İranın mədəniyyət
və islami irşad naziri Gəncəyə gəlmişdir
İran İslam Respublikasının Azərbaycanda keçirilən mədəniyyət günlərinin bir qrup iştirakçısı bu ölkənin mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseynin rəhbərliyi ilə oktyabrın 5-də Gəncəyə gəlmişdir.
Gəncə Şəhər İcra Hakimiyyətində keçirilən görüşdən sonra nümayəndə heyətinin üzvləri dahi Azərbaycan şairi Nizami Gəncəvinin məqbərəsini ziyarət etmiş, məzarı üstünə gül dəstələri qoymuş, ruhuna dualar oxumuşlar.
Qonaqlar XVI əsr Şah Abbas məscidində namaz qıldıqdan sonra Cavad xanın türbəsini ziyarət etmişlər.
Şəhərlə tanışlıqdan sonra İranın mədəniyyət və islami irşad naziri Seyid Məhəmməd Hüseyn və nümayəndə heyətinin üzvləri Gəncə Dövlət Universitetində (GDU) şəhər ziyalıları ilə görüş keçirmişlər. Görüşdən əvvəl universitetin qarşısında şəhər uşaq yaradıcılıq mərkəzinin üzvləri Nizami Gəncəvinin əsərlərinin motivləri əsasında hazırladıqları səhnəciklər göstərmişlər.
Universitetin iclas salonunda keçirilən görüşdə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini İlham Əliyev Azərbaycan və İran dövlətləri arasında tarixi köklərin qırılmaz tellərlə bir-birinə bağlı olduğunu vurğulamış, bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün dövlət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətindən danışmışdır. Qeyd edilmişdir ki, İran İslam Respublikasının Azərbaycanda reallaşan mədəniyyət günləri və onun iştirakçılarının Gəncəyə səfəri bir də onunla əlamətdardır ki, xeyli vaxtdır bu qədim şəhərdə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 870 illiyinə böyük hazırlıq işləri görülür.
Görüşdə iranlı nazir Seyid Məhəmməd Hüseyn çıxış edərək demişdir ki, İran xalqı Azərbaycanda ikinci elm və mədəniyyət mərkəzi olan Gəncəni çox sevir. Elə bu sevginin əlaməti olaraq bu gün dahi Nizami Gəncəvinin qəbrini ziyarət etdim və bundan məmnun qaldım. Nazir iki ölkə arasında əlaqələrin genişləndirilməsinin vacibliyindən söz açmışdır. Demişdir ki, İranın Həmədan şəhəri ilə Azərbaycanın Gəncə şəhəri arasında əlaqələrin qurulması üçün danışıqlar aparılır. Şübhəsiz, bu istək reallığa çevriləcək, hər iki şəhərin sakinləri üçün geniş imkanlar açacaqdır.
Daha sonra dahi Nizami Gəncəvinin irsini təhlil edən nazir şairin ümumbəşəri ideyalar aşılayan əsərlərindən söhbət açmışdır.
Görüşdə İranın Azərbaycandakı səfiri Məhəmmədbağır Bəhrami, nizamişünas alimlər Xəlil Yusifov, Sabir Həsənzadə çıxış edərək Nizaminin fəlsəfi, dini və təbiət elmlərinə münasibətindən danışmışlar.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.- 6 oktyabr.- S. 6.