Şərəfli ömür yolu

 

 Ötən əsrin əvvəllərində coşqun fəaliyyət göstərən Azərbaycan ziyalılarının elə mütərəqqi, vətənpərvər nümayəndələri olub ki, onları bu gün ehtiramla xatırlamaq vətəndaşlıq borcumuzdur. Tarixin və zamanın ağır sınaqlarından alnıaçıq çıxan fədakar ziyalılarımızın şərəfli əməllərini müasir nəslə çatdırmaq həm də onların unudulmamasının təsdiqidir. Rəhmətlik ədəbiyyatşünas alim Abbas Zamanovun bir fikri ilə razılaşmamaq mümkün deyil: "Əslində, bu ziyalılar böyük irs qoyub getməsələr də, mətbuatımızın, o zamankı ağır mübarizə günlərinin sıravi mücahidləri, fədakar döyüşçüləri kimi tarixə daxil olmuşlar".

Belə ziyalılardan biri dövrünün istedadlı publisistlərindən olan jurnalist, pedaqoq, tərcüməçi, naşir və yazıçı kimi tanınan Hüseyn Minasazovdur. O, XX əsr Azərbaycan mətbuatı tarixində xüsusi yer tutan, özünəməxsus mövqeyi olan orijinal simalardandır. İndi anadan olmasının 130 illiyi tamamlanan Hüseyn Baxşəli oğlu Minasazov cəmi 41 il ömür sürüb. Qısa ömür kəsiyində müxtəlif mətbuat orqanlarında müntəzəm fəaliyyət göstərərək soydaşlarımızın maariflənməsi yolunda mübarizə aparan, xüsusilə də qadınların təhsilə cəlb edilməsində minbir əziyyət çəkən, eləcə də millətimizin ədəbi, mədəni, elmi nailiyyətlərini təbliğ edən çox istedadlı publisist kimi mətbuat tarixində öz adını əbədiləşdirib. Bunu da qeyd edək ki, Hüseyn Minasazovun həyat və fəaliyyətini, publisistikasını dərindən təhlil edən, daha doğrusu, onun yaradıcılığını ilk dəfə üzə çıxaran unudulmaz ədəbiyyatşünas alim Şamil Qurbanov olub.

 

Hüseyn Minasazov 1881-ci ildə Tiflisin yaxınlığındakı Sərban kəndində (indiki Marneulidə) anadan olub. 1899-cu ildə Qori Müəllimlər Seminariyasını bitirən Hüseyn Baxşəli oğlu o, zaman Cənubi Qafqazın siyasi və mədəni mərkəzi olan Tiflis mühitində formalaşmış, elə ilk əmək fəaliyyətinə də burada başlamışdır. O əvvəlcə Xıllı kəndində, sonra isə Bakının Sabunçu kəndindəki ikisinifli məktəbdə müəllimlik etmişdir. Hələ gənclik illərində fəhlələrin dözülməz həyatını, haqsızlıqları görən Hüseynin ən ümdə arzusu yaxından tanıdığı, daha doğrusu, ətrafında hər gün gördüyü insanların savad kurslarına cəlb edilməsi olub. 1903-cü ildə o, bir müddət "Kaspi" qəzetində korrektor işləmiş, orada məqalələrlə çıxış etmişdir. Lakin az keçmir ki, hansı səbəblər ucbatındansa Hüseyn yenidən Tiflisə qayıdaraq publisistika ilə məşğul olmuşdur. Sonralar sorağı Təbriz və Ərdəbil şəhərlərindən gəlmişdir. Onun fəaliyyətində iki xətt həmişə paralel gedirdi - müəllimlik və publisistika. Bir tərəfdə insanlara savad öyrədir, bilik verir, digər tərəfdə də müxtəlif mətbuat orqanlarına vətənpərvərlik ruhunda, milli düşüncəni əks etdirən yazılar dərc etdirirdi. Ömrü boyu harada yaşamasından, fəaliyyət göstərməsindən asılı olmayaraq, publisistikadan ayrılmayan Hüseyn Minasazov özünü mübariz və yenilməz bir qələm sahibi kimi təsdiqləmişdir və dövrün ədəbi ictimaiyyətinə yaxşı tanış idi. XX əsr Azərbaycan mədəni həyatında elə bir sahə tapmaq olmaz ki, Hüseyn Minasazov ona münasibətini bildirməsin. Əslində, Minasazov mətbu sözün qüdrətinə çox inanaraq ona ən mötəbər bir silah kimi baxan publisist idi. Şamil Qurbanov yazırdı: "İctimai şüurun oyanmasında və formalaşmasında mətbuata qabaqcıl ideyaların aparıcı qüvvəsi kimi baxan Hüseyn Minasazov çalışırdı ki, mətbuat mütərəqqi qüvvələrin əlində, xalqın mədəni və siyasi inkişafında qüvvətli silaha çevrilsin, onun azadlığa, tərəqqiyə gedən yolunda mayak olsun".

