"Telekanalları bu günə qoyan tamaşaçılardır"

 

  Müsahibəyə getməzdən öncə də bilirdim ki, nəsə əndrəbadi bir söhbət alınacaq. Təbii ki, sözün yaxşı mənasında. Çünki dilindən hələm-hələm tərif eşitmədiyim İradə Tuncay müsahibim haqda xoş sözlər demişdi. Elə ilk sualdan da düşündüyümün yanlış olmadığını başa düşdüm. Beləliklə, müsahibim "Xəzər" televiziyasının tanınmış simalarından olan, "Həyata Baxış" tok-şousunun aparıcısı Ramal Hüseynovdur.

  

   "Avtobusla gedəndə durub yer verirlər"

  

    - 30 yaşım var, Bakıda doğulmuşam. Qafqaz Universitetini bitirmişəm, magistr dərəcəm var. Demək istədiyim əsas məqam odur ki, jurnalistika sahəsində olanlardan həmişə haranı bitirmələrini soruşurlar. İndi televiziyada əksəriyyət həkimlərdir. Amma mən jurnalistikanı bitirməsəm də, həkim də deyiləm. İxtisasım türk dili və ədəbiyyatdır. Doğrudur, bu bəzən mənə problem yaradır. Çünki türkcə fikirləşirəm və sonra onu beynimdə öz dilimizə çevirirəm.

  

   - Bir az da jurnalistikaya gəlişin barədə danış...g  

   - Orta məktəbin doqquzuncu sinifindən sonra o vaxt fəaliyyət göstərən "Sara" televiziyasında müxbir kimi işə başladım. 

   - Orta məktəb şagirdi və televiziya fəaliyyəti. Dərslərinə mane olmurdu?  

   - Əslində mane olurdu. Amma müəllimlərin də xoşuna gəlirdi ki, mən televiziyada işləyirəm. Ona görə də müəyyən güzəştlər edirdilər. Bir sözlə, həm işdə, həm də dərsdə güzəşt edirdilər.  

   - Bəs indi necə güzəştlər var sənə? Çünki artıq müəyyən dərəcədə tanınmış simasan.  

   - Çox sağ olsunlar, mənə hər yerdə güzəşt edirlər.  

   - Kimlər çox sağ olsun?  

   - İnsanlar.  

   - Söhbət hansı çevrədən gedir?  

   - Çevrə deyəndə ki, hara gedirəmsə belə şeylər olur. Məsələn, hansısa bir nazirliyə gedirəm, orda məni tanıyırlarsa...g    

   - Nazirliyə nə üçün gedirsən? 

   - Şəxsi işlərimlə bağlı. Demirəm ki, mənə xüsusi güzəştlər edilir. Amma bizim işimiz tələsik olduğundan insanlar bəzən öz növbələrini mənə verirlər.  

   - Sən də qəbul edirsən...g  

   - Yox, əvvəlcə deyirəm ki, yox, gözləyə bilərəm. Bu insanların mənə elədiyi hörmətlə bağlı kiçik bir misaldır. Avtobusla gedəndə durub yer verirlər.  

   - İctimai nəqliyyatdan tez-tez istifadə edirsən?  

   - Avtomobilim xarab olanda.  

   - Yeri gəlmişkən, bu gün də belə bir problem yaşamışdın. Ümumiyyətlə, maşın səni tez-tez yolda qoyur?  

   - Almaniyanın "Audi" şirkətinin maşınıdır və bir az kaprizlidir. Ona görə də kiçik bir yeri xarab olanda çətinliklə düzəldirəm.

      

   "Türkiyə jurnalistikasını gözümüzdə böyüdürük"

    

   - İctimai Televiziyada 4 il "Aktual" verilişini apardın və çox da baxımlı idi. Həmin layihənin bitməsinə nə səbəb oldu?   

   - İndi də münasibətlərimiz yaxşıdır. Sadəcə, mən ordan ayrılandan sonra Türkiyəyə getdim və iki il "Kanal T"-nin xarici xəbər müdiri vəzifəsində çalışdım.    

