Dövlət müstəqilliyinin bərpasının 20 illiyi ilə bağlı Bakı Dövlət Universitetində elmi-praktiki konfrans keçirilmişdir

 

Oktyabrın 5-də Bakı Dövlət Universitetində (BDU) müstəqilliyimizin bərpasının 20-ci ildönümünə həsr edilmiş elmi-praktik konfransın plenar iclası keçirilmişdir.

AzərTAc xəbər verir ki, konfransı giriş sözü ilə açan BDU-nun rektoru, Milli Məclisin deputatı akademik Abel Məhərrəmov əvvəlcə bütün müəllimləri peşə bayramları münasibətilə təbrik etmiş, onlara işlərində uğurlar arzulamışdır.

Rektor Azərbaycanın ötən 20 ildə əldə etdiyi nailiyyətlərdən, dövlət müstəqilliyimizin bərpasının ilk illərində qarşılaşdığımız problemlərdən danışmışdır. O, azadlığa, müstəqilliyə gedən yolun heçasan olmadığını bildirmişdir. A.Məhərrəmov diqqətə çatdırmışdır ki, XX yüzillik Azərbaycan tarixində çox böyük mübarizələr əsri olmuş, azadlıq və istiqlaliyyət uğrunda çoxlu qanlar tökülmüş, xalqımız saysız-hesabsız şəhidlər vermişdir. Rektor 20-ci ildönümü qeyd olunan Azərbaycanın yeni müstəqillik dövrünün tariximizin ən parlaq və şanlı səhifələrindən olduğunu bildirmişdir.

Akademik A.Məhərrəmov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti  nəticəsində bu gün Azərbaycan çox dinamik inkişaf edir və ölkənin uğurları gündən-günə artır.

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, universitetin fəlsəfə tarixi kafedrasının müdiri professor Rəbiyyət Aslanova tədbir iştirakçılarını bayram münasibətilə təbrik etmiş, müstəqilliyinin 20-ci ildönümünü qeyd edən ölkəmizin tarixi uğurlarından danışmışdır.

R.Aslanova Prezident İlham Əliyevin "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının iyirminci ildönümü haqqında" 2011-ci il 21 yanvar tarixli sərəncamının xalqımızın, dövlətimizin 20 illik müstəqillik tarixinə verilmiş yüksək qiymət və dəyər olduğunu bildirmişdir. O qeyd etmişdir ki, müstəqilliyin bərpasının 20 illiyinin dövlət səviyyəsində qeyd edilməsinin ən böyük mahiyyəti dünyaya müstəqil, demokratik, dünyəvi Azərbaycan dövlətinin varlığının sübutu, beynəlxalq ictimaiyyətə "Azərbaycan dövləti  yaşayırdurmadan inkişaf edir" mesajıdır.

Professor R.Aslanova ümummilli lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, inkişafında və dünyada tanınmasında misilsiz rolundan bəhs etmişdir. O, müdrik dövlət xadimi Heydər Əliyevin şəxsiyyətinin böyüklüyündən danışaraq bildirmişdir ki, Azərbaycanda siyasi sabitlik və sürətli inkişafın təməli məhz ulu öndər tərəfindən qoyulmuşdur. Hər birimiz Azərbaycanın müstəqillik illərində qazandığı uğurlara, keçdiyi inkişaf yolunda əldə etdiyi nailiyyətlərə görə müasir dövlətimizin memarı və qurucusu ulu öndər Heydər Əliyevə borcluyuq. Məhz bu dahi şəxsiyyətin uzaqgörən və müdrik siyasəti nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilmişdir. Deputat bildirmişdir ki, hər bir azərbaycanlı fəxr etməlidir ki, bu gün onun Azərbaycan adlı böyük, güclü, söz sahibi olan müstəqil dövləti vardır.

Tədbirdə çıxış edən akademik Vasim Məmmədəliyev və başqaları mövzu ətrafında fikirlərini bölüşmüş, müasir Azərbaycanın 20 illik tarixinə nəzər salaraq bu illər ərzində ulu öndər Heydər Əliyevin gördüyü işlərdən, onun əvəzsiz xidmətlərindən danışmışlar.

Tədbirdə Milli Məclis deputatları, ziyalılar, BDU-nun müəllim və tələbə heyəti iştirak etmişlər.

Tədbir konsert proqramı ilə başa çatmışdır.

 

 

Azərbaycan.- 2011.-6 oktyabr.- S.  5.