Tofiq Abdin: "Baxmayaraq ki, ateistəm..."

 

  Mən Anarı ancaq Üzeyir Hacıbəyovla müqayisə edə bilərəm

 

  Onun 70 yaşı var. Amma 70 yaş vermək olmur. Cins şalvar, idman ayaqqabısı...  

   Bəlkə də uzun müddət yaşadığı Türkiyə mühiti Tofiq Abdinə təsir edib.    

   Ona hamı sadəcə "abi" deyir.  

   Özünün də dediyi kimi, həyatla mübarizə aparır. Qocalmaq fikri yoxdur.  

   Özü kimi ruhu da gəncdir. Çalışır ki, gənclərlə oturub-dursun, gənclərə dəstək versin.

   Tofiq abiylə işlədiyi Tərcümə Mərkəzinin təmirsiz otaqlarından birində söhbət etdik. 

   Dosye:Tofiq Məhərrəmoğlu (Abdin) - 1941-ci ildə Salyanda anadan olub. 1968-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsini bitirib. Həmin ildən "Qobustan" toplusunda şöbə müdiri işləyib. Uzun müddət Türkiyədə yaşayıb, Türkiyənin "Orta Doğu" və "Yeni Asiya" qəzetlərində yazıb. 12 publisistik və şeir kitabının müəllifidir. Türkiyənin TRT telekanalının Bakı təmsilçiliyi şair-publisist Tofiq Abdin haqqında yarım saatlıq sənədli film çəkib.    

   Hüseyn Cavid adına Naxçıvan Poeziya Teatrında Rəsul Rzanın "Bir gün də insan ömrüdür" poeması əsasında yazdığı tamaşası göstərilib. Uzun illərdir, dövrü mətbuatda ("525-ci qəzet", "Ədalət") müntəzəm çıxış edir.  

   2002-ci ildə xalq şairi Rəsul Rza adına Beynəlxalq Ədəbiyyat mükafatını alıb.  

   Ötən ay 70 illiyini qeyd edən şair əməkdar mədəniyyət işçisi adını alıb.

     

   "Tofiq Abdin orda arvadının hesabına yaşayıb" - bu həqiqət idi

  

   - Necə olub ki, belə gənc qalmısınız?  

   - Mənə elə gəlir ki, bu, Allahın işidir. Mən sürətlə yaşayan bir insanam. Mənim tipli adamlar həmişə belə cavan qalırlar.    

   - Türkiyədə neçə il yaşayıbsınız?  

   - Səkkiz il. 1993-cü ildən 2001-ci ilə qədər yaşamışam. Biri var Türkiyədə yaşamaq, biri də var orda olmaq. Mən Türkiyədə keçirdiyim günləri yaşamaq adlandıra bilmirəm. Mən sadəcə, orda olmuşam. Mən Türkiyədən gözəl xatirələrlə ayrılmamışam.   

   - Hansı pis xatirələriniz var? 

   - Səkkiz ildə heç bir işim olmadı. O vaxt "Elçi" qəzetində mənim haqqımda bir yazı yazmışdılar. "Tofiq Abdin orda arvadının hesabına yaşayıb"- bu həqiqət idi. Doğurdan da, mən orda qadınımın hesabına yaşamışam. Onu dövlət ora işə göndərib. Mən də sözləşmə olaraq onun işinin mətbuata aid işini aparmışam. Mən yazılarımda bunları yazmışam. Türkiyə böyük yerdir. Orda mənim kimi yazarlar gəldi-gedər kimi şeylərdir. Mən orda iki qəzet üçün yazılar yazdım. Bir qəpik pul almadım. Bəzən yazılarımı keçirmək üçün hətta pul da xərclədim. Qonaqlıqlar verirdim. Sonra gördüm ki, Türkiyə mənim üçün deyil. Mən Bakıya həddsiz dərəcədə bağlı bir insanam.  

   - İndi İstanbul üçün darıxmırsınız?  

   - Yox, vallah. Darıxmıram. Orda olanda buralar üçün darıxmışdım. Mən orda Əli bəy Hüseynzadənin qızları ilə görüşəndə onlardan bir şey soruşdum. Soruşdum ki, Əli bəyin Türkiyədən bir incikliyi olmadı ki? İstanbul çox ağır, kosmopolit şəhərdir. Bəlkə başqa əyalətlərdə yaşaya bilərdim. Mən tip olaraq darıxan adamam. Amerikaya da aparsanız, orda darıxaram. Mən Türkiyədə darıxırdım. Uşaqlarım Türkiyədə ali təhsil alırdılar. Onların təhsilinin qurtarmağını gözləyirdim. Yekə çıxmasın, mənim Türkiyəyə səfərim Nazim Hikmətin Moskvaya gəlişinə bənzəyir. Nazimə deyirdilər ki, Moskvada kranlardan su axır. Axırda peşman oldu Moskvaya gəlməyinə. Axırda da peşmançılığın bədəlini aldı. Onu öldürdülər.

