ELMİ
ARAŞDIRMALARDA PLAGİAT, ƏNƏNƏVİLİYİN VƏ
YENİLİYİN SƏRHƏDLƏRİ
(əvvəli ötən
sayımızda)
(Y.Babayevin
mənim məqaləm əsasında söylədiyi
"müxtəlif mənbələr" ifadəsinin
arxasında onun görmədiyi və təsəvvür etmədiyi
qədər çox qaynaq durur və bu mənbələri mən
"Bir daha Nəsiminin adı haqqında" adlı məqaləmdə
bir-bir araşdırmaya cəlb edərək tarixilik və
mötəbərlik baxımından dəyərləndirmişəm).
Yəni
bu deyilənlərdən Babayevin digərlərindən deyil, məhz
mənim araşdırmalarımdan köçürməsi
açıq-aydın görünmürmü? Mənim
araşdırmamla digərlərinin fərqliliyi də göz önündə deyilmi?
III. Əliyyül-Əlanın "xəlifeyi-güzide" epiteti, "Qələm olsun əli ol katibi-bədtəhririn..." adlı məqaləmdə qeyd etdiyim kimi, Ə.Gölpınarlının "Hürufilik mətnləri kataloqu"nda yer alır və mən bu əsərə istinadən Fəzlullahın bu xəlifəsinin digərlərindən üstünlüyünü qeyd etmişəm. Y. Babayev də sadəcə "güzide" ifadəsini "xas" kəlməsi ilə əvəz etməklə bu mülahizəni mənimsəyib. Halbuki onun "Elm" qəzetində çıxan yazısında M.Tərbiyətdən gətirdiyi nümunədə bu xəlifənin deyil, bir neçə şəxsin adı (Məcd, Kamal Haşimi, Mahmud, Əbülhəsən) çəkilir. Həmin şeir parçasında sadalanan adlardan biri, həm də sonuncusu olan Əbülhəsənin məhz Əliyyül-Əlaya məxsusluğu da mübahisəlidir. Bundan başqa, məlum deyilmi ki, Babayev M.Tərbiyətdən faydalanıbsa, ona istinad verməli idi?!
IV və VIII. Nəsiminin "Təbrizi" nisbəsi ilə bağlı təkzibimi təkzib niyyəti ilə də Babayev öz "sevimli" məntiqsizlik metoduna əl atır. Sanki mənim iradım "tam müasiri" ifadəsinədir və ya mən şairin bu nisbəsini öz yeniliyim kimi təqdim edirəm. Digərindən insaf tələb edənin özündə bu hiss olsaydı, oxucunu yanıltmaz və digərinin də əməyini azaltmazdı. İbn Həcər Əsqəlaninin Nəsiminin kiçik müasiri olduğuna mənim araşdırmalarımadək kimsə diqqət etməyib. Digər araşdırmalarda başqa ərəb tarixçiləri kimi onun da sadəcə doğum və ölüm tarixləri qeyd olunub. Bu tarixi faktı təhlil və nəticə çıxarmanı da Babayev məndən istinadsız əxz edib. Bunun belə olmadığını sübut üçün Babayev mənim məqaləmin nəşr olunduğu 1999-cu ilin yanvarından daha öncəki tarixdə çap olunmuş məqaləsini təqdim etməlidir. Yoxsa elmi əsaslandırması sabun köpüyü dəyərində olan bir məntiqlə söz yığını yazmaq onun öz ziyanına işləyir. Bundan başqa, az sonra görəcəyimiz kimi, Babayev bir "göydəndüşmə" doğum tarixini - 1350-ci ili şairin təvəllüd tarixi hesab edir. (Elə belə, mənbəsiz və təhlilsiz, könlü istədiyindən bu təvəllüd tarixində israrlıdır). Əgər belədirsə, 1372-ci ilə anadan olan şəxs Nəsiminin necə "tam müasiri", başqa sözlə, yaşıdı ola bilər? Hələ onun şairdən 22 il sonra vəfat etdiyini nəzərə alsaq, Babayevin sadəcə haqqında yazdığı bəhsi mənimsəmədən söz oyunu ilə məşğul olması görünər.
