Nazpəri Dostəliyeva: "Əgər biz cüt oxumuruqsa, deməli, aramız yoxdur?"

 

  Xalq artisti, müğənni Nazpəri Dostəliyevanın Milli.Az xəbər portalına müsahibəsi.

  

   Şirvan bölgəsinin yaşlı insanları, yəqin ki, Aşıq Əhmədalını yaxşı xatırlayarlar. Bu ustad sənətkarın ocağından çıxan xalq artisti, müğənni Nazpəri Dostəliyevanı isə nəinki Azərbaycanda, ölkəmizin hüdudlarından çox uzaqlarda tanıyırlar. Amma hər halda bilmədiyimiz, indiyə qədər eşitmədiyimiz məsələlər də var ki, onların bəzilərini Nazpəri xanımın öz dilindən eşidəcəyik.

 

   - Nazpəri xanım, bir ara yaradıcılıq fəaliyyətinizdə fasilə yaranmışdı. Hətta barənizdə çoxlu şayiələr də yayılmışdı...  

   - Mən bir balaca dincəlmək üçün yaradıcılığa fasilə vermişdim. Bir az övladlarımla məşğul oldum. Dediyiniz şayiələr də ki, boş söz-söhbətdən başqa bir şey deyildi. O şayiələri yayanlar da üstündən neçə vaxt keçməsinə baxmayaraq, bu gün də məndən üzr istəməyə can atırlar. Amma artıq gecdir. Doğrudur, o vaxt məni tanıyanlar, pərəstişkarlarım bir balaca acı çəkdilər. Bilirsinizmi, mən iş görəndə yüksək səviyyədə alınmasına çalışıram. Ya heç olmamalıdır, ya da əla olmalıdır. Orta səviyyəni sevmirəm.  

   Mən Moskvanın ən möhtəşəm salonlarından olan "Rossiya" salonunda konsert verdim. Bu sarayda SSRİ dağılandan sonra bizim sənətçilərin heç biri konsert verməyib. Bir nəfər solo-konsert vermək istəsə də, tamaşaçıların azlığı ucbatından konsertin ikinci hissəsi baş tutmamışdı. Orada azərbaycanlı tamaşaçılar yaxınlaşıb deyirdilər ki, "25 ildir, biz burada belə möhtəşəm konsertin şahidi olmamışdıq. Həmişə bu salona gəlmişik, amma başqa millətdən olan sənətçilərin konsertinə. Nazpəri xanım, bu gün siz bizim neçə illik həsrətimizə son qoydunuz". Bu sözləri eşitmək mənim üçün çox xoş idi.  

   Xalqımın hər bir nümayəndəsinin belə xoş sözləri mənim üçün çox əzizdir. Amma bu işlərin yanında bəzən barəmdə elə şayiələr eşidirəm ki, ürəyim bulanır. Necə ki, milçək bir şey deyil, amma ürək bulandırır. Mənim o boyda işlərimin uğuruna xırda söz-söhbətlər nə ziyanlıq edə bilər ki?  

   - Bəs niyə qardaşlarınızdan heç biri atanızın sənətini davam etdirmədi?  

   - Qardaşlarım deyirdilər ki, kişi səhnəyə çıxıb mahnı oxumaz...  

   - Necə oldu ki, müğənni olmaq arzunuzu həyata keçirə bildiniz? 

   - Mən hətta atamdan, qardaşlarımdan gizli toylara gedib oxuyurdum. Atam gördü ki, məni bu yoldan saxlaya bilmir və belə qərara gəldi ki, məni ailə ilə bağlasın. Yəni ixtiyarım ailəmin əlində olanda qardaşlarım heç nə deyə bilməzlər. Ailə qurdum və elə oldu ki, ailəm də razılaşmadı. Yoldaşım dedi ki, evinin xanımı ol, hələlik övladlarımızı böyüdək. Qəti olaraq "yox" demədi. Hər il ondan razılıq gözləyirdim ki, nə vaxtsa professional səhnəyə çıxacağam... 

   - Nə yaxşı toylara buraxırdı? Mən bilirəm ki, o dövrdə Bakı kəndlərinin qadın toyları Nazpərisiz keçmirdi. 

   - Bəli. Bakı kəndlərində Azərbaycanın milli adət-ənənələri həmişə qorunub-saxlanılıb. Həmişə də o kəndlərin qadın toylarına getmişəm. O dövrdə bu toylarda ancaq qadınlar olurdu. Sağ olsun övladlarımın atası ki, toylardan məni saxlamadı. Qəti "yox" desəydi, razılaşmalıydım. Çünki evin kişisi nə deyirsə, o da olmalıydı. 1996-cı ildə isə professional səhnəyə gəldim. Televiziyadakı ikinci çıxışımdan sonra artıq bütün xalq məni tanıyırdı. Azərbaycan xanımlığını qoruyan bir normal sənətçi kimi. 

   - Bacınız Zeynəb də müğənnidir və özü də sizdən əvvəl müğənnilik etməyə başlayıb. Necə oldu ki, o sizin kimi məşhurlaşmadı?  

