Bakıda Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin işgüzar konfransı keçirilmişdir

 

Oktyabrın 6-da Bakıda Azərbaycan Respublikası Sahibkarlar (işəgötürənlər) Təşkilatları Milli Konfederasiyanın (ASK) təşkilatçılığı ilə Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresinin "Sənayeçilər və sahibkarlar təşkilatları ilə hakimiyyət orqanları arasında sistemli dialoq müasir şəraitdə uğurlu sosial-iqtisadi inkişafın mühüm amili kimi" mövzusunda işgüzar konfransı keçirilmişdir.

Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla anmış, məzarı önünə gül dəstələri qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad edilmiş, məzarı üzərinə tər güllər düzülmüşdür.

Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilmiş, məzarları üzərinə tər çiçəklər düzülmüş, "Əbədi məşəl" abidəsinin önünə güllər qoyulmuşdur.

Tədbir iştirakçıları Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr etmişlər.  Daha sonra konfrans öz işinə başlamışdır.

Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi Şurasının sədri Anatoli Kinax tədbiri açaraq  konfransın əhəmiyyətindən danışmışdır. Bildirmişdir ki, son illər dünyada iqtisadi inkişafın gücləndirilməsi və eyni zamanda maliyyə böhranı risklərinin mövcud olduğu bir şəraitdə belə bir konfransın keçirilməsi çox vacibdir. Bu tədbir əməkdaşlığın genişləndirilməsinə öz töhfəsini verəcəkdir.  Azərbaycanın dinamik inkişaf etdiyini vurğulayan qonaq ölkəmizdə  özəl sektorun yüksəlişi, sahibkarlar təşkilatları ilə hakimiyyət orqanları arasında dialoq təcrübəsinin öyrənilməsində maraqlı olduqlarını diqqətə çatdırmışdır.

İqtisadi inkişaf naziri Şahin Mustafayev Azərbaycan Prezidenti İlham Əliyevin işgüzar konfransın iştirakçılarına təbrik məktubunu oxumuşdur. Nazir, həmçinin ölkəmizdə sahibkarlığın inkişafına  göstərilən dövlət qayğısından bəhs etmişdir.

Sonra Ukrayna Prezidenti Viktor Yanukoviçin tədbir iştirakçılarına məktubu oxunmuşdur.

Konfrans "Konqresin biznesin və hakimiyyətin səmərəli əməkdaşlığının dəstəklənməsi üzrə fəaliyyəti haqqında", "Uğurlu iqtisadisosial inkişaf məqsədi ilə optimal qanunvericilik əsaslarının hazırlanması", "Özəl təşəbbüslərə dövlət tərəfindən şərait yaradılması Azərbaycan iqtisadiyyatında neft sektorunun inkişafının əsas faktorudur", "Biznes və hakimiyyət, iqtisadi aspektlər", "ASK-ın dövlət və regional hakimiyyət strukturları ilə təcrübəsi" və digər mövzularda plenar sessiyalarla davam etdirilmişdir.

Tədbirdə layihələr və şirkətlərin təqdimatları da olmuşdur.

Konfransda dünyanın konqresin üzvü olan 21 ölkəsindən 95 nümayəndə, 7 ölkənin işgüzar dairəsinin əməkdaşları, Azərbaycanın hökumət nümayəndələri, elmi işçilər və mütəxəssislər, beynəlxalq və regional təşkilatların təmsilçiləri, bir sıra ölkələrin respublikamızdakı səfirləri, Milli Məclisin deputatları iştirak etmişlər.

Daha sonra Sənayeçilər və Sahibkarlar Beynəlxalq Konqresi Şurasının növbəti iclası keçirilmişdir.

İclasda təşkilati və nizamnamə məsələləri, əməkdaşlığın perspektivləri, Avrasiya və digər işgüzar dairələrin regional və dövlətlərarası birlikləri arasında qarşılıqlı əlaqə və s. aktual problemlər müzakirə edilmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-7 oktyabr.- S.  2.