. Bununla əlaqədar Dövlət
Gömrük Komitəsi sistemində gömrük
prosedurları və xidmətlərinin təkmilləşdirilməsi,
kağız sənədlərdən istifadənin məhdudlaşdırılaraq
elektron formada həyata keçirilməsi və biznes proseslərinin
kağızsız texnologiya əsasında qurulması,
hazırlanmış hüquqi aktların layihələrinin
müvafiq dövlət orqanlarına razılaşdırmaya
göndərilməzdən əvvəl DGK-nın internet
saytında yerləşdirilməsi, eləcə də elektron
gömrük xidmətləri sahəsinin daha da genişləndirilməsi
və s. tədbirlər həyata keçirilir.
Ötən il Dövlət Gömrük
Komitəsinin yeni internet səhifəsinin istifadəyə
verilməsi də sözügedən istiqamətdə həyata
keçirilən addımlardan biridir. Bu addım yeni texnologiyalar
əsasında gömrük xidmətində şəffaflığın,
eləcə də gömrük-biznes əməkdaşlığının
gücləndirilməsi işinə bir dəstək kimi də
qiymətləndirilir. Yeni internet səhifəsində
gömrük işi və gömrük qanunvericiliyilə
bağlı cəmiyyətdə ümumi biliklərin dərinləşdirilməsi,
DGK-nın informasiya resurslarından daha səmərəli
istifadə olunması, gömrük orqanları və biznes
strukturları arasında qarşılıqlı əlaqələrin
genişlənməsi, əhalinin və sahibkarların
maraqlarının daha asan və operativ təmin edilməsi kimi
vəzifələri reallaşdırmaq məqsədi
daşıyan bir çox yeniliklər öz əksini
tapır. Bir sözlə, yeni internet səhifəsi
hazırlanarkən "e-hökumət" prinsipləri nəzərə
alınmış, biznes qurumları və ölkə vətəndaşları
üçün müxtəlif elektron xidmətlər daxil
edilmişdir.
Təsadüfi
deyil ki, Dövlət Gömrük Komitəsinin internet səhifəsi
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin ötən
ilin sonunda keçirdiyi müsabiqədə "Ən
yaxşı elektron xidmət" nominasiyası üzrə
qalib olmuş, həmçinin Azərbaycan İnternet Forumunun
"Milli NETTY-2010" müsabiqəsində dövlət və
bələdiyyə saytları
arasında ikinci yerə layiq görülmüşdür.
2011-ci ildə isə Dövlət Gömrük Komitəsinin əməkdaşı
"İnformasiya texnologiyalarının zənginləşdirilməsinə
görə" nominasiyası üzrə "Milli
NETTY-2011" müsabiqəsində qalib gəlmişdir.
Azərbaycan
gömrük xidmətinin bu sahədə əldə etdiyi
uğurlar müxtəlif beynəlxalq tədbirlərin
müzakirə mövzusuna çevrilmiş, bir çox
ölkələrin ciddi marağına səbəb
olmuşdur. Bunun nəticəsidir ki, Dövlət
Gömrük Komitəsində elektron gömrük xidmətləri
üzrə həyata keçirilən layihələrlə və
DGK-nın İKT strategiyası ilə tanış olmaq
üçün Özbəkistan, Rusiya Federasiyası,
Makedoniya və Argentina gömrük xidmətlərinin
nümayəndələri Azərbaycana gəlmişlər.
Azərbaycan gömrük xidmətinin təcrübəsinin
öyrənilməsinə artan marağı nəzərə
alaraq yaxın zamanlarda belə səfərlərin
artacağı şübhəsizdir.
