Azərbaycanın
hüquq-mühafizə orqanları ilə İnterpol
arasında əməkdaşlıq uğurla
davam etdirilir
Oktyabrın 6-da baş prokuror Zakir Qaralov Azərbaycanda səfərdə olan İnterpolun baş katibi Ronald Nobl ilə görüşmüşdür.
Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə Z.Qaralov Beynəlxalq Cinayət Polisi Təşkilatı - İnterpolla Azərbaycan arasında əməkdaşlığın dinamik inkişaf etdiyini qeyd etmiş, ölkəmizin məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanan mütərəqqi qanunvericilik aktlarının qəbul edilməsi, bu islahatlar çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində zəruri tədbirlərin görülməsi barədə ətraflı məlumat vermişdir.
Qeyd edilmişdir ki, müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan digər nüfuzlu beynəlxalq təşkilatlarla yanaşı, tamhüquqlu üzv kimi İnterpolla da əlaqələrini uğurla davam etdirir. Daxili İşlər Nazirliyi ilə İnterpol arasında cinayətkarlıqla mübarizənin müxtəlif sahələri üzrə əməkdaşlığın dinamik inkişaf etdiyini vurğulayan baş prokuror, Ronald Noblun Azərbaycana 2003-cü ildəki səfərini xatırlatmış, səfər çərçivəsində əldə edilmiş razılığa əsasən hakim və prokurorluq işçilərinin 2010-cu ildə İnterpolun Lion şəhərindəki qərargahında BMT-nin Narkotiklərə və Cinayətkarlığa qarşı mübarizə idarəsi ilə birgə həyata keçirdikləri tədbirlərdə iştirakını əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi baxımından əhəmiyyətli olduğunu bildirmişdir. Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində narkotik maddələrin qanunsuz becərilməsi, istehsalı, satışı, nüvə texnologiyalarının qacaqmalçılığının region ölkələri üçün təhlükəli olması, eyni zamanda, narkotiklərin satışından əldə olunan çirkli pulların separatçılar tərəfindən qanunsuz silahlı birləşmələr yaradılmasına, terror qrupları üçün silahların alınmasına və təlimlərin keçirilməsinə xərclənməsinin bəşəriyyət üçün nə dərəcədə təhlükəli olması nəzərə alınmaqla, bu ümumbəşəri problemlərin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilməsinin zəruriliyi qonaqların diqqətinə çatdırılmışdır.
Baş katib Ronald Nobl Azərbaycanın İnterpolun baş katibliyi və təşkilata üzv dövlətlərlə sıx əməkdaşlığından məmnunluğunu ifadə etmiş, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarını, xüsusilə cinayətkarlığa qarşı mübarizə sahəsində və insan hüquqlarının daha etibarlı qorunmasına xidmət edən qanunvericilik aktları üzrə birgə görülən mühüm tədbirləri yüksək qiymətləndirmişdir.
Görüşdə cinayətkarlığa
qarşı mübarizə və cinayət törətmiş
şəxslərin tutularaq məsuliyyətə
cəlb olunması, birgə konkret əməkdaşlıq
tədbirlərinin həyata keçirilməsi, o cümlədən təcrübə və məlumat
mübadiləsinə dair müvafiq
əməli tədbirlərin bundan sonra da davam
etdirilməsinə dair razılıq əldə
edilmiş və maraq doğuran suallar ətraflı
cavablandırılmışdır.
Azərbaycan.- 2011.- 7 oktyabr.- S. 3.