Ankarada
«Türkdilli respublikalar müstəqilliklərinin 20-ci ilində»
mövzusunda beynəlxalq toplantı keçirilir
Oktyabrın 5-də Ankaradakı "Rixos" otelində Türkiyə Nazirlər Kabineti Xalq Diplomatiyası İdarəsi və Türkiyənin Xarici İşlər Nazirliyi Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə "Türkdilli respublikalar müstəqilliklərinin 20-ci ilində" mövzusunda beynəlxalq toplantı öz işinə başlamışdır.
Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov, Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayeva, ölkəmizin Türkiyədəki səfiri Faiq Bağırov toplantının açılış mərasimində iştirak etmişlər.
Türkiyə Prezidenti Abdullah Gül
toplantının açılışında
çıxış edərək Azərbaycan, Qazaxıstan,
Qırğızıstan, Türkmənistan və Özbəkistanı
müstəqilliklərinin 20-ci ildönümü münasibətilə
təbrik etmiş, qardaş ölkələrin güclənməsi
və inkişafından qürur duyduğunu demişdir.
Prezident Abdullah Gül 2009-cu il oktyabrın 3-də
Naxçıvanda keçirilmiş türkdilli ölkələrin
dövlət başçılarının IX zirvə
görüşündə qəbul olunmuş tarixi qərarların
əhəmiyyətini vurğulamış, türkdilli ölkələrin
əməkdaşlığının möhkəmlənməsində
Baş Katibliyi İstanbulda yerləşən Türkdilli
Ölkələrin Əməkdaşlıq Şurası və
Baş Katibliyi Bakıda olan Türkdilli Ölkələrin Parlamentlər
Assambleyası, habelə TÜRKSOY-un rolunu qeyd etmişdir.
Türkiyə
Prezidenti bildirmişdir ki, türkdilli xalqların daha da sıx
birləşməsinə nail olmaq üçün yeni layihələr
və proqramlar həyata keçirilməli, deputatlar, alimlər
və universitetlər arasında əməkdaşlıq
gücləndirilməlidir.
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu da türkdilli ölkələrin dövlət müstəqilliklərinin əhəmiyyətindən danışmış, yeni qlobal dünyada öz layiqli yerini tutmaq üçün bu dövlətlərin əməkdaşlığının zəruri olduğunu vurğulamışdır. Türk dünyasının ərazi bütövlüyündən bəhs edən natiq Dağlıq Qarabağın hələ də işğal altında olduğunu xatırladaraq buna tezliklə son qoyulacağını vurğulamışdır.
Sonra Türkiyə Prezidenti Abdullah Gül və toplantı iştirakçıları türkdilli ölkələrin dövlət müstəqilliklərinə həsr olunmuş sərgi ilə tanış olmuşlar.
Açılış mərasimindən sonra "Avrasiyadakı türk topluluqları: yeni sərhədlər və kimliklər", "Türk dövlətləri regional və qlobal siyasətlərin fonunda" bölmələrindəki müzakirələrdə türk dünyasında siyasi, iqtisadi, mədəni və elmi əlaqələrin qiymətləndirilməsi aparılmışdır.
Oktyabrın 6-dək davam edəcək beynəlxalq toplantıda Xoca Əhməd Yasəvi Universitetinin Orta Asiya bölgəsinə dair hesabatları dinləniləcək, Türkiyə Nazirlər Kabineti yanında Atatürk Mədəniyyət Mərkəzinin Avrasiya bölgəsindəki türk topluluqları ilə bağlı layihəsinin təqdimatı keçiriləcəkdir.
Bundan başqa, toplantıda TRT televiziya kanalının hazırladığı sənədli film göstəriləcək, iştirakçılar Türk Tarix Qurumu və Türk Dil Qurumunun türk dünyası haqqında elmi tədqiqatları ilə tanış olacaqlar.
Toplantıda türkdilli ölkələrdən yüzdən çox alim və siyasətçi iştirak edir.
Oqtay BAYRAMOV,
AzərTAc-ın
xüsusi müxbiri
Ankara
Azərbaycan.- 2011.- 6 oktyabr.- S. 6.