   - Mən deməzdim ki, Zeynəb bu yükün ağırlığını daşıya bilməzdi. O, heç də zəif müğənni deyil. Sadəcə olaraq elə bir adamla ailə qurdu ki, onu heç toya getməyə qoymadı.  

   - Bildiyimə görə, əmioğlunuzla ailə qurmuşdu... 

   - Bəli, əvvəlcə əmimoğluna ərə getmişdi. Bir qızları dünyaya gələndən sonra ayrıldılar. İkinci dəfə ailə qurduğu insan onu sənətdən tamamilə uzaqlaşdırdı. 

   - Söz düşmüşkən, deyirlər, bacınızla aranız sərindir.  

   - Əgər biz cüt oxumuruqsa, deməli, aramız yoxdur? Biz səhnəyə bir yerdə çıxmalıyıq ki, söz-söhbət olmasın? Bizim birgə çıxış etməməyimiz o demək deyil ki, "ət dırnaqdan ayrıla bilər".  

   - Xalq artisti Nazpəri Dostəliyeva Azərbaycan incəsənətinin bugünkü durumunu necə qiymətləndirir?

   - Sözün düzü, mən müasirliyin tərəfdarıyam. Əgər belə olmasaydı, oğullarımı xarici ölkələrdə oxutmazdım. Gənclərimizə sərbəstlik lazımdır. Amma ifrat dərəcədə yox. Hər şey öz normasında olanda daha gözəl olur. İfrata varanda isə dəhşətli bir şey yaranır. O zaman gənclərin öhdəsindən nə valideynləri gələ bilir, nə də xalq.  

   - Nazpəri xanım, bu gün qadın sənətçilərin bəziləri sənətlə ailənin bir yerə sığmadığını deyirlər...  

   - Şəxsən özümdən deyim. Əgər sənətlə ailə bir yerə sığsaydı, yenidən ailə qurardım da. Mən bir şeyi qəbul etməmişəm. Bir azərbaycanlı xanımı olaraq istəməmişəm həyat yoldaşımı mənə görə tanısınlar ki, "filankəs Nazpəri Dostəliyevanın əridir". Əgər mənim evimin kişisi, başımın papağı, üzüyümün qaşı varsa, birinci onun adı çəkilməlidir. Əvvəl onun adı çəkilməlidir, sonra deməlidirlər ki, "filankəsin həyat yoldaşı Nazpəri xanım".  

   - Aşıq mahnıları sizin ifanızda çox gözəl alınır. Bəs nəyə görə bu janra az-az müraciət edirsiniz?  

   - Bu janra yalnız vaxt məhdudluğuna görə az-az müraciət edirəm. Aşıq musiqisi mənim qanımda, canımdadır, damarımda axan qandır. Mən aşıq musiqisinin sədaları altında dünyaya gəlib, böyümüşəm. İstər Şirvan aşıqlarının, istər Gədəbəy aşıqlarının üslubu olsun, məndə alınır. "Şirvan şikəstəsi", "Döymə Kərəmi" və "Naxçıvani" kimi aşıq mahnılarını yazdırmışam. Pərəstişkarlarım haqlıdırlar, aşıq mahnılarını hələ az oxumuşam.  

   - İndi bir çox qadınlar müğənniliyə yaşları 30-u keçəndən sonra başlayırlar. Sizcə, bu, nə ilə əlaqədardır?  

   - Mən, vallah, bunu bilmirəm. Amma bir şeyi bilirəm ki, sənət Allah tərəfindən verilir. İstedadı insana ancaq Allah verir. Allahın bəxş etdiyi sənət varsa, bu, yaşa baxmır. Hansı insana ki, Allah bu xoşbəxtliyi bəxş edib, o, 15 yaşında da, 80 yaşında da oxuyacaq. İlk dəfə oxuyanda mənim 3 yaşım vardı. Atam oxuyurdu, mən də ona baxıb oxuyurdum. O vaxt hələ körpəydim, ağzım söz tutmurdu. Yenə deyirəm, istedad yaşa baxmır. Amma bəziləri nəyinsə xatirinə efirə çıxıb müğənni olmaq istəyirlər. Bax bu başqa məsələdir.

    - Son zamanlar sponsorlarla bağlı çoxlu söz-söhbətlər meydana çıxıb...  

   - Bunun mənə heç dəxli yoxdur. Bu günə qədər alın tərimlə, sənətimlə, Allahın mənə verdiyi səsimlə bütün işlərimi görmüşəm. Heç bir sponsorum olmayıb və ona heç ehtiyac duymamışam. Amma bir məqamı da qeyd etmək istəyirəm ki, əgər bir insan kiməsə yardım əlini uzadırsa, onu pis qiymətləndirmək olmaz. Doğrudur, baxır formalarına... Təbii ki, hər kəs öz düşüncə, yaşam tərzinə görə bunu qiymətləndirir...

 

 

   Ədalət.-2011.-7 oktyabr.-S.8.