     

   AYB-nin yox, Anar müəllimin təşəbbüsü ilə mənə ev verilib

      

   - Sizin yaşıdlarınızdan fəxri adlar alanlar çoxdur.  

   - Mən Rəsul Rzanı çox təbliğ etmişəm. Onun bir məqaləsində mənim adım keçmir. Qəribə şeydir. Mən əhlikef jurnalist idim. Heç nə vecimə deyildi. Altımda maşınım var idi, kef edirdim. Bəziləri kimi aparıb Rəsul Rzaya kitabımı vermirdim ki, mənə "uğurlu yol" yaz. Mən elə şey etmədim. Məni rəsulrzaçı kimi qələmə verdilər. Amma mən 60-cılara aid deyiləm. Bizim yaradıcılığımız 70-ci illərə düşür. Mən heç vaxt dövlətə qulluq etməmişəm ki, ondan nəsə umum. Öz şeirimi, yazılarımı yazmışam. Nə partiyaya, nə Leninə şeirlər yazmamışam. Mənim bu vəziyyətimdə mənə heç "xalq şairi" adı da yaraşmır. Əgər biz xalq şairlərini sıraya qoysaq, mənim yaradıcılığım onların yanında zəif görsənir. Mənim belə bir umacağım yoxdur.

   - Amma "əməkdar incəsənət işçisi" adı almısınız...  

   - Onu da Rəşad Məcidin köməkliyi ilə aldım. Mətbuat Şurası ilə heç bir əlaqəm yoxdur. Amma Mətbuat Şurası bu adı mənə aldı. Mən 30-40 il AYB-nin orqanlarında işləmişəm. Ordan mənim aldığım bircə ev olub. O da AYB-nin yox, Anar müəllimin təşəbbüsü ilə mənə ev verilib. AYB-nin 1979-cu ildən üzvüyəm. Yenə də incimirəm.  

   - İndi münasibətləriniz necədir? Məsələn, Anar və digərləri ilə.  

   - Anarla münasibətlərim AYB sədri kimi yox, yalnız yazıçı kimi, dost kimidir. Mən Anar müəllimlə 40 il işləmişəm. O, mənim ata yurdumda olub. Anar müəllim məni "Qobustan" jurnalına gətirib. Hidayət Orucov mənə teleqram vurur, yubileyimi təbrik edir. Amma AYB-də Arif Əmrahoğlundan başqa heç kim məni təbrik etmədi. Üstündən bir ay keçir. İnsan insandan inciyər. Mənim ondan incikliyim ancaq belə şeylərlə bağlıdır. Bəlkə, mən şişirdirəm. Ola bilər, onun mənə münasibəti fərqlidir.    

   - Bəlkə, vəzifə dəyişdirdi onu?  

   - Anar müəllim mənim üçün hədsiz dərəcədə böyük yazıçıdır. Mən onu ancaq Üzeyir Hacıbəyovla müqayisə edə bilərəm. Anar müəllimi qınayırlar ki, uşaqları vəzifədədirlər. Onun da uşaqları işləməlidir də bir yerdə. Rəsul Rza "Qobustan" jurnalını oğlu üçün açdıranda heç kim bir söz deyə bilməzdi. Mən traktorist Məhərrəm kişinin oğlu ola-ola gedib İstanbulda işləyə bilirəm, Anarın oğlu səfir gedə bilməz? O həm də həssas, qəribə, küskün bir adamdır.    

   - Bəs vəzifədən niyə getmək istəmir?  

   - Bilmək olmaz ki, biz o vəzifədə olsaq, getmək istəyərik, ya yox. Mən orda necə olacam? Mənim indi vəzifəm yox, işim yox. AYB-nin nə vecinədir ki, mənim 70 illiyimlə maraqlansın. Bu yaşıma qədər olan təcrübəmdən deyə bilərəm ki, gedənin yerinə gələn, həmişə pis adam olur. Mənim ordan heç vaxt umacağım olmayıb. Bundan sonra da olmaz. Bu gün ərizəmi yazıb çıxsam, heç nə itirmərəm. AYB 37-dənqalma bir idarədir. Anar müəllim bu qədər tənqid olunur. Dövlət isə ona respublikanın ən ali mükafatını verdi. O insan buna layiqdir. Anar kimi düşmənim olsa, açıq etiraf edərdim ki, buna layiqdir.

