Ölkə nəqliyyatının inkişaf dinamikası yüksəlir

 

Ölkəmizdə uğurla həyata keçirilən genişmiqyaslı iqtisadi islahatlar nəticəsində əldə edilmiş dinamik inkişaf nəqliyyat-yol kompleksində də görülən işlərə mühüm təkan vermişdir. Azərbaycanın regionun əsas nəqliyyat qovşağına çevrilməsi ölkənin nəqliyyat sektorunun müasir standartlara uyğun yenidən qurulmasını, xüsusən, respublika ərazisindən keçən nəqliyyat dəhlizlərinin inkişaf etdirməsini, eləcə də bu sahədə tənzimləmə və idarəetmənin daha da təkmilləşməsini zəruri etmişdir.

Ölkəmizin nəqliyyat-yol kompleksinin müasir səviyyədə qurulması, bu sahədə islahatların aparılması, nəqliyyat qurumlarının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, ölkə iqtisadiyyatının və əhalinin daşımalara olan tələbatının ödənilməsi, nəqliyyat qanunvericiliyinin təkmiləşdirilməsi, texniki yeniləşmə və müasir texnologiyaların tətbiqi üzrə müəyyən edilmiş tədbirlər ötən illər ərzində ardıcıl olaraq davam etdirilmişdir. Azərbaycanın Cənubi Qafqazda mühüm nəqliyyat qovşağı və dəhlizlərin keçdiyi məkan olduğunu nəzərə alsaq, regionda həyata keçirilən mühüm layihələrin beynəlxalq mahiyyətini də dəyərləndirmək olar. Avropa və Asiyanı birləşdirən dəmir yolu xəttinin çəkilməsi də regional əməkdaşlığı daha da sürətləndirir. Azərbaycan müstəqillik qazandıqdan sonra müxtəlif növ nəqliyyat şəbəkələrinin yaradılmasını təmin edən qlobal layihələr reallaşmağa başladı. Azərbaycan Prezidenti cənab İlham Əliyev nəqliyyat sektorunun əhəmiyyətini dəyərləndirərkən demişdir: "Biz bütün imkanlarımızdan istifadə edərək nəqliyyat sektorunu daha da sürətlə inkişaf etdirəcəyik".

Bu gün nəqliyyat-yol kompleksinin fəaliyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində sürətlə inkişaf edən ölkə iqtisadiyyatının və əhalinin nəqliyyat xidmətlərinə olan tələbatının ödənilməsinə, ölkəmizin tranzit potensialının artırılmasına, nəqliyyat infrastrukturunun və parkının yeniləşməsinə yönəldilmişdir. Nəqliyyat xidmətlərinə artan tələbatın təmin edilməsi məqsədilə daha səmərəli nəqliyyat sisteminin yaradılmasına istiqamətlənmiş proqramların yerinə yetirilməsi Nəqliyyat Nazirliyinin əsas fəaliyyət istiqamətidir. Qeyd edək ki, müstəqillik illərində bu sahədə bir sıra problemlərin həllinə nail olunmuş, zəruri maddi-texniki baza formalaşdırılmış, bununla da, hazırda görülən işlər üçün əsaslı zəmin yaradılmışdır. Son illər görülən işlərin inkişaf dinamikasını geniş təhlil edən nəqliyyat naziri Ziya Məmmədov bildirdi ki, bütün növ nəqliyyat infrastrukturunun etibarlılığının təmin olunması, nəqliyyatın işinin səmərəli təşkili üçün zəruri tədbirlər görülmüş, nəzərdə tutulan infrastruktur layihələrinin vaxtında və keyfiyyətlə icra edilməsinə dövlət başçısının şəxsi dəstəyi sayəsində nail olunmuşdur. Bu ilin əvvəlindən nəqliyyat sektoru üzrə əsas iqtisadi göstəricilər yerinə yetirilmiş, 99,6 milyon ton yük, 699,4 milyon nəfər sərnişin daşınmışdır. Yüklərin 10,5 milyon tonu dəmir yolu, 6,2 milyon tonu su, 24,2 min tonu hava, 51,9 milyon tonu avtomobil nəqliyyatı ilə daşınmış, 30,9 milyon tonu isə boru kəmərləri vasitəsilə nəql edilmişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 6,2 milyon ton həcmində yükləmə-boşaltma əməliyyatları yerinə yetirilmişdir. Ötən dövrdə dəmir yollarının inkişafına 42,1 milyon manat vəsait sərf olunmuşdur. Dəmir yolunda 14,6 kilometr yol əsaslı və orta təmir edilmiş, 8 ədəd elektrik və dizel lokolmotivləri, 155 ədəd sərnişin vaqonu, 2038 ədəd yük və çən vaqonu müxtəlif həcmli təmirdən keçirilərək istismara verilmişdir.