   - Türkiyə təcrübəsini bilən bir şəxs kimi deyə bilərsənmi, türk həmkarlarımızla əməkhaqqı məsələsində fərq çoxdur? 

   - Əməkhaqqında da, iş şəraitində də fərq var. Misal üçün, mən Türkiyədə bilirdim ki, işim redaktorluqdur və öz işimi görürdüm. Yəni hər kəs bir işə cavabdehdir. Azərbaycanda isə bir nəfər bir neçə işə məsuldur.  

   - Əməkhaqqın nə qədər idi?  

   - Orda 3000 TL, yəni 1500 manat alırdım. Bu mənim gördüyüm iş üçün normal məbləğ idi.    

   - Məncə Türkiyə jurnalistikası üçün bu elə də böyük pul deyil...  

   - Xeyr. Biz sadəcə Türkiyə jurnalistikasını gözümüzdə böyüdürük. Əslində hər şey göründüyü kimi deyil.  

   - Bəs peşəkarlıq mənasında fərq varmı?  

   - Təbii ki, onlar daha üstündürlər. Dediyim kimi peşəkarlığı yaradan faktorlardan ən əsası odur ki, bir nəfər bir işə məsul olmalıdır.  

   - Yəqin Türkiyədə də qeyri-ixtisaslı jurnalistlər var...g  

   - Əlbəttə.    

   - Bildirdin ki, Türkiyədə 1500 manat əməkhaqqı alırdın. Bəs burda vəziyyət necədir?  

   - (gülür). Demək istəmirəm.    

   - Belə çıxır ki, sənin burda aldığın əməkhaqqını da bilmək üçün "Xəzər"dən getməyini gözləməliyik?))  

   - (gülür) "Xəzər" Azərbaycanda ən yaxşı əməkhaqqı verən telekanallar sırasındadır. Amma ən yaxşı əməkhaqqı İctimai kanalda idi. Ordan aldığım qədər də burdan alıram. 

   - Bəs İctimai kanalda nə qədər alırdın?  

   - 600 manat.  

   - Burda həm redaktorsan, həm də verilişlər hazırlayırsan. Bu qədər işin qarşılığında əməkhaqqın az deyil ki?  

   - Düzdür, insan heç vaxt qane olmur və mən min manat da alsam xərclərim çoxdur.

 

   "Böyük bir şəhərdə ikinci olmaqdansa, kənddə birinci olum"

     

   - Yəni?  

   - Bizim əksər proqramların aparıcıları öz geyimlərini geyinirlər. Mən heç bir mağazadan ayaqqabı, köynək götürə bilmərəm. Çünki insanıq, tərləyə bilərik, qrim düşüb ləkələyə bilər. Ona görə də geyimlərimi özüm alıram.    

   - Necə oldu ki, Türkiyədən qayıdandan sonra məhz "Xəzər" televiziyasına gəldin?

   - Mən məzuniyyətə getmək üçün İctimai kanalda ərizə yazdım və sonra Türkiyəyə getdim. Sonra əlaqə saxladım və onlar da sağ olsunlar ki, anlayışla qarşıladılar. Başa düşdülər ki, məqsədim özümü inkişaf etdirməkdir. Qayıdandan sonra isə fərqlilik eləmək istədim. Düşündüm ki, eyni yerdə qalmamalıyam, fərqli, sərbəst bir iş görməliyəm. Mən bura gələndə "Xəzər" televiziyası bir ilə yaxın idi yaranmışdı.  

   - Türkiyəyə inkişaf eləmək üçün getmişdin. Yenidən bura qayıtmaq geri addım deyil ki?  

   - Yox. BBC-nin əməkdaşları İctimai kanalda bizə müəyyən kurslar keçdi və mən başqa ölkənin təcrübəsini öyrəndim. İkinci inkişaf mərhələsi digər ölkənin televiziyasının iş prinsipini görmək, onlarla bir yerdə işləmək idi. Türkiyədə qalmaq imkanım da var idi. Sadəcə "Böyük bir şəhərdə ikinci olmaqdansa, kənddə birinci olum" prinsipini əsas tutaraq bura qayıtdım.