O, çox qaranlıq bir mühitdə, üfüqdə parlayan dan ulduzu idi. Ətrafı elə işıqlandırmağa can atırdı ki, varlığı qədər sevdiyi, yolunda hər cür mübarizəyə hazır olduğu millətinin nümayəndələri onun səsini eşidib fikirləri ilə tanış ola bilsinlər. Min bir əziyyətlə saldığı yolda ardıcıllarının olduğunu da görə bilsin. Arxiv materiallarından bəlli olur ki, Hüseyn Minasazovun çox sevdiyi mətbuat orqanlarından biri "Molla Nəsrəddin" jurnalı idi. Bu jurnal Minasazovun mətbuat orqanları qarşısında qoyduğu tələbləri əks etdirirdi. Hüseyn Minasazov 1912-ci ildə "Yujnı Qafqaz" qəzetinə ünvanladığı məktubda yazırdı: "Bizim mətbuatımız xalq içərisində qarşılıqlı bəşəri münasibətlərin, heç olmasa elementar tələblərini təbliğ etmək, onda özünə və başqasına hörmət hissi aşılamaq, xalqının nəzərində onun özünün və başqalarının həyat eşqini qaldırmaq kimi müqəddəs vəzifələri yerinə yetirmir. Bu, acınacaqlı haldır. Acınacaqlıdır ona görə ki, əlimizdə kəsərli silah var, amma ondan istifadə etməyi ya istəmirik, ya da bacarmırıq". Bu fikirlərin sahibi öz arzularının, ideyalarının ancaq "Molla Nəsrəddin"də çiçək açdığını etiraf edirdi. Jurnalın götürdüyü xətt, apardığı mübarizə Hüseynin əsas amalı idi. Bu səbəbdən də Hüseyn Minasazov "Molla Nəsrəddin"i dövri mətbuat içərisində "yeganə" adlandırırdı. O, "Molla Nəsrəddin"i hər yerdə nümunə göstərərək deyirdi: "Namusla yazın, onda sizə hörmət edərlər. Aydın yazın, onda sizi başa düşərlər. Heç kəsə yaltaqlanmayın, heç kəsin qarşısında alçalmayın, sizin arxanızda xalq durur... Belə olmasa, öz inkişafını sizə etibar etmiş xalqa ancaq zərrə vura bilərsiniz". Az qala bir əsr öncə deyilmiş bu fikir indi də aktualdır.