Azərbaycanın
gömrük xidməti gömrük işində informasiya
sistemləri və informasiya texnologiyalarının tətbiqi təcrübəsinin
öyrənilməsi və gömrük xidmətində
informasiya texnologiyalarının gələcək inkişaf
istiqamətlərinin müəyyən edilməsi məsələlərinə
də
xüsusi diqqət ayırır. Bu il sentyabrın 12-13-də
Bakıda keçirilmiş "Elektron gömrük xidmətləri:
gələcəyə baxış" mövzusunda III beynəlxalq
elmi-praktiki konfrans da bu baxımdan əlamətdar hadisə olmuşdur.
Konfransda gömrük xidmətində informasiya-kommunikasiya
texnologiyaları və "e-gömrük" xidmətləri,
gömrük-biznes əməkdaşlığında
İKT-nin rolu və dövlət orqanlarında elektron xidmətlər
göstərilməsinin təşkili məsələlərinə
toxunulmuşdur.
"Azərbaycan
Respublikası gömrük sisteminin 2007-2011-ci illərdə
inkişafına dair Dövlət Proqramı"na uyğun
olaraq kadr hazırlığı sahəsində də bir
sıra məqsədyönlü işlər
görülmüşdür. Ötən dövr ərzində
onlarla xarici ölkədə müxtəlif mövzularda təşkil
olunmuş
təlim kurslarında, treninqlərdə və seminarlarda komitənin
əməkdaşları iştirak edərək öz
ixtisaslarını, peşə və biliklərini
artırmışlar.
Prezidentin
11 noyabr 2008-ci il tarixli "Azərbaycan Respublikası dövlət
sərhədinin buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılmasında "bir pəncərə" prinsipinin tətbiqi
haqqında" fərmanına əsasən, 2009-cu il
yanvarın 1-dən dövlət sərhədinin
buraxılış məntəqələrində "bir pəncərə"
prinsipi tətbiq edilərək, sərhəd-keçid məntəqələrində
nəzarət növlərini inteqrə edilmiş qaydada həyata
keçirməklə sərhəd-keçid
prosedurlarının daha da sadələşdirilməsi, nəqliyyat
və mal axınına əlverişli şərait
yaradılması, vaxt itkisinin minimuma endirilməsi və bu sahədə
qabaqcıl dövlətlərdə olduğu kimi, minimum vaxt
limitlərinə riayət edilməsinə nail olunmuşdur. Fərmana uyğun olaraq, Azərbaycan Respublikası
dövlət sərhədinin buraxılış məntəqələrindən
keçirilən malların və nəqliyyat vasitələrinin
yoxlanılmasında "bir pəncərə" prinsipi
üzrə vahid dövlət orqanının səlahiyyətləri
Dövlət Gömrük Komitəsinə həvalə
edilmişdir.
"Bir
pəncərə" prinsipinin tətbiqi nəticəsində
resursların səmərəli və rasional formada
bölgüsü və istifadəsinə, nəzarət
növlərinin əlaqələndirmə səviyyəsinin
yüksəldilməsinə və qurumlararası əməkdaşlığın
gücləndirilməsinə, eləcə də sərhəd
idarəçiliyi mexanizminin təkmilləşdirilməsinə nail
olunmuşdur. Bundan başqa, iqtisadi operatorlar və
sahibkarlıq subyektləri tərəfindən tələblərə
daha ciddi riayət olunur, sərhəd nəzarəti
prosedurlarında şəffaflıq artırılır, həmçinin
ölkənin iqtisadi potensialının gücləndirilməsinə
xidmət göstərən müasir metodların tətbiqi
təmin edilir.
Dövlət
Gömrük Komitəsi, eyni zamanda, hüquq-mühafizə
orqanı olaraq qaçaqmalçılıq və digər
hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi
istiqamətində məqsədyönlü tədbirlər həyata
keçirir. Bu tədbirlər nəticəsində son 3 ildə
12500-dən çox hüquqpozma faktı, o cümlədən
yüzlərlə kiloqram narkotik maddə
aşkarlanmışdır. Təkcə 2009-cu ildə narkotiklərin
qanunsuz dövriyyəsi ilə məşğul olan 13, 2010-cu
ilin 9 ayı ərzində isə 11 mütəşəkkil
cinayətkar narkoqrup aşkar olunaraq zərərsizləşdirilmişdir.
