Misirin nüfuzlu
«Əl-Əhram» qəzetində Azərbaycanın zəngin qaz
ehtiyatı barədə məqalə dərc edilmişdir
Misirin nüfuzlu KİV-lərindən olan "Əl-Əhram" qəzetində "Azərbaycan Fransanın "Total" şirkəti ilə əməkdaşlıqda Xəzər dənizində nəhəng qaz yatağı kəşf etmişdir" sərlövhəsi altında məqalə dərc olunmuşdur.
Azərbaycanın Misirdəki səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə Fransanın "Total" şirkəti tərəfindən Xəzər dənizinin Azərbaycan akvatoriyasında zəngin qaz ehtiyatına malik "Abşeron" yatağının kəşfini Prezident İlham Əliyevin bəyan etməsindən geniş söhbət açılmışdır. Qeyd edilmişdir ki, bu, ölkəmizin enerji təhlükəsizliyini daha da möhkəmləndirməyə imkan verəcək, Azərbaycanın qaz ixracatçısı statusunu və beynəlxalq əhəmiyyətini daha da artıracaq, eləcə də dövlətimizin maraqlarının təmin edilməsinə mühüm təsir edəcəkdir. Müəllif "Abşeron" yatağından əvvəl "Şahdəniz" yatağının kəşfini xatırladaraq Azərbaycanın enerji təhlükəsizliyinin təmin olunması baxımından əhəmiyyətini vurğulamışdır.
Məqalədə "Abşeron" yatağının tarixi barədə də məlumat verilmişdir. Bildirilmişdir ki, bu yataq ötən əsrin 60-cı illərində azərbaycanlı neftçilər tərəfindən kəşf edilsə də, o vaxt mövcud texniki imkanlar həmin yatağın işə salınmasına imkan verməmişdi. Qeyd olunmuşdur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi uğurlu neft strategiyası sayəsində qazanılan texniki imkanlar hesabına ölkə artıq Xəzər dənizinin istənilən hissəsində qazma işləri aparmaq iqtidarındadır.
Məqalədə bildirilmişdir ki, "Abşeron" yatağında kəşfiyyat işlərinin aparılması üzrə 1997-ci ildə imzalanmış ilk saziş kəşfiyyat işləri müsbət nəticə vermədiyindən 2005-ci ildə qüvvədən düşmüşdü. Lakin neft-qaz sahəsində çalışan təcrübəli azərbaycanlı mütəxəssislərin "Abşeron" yatağındakı qatlarda ehtiyatların mövcudluğuna inamları və xarici mütəxəssislərin onlara etimadı nəticəsində tarixdə nadir hallarda baş verən eyni yatağın kəşfi üzrə sənəd imzalanmışdır. Diqqətə çatdırılmışdır ki, bu sənəd 2009-cu ildə yenə "Total" şirkəti ilə imzalanmışdır.
Məqalənin sonunda enerji sahəsində Azərbaycan
və Avropa İttifaqı arasında əməkdaşlıq əlaqələrindən,
imzalanmış sənədlərdən söhbət
açılmışdır.
Azərbaycan.- 2011.-7 oktyabr.- S. 3.