Hüseyn Minasazov o ziyalılar təbəqəsinə mənsub idi ki, yaradıcılığında, Azərbaycan-rus ədəbi mədəni əlaqələrinin inkişafı tarixində canlı bir səhifəni təşkil edir. Rus dilində yazırdı, rus dilində ədəbi-bədii jurnal da nəşr etdirmişdi. Amma doğma dilinin gözəlliyini heç vaxt yaddan çıxarmırdı. Bütün ömrü boyu ana dilimizin keşiyində dayanaraq bu yolda fədakarcasına mübarizə aparırdı. Hətta vaxtilə "Molla Nəsrəddin"in dilini "çoban dili" adlandıranlara H.Minasazov qətiyyətlə cavab verirdi: "Bu cənablar unudurlaryaxud sadəcə anlamırlar ki, dil nə qədər xalqa, onun danışıq tərzinə yaxındırsa, demək, o, ədəbi dildir. Belə olmasaydı, Puşkinin, Nekrasovun, Tolstoyun əsərlərinin dili ədəbi dil hesab edilməzdi".

1907-ci ilin sentyabrında Tiflisdə "Oqni" adlı rus dilində həftəlik ədəbi-bədii jurnal nəşr etdirən Hüseyn Minasazov elə ilk nömrədən də böyük rəğbət qazandı. Jurnalın proqramı geniş idi. Hər nömrəsi 16 səhifədən ibarət olan "Oqni"nin 12 şöbəsi vardı. "Azad fikirli jurnal" şüarı ilə fəaliyyətə başlayan "Oqni" öz ətrafına müxtəlif millətlərdən olan qabaqcıl qüvvələri toplaya bilmişdi. Jurnalın əsas məqsədi xalqa xidmət göstərməkdən ibarət idi. Hüseyn Minasazov böyük arzularla və məqsədlə həyata gətirdiyi bu jurnalın ilk nömrəsində yazırdı: "Biz hay-küy salmadan... fəaliyyətə başlayırıq. Məqsədimiz yatmış şüurları oyatmaq, imkan daxilində onlara obrazlar, rəsmlər və səhnəciklər vasitəsilə təsir etməkdir". 1907-ci ilin noyabrında jurnalın redaktorluğunu başqasına həvalə edərək Təbrizə gedən H.Minasazovdan sonra jurnal az keçmir ki, bağlanır. 1908-ci ildə yenidən Tiflisə qayıdan Hüseyn Minasazov uzun müddət çalışıb ki, "Oqni"ni bərpa etsin, lakin bu cəhdi boşa çıxıb.

Həmişə nikbin ruhlu olan, mübarizədən geri çəkilməyən Hüseyn Minasazov 1909-cu ilin dekabrında uzun süründürməçilikdən sonra yeni bir mətbuat orqanının nəşrinə başladı. "Yejenedelnoye obozreniye" adlı qəzet onun rəhbərliyi ilə işıq üzü gördü. Təəssüf ki, bu mətbuat orqanının da ömrü o qədər uzun olmayıb. 1910-cu ilin yanvarında bağlanıb. Artıq mətbuat orqanı yaratmaq fikrindən tamamilə əl çəkən Hüseyn Minasazov müxtəlif qəzet və jurnallarda müntəzəm çıxış etməyə başladı. O, rusca və azərbaycanca yazan müasirləri arasında ədəbi tənqidlə məşğul olan ilk qələm sahiblərindən idi. O təkcə Azərbaycan ədəbiyyatının, mədəniyyətinin nümayəndələri haqqında deyil, rusAvropa klassik ədəbiyyatının yaradıcıları barəsində də ədəbi-tənqidi mülahizələrini dərc etdirirdi. Hüseyn Minasazov tərcüməçiliklə də məşğul olurdu. Onun 1913-cü ildə Cəlil Məmmədquluzadənin "Poçt qutusu" hekayəsini tərcümə edərək rus dilində nəşr etdirməsi böyük hadisə və iftixar hissi doğuran bir məsələ idi. O, Mirzə Fətəli Axundovla bağlı yazdığı sanballı məqaləsini də "Tiflisski listok" qəzetində dərc etdirmişdi. Mütəxəssislər söyləyirlər ki, Hüseyn Minasazovun bu məqaləsi adi resenziya yox, böyük mütəfəkkir barəsində əsl elmi mülahizə idi. H.Minasazov Mirzə Fətəli Axundovu Qoqolla müqayisə edərək maraqlı fikir irəli sürürdü: "Qoqola pərəstiş edən Axundov ondan elə bir yazı üsulu əxz etmişdi ki, bunun sayəsində ən kədərli fakt və səhnə sizdə gülüş doğurursiz bunların fonunda yazıçının əhval-ruhiyyəsindən qaranlıq aləmə axan göz yaşlarını aydın hiss edirsiniz". Maraqlıdır ki, XX əsr tənqidi realizmin banisi Cəlil Məmmədquluzadənin "Ölülər" dramı haqqında ilk dəfə elmi mülahizə söyləyən də məhz Hüseyn Minasazov olub. Mirzə Ələkbər Sabir haqqında da rus dilində mükəmməl məqalə yazan yenə də Hüseyn Minasazovdur. O, 1912-ci ildə "Baku" qəzetində yazırdı: "Sabir Azərbaycan poeziyasında yeni ədəbi məktəbin banisidir. Şərab, gözəlin misilsiz gözləri, gülün xoş ətri və daim onun ətrafında dolanan bülbül Sabirin şəxsində öz nəğməkarını tapa bilmədi. Sabir həyat nəğməsi oxuyurdu. Elə bir həqiqi həyat ki onun kədəri və zülmü haqqında milyonlarla insanlar acınacaqlı halda ömür sürürdülər".

