Londonda
«Baku» jurnalının ingilisdilli versiyasının təqdimatı
keçirilmişdir
Rusiyada çıxan populyar "Baku"
jurnalı yayım coğrafiyasını genişləndirir. Oktyabrın 4-də Londonda
"Baku" jurnalının ingilisdilli versiyasının ilk
nömrəsinin təqdimatının keçirilməsi bunun əyani təsdiqidir.
Mərasimdə
Heydər Əliyev Fondunun vitse-prezidenti,
"Baku" jurnalının baş redaktoru Leyla Əliyeva iştirak etmişdir.
Londonun mərkəzində, tarixi
Pikadilli meydanı yaxınlığında yerləşən
möhtəşəm zalda keçirilmiş təqdimat mərasimində
şəhərin tanınmış ictimai-siyasi xadimləri
iştirak etmişlər.
Monitorlar vasitəsilə Azərbaycan
haqqında nümayiş olunan videoçarxlar, həmçinin
məşhur fotoqraflar Tom Kreyq və Gaylz Praysın çəkdikləri
fotolar tədbir iştirakçıları tərəfindən
böyük maraqla qarşılanmışdır.
"Baku" jurnalının ingilisdilli
versiyası Azərbaycanı Avropada daha yaxından tanıtmaq
baxımından mühüm əhəmiyyətə malikdir. Jurnal
bu dəfə avropalı oxucuları qədim Odlar Yurdunun zəngin
tarixi, mədəniyyəti, incəsənəti, gözəl ənənələr
və mətbəxi ilə məhz ingilis dilində
tanış edəcəkdir. Bundan başqa, jurnalda Azərbaycanın
müasir inkişafı və beynəlxalq aləmdə
tutduğu nüfuzlu yeri, ölkəmizdə həyata
keçirilən mühüm layihələr, geniş turizm
potensialı və azərbaycanlıların müasir həyat
tərzi, xalqımızın gözəl xüsusiyyətləri
də ingilisdilli oxuculara çatdırılacaqdır.
"Baku" jurnalının ingilisdilli
versiyası dünyada məşhur "Konde Nast" nəşriyyat
evində çap olunur. Jurnal təkcə Böyük
Britaniyada deyil, eyni zamanda, ABŞ,
Fransa, İtaliya və digər ölkələrdə də
yayılacaqdır. Bu isə Azərbaycanın planetimizin istənilən
guşəsindəki oxucuya daha yaxın, daha doğma
olmasına kömək etmək baxımından əhəmiyyətli rol oynayır.
Rus dilində nəşr edilən
jurnalın uğurları ümid etməyə əsas verir ki,
ingilisdilli versiya da oxucuların böyük marağına səbəb
olacaqdır.
Təqdimat mərasimində
çıxış edən "Konde Nast" nəşriyyat
evinin direktoru Nikolas Koleric "Baku" jurnalının
ingilisdilli versiyasının çox uğurlu layihə
olduğunu vurğulamışdır. N.Korelic bu dərginin Azərbaycanı
Avropada daha da geniş təbliğ etmək baxımından
mühüm əhəmiyyətindən
danışmışdır.
"Konde Nast" nəşriyyat
evində bu layihənin uğurlu
olacağına artıq indidən əmindirlər. Çünki dünya
şöhrətli şirkətin təcrübəsi ilə
yanaşı, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku"
jurnalının baş redaktoru
Leyla Əliyevanın işə
yaradıcı yanaşması sayəsində dünya
bazarına tamamilə fərqli bir nəşr
çıxır. "Konde Nast" nəşriyyat evi
yalnız uğurlu brendlərlə işləyir.
Nəşriyyatın "Baku"
jurnalı ilə yaradılan işbirliyi
isə bu dərginin böyük
nüfuza və perspektivə malik olmasını nümayiş
etdirir.
Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş
redaktoru Leyla Əliyeva
çıxış etdi.
Mərasimə
toplaşan qonaqları salamlayan
Leyla Əliyeva bildirdi ki, dörd il əvvəl Moskvada rus dilində
işıq üzü görən
jurnalın beynəlxalq versiyasının yaradılması arzusu artıq reallıqdır.
Jurnalın
baş redaktoru bu gündən nəşrin London,
Paris, Nyu-York, Berlin, Roma və
dünyanın daha bir
neçə böyük şəhərlərində
satışa çıxarılacağını dedi.
Xəzərin
sahilində yerləşən qədim tarixi
olan Bakının dünyanın sürətlə
inkişaf edən şəhərlərindən
biri olduğunu qeyd edən Heydər Əliyev Fondunun
vitse-prezidenti paytaxtımızın
görməli və sevilən guşələrdən, onun daha da
gözəlləşməsi istiqamətində aparılan işlərdən
danışdı.
Bu gün
Bakının yeni inkişaf
dövrünü
yaşadığını vurğulayan Leyla Əliyeva bildirdi ki, bütün bu müsbət dəyişikliklər "Baku" jurnalında da öz əksini tapır.