Şairin təbrizliliyi məsələsinə gəlincə, Babayev mənim adımdan belə bir mülahizə səsləndirir: "Halbuki şairin haralı olması barədə məlumat verən müəlliflərin hamısı ən azı XVI yüzillikdə və ondan sonrakı dövrdə yaşamışlar". Bu məsələnin təəccüb və gülüş doğuran tərəfi odur ki, bu naqis mülahizə Babayevin öz qurama kitabında səh. 27-də yer alır. Bunun ardınca: "Qoy "həmkarım" desin görək, İbn Həcər Əsqəlani (Nəsimini "Təbrizi" nisbəsi ilə xatırladan müəllif) XIV-XV yüzilliklərdə yaşayıbsa (XVI əsrdən əvvəl), onun ("həmkarım"ın) söylədiyi qənaət qaynaqlara kifayət qədər bələd olmamağa dəlalət etmirmi?" deyilməsi məni dərin heyrətə saldı... Çünki ya bu yazının müəllifinin yaddaşında problem var, ya da bu cavabı onun yerinə çox tələsən birisi yazıb. (Burada Babayev öz qapısı ilə özgə qapısını səhv salaraq qol vuran naşı futbolçunu xatırlatdı mənə...) Çünki mənim yazdığım və Babayevin tamahına hədəf olan mülahizələrim fərqli biçimdədir:
"O, indiyədək Azərbaycan ədəbiyyatşünaslığında tarixi gerçəklik kimi təqdim olunan 1369-1370-ci illərdə deyil, təqribən 1360-cı ildə Təbrizdə anadan olmuşdur. Şairin ana vətəni kimi qeyd olunan digər coğrafi məkanlar (Bağdad, yaxud onun yaxınlığındakı Nəsim, Şiraz, (Amid), Nissibin, Qafqaz, Bakı, ümumiyyətlə, Şirvan) XVI-XX yüzilliklərə aid mənbələrdə yer aldığı üçün mötəbərliyi şübhə doğurur. Təbrizlə bağlı qeyd və işarələr ərəb tarixçisi və Nəsiminin kiçik müasiri İbn Həcər əl-Əsqəlaninin və şairin çağdaşı Fəzlullahın əsərlərində yer aldığına görə bu barədəki tərəddüdlərə son qoymaq üçün kifayət edir". (S.Şıxıyeva. "Heç kimsə Nəsimi dilini fəhm edə bilməz", "Azərbaycan", 2001, ¹12, s.131 və s. Bu barədə bax: "Qələm olsun əli ol katibi-bədtəhririn...", 22 uyun, 15 iyul 2009-cu il)
Şairin təbrizli olması fikri Babayevin inad və israrla iddia etdiyi kimi, akad. Z. Bünyadov, f.e.n. Ə. Rəhimov və AMEA-nın müxbir üzvü Ə. Səfərlinin fərdi mülahizəsi deyildir. Bu qənaət İbn Həcər Əsqəlanidən etibarən ərəbcə tarix əsərlərinə yol tapmış, daha sonralar bəzi araşdırmalarda nisbələrdən biri kimi qeyd olunmuşdur. Azərbaycan elmi fikrində ilk dəfə olaraq Z. Bünyadov Nəsimidən bəhs edən ərəbcə qaynaqları icmal şəkilli tərcümə etmiş və sonda bu mənbələr əsasında sadəcə: "Beləliklə, üç ərəb orta əsrlər müəllifləri Nəsiminin adını İmadəddin yox, Nəsiməddin kimi və yer mənsubiyyətini Nəsimi və ya Şirvani