Azərbaycan İnterpolla işbirliyinə xüsusi əhəmiyyət verir

 

Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 6-da Bakıda  səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşmüşdür.

R.Usubov Daxili İşlər Nazirliyi ilə Beynəlxalq Polis Təşkilatı  arasında sıx əlaqələrin mövcudluğunu xatırlatmış və qeyd etmişdir ki, qloballaşan dünya, inteqrasiya imkanlarının getdikcə artması müxtəlif təhdidlər ortaya çıxarır ki, bu da yeni növ cinayətlərlə, transmilli mütəşəkkil cinayətkarlıqla birgə mübarizəni şərtləndirir.

Qeyd olunmuşdur ki, Azərbaycan İnterpolla işbirliyinə xüsusi əhəmiyyət verir və onu daha da inkişaf etdirməkdə maraqlıdır. Əməkdaşlığın əsas istiqamətlərindən biri təqsirləndirilən və itkin düşən şəxslərin beynəlxalq axtarışının təşkil edilməsidir. Hər il orta hesabla İnterpol tərəfindən 60-70 nəfər belə şəxsin yeri müəyyən olunur və onlar yaxalanaraq ədalət məhkəməsinə təhvil verilirlər.

Nazir demişdir ki, 20 illik müstəqillik tarixi ərzində inamla dünya birliyinə inteqrasiya edən Azərbaycan suveren və hüquqi dövlət kimi demokratik prinsiplərə riayət edir, bütün sahələrdə, o cümlədən insan və vətəndaş hüquq və azadlıqlarının təmini və cinayətkarlıqla mübarizədə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir.

Daha sonra daxili işlər naziri ötən illərdə respublikamızın keçdiyi çətin, lakin şərəfli yoldan, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bütün sahələrdə aparılan geniş islahatlardan, cinayətkarlığa qarşı mübarizənin vəziyyətindən danışmış, kriminogen duruma nəzarət edildiyini, bu gün Azərbaycanın dünyanın ən sabit və təhlükəsiz ölkələrindən biri olduğunu diqqətə çatdırmış. Bu fikir xüsusilə vurğulanmışdır ki, Prezident İlham Əliyevin R.Noblu qəbul etməsi və aparılan fikir mübadiləsi İnterpolla əlaqələrimizin daha da dərinləşməsinə töhfəsini verəcəkdir.

Baş katib Ronald Nobl İnterpolun ölkəmizdəki milli mərkəzi bürosunun fəaliyyətinin günün tələblərinə uyğun təşkil edildiyini, Azərbaycanın dünyada təhlükəsiz qlobal polis kommunikasiya xidmətlərini həyata keçirən ilk 10 ölkədən biri olduğunu vurğulamış, əlaqələrimizin mövcud durumundan məmnun qaldığını bildirmişdir.

O, həmçinin məmnunluqla vurğulamışdır ki, Azərbaycanda bundan əvvəl olduğu 2003-cü ildən bəri paytaxt Bakı tanınmaz dərəcədə dəyişmiş və dünyanın ən gözəl şəhərlərindən birinə çevrilmişdir.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunmuşdur.

 

 

Azərbaycan.- 2011.-7 oktyabr.- S.  3.