Hüseyn Minasazov XX əsr Azərbaycan ədəbi-mədəni mühitinin yetirməsi idi. O, yazmaq xatirinə yox, məhz ürəyindən keçirdiyi, duyğularından ələdiyi məsələlərə öz münasibətini bildirirdi. O, təkcə dramaturgiya, nəsr, poeziya haqqında yazmırdı, mədəniyyətimizin başqa sahələrinə də, deyək ki, musiqi yaradıcılığına da öz mövqeyini bildirirdi. Xüsusilə də Azərbaycan mədəniyyətində milli operanın banisi Üzeyir Hacıbəylinin fəaliyyətinə son dərəcə diqqət və həssaslıqla yanaşaraq bəstəkarın yaradıcılığını yüksək qiymətləndirir, öz yazılarında onları gözəl, orijinal əsərlər kimi alqışlayırdı. Hüseyn Ərəblinski onun çox sevdiyi aktyorlardan biri idi. Böyük sənətkar ağır xəstələnəndə H.Minasazov adaşının həyata qayıtması üçün həyəcanla milləti Ərəblinskiyə kömək etməyə çağırırdı. O, Fatma Muxtarova, Şövkət Məmmədova və başqa səhnə xadimləri haqqında da maraqlı yazılar qələmə alırdı. Hüseyn Minasazov Azərbaycan qadınlarının ictimai həyatda fəallaşmasının tərəfdarı idi. Ömrü boyu dilinin əzbəri bir şüar olmuşdu: "Qadınları lazımdır oxutmaq, oxutmaq, yenə də oxutmaq!"

Azərbaycanda sovet hakimiyyətinin qələbəsi Hüseyn Minasazovun ürəyincə olmasa da, ümidini itirməmişdi. Doğrudur, bu illərdə onun bir publisist kimi fəaliyyəti nəzərə çarpmır. Bəlkə də artıq ürəyində hər şeyi duyduğundan fikirlərini qələmə almağa ya çəkinirmiş, ya da bacarmırmış. Amma ictimai  fəaliyyətini davam etdirib. 1921-1922-ci illərdə Gürcüstanda yaradılmış Müsəlman İşləri Şurasının sədri, keçmiş molla nəsrəddinçi Ömər Faiq Nemanzadənin şəxsi katibi olub. İctimai işlərlə ciddi məşğul olan H.Minasazovun yalnız 1927-ci ildə "Yeni fikir" qəzetində Ə.Haqverdiyevin yaradıcılığından bəhs edən bir məqaləsi çap edilib. Bu, onun qələmə aldığı son yazılardan biri idi. "Zəhmət qəhrəmanı" adlanan məqalədə Hüseyn Minasazov yazırdı: "Əbdürrəhim bəy Haqverdiyev Azərbaycan xalqı arasında ən yaxşı bir faciənəfis kimi tanınmışdır. Onun yazdığı pyeslər türk səhnə həyatında bir gözəllik vücuda gətirmiş və böyük şöhrət qazanmışdır. Sadə bir dillə yazılmış pyes və hekayələrinin gözəl, dadlı üslubu vardır. Haqverdiyevin ədəbi yazıları bilxassə... bütün oxucuları, bütün insanları heyrətə düşürür".