yox, Təbrizi kimi qələmə alırlar", - demişdir. ("Nəsiminin məhkəməsi və qətli", "Ədəbiyyat və incəsənət", 19 sentyabr 1980-ci il) Daha sonralar Z. Bünyadov və Ə. Rəhimovun həmmüəllif olduğu məqalədə ("Tarixi həqiqətlər... Yoxsa təhriflər", "Azərbaycan", 1989, ¹4) bu mülahizə təkrarlansa da, ömrünün sonlarında mətnşünas alim Ə. Rəhimov onun diyarbəkirliliyi qənaətinə gəlmiş və bu barədə ayrıca məqalə də yazmışdır. (Təəssüf ki, çox soraqlasam da, Ə. Rəhimovun sağlığında şöbə müzakirəsindən keçmiş məqaləsini əldə edə bilmədim. Niyyətim Z. Bünyadovun "Nəsiminin məhkəməsi və qətli" (bax: Azərbaycan şərqşünaslığı, 2009, ¹1, s. 8-9) məqaləsi kimi onu təkrar nəşr etdirmək idi). Ə. Səfərlinin araşdırmalarında isə bu doğum yeri, yəni nisbələrdən biri olaraq qeyd edilir. Babayevin iddiaçısı olduğu mövzuya nabələdliyi o həddə çatır ki, o, İ. Hikmət və H. Araslının əsərlərindən şairin səyahətləri zamanı olduğu və ola biləcəyini şəhər və yer adlarının sadaladığı hissəni də sitat gətirir və bunu nisbə ilə bağlı mübahisədə dayaq nöqtəsi kimi istifadə edir. Xüsusi vurğulamağa gərək varmı ki, şairin əsərlərində yer alan səyahətlərinə işarələrin doğum yeri ilə bir bağlılığı yoxdur?!
Bundan başqa, kitabına özünün başqa imza ilə yazdığı rəydə Babayev deyir: "...İ. Nəsiminin doğulduğu yer (yəni nisbəsi) və anadan olduğu il barədə müəllifin (oxu: Babayevin) qənaəti ənənəvi tədqiqatlardan tamamilə fərqlidir. Belə ki, S. Mumtazdan başlayaraq, bir qayda olaraq, Nəsimi "şirvanli" kimi təqdim olunursa, Y. Babayev onu "təbrizli" hesab edir. Bu mənada onun qənaətləri tədqiqatçı S. Sıxıyevanın fikirləri ilə uzlaşır". ("Faydalı təşəbbüsün uğurlu bəhrəsi", "Kredo", 4 aprel, 2009, s. 16)
Bu cəhət kitabın yazıldığı dövrdə yalnız mənim araşdırmamın ona bəlli olmasını göstərmirmi?
Təvazökarlıqdan kənar olsa da, qeyd etməliyəm ki, şairin tərcümeyi-halına aid digər məsələlər (təvəllüd tarixi, adı, ailəsi və s.) kimi nisbəsini də ayrıca məqalədə və 50-dək əsər əsasında ilk dəfə olaraq, mən tədqiqat obyektinə çevirmiş və yuxarıda qeyd etdiyim kimi, şairə aid edilən təbrizliliyi nəsimişünasliqda ilk dəfə olaraq, əsaslandırmışam. Təkcə ərəbcə qaynaqlara istinad etməmiş, həm də Fəzlullahın "Növmnamə"sindəki uyğun hissəni də ilk dəfə olaraq, tədqiqata cəlb etmişəm. Bunu danan isə faktların təhrifini deyil, daha öncə yazılmış araşdırmasını təqdim etməlidir.