     

   "Əyləncə proqramlarına baxmaqdansa, ciddi sosial verilişlərə baxmaq daha yaxşıdır"

     

   - Hazırda teleməkanımızda intellektual verilişlərin sayı azdır ki, onlardan biri də sənin aparıcısı olduğun "Həyata baxış" verilişidir. Hansı ki, artıq üçüncü sezondur ki, efirdədir. Bu verilişə daha çox ziyalılar, savadlı insanlar dəvət olunur. Çətin olmur ki, onlarla?  

   - (gülür) Ona görə verilişə saqqallı çıxıram ki, sözüm keçsin. Məncə təcrübə məsələsi o qədər də önəmli deyil. Yaşlı insanlar var ki, verəcəyi məsləhət belə yoxdur. İnsanın qarşısındakıları, hadisələri müşahidə qabiliyyəti güclü olsa, belə proqramları rahatlıqla apara bilər.  

   - Verilişin məqsədi nədən ibarətdir?  

   - Məqsədimiz insanlara faydalı olmaq, sosial məsələlərdə onları məlumatlandırmaqdır. İnsanlarda belə bir fikir var ki, televiziya nə deyirsə doğrudur. Düşünürəm ki, əyləncə proqramlarına baxmaqdansa, ciddi sosial verilişlərə baxmaq daha yaxşıdır.

      

   "Məndən şou aparıcısı olmaz"

  

   - Belə ağır formatlı veriliş səni yormur ki?  

   - Qətiyyən. Məndən şou aparıcısı olmaz. Çünki bu təbiətimdən irəli gəlir.  

   - Xasiyyətcə ağır insansan?  

   -Əsla. Çox yaxşı yumor hissim var, dostlarla istədiyim kimi əylənə bilirəm. Amma bu əyləncəni kütləyə daşıyarkən beynim işləmir.    

   - Səncə nəyə görə hazırda teleməkanımızda intellektual, insanları düşündürəcək verilişlərin sayı azdır?  

   - Çünki insanlar düşünmək istəmirlər.    

   - Əgər düşünmək istəmirlərsə sizin verilişə niyə baxırlar?  

   - Mənim verilişim "Toy olsun", "Toylar kraliçası" qədər baxılmır. Gərək həqiqəti deyəsən. Azərbaycanda tok-şou verilişlərinin reytinqi dörddən yuxarı deyil. Nəzərə alsaq ki, şou verilişlərin reytinqi 30-a yaxın olur, mənzərəni təsvir eləməyə ehtiyac qalmaz.  

   - Veriliş olaraq teleməkanda rəqibiniz var?  

   - Səmimi deyim ki, rəqibim yoxdur.    

   - Bu formatda başqa veriliş yoxdur, yoxsa "Həyata Baxış" daha üstündür? 

   - Mənim formatımda ikinci bir veriliş yoxdur. Düzdür, tok-şoular var, amma fərqliyik. 

   - Məsələn?  

   - Emin Musəvinin apardığı "22-ci saat". Amma o da başqadır.  

   - Adətən tok-şou aparıcıları verilişlərində özləri də bitərəf kimi çıxış edirlər. Amma sən bunu etmirsən. Səbəb nədir?  

   - Mənim aparıcı kimi vəzifələrim var. Əgər hər hansı mövzuyla bağlı tərəfləri dəvət edirəmsə, özümün tərəf olmağıma ehtiyac yoxdur. Maksimum ədalətli olmağa çalışıram.

      

   "Serialdakı xarakter mənə tamamən yaddır"

     

   - Bildirdin ki, verilişdə tərəf ola bilməzsən. Olubmu ki, qonağının yalan danışdığını başa düşürsən. Bəs onda necə?    

   - Əvvəla verilişə təsadüfi qonaqlar çağırmıram və hər birini də yaxşı tanıyıram. Məsələn, son verilişimdəki xanım qonaq mənə marketlərin birində yaxınlaşmışdı ki, sizin verilişə baxırıq, gənc elmlər namizədiyəm, müəyyən problemlərim var...  