1920-ci ilin axırlarında Hüseyn Minasazov Bakıya gəlib. O, bir müddət Ali Sovetdə tərcüməçi işləyib, tədqiqat institutlarının birində elmi işçi vəzifəsində çalışıb, tarixi keçmişin tədqiqi ilə məşğul olub. Hətta bir siyasi kitabçası da 1930-cu ildə işıq üzü görüb. 1932-ci il yanvarın 4-də onun qəflətən vəfat etməsi bəzən adamda bir şübhə də doğurur. Bəlkə də Azərbaycanı bürümüş repressiya dalğalarının vahiməsi onu elə sarsıdıb ki, daha hansısa qara qüvvənin onun qapısını döyməyə ehtiyacı qalmayıb. O illərdə ziyalıları ya "qaraçalağan" cənginə alıb aparırdı Sibir düzlərinə, ya da elə qəflətdən öz evindəcə əlini ürəyinin üstünə qoyaraq işıqlı dünyaya əlvida deyirdilər. H.Minasazov kimi ziyalılar inqilaba yox, xalqa xidmət edirdilər. Onların mübarizəsi xalqın azadlığı və xoş gələcəyi uğrunda idi. Onlar istismara, burjua-mülkədar ağalığına son qoyulacağını arzulayırdılar. Onlar millətin işıqlı gələcəyi üçün çalışırdılar. 1907-ci ildə Hüseyn Minasazov "Kaspi" qəzetində yazırdı: "Biz yeni həyatın binasını tikməyə başlamışıq. Doğrudur, biz hələ azıq, büdrəyirik, yıxılırıq, işlərimiz axsayır, işçilərimiz zəifdir, imkanımız cüzidir. Lakin bunlar bizi ruhdan salmamalıdır. Yadda saxlamaq lazımdır ki, biz yeni həyata qədəm qoyuruq". Doğrudur, Hüseyn Minasazov haqqında sonradan yazanlar dövrün diktəsinə uyğun olaraq bildirirlər ki, Hüseyn Baxşəli oğlu sovet hakimiyyətini rəğbətlə qarşıladı. Maraqlıdır ki, ömrü boyu publisistika ilə məşğul olan qələm sahibi 12 il ərzində bir dəfə də olsun bu quruluş barədə qəzetlərdə müsbət yazı dərc etdirmədi. Onun arzusu idi ki, sağlam düşüncəli ziyalılar, insanlar - hamısı bir məsləkdə, bir istiqamətdə birləşərək xalqlar arasında həmrəylik, qardaşlıq, məhəbbət toxumu səpsinlər. Amma bu, sovet hakimiyyətini arzulamaq, yaxud da vəsf etmək deyildi! Hüseyn Minasazov nikbin publisist idi, gələcəkdən ümidini üzmürdü, şikayəti də sevmirdi. Zahirən də yaraşıqlı və nurlu bir çöhrəyə malik olan Hüseyn Minasazovun içi işıqla dolu idi. Bu səbəbdən də hər şeyin yaxşılığa doğru dəyişəcəsinyə qəlbən inanırdı!

 

 

Flora XƏLİLZADƏ

 

Azərbaycan.- 2011.- 6 oktyabr.- S.7.