V. Mənim Nəsiminin təvəllüd tarixini müəyyənləşdirmək üçün istinad etdiyim faktları ard-arda düzərək, onların dəyərini azaltmaq niyyətilə: "Azacıq məntiq və ağılla düşünməyi bacaran hər kəs hürufiliyin yayılmağa başladığı tarixi (1386), şairin elə ilk illərdəcə onu qəbul etdiyini, bu zaman onun üç dili, müxtəlif dini və dünyəvi elmləri mükəmməl mənimsədiyini, Nəiminin müridləri sırasına keçdiyini, Fəzlullahın ölüm tarixini bilsə (elə məsələ də bunları bilməkdə və araşdırmaya cəlb etməkdədir də... -S.Ş.), belə bir qənaətə gələ bilər" kimi absurd mülahizələr söyləyir. Harada yazılıb ki, tədqiqatçı azacıq ağıl sahibi olmalıdır? Məlumdur ki, tədqiqatçıya güclü analitik təhlil qabiliyyəti və ciddi mütaliə gərəkir. Şairin mədrəsə təhsili aldığı və hürufiliyə daxil olduğu illərin müqayisəsi, dini, irfani bilikləri və hürufiliklə bağlı düşüncəsini ifadə tərzini, təhsilinin zehniyyətinin formalaşmasına təsiri və s.-nin təhlili əsasında gəldiyim nəticələr əvvəlki tədqiqatlarda rast gəlinməyən, fərdi xarakterli araşdırmamın nəticəsidir və nəsimişünaslıqda bu istiqamətdə ilk təşəbbüsdür. Bundan başqa, Nəsiminin hürufiliyi, Babayevin iddia etdiyi kimi, ilk illərdə deyil, "Xabnamə"yə istinadən nisbətən daha sonrakı illərdə mənimsədiyini ilk dəfə olaraq müəyyənləşdirmişəm. Babayevin bu məntiqsiz əsaslandırması onun araşdırma və müəllif hüquqlarından bixəbərliyindən soraq verir. Həmin "məntiq"lə istənilən ideya və kəşflərə istənilən insan imza ata, "mən də belə düşünə bilərdim", - deyə bilər... Sanki tədqiqatçıdan tələb olunan ciddi təhlil, məntiqi nəticələr, baxış və ideya fərdiyyəti, bu düşüncənin məhsulunu mütəxəssislərin müzakirəsinə vermək niyyəti ilə nəşr etdirmək deyil, sadəcə sözləri ard-arda düzməkdir...
VI. Nəsiminin mədrəsə təhsili alması barədəki mülahizələrimi etiketi aşan bir tərzdə təqdim və təhrif edən Babayev (və ya məsləhətçisi) qürrələndiyi azacıq ağılla o hissəni diqqətlə oxumalıydı. Mən onun mədrəsə təhsili almasını deyil, şeirlərində mədrəsə təhsili aldığına işarələri öz əsərləri əsasında ilk dəfə olaraq təhlilə cəlb etmişəm. Təkrar həmin hissənin əslini və ondan köçürməni nəzərinizə çatdırıram:
S.Şıxıyeva: "Fəlsəfi düşüncəsinin mürəkkəbliyi ilə bədii irsi bir mübhəmiik, sirlilik kəsb edən Nəsimi mükəmməl mədrəsə təhsili görmüşdür. Bunun inkarolunmaz göstəriciləri şairin islamla bağlı dərin biliklərə malik olması, şəriət hökmləri və Quranın şərhlərinə yaxından bələdliyi, digər səmavi kitablar (Tövrat, Zəbur, İncil) barədə geniş məlumata sahib olması, hürufilikdən başqa, digər fəlsəfi biliklərə də yiyələnməsi və s.-dir. Mədrəsə təhsili orta əsrlərdə 20-25 yaşlarında bitirildiyi üçün şairin təqribən 25-30 yaşlarında hürufiliyə daxil olmasını ehtimal edirik". ("Nəsiminin təvəllüd tarixi haqqında", Azərb. MEA-nın "Xəbərlər"i (ədəbiyyat, dil və incəsənət ser.)", ¹1-2, 2001, s.45-52). (Bu barədə "Nəsiminin təvəllüd tarixi" haqqındakı məqaləmdə geniş təhlil vermişəm).
Y.Babayev: "Nəhayət, şairin yaradıcılığından bəlli olur ki, Nəimi ilə görüşənə qədər o, yüksək mədrəsə təhsili görmüş, müxtəlif dini və dünyəvi elmləri, xüsusilə, Quran, hədis və təfsirləri dərindən mənimsəmiş, ərəb və fars dillərinə mükəmməl yiyələnmiş, dini-fəlsəfi baxışları tamamilə kamilləşmiş bir ziyalı idi və buna görə də onun yaşı ən azı 25-30 ola bilərdi". (s. 30)
(ardı var)
Səadət
Şıxıyeva,
filologiya
elmləri namizədi,
Azərbaycan
Milli Elmlər Akademiyası
akad.
Z.Bünyadov adına Şərqşünaslıq
İnstitutu
Ədalət.-2011.-7 oktyabr.-S.7.