   Bu təxminən 7-8 ay əvvəl olmuşdu. Onun əlaqə nömrələrini götürdüm və bildirdim kim, sizə aid verilişimiz olanda dəvət edəcəyik.    

   - Telefon nömrəsini almaqla bağlı dediklərin "Aramızda Qalsın" serialında oynadığın Kənan obrazını xatırlatdı. Adətən deyirlər ki, rejissor kimisə hansısa rola dəvət edəndə onun doğal xüsusiyyətlərini də nəzərə alır. Yəni demək ki, rejissor səndə bu cəhəti görüb dəvət edib...  

   - Serialdakı xarakter mənə tamamən yaddır.    

   - Maraqlıdır ki, mənfi rol olanda insanlar deyirlər ki, bu mənim xasiyyətim deyil. Amma müsbət rol oynayanda deyirlər ki, bu rolda 80 faiz özümü canlandırmışam...  

   - Ciddi deyirəm ki, Kənanla tam başqa insanlarıq. Ümumiyyətlə, mən bu serialda çəkilmək istəmirdim və Türkiyədən gəlmiş bir dostum məni inandırdı. İndi serialdan uzaqlaşmışam. Düzünü deyim ki, insanlarda qıcıq yaratmağı xoşlayıram. Yəni bu məndə var. Rejissor da mənə bildirdi ki, bu ofisdə necəsənsə, orda da elə ol.    

   - Bəlkə də səni verilişdən tanımayanlar serialdan tanıdılar...  

   - Bu fikirlə razıyam. Deməli, tamaşaçılar ağıllı verilişlərə baxmırlar.    

   - Serialdan qonorar alırdın?  

   - Təbii. Bilirsiniz, pul hər şey olmasa da, çox şeydir.    

   - Bəlkə də kobud səslənəcək. Amma mənə pulgir insan təsiri bağışladın...

   - Elə deyil. Seriala gəlincə orda hər kəsin öz qiyməti var. Məsələn, baş rolun ifaçıları daha çox qonorar alırlar. Mən isə həftədə bir dəfə çəkilirdim və ayda 300 manat alırdım. Mən belə düşünürəm ki, pul məsələsi insanın öz əməyinə dəyər verməsidir.    

   - Sən o seriala pula görə çəkilmişdin?

   - Yox. Amma əziyyətimi də boş verməmişdim. Əgər iş ürəyimcə deyilsə getmərəm.

  

   "O ailəli bir xanımdır"

  

   - Yeni film dəvətləri olsa qəbul edəcəksən? 

   - Sonra dəvət olundum. Türkiyənin "Yahşi Cazibə" serialında 2-3 dəqiqəlik epizoda çəkildim. Deyəsən, istəməyərək film sahəsinə gedirəm))) 

   - Bu filmə dəvət necə alındı?  

    - Bir dostumuzun vasitəsiylə alındı. Bu filmə çəkilməyimin əsas səbəbi tərəf-müqabilimi -Simgə rolunun ifaçısını çox istəməyimdir. Ona çox böyük simpatiyam var)) O ailəli bir xanımdır. Bu istək daha çox onun peşəkar olmasına görədir.  

   - Peşəkarlığa qalanda bir çoxları peşəkardır...    

   - Təbii. Mənə desəydilər ki, Cazibə rolunu ifa edən xanımla çəkil, çəkilməzdim.    

   - Müsahibədən əvvəl sənə tez-tez zənglər gəlirdi və elə indi də gəlir...  

    - Olur. Amma işim və şəxsi həyatım tamam başqadır. Bəzən qarşı cinsin nümaynədələri zəng edirlər, müxtəif bəhanələrlə söhbət edirlər. 

   - Biləndə ki, bu söhbət başqa məqsədlədir. Niyə danışığı tez bitirmirsən?  

   - Təbii ki, bitirirəm. Biləndə ki, bu insanın ciddi problemi yoxdur, uzaqlaşıram. Bir şeyi də deyim ki, insanlar mənə yolda şou aparıcılarına göstərdikləri münasibəti göstərmirlər, daha ciddi yanaşırlar.

