Bakıda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclası keçirilmişdir

 

Oktyabrın 6-da Bakı şəhərində Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclası keçirilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin (MTN) ictimai əlaqələr mərkəzindən AzərTAc-a bildirmişlər ki, iclasda Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğız respublikaları xüsusi xidmət orqanlarının nümayəndə heyətləri iştirak etmişlər.

Dünyada və regionda təhlükəsizliyə və sabitliyə qarşı yönəlmiş ümumi təhdidlərin, ilk növbədə terrorçuluğun və dini ekstremizmin yayılmasının qarşısının alınması istiqamətində digər xüsusi xidmət orqanları ilə əməkdaşlığın möhkəmləndirilməsi və genişləndirilməsi məqsədilə tədbirdə müşahidəçi qismində Rusiya, Ukrayna və Gürcüstanın müvafiq strukturlarının yüksək vəzifəli nümayəndələri də təmsil olunmuşlar.

İclasdan əvvəl tədbirin iştirakçıları və general-leytenant Eldar Mahmudov başda olmaqla MTN-in rəhbər heyəti Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoymuşlar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi də ehtiramla anılmış, məzarı üzərinə gül-çiçək dəstələri düzülmüşdür.

Sonra nümayəndə heyətləri Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş qəhrəman Vətən oğullarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsi önünə əklil qoymuşlar.

MTN-in Mədəniyyət Mərkəzində öz işinə başlayan iclası giriş sözü ilə milli təhlükəsizlik naziri general-leytenant Eldar Mahmudov açmışdır. Sonra Azərbaycan Respublikası Prezidenti Administrasiyasının hüquq- mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov müzakirə ediləcək məsələlərin effektli olacağını və konkret nəticələr verəcəyini vurğulamış, tədbirin işinə uğurlar arzulamışdır.

Daha sonra çıxış edən nazir Eldar Mahmudov konfransın iştirakçısı olan dövlətlər, eləcə də bir çox ölkələr üçün ciddi təhlükə yaradan hüquqazidd əməllərə əlverişli və münbit şərait yaradan terrorçuluq, dini ekstremizm, nəzarətsiz ərazilər kimi reallıqlara birmənalı və bir mövqedən yanaşmanın zəruri olduğunu bildirmişdir. Eldar Mahmudov türkdilli dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları arasında dinamik sürətdə inkişaf edən əməkdaşlığı yüksək qiymətləndirmiş, ölkələrimizin milli təhlükəsizliyinin səmərəli təmin olunması baxımından təcrübə və məlumat mübadiləsinin daha da genişləndirilməsinin vacibliyini vurğulamışdır. Nazir konfransın XIV iclasının əməkdaşlıq sahələrində birgə fəaliyyətə müsbət təsir göstərəcəyinə, yeni reallıqlar nəzərə alınmaqla işgüzar münasibətlərin effektliyinin yüksələcəyinə ümidvar olduğunu söyləmişdir.

İclasda çıxış edən Türkiyənin Milli İstihbarat Təşkilatının rəhbəri Hakan Fidan terrorçuluq və digər transmilli cinayətlərə qarşı mübarizənin səmərəliliyinin artırılması sahəsində xüsusi xidmət orqanlarının əməkdaşlıq perspektivlərindən danışmışdır. Qazaxıstan  Milli Təhlükəsizlik Komitəsinin sədri general-mayor Nurtay Abıkayev terrorçuluğa zəmin yaradan radikallaşma proseslərinə qarşı görülən tədbirləri qeyd etmiş və hər cür ekstremist təzahürlərlə mübarizədə işbirliyinin gücləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Tədbirdə digər iştirakçıların da çıxışları və multimedialı təqdimatları maraqla qarşılanmış, transmilli mütəşəkkil cinayətkarlıqla, o cümlədən gənclərin beynəlxalq  terrorçu və dini-ekstremist təşkilatlara cəlb olunmasına qarşı mübarizədə əməkdaşlığın fəallaşdırılması və təkmilləşdirilməsi yolları, həmçinin müxtəlif təhdid və cinayətlər barədə əməliyyat məlumatı mübadiləsinə dair və maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılmışdır.

İclasın sonunda Türkdilli Dövlətlərin Xüsusi Xidmət Orqanları Konfransının XIV iclasının nəticələri üzrə yekun sənəd imzalanmış, konfransın növbəti iclasının gələn il Qazaxıstanda keçirilməsi qərara alınmışdır.

 

 

Azərbaycan.- 2011.-7 oktyabr.- S.  3.