Heydər
Əliyev Fondunun vitse-prezidenti
Leyla Əliyeva dedi:
"Düşünürəm ki, bu jurnal bizə köhnə
ilə yeninin, Qərb ilə Şərqin görüşdüyü
məkan olan şəhərimizin gözəlliyini,
zəngin mədəni ənənələrini göstərməyə
yaxşı imkan yaradır. Jurnalın səhifələrində
siz incəsənət, tarix,
musiqi, dəb, memarlığa aid məqalələr və ən əsası,
heyranedici xalq haqqında
hekayələr oxuya bilərsiniz. Burada, həmçinin
məşhur fotoqrafların çəkdikləri şəkillər
də yer alır və bu
axşam mən onların bəzilərini
burada görməyimə çox
şadam. İnanıram ki,
"Baku" jurnalı dünyanın hər
bir yerində oxucular
arasında öz yerini
tapacaqdır. Xüsusən də burada
- dünyanın ən heyranedici şəhərlərindən
biri olan Londonda".
"Eurovision"
mahnı müsabiqəsinin gələn il
Bakıda keçiriləcəyini xatırladan "Baku" jurnalının baş
redaktoru bunun
paytaxtımız ilə daha yaxından
tanış olmaq və Bakının sehrini kəşf etmək üçün
gözəl fürsət olduğunu
vurğuladı.
Leyla Əliyeva jurnal
üzərində işləyən hər kəsə minnətdarlığını
bildirdi.
Mərasimdə
iştirak edən qonaqlar
"Baku" jurnalının ingilisdilli versiyasının çox
böyük maraqla
qarşılanacağını vurğulayaraq
nəşrə olan tələbat və
marağın günbəgün artacağına ümidvar olduqlarını demişlər.
"Bugünkü tədbir heyranedicidir.
Əminəm ki, bu
jurnalın ingilisdilli versiyasının
oxucularını Azərbaycan ilə daha
yaxşı tanış etmək üçün
çox böyük rolu olacaqdır. Jurnal Azərbaycanın
özünəməxsus gözəlliyə malik
olduğunu hər kəsə sübut edəcəkdir. Onu
da bilirəm ki, Azərbaycan
çox zəngin mədəniyyətə,
təbii sərvətlərə və böyük nüfuza malik olan bir
ölkədir. Bu jurnal
sayəsində Birləşmiş Krallıq ilə Azərbaycan
arasında əlaqələr daha da möhkəmlənəcəkdir", - deyə
Böyük Britaniyanın ticarət əlaqələri
üzrə səfiri Leydi Barbara
vurğulamışdır.
"GQ"
jurnalının redaktor müavini
Bill Prins isə demişdir: "Baku"
jurnalı möhtəşəmdir. Jurnal
Azərbaycan haqqında daha da çox məlumat əldə
etmək imkanı yaradır. Nəşr üzərində
işləyən tanınmış şəxslər isə onun əhəmiyyətini qat-qat
artırır. Düşünürəm ki,
Londonda bu jurnala maraq çox
böyük olacaqdır. Belə ki, o, Bakını, Azərbaycanı
Londonun oxucularına daha
da geniş təqdim
edəcəkdir".
"Mən
fikirləşirəm ki, bu,
çox cəsarətli və müsbət
bir addımdır. Çünki,
jurnal məzmununa, toplanan materiallara görə oxunur. Təqdimat mərasimində də jurnalın böyük maraq doğurduğunun şahidi oldum. Bilirəm ki, növbəti il
Bakıda "Eurovision" mahnı müsabiqəsi keçiriləcək və
hər kəsə maraqlıdır ki, görəsən müsabiqənin
keçiriləcəyi yer
hansı sirli məkandır. Düşünürəm, jurnal qısa
bir müddətdə
seviləcək və
tanınacaqdır. Mən bunu
ürəkdən arzu
edirəm və buna inanıram, çünkü nəşr
ölkənin mədəniyyətini
təbliğ edir, Azərbaycan və paytaxtınız haqqında
məlumat verir. Bu isə həddindən
artıq vacibdir.
"Baku" jurnalına uğurlar
arzu edirəm", - deyə məşhur futbolçu Andrey Arşavinin həyat yoldaşi Yuliya Arşavina qeyd etmişdir.
"Baku" jurnalının
ingilisdilli versiyası
Azərbaycanın və
Bakının bütün
dünyada keyfiyyətcə
yeni səviyyədə
tanınmasına kömək
edəcəkdir. Jurnalın rübdə bir dəfə nəşr edilməsi nəzərdə
tutulmuşdur.
Bu dərgi həm
də dünyada trendlər aləmində bələdçi olacaqdır.
Burada incəsənət
haqqında maraqlı materiallar toplanacaq, "Baku"nın səhifələrini bədii
foto sahəsində tanınmış ustaların
işləri bəzəyəcəkdir.
Bu isə heş
şübhəsiz ki,
jurnala olan marağı daha da artıracaqdır.
AzərTAc
Azərbaycan.-
2011.- 6 oktyabr.- S.5.