Respublikamızın ayrı-ayrı bölgələrinin yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi ilə bağlı Azərbaycan Prezidentinin imzaladığı çoxsaylı sərəncamların yerinə yetirilməsi istiqamətində ardıcıl tədbirlər görülmüşdür. Təkcə paytaxtın sərnişin avtobusları və taksi avtomobilləri parkının yeniləşməsi üzrə görülən işlərin şəbəkəsi dəfələrlə genişləndirilib, ilin əvvəlindən bəri istehsalçı şirkətlərlə müxtəlif müqavilələr imzalanıb. "London-taksi" şirkətinə məxsus 100 ədəd yeni taksi avtomobilləri gətirilərək paytaxtda istismara verilib və ilin sonuna qədər daha 900 taksi avtomobilinin gətiriləcəyi nəzərdə tutulub. Beynəlxalq və şəhərlərarası avtomobil sərnişin daşımalarının yaxşılaşdırılması, sərnişinlərə xidmət səviyyəsinin yüksəldilməsi məqsədilə bu il Xaçmaz və Tərtərdə yeni avtovağzallar tikilərək istismara verilmişdir.

Nəqliyyat sistemində texniki yeniləşmələrə üstünlük verilməsi, bu sahənin dünya standartlarına uyğun təkmilləşdirilməsi diqqət mərkəzindədir. Bu günlərdə Bakıda istifadəyə verilən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində görülən işlərin həcmi bir daha sübut etdi ki, ölkənin nəqliyyat infrastrukturunda yeniləşmə modelinə daha çox üstünlük verilir. Bu barədə Azərbaycan Prezidentinə məlumat verən nəqliyyat naziri Ziya Məmmədov bildirdi ki, yeni texnologiyaların tətbiqi nəqliyyat vasitələrindən istifadə edən insanların təhlükəsizliyinin təmin olunmasında, paytaxt yollarında hərəkətə nəzarətin təşkilində, tıxac probleminin aradan qaldırılmasında böyük əhəmiyyət kəsb edir. Məhz buna görə də 2008-ci ildə Bakıda nəqliyyat intellektual idarəetmə sisteminin tətbiqi ilə bağlı Koreya şirkəti ilə razılıq əldə olunmuş, yeni sistemin layihəsi hazırlanmış və icrasına başlanmışdır. 2009-cu ilin aprelindən başlayaraq Bakıda layihə çərçivəsində Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılıb. Artıq mərkəzdə nəzərdə tutulan işlərin böyük əksəriyyəti reallaşıb. Layihənin bütövlükdə icrasının bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulub.

Dünyada qəbul olunan belə yeniliklərin üstünlüklərindən danışan nazir qeyd etmişdir ki, yeni intellektual mərkəzin yaradılması nəqliyyat sisteminin işində çevik dəyişikliklər yaradacaq. 18 şəbəkə avadanlığı, ümumi sahəsi 120 kvadratmetr olan monitor vasitəsilə idarə ediləcək bu sistem ən çevik əməliyyatların həllinə imkan yaradır. Burada dünyada nəqliyyat əməliyyatlarının intellektual idarə edilməsi sistemində tətbiq olunan və 600 rəqəmsal görüntünü əks etdirən ən böyük monitor quraşdırılmışdır. Monitor vasitəsilə 150 yol kəsişməsində nəqliyyatın vəziyyəti, eləcə də 2 min avtobusun idarə edilməsi ilə bağlı məlumat əldə etmək mümkündür. Monitorda Abşeron yarımadasının rəqəmsal xəritəsini izləmək mümkün olacaq. Mərkəz cinayətkarlığın qarşısının alınmasında Daxili İşlər Nazirliyi ilə qarşılıqlı əməkdaşlıq şəraitində fəaliyyət göstərir. Nazirliyin 600 kamerasının qeydə aldığı görüntülərin də monitorinqi bu mərkəzdə aparılacaqdır.

