Nazirlər
Kabinetində Sənayeçilər və Sahibkarlar
Beynəlxalq Konqresinin işgüzar
konfransının iştirakçıları ilə görüş keçirilmişdir
Oktyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin Bakıda keçirilən işgüzar konfransının iştirakçılarından bir qrupunu qəbul etmişdir.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, konfrans iştirakçılarını salamlayan Baş nazir Artur Rasizadə müstəqilliyimizin bərpasının iyirminci ildönümünü qeyd edən Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsini, iş adamları üçün münbit şəraitin yaradılmasını dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu qeyd etmişdir. Azərbaycanın Baş naziri son illər aparılan uğurlu iqtisadi islahatlar nəticəsində ölkəmizin regionun lider dövlətlərindən birinə çevrilməsi prosesində sənayeçilərin və sahibkarların da fəal iştirak etdiyini, sənaye potensialının gücləndirilməsi, infrastrukturun yeniləşdirilməsi üçün onların böyük xidmətlər göstərdiyini vurğulamış, konfransın işinə uğurlar arzulamışdır.
Səmimi qəbula və ölkə
iqtisadiyyatı haqqında ətraflı məlumata görə
təşəkkürünü bildirən Sənayeçilər
və Sahibkarlar Beynəlxalq Konqresi Şurasının sədri Anatoli Kinax konfransın
işinə yaradılan yüksək şəraitə görə
iştirakçılar adından respublika
hökumətinə dərin minnətdarlığını
bildirmişdir. Daha sonra qonaqlar ölkəmizin,
xüsusən də paytaxt Bakının
sürətli inkişafına heyran
qaldıqlarını söyləmiş, ölkə rəhbərliyinin
ümumən sahibkarlıq fəaliyyətinə münbit şərait yaratdığını
məmnunlluqla ifadə etmişlər. Görüşdə tərəfləri
maraqlandıran bir sıra məsələlər
ətrafında fikir mübadiləsi
aparılmışdır.
Azərbaycan.- 2011.-7 oktyabr.- S. 1.