Azərbaycanın
gömrük xidməti öz fəaliyyətində narkotik
vasitələrin, psixotrop maddələrin və onların
prekursorlarının qanunsuz dövriyyəsi və
narkomanlığın yayılması ilə mübarizə
sahəsində təkcə hüquq-mühafizə müstəvisində
deyil, eyni zamanda, maarifləndirici tədbirlər də həyata
keçirir.
Elə bu ilin yanvarında Bakı Muzey Mərkəzində
"Narkomaniyaya yox deyək!" plakat və foto müsabiqəsinin
yekun sərgisi növbəti belə tədbirlərdən
olmuşdur. Tədbirin təşkilində Dövlət
Gömrük Komitəsi, Mədəniyyət və Turizm
Nazirliyi ilə yanaşı, Rəssamlar İttifaqı da
yaxından iştirak etmişdir.
Dövlət
Gömrük Komitəsi "Narkotiklərə yox deyək!"
adlı daha bir sərgini bu ilin martında Vyanada BMT-nin
İqtisadi və Sosial Şurasının Narkotik Vasitələr
üzrə Komissiyasının 54-cü sessiyası çərçivəsində
keçirmişdir. Sərgidə Azərbaycanda
narkotiklərin qanunsuz dövriyyəsinə qarşı
aparılan tədbirlər, profilaktik işlər, eləcə
də narkotiklərdən istifadənin ağır nəticələri
haqqında cəmiyyətin maarifləndirilməsi məsələləri
barədə məlumat verilmişdir.
DGK
öz fəaliyyətində mədəni tədbirlərə
də geniş yer ayırır. Hələ
2006-cı ilin mart ayında komitənin Gömrük Tarixi
Muzeyi yaradılmış, 2007-ci ilin yanvarında isə
"Azərterminalkompleks" Təsərrüfat Hesablı
Xarici İqtisadi Birliyinin inzibati binasında Heydər Əliyev
Xatirə Muzeyi və DGK Gömrük Tarixi Muzeyinin bölməsi
fəaliyyətə başlamışdır. Dövlət Gömrük Komitəsi tərəfindən
dünyanın bir sıra ölkələrində -
Belçika Krallığında, İsveçrədə,
Vatikanda, Rusiya Federasiyasında, Avstriyada, Fransada sərgilər
təşkil edilmiş, bu sərgilərdə Azərbaycan
gömrüyünün tarixini
özündə əks etdirən müasir rəsm əsərləri,
respublikamızın gömrük orqanları tərəfindən
müxtəlif vaxtlarda saxlanılan, milli-mənəvi dəyər
kəsb edən əşyalar nümayiş olunmuşdur.
Bundan
başqa, ötən il Dövlət Gömrük Komitəsi
BMT-nin Vyana bölməsində cinayətkarlığın
qarşısının alınması və cinayət ədliyyəsi
komissiyasının 19-cu sessiyası çərçivəsində
"Azərbaycan gömrüyü mədəni irsin
keşiyində" adlı sərgi təşkil etmişdir. Eyni zamanda,
Fransanın Strasburq şəhərində Avropa Şurası
Parlament Assambleyasının növbəti sessiyası ərəfəsində
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşəbbüsü,
eləcə də Mədəniyyət və Turizm Nazirliyinin və
AŞ PA rəhbərliyinin dəstəyilə "Azərbaycan
gömrüyü mədəni və dini irsin keşiyində"
adlı sərgi, həmçinin "Azərbaycan
gömrüyü mədəni irsin keşiyində"
adlı kitabın təqdimat mərasimi keçirilmişdir.