Ölkə üzrə intellektual nəqliyyat sisteminin təşkili prosesi üç mərhələdən ibarət olacaqdır. Birinci mərhələdə Bakı şəhərinin əsas küçə və prospektləri əhatə olunur, bu prosesi ikinci mərhələdə 2200 kvadratmetr sahədə böyük Bakı və Abşeron ərazisinin, üçüncü mərhələdə isə respublikanın bütün bölgələrində yerləşən nəqliyyat infrastrukturu əhatə edəcəkdir. İntellektual nəqliyyat sisteminin əsas xüsusiyyətlərindən biri də müşahidə kameralarıdır. Yollardakı vəziyyətin müşahidəsi, hərəkət zamanı nasazlıq yaranan nəqliyyat vasitələrinin, baş vermiş qəza hallarının müəyyənləşdirilməsi, sıxlıq yaranan ərazilərdə monitorinqin aparılması üçün magistrallarda 60 kamera yerləşdirilmişdir. Yollarda vəziyyətin qrafik şəklində sürücülərə ötürülməsi üçün 48 elektron məlumat tablosu quraşdırılmışdır. İntellektual nəqliyyat sistemində avtobusların hərəkətlərinin eyni vaxtda izlənməsi və hansı məkanda olmasını müəyyən edən avadanlığın quraşdırılması da həyata keçirilib. Bütün bunlar bir daha sübut edir ki, nəqliyyat sektorunun dinamik inkişafı üçün hər cür potensial imkan yaradılmışdır. Azərbaycan Prezidenti cənab İlham Əliyevin dediyi kimi: "Neft sektorundan sonra nəqliyyat ölkə üçün mühüm sahədir və burada inkişaf perspektivləri çox gözəldir".

Ölkəmizdə istifadədə olan avtomobil yollarının yenidən qurulması və təmir olunması da bu sahədə aparılan çevik islahatlarla uzlaşdırılıb. İl ərzində avtomobil yollarının saxlanılmasına ayrılan vəsait xeyli artırılmış, 461,6 milyon manatlıq həcmi yerinə yetirilmişdir. Əgər görülən işləri konkret bölgə əsasında hesablasaq, məlum olar ki, 115,2 kilometrlik respublika əhəmiyyətli, 177,8 kilometr yerli əhəmiyyətli və 35,3 kilometr yol isə Bakı şəhərində təmir olunmuşdur. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə əlavə tədbirlər planına uyğun olaraq Heydər Əliyev Limanı - Mərdəkan dairəsi avtomobil yolunda işlər tamamlanmış, bu yolun üzərində 2 ədəd yol qovşağı, 1 ədəd yerüstü və 1 ədəd piyada keçidi istifadəyə verilmişdir. Mərdəkan dairəsi - Bilgəh-Sumqayıt yeni avtomobil yolunda tikinti işləri intensiv olaraq davam etdirilir.

Bu il Ziya Bünyadov prospektinin yenidən qurulmasına başlanmış, hazırda bu prospekt üzərində yerləşən 3-cü mikrorayon dairəsində, prospektin Əhməd Rəcəbli küçəsi, Böyük Şor dairəsi və Müzəffər Nərimanov küçəsi ilə kəsişmələrində dörd yeni yol ötürücüsü inşa olunmuşmövcud körpü əsaslı təmir edilmişdir. Qələbə meydanında inşa edilən müxtəlif səviyyəli tunel tipli yol qovşaqlarında tikinti işləri sürətlə davam etdirilir, həmçinin Böyük Şor yol qovşağında tamamlanma işləri başa çatmaq üzrədir.