      

   "Çünki oğlanlar sevgi etirafı elədiyi kimi, qızlar da bunu etməlidir"

      

   - Subaysan. Ola bilərmi ki, elə bu zəng edən xanımlardan birini bəyənəsən və ailə qurasan?  

   - Allahın işidir, hər şey ola bilər. Əslində cəsarətli insanları sevirəm. Qızın ilk addım atması adi haldır. Çünki oğlanlar sevgi etirafı elədiyi kimi, qızlar da bunu etməlidir. Birtərəfli olmamalıdır.  

   - Çox təcrübəli danışdın)) Belə çıxır ki...  

   - Mən tək deyiləm. Tək oluram, cüt oluram....))  

   - Tərəf müqabillərin tez-tez dəyişir?  

   - Baxırsanki, hansısa insanla nələrisə paylaşa bilirsən. Əgər daha paylaşa bilmirsənsə, münasibətlər nəyinsə xətrinədirsə, bitdi. Məsələn, mən telefonla danışmağı xoşlamıram. Bütün günü iş barəsində düşünürəm.    

   - Deyəsən yeni layihən var. Bir az da bu haqda danışaq... 

   - Bəli artıq yeni layihəm var. Tərəf müqabilim bir zamanlar "Space" TV-də çalışmış, çoxlarının "Açıq qapı", "Çardaq" verilişlərindən tanıdığı Ayşə Kərimovadır. Burada daha çox "layt" mövzular olacaq. İnsanların beynini yükləyəcək mövzular eləmirik.    

   - Məsələn?  

   - Məsələn, son çəkdiyimiz verilişin mövzusu belə idi -biz kimləri alqışlayırıq.

     

   "Çəkinmədən deyirəm ki, bizim insanlar sünidir və dedikləriylə əməlləri üst-üstə düşmür"

      

   - Bəs nəyə görə, bizim teleməkana gələn verilişlərin əksəriyyəti ya Rusiyadan, ya da Türkiyədən götürülür. Bəzən isə adını çəkdiyim ölkələrin hansısa Avropa kanallarından götürdükləri verilişlərə "üçüncü əl" olaraq baxmağa məcburuq. Səbəb?   

   - Hansıları deyirsiniz?  

   - ANS-də yayımlanan "Fərda ilə şans", "Aramızda qalsın" serialı...  

   - Dünyadakı bütün layihələr okeanın o tayından gəlir.  

   - Niyə bir dəfə də bu tayından getmir?  

   - Bir dəfə də bu tayından getməsi üçün böyük pullar lazımdır. Məsələn, bir layihəni həyata keçirmək üçün ciddi sosialoji araşdırma aparmalıyıq ki, bu verilişə nə qədər ehtiyac var. Qərbdə veriliş efirə çıxmazdan əvvəl bu sorğuların nəticəsində bilirlər ki, onun reytinqi nə qədər olacaq. Orda insanlar burdakı kimi süni deyil. Məsələn, bizdə camaatdan soruşsan ki, filan əyləncəli verilişə baxırsan? Sənə həmin verilişi pisləyəcək. Amma gedib evində həmin verilişə baxacaq. Çəkinmədən deyirəm ki, bizim insanlar sünidir və dedikləriylə əməlləri üst-üstə düşmür. Bu çoxluq təşkil elədiyindən heç nə alınmır. Hamı deyir ki, maarifləndirici verilişlər olsun, amma reytinqlər gələndə baxın...  

   - Belə çıxır ki, telekanalları bu günə qoyan camaatın özüdür?  

   - Əlbəttə, telekanalları bu günə qoyan tamaşaçılardır. Verilişlərin birində tamaşaçı zəng edib guya əyləncəli proqramları pisləyirdi, irad tuturdu. Amma bu adam həmin verilişin ilk saniyəsindən axıradək nə baş vermişdisə hamısını sadaladı. Deməli, baxır. Əgər pisdirsə, niyə baxırsan? O adamdan soruşdum ki, həmin pislədiyiniz proqrama alternativ olan proqrama baxmısınız. Bir dənə ad çəkə bilmədi.    