Ümumiyyətlə,
Azərbaycanın gömrük xidməti dünya
gömrük ailəsində özünəməxsus layiqli
bir yer tutaraq aidiyyəti beynəlxalq qurumlarla əməkdaşlıq
əlaqələrini daim inkişaf etdirir. Bu
baxımdan 2003-cü ildə Ümumdünya Gömrük Təşkilatı
(ÜGT) Regional Tədris Mərkəzinin Bakıda fəaliyyətə
başlaması, eləcə də açılışı
bu günlərdə nəzərdə tutulan Ümumdünya
Gömrük Təşkilatı Potensialın Gücləndirilməsi
üzrə Regional Ofisinin də Bakıda yaradılması
təsadüfi deyil. Yeri gəlmişkən qeyd
edim ki, Ümumdünya Gömrük Təşkilatının
bir sıra beynəlxalq tədbirlərinə Azərbaycan ev
sahibliyi etmiş, bu cür mühüm tədbirlərin
yüksək səviyyədə təşkili istər ÜGT
rəhbərliyi, istərsə də iştirakçılar tərəfindən
yüksək qiymətləndirilmişdir. Təsadüfi
deyil ki ÜGT-nin Potensialın Gücləndirilməsi üzrə
Regional Ofisinin açılış mərasimi ərəfəsində
Azərbaycanın gömrük xidməti Ümumdünya
Gömrük Təşkilatı və BMT ilə birgə
Bakıda daha belə bir tədbirin - narkotiklərin qeyri-qanuni
dövriyyəsinə qarşı beynəlxalq konfransın keçirilməsini
nəzərdə tutmuşdur. Bu mötəbər tədbirdə
BMT və ÜGT rəhbərliyi
ilə yanaşı, bir sıra ölkələrin
gömrük xidməti rəhbərləri, eləcə də
digər yüksək səviyyəli rəsmi şəxslərin
iştirakı gözlənilir.
Bu
gün Heydər Əliyev yolunun layiqli davamçısı
Prezident İlham Əliyev Azərbaycan gömrüyünün
öz ənənələrini qoruyub saxlaması və daha da
təkmilləşdirilməsi işini daim diqqət mərkəzində
saxlayır. Gömrük orqanlarının fəaliyyəti
ölkə rəhbərliyi tərəfindən qiymətləndirilir
və gömrükçülər daim diqqət və
qayğı ilə əhatə olunur. Azərbaycan
Prezidentinin sərəncamları ilə təkcə son illər
gömrük işçilərinin əməkhaqları bir
neçə dəfə artırılmışdır. 2008-ci
ilin sonunda Bakıda dünya standartlarına cavab verən Mərkəzi
Gömrük Hospitalının açılışı da
gömrük əməkdaşlarının sosial
müdafiəsinə yönələn tədbirlərdən
biri olmuşdur.
Böyük
öndərin siyasi kursunun layiqli davamçısı cənab
İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan
davamlı inkişaf edir. Prezidentin
yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində
respublikamızın Avropanın enerji təhlükəsizliyində
rolu güclənir, Azərbaycan regionda sülh, sabitlik və
iqtisadi tərəqqiyə xidmət edən qlobal layihələrin
əsas təşəbbüskarı qismində
çıxış edir. Prezident İlham Əliyev Azərbaycan
Respublikasının dövlət müstəqilliyinin 20-ci
ildönümünə həsr olunmuş beynəlxalq bayram tədbirində
bildirmişdir: "Bu gün qeyd etmək istəyirik ki, bizim ən
böyük nailiyyətimiz - bizim müstəqilliyimizdir,
azadlığımızdır. Bu, Azərbaycan xalqı
üçün ən böyük sərvətdir.
Çünki əsrlər boyu Azərbaycan xalqı müstəqilliyindən
məhrum olmuşdur. Ona görə bu gün mən qeyd etmək
istəyirəm ki, müstəqilliyimiz ən böyük
nailiyyətimizdir".
Aydın
ƏLİYEV,
Dövlət
Gömrük Komitəsinin sədri,
gömrük xidməti general-leytenantı
Azərbaycan.-
2011.- 6 oktyabr.- S.4.