Bakı şəhərində olan yollar, prospektlər və küçələr də daxil olmaqla avtomobil yolları və körpülərin saxlanılması, təmiri və tikintisi işlərinin yaxşılaşdırılması üçün yeni tədbirlər planı hazırlanır. "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" üzrə Tədbirlər Planında və "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda yol infrastrukturunun inkişafı üzrə müəyyən edilmiş tədbirlərin, o cümlədən Bakı şəhərində müxtəlif səviyyəli yol qovşaqlarının tikintisi, avtomobil yolları şəbəkəsinin təkmilləşdirilməsi və yenidən qurulması, qəsəbə və kənd əraziləri də daxil olmaqla yolların, prospektlərin və küçələrin asfaltlaşdırılması, ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının reabilitasiyası və yenidən qurulması üzrə Nəqliyyat Nazirliyinə həvalə olunmuş işlərin icrası davam etdirilir.

Ölkənin nəqliyyat-yol kompleksinin fəaliyyətinin səmərəliliyini artırmaq üçün beynəlxalq əməkdaşlığa da diqqət artırılmışdır. Beynəlxalq təşkilatların, xüsusən, nəqliyyat məsələlərinin daha geniş müzakirə olunduğu BMT-nin AvropaAsiya üzrə İqtisadi Komissiyalarının, Avropa İttifaqının, Avropa Nəqliyyat Nazirləri Konfransının, MDB-nin nəqliyyat təşkilatlarının, TRASEKA və SPEKA proqramlarının işində nümayəndələrimizin daimi iştirakı təmin olunmuşdur. Regional əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə nəqliyyat sahəsində bir sıra saziş layihələri işlənib hazırlanmışdır. Azərbaycan Respublikasının "Beynəlxalq Dəmir Yolu Daşımaları haqqında Konvensiya"ya (KOTİF) qoşulması və Beynəlxalq Dəmir Yolu Daşımaları üzrə Hökumətlərarası Təşkilata üzv olması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Beynəlxalq əhəmiyyətli nəqliyyat marşrutlarının genişlənməsi bir daha sübut edir ki, Azərbaycan dünya dövlətləri və təşkilatları ilə nəqliyyat əməkdaşlığını da işgüzar səviyyədə qura bilib. Dünya təcrübəsi sübut edir ki, nəqliyyat təhlukəsizliyinin etibarlılığının təmin olunduğu ölkələrdə xarici investorların ölkə iqtisadiyyatına cəlb olunmasına zəmanət və təminat yaranır. Bu gün Azərbaycan həm ölkə daxilində, həm də dünya dövlətlərinə çıxışda əsas nəqliyyat növlərinin sərbəst hərəkətini təmin edə bilib. Bununla bağlı əldə olunan uğurların miqyası ildən-ilə genişlənir. Ölkəmiz quru, hava, su, dəmir yolu vasitəsilə müxtəlif istiqamətlər üzrə dünyaya çıxışlara malikdir. Bu da ölkəmizdə mövcud olan enerji ixracı marşrutları ilə yanaşı, Azərbaycanın qeyd olunan vasitə ilə beynəlxalq iqtisadi əlaqələrinin güclənməsində, idxal-ixrac əməliyyatlarının genişlənməsində böyük rol oynayır. Onu da qeyd edək ki, ölkə daxilində nəqliyyat infrastrukturunun müasir dünya standartlarına uyğun qurulması, yenilərinin yaradılması potensial investorların Azərbaycana gəlişini xeyli yaxşılaşdırıb. Tarixi İpək yolunun bərpası isə bölgədə ölkənin ticarət iqtisadi əlaqələrinə güclü təkan verməklə bərabər, nəqliyyat əlaqələrinin inkişafında yeni mərhələ yaradır. Artıq ölkəmizdə hər cür tranzit daşımalara əlverişli şərait yaradılmış, nəqliyyat siyasətində ciddi təkmilləşmə işi aparılmışdır. Nəqliyyat-yol kompleksində mövcud olan inkişaf tempinin saxlanılması, ölkədə daha effektli nəqliyyat sisteminin yaradılması, irimiqyaslı layihələrin reallaşması üçün ardıcıl aparılır, çevik tədbirlər davam etdirilir.

 

 

Bəşir ŞƏRİFLİ

 

Azərbaycan.- 2011.- 7 oktyabr.- S.  4.