      

   Erməni qızı üçün darıxıram

      

   - Geriyə baxanda nələr üçün darıxırsınız?  

   - Mənim həyatımda bir qəşəng erməni qızı olub. Onun üçün indi də darıxıram. İstanbulda salam verdiyim adamlar yadıma düşəndə bağrım çartlayır. Qatarda Pribaltikaya getmişəm. Orda bir oğlana rast gəlmişəm, söhbət eləmişik. Və düşünmüşəm ki, mən bir də bu adama rast gəlməyəcəm. Biri var zahiri Tofiq Abdin, bir də daxili. Mənim içimdəki Tofiqdən bəlkə də heç kimin xəbəri yoxdur. Mən çox çılğın adamam. 70 yaşlı adamlar kimi hərəkət etmirəm. Cavan adamlar kimi geyinirəm. Mən İra adlı həmin erməni qızı üçün darıxıram. Mənim "Adlerdə bir körpü var" adlı povestimin qəhrəmanı o qızdır.  

   - Bu illər ərzində yaza bilmədiyiniz şeylər oldumu?  

   - Mən nə istəmişəm, yazmışam. Deyirlər, Sovet dövrü yazmağa imkan vermirdi. Yox, Sovet dövrü sadəcə, çap olunmağa mane olurdu. Mən o vaxt 3 povest yazmışdım, amma çap olunmamışdı. Özü də mən jurnalist kimi də həmişə sənətdən yazırdım. Bəziləri kimi rəhbərlərin arxasınca düşüb pambıqdan, əkin-biçindən yazmırdım. Mən indinin özünün də yazanda oxucu və mətbuatı düşünmürəm.   

   - İndi qəzetdə yazmağınızın səbəbi maddi ehtiyacdır, ya mənəvi?  

   - Bu maddidir. 70 yaşından sonra bir insanın müsahibə alması alınmır. Mənim maaşım 170 manatdır. 160 manat da təzəliklə pensiya alıram. Qadınım da işləmir. Uşaqlarım da öz ailələrini dolandırır. Bunun qabağında mən nə edə bilərəm? "Ədalət" qəzetində hər səhifəyə 10 manat pul alıram. 8000-9000 işarə yazıram. 1993-cü ildən bəri fasiləsiz işləyirəm. Qəzetlərdən aldığım pulu mənə verən olsa, ömrümdə yazmaram. Qəzet imkan vermir ki, təzə çıxan kitabları oxuyum.  

   - Amma kənardan baxanda həyatınızdan narazı kimi görünmürsünüz.

   - Narazı olub nə edə bilərəm? Mənim taleyim çox qəribədir. Mənim 70 yaşım tamam olur. Oğlumu işlədiyi idarədə ixtisara salırlar. Bu nə deməkdir ata üçün? Mən durub ağlasam, bunun bir dəyəri varmı? Mənim üçün ən dəhşətli bir kredo budur ki, Allah məni dostlarıma möhtac eləməsin. Düşmənin ayağına bir dəfə gedərsən, qurtarar gedər. İndiki dostlara bir şey deyirsən, 5 aydan sonra cavab verirlər. Oğlumun məsələsin bir neçə adamdan xahiş etdim. Amma heç biri mənə kömək etmədi. Əslində, bilirdim belə olacaq.  

   - Konkret kimi nəzərdə tutursunuz?  

   - Məsələn, Rəfael Hüseynov. Ən yaxın dostum idi. Həmişə ondan gileylənirəm. Onun bu dərəcədə dəyişdiyini ağlım almır. "Qobustan"da ilk yazısın mən vermişəm. Bir dəfə etiraf eləməz ki, onu Tofiq Abdin ədəbiyyata gətirib.  

   - Bu problemlər içində təzə şeirlər yaza bilirsiniz?  

   - Yox. İldə 5-10 şeir yaza bilirəm. 70 yaşından sonra insanın sevgidən şeir yazması alınmır. Bu yaşdan sonra başqa şeylərin mübarizəsin aparıram. Mən indi yaşamaq uğrunda mübarizə aparıram.    

   - Bəs nə oxuyursunuz? 

   - Başımın yanında dini kitablar var. Baxmayaraq ki, ateist adamam. Onları təsəlli almaq üçün oxuyuram. Amma heç təsir etmir mənə. Bir ildir nevroz xəstəliyindən müalicə alıram.    

   - Allah ömür versin... 

   - Çox sağ ol.

 

 

   Ədalət.-2011.-7 oktyabr.-S.4.