   Azərbaycanda bəyəndiyin aparıcı var? 

   - Var. İctimai Televiziyada "Ortaq Məxrəc" proqramının aparıcısı Vəsilə Vahidqızını bəyənirəm.

  

    

   "İndi Azərbaycanda camaatın qınadığı verilişlərin başlanğıcını Kamran Həsənli qoyub"

  

   - Gəl o zaman mən aparıcı adları çəkim, sən o aparıcılar haqda fikirini bildir... 

   - Kamran Həsənli.

   - İndi Azərbaycanda camaatın qınadığı verilişlərin başlanğıcını Kamran Həsənli qoyub. Verilişlərində insanları dalaşdırmağa başladı, intriqalar yaratdı. Amma onun savadına güvənirəm.  

   - "Xəzər Xəbər"in aparıcısı Anar Nəcəfli.  

   - Xəbər aparıcısıdır. Televiziyamız açılandan burda işləyir, insanlar onu qəbul edir, simpatiyaları var. İşinin öhdəsindən gəlir.    

   - Zaur Kamal və Zaur Baxşəliyev.  

   - Başqa başqa insanlar və başqa başqa proqramlardır. Zaur Kamal iti dillidir. Bu onun stilidir.  

   - Düşünmürsən ki, Gürcüstan ləhcəsiylə danışır?  

   - Elədir. Amma bəlkə də belə olmasaydı, tamaşaçılar onu fərqli bilməzdi. Tamaşaçının zövqünü bilmək olmur. Tam ləhcəsiz danışsaydı, sevilməzdi. Zaur Baxşəliyev isə əyləncə aparıcısıdır. 

   - Elə Zaur Kamal da əyləncə aparıcısıdır da...

   - Düzdür. Amma birinin elədiyi daha fərqlidir. Heç birinin verilişi izləyə biləcəyim tərz deyil və heç birinə baxmıram)))  

   - Söhbətin əvvəlində bildirdin ki, əlyəncəyə də vaxt ayırırsan. Ümumiyyətlə, əyləncə sənin üçün nədir?  

   - Həm televiziyadan, həm sənət aləmindən çox yaxın dostlarım var.    

   İctimaidən xəbər şefi İlham Sərxanlı, Anar Yusifoğlu, AzTV-dən Sevinc Muradova. Yaxın dostlarımla səviyyəli klublara gedirik, çay içirik. Elə onlarla bir yerdə olmaq əyləncədir. Amma içki və siqaret mənlik deyil.

      

   "Məncə, insan üç şeyi rahat gəzdirə bilmir"

      

   - Avtomobillə aran necədir?  

   - Avtomobilə ehtiyac kimi baxıram. Artıq iki ildir maşın sürürəm. O vaxta kimi ictimai nəqliyyatdan istifadə edirdim.    

   - Bəs idmanla?  

   - ... Ən böyük problemlərimdən biridir. Səbirsizəm və nəticəni tez gözləyirəm. İstəyirəm ki, bir gün ərzində böyük dəyişiklik olsun.  

   - Səncə insanın rahat gəzdirə bilməyəcəyi üç cəhəti nədir?    

   - Məncə, insan üç şeyi rahat gəzdirə bilmir. Pul, şöhrət və silah. Hirslənsən tez silaha əl atırsan, pulu xərcləyirsən. Şöhrət isə özündənrazılıq yaradır.  

   - Gələcək fəaliyyətin sırf televiziyayla bağlı olacaq?

Çünki adətən jurnalistlər bir qədər tanınandan sonra hansısa dövlət qurumunun mətbuat xidmətinə gedirlər...  

   - Hələ ki, belə bir niyyətim yoxdur. Çox yaxşı verilişlər eləmək istəyirəm. Məsələn, Qənirə Paşayeva yaxın dostlarımdan biridir və onu gördüyü işlər təqdirəlayiqdir.    

   - Bəlkə deputat olmaq istəyirsən?))  

   - Yox hələ ki, könlümdən keçmir.

 

  

   İntiqam VALEHOĞLU

 

   Ədalət.-2011.-7 oktyabr.-S.5.