Azərbaycanın
energetika sistemi dünya standartları səviyyəsində
yenidən qurulur
"Bakıelektrikşəbəkə"
ASC paytaxtın və ətraf qəsəbələrin elektrik enerjisi ilə təchizatının
yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər görür
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və müasir mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən sosial-iqtisadi inkişaf strategiyası nəticəsində cəmiyyətin ümumi potensialının milli məqsədlər naminə səfərbər olunması inkişaf prosesində yüksək dinamizmi və məqsədyönlülüyü təmin etmişdir. Paytaxt və regionların davamlı inkişafı, sosial infrastrukturun yenidən qurulması, milli iqtisadiyyatın neft amilindən asılılığının qeyri-neft sektorunun tərəqqisi hesabına aradan qaldırılması üçün görülən kompleks tədbirlər bugünkü uğurlarmızı şərtləndirmişdir. Bütün sahələrdə olduğu kimi, ölkəmizin energetika sistemi də ötən müddətdə təsdiq olunmuş dövlət proqramları çərçivəsində həyata keçirilən tədbirlər nəticəsində daha da inkişaf etdirilərək dünya standartlarına uyğun səviyyədə yenidən qurulmaqdadır.
Bu sahənin inkişaf etdirilməsində ölkənin enerji sisteminin 10 illik dövr üçün inkişaf istiqamətlərini müəyyən edən "Azərbaycan Respublikasının yanacaq-enerji kompleksinin inkişafı (2005-2015-ci illər) üzrə Dövlət Proqramı" strateji bir sənəddir. Məhz həmin proqram çərçivəsində həyata keçirilən tədbirlər respublikanın yanacaq-enerji kompleksinin bütünlüklə, o cümlədən Bakı şəhəri üzrə elektrikpaylayıcı şəbəkənin dinamik inkişafının əsasını qoymuşdur.
Həmin Dövlət Proqramı çərçivəsində həyata keçirilən məqsədyönlü tədbirlər ölkədə makroiqtisadi sabitliyi təmin etmiş, iqtisadiyyatın dinamik inkişafına təkan vermiş, əhalinin həyat səviyyəsini xeyli yaxşılaşdırmışdır. Dövlət başçısı tərəfindən təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı", "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" və eləcə də iqtisadiyyatın inkişafı ilə bağlı qəbul edilmiş dövlət proqramları enerji sisteminin yenidən qurulması ilə bağlı həyata keçirilən tədbirlərin uğurla davam etdirilməsində çox mühüm stimul olmuşdur. Məhz həmin proqramların yerinə yetirilməsi bütün ölkədə olduğu kimi, paytaxtın və onun qəsəbələrinin sosial-iqtisadi infrastrukturunun inkişafına daha da təkan vermiş, xüsusən də yol təsərrüfatının və nəqliyyatın işinin yaxşılaşdırılmasına, elektrik enerjisi, qaz, istilik, su təchizatı və kanalizasiya xidmətlərinin yüksəlməsinə səbəb olmuşdur.
Qeyd olunan dövlət proqramlarının icrası ilə əlaqədar "Bakıelektrikşəbəkə" ASC tərəfindən paytaxt və ətraf qəsəbələrin fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, abonentlərə yüksək səviyyəli xidmət göstərilməsi, elektrik şəbəkəsinin dünya standartlarına uyğun yenidən qurulması istiqamətində genişmiqyaslı yenidənqurma işləri həyata keçirilir. İstehlakçıları fasiləsiz və keyfiyyətli elektrik enerjisi ilə təmin etməyi qarşısına məqsəd qoyan "Bakıelektrikşəbəkə" Səhmdar Cəmiyyəti elektrik enerjisinin təchizatı sahəsində ixtisaslaşmış, zəngin təcrübəyə malik müəssisə olmaqla uzun bir tarixi inkişaf yolu keçmişdir. Təəssüf hissi ilə qeyd olunmalıdır ki, müstəqilliyin əldə olunduğu ilk illərdə, o cümlədən şəbəkənin xarici sərmayədarın idarəçiliyinə verildiyi dövrlərdə paytaxtın paylayıcı şəbəkəsinin maddi-texniki bazasının yeniləşməsinə, şəbəkə infrastrukturunun yenidən qurulmasına və genişləndirilməsinə əsaslı vəsait qoyuluşlarının yatırılmaması Bakı şəhərinin elektrik şəbəkələrini ağır duruma gətirib çıxarmışdı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yaranmış vəziyyəti nəzərə alaraq şəbəkənin fəaliyyətini sağlamlaşdırmaq, istehlakçıların elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq və enerji haqlarının yığımında mövcud olan ağır vəziyyəti aradan qaldırmaq məqsədilə "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyətinin yenidən bərpa edilməsinə dair 10 avqust 2006-cı il tarixli sərəncam imzalamışdı.
Elektrik təchizatında yaranmış ağır böhranın aradan qaldırılmasına yönələn bu sərəncamdan irəli gələn vəzifələrin həlli məqsədilə ilk olaraq "Bakıelektrikşəbəkə" ASC tərəfindən İnvestisiya Proqramı hazırlanmışdır. Bununla da şəhərin enerjiyə olan tələbatının tam təmin olunması üçün bütövlükdə paytaxtın elektrik şəbəkələrinin yenidən qurulması, yeni güc mərkəzlərinin yaradılması, yeni texnologiyaların tətbiqi yolu ilə şəbəkələrin modernləşdirilməsi və xidmət personalının peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədilə ciddi kadr islahatlarının həyata keçirilməsi kimi irimiqyaslı tədbirləri əhatə edən işlərə başlanılmışdır.
İstehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchiz olunması Bakı şəhərində beynəlxalq standartlara uyğun dairəvi sxem üzrə elektrik şəbəkəsinin yaradılmasını zəruri edirdi ki, bu məqsədlə yeni 110 kV-luq yarımstansiyaların tikintisi İnvestisya Proqramında əsas prioritet olaraq nəzərdə tutulmuşdur. 110 kV-luq dairəvi elektrik sisteminin yaradılması isə Bakı şəhərinin elektrik təchizatının fasiləsizliyinə və perspektivdə elektrik enerjisinə olan tələbatın tam ödənilməsinə təminat verən bir elektrik sxemidir.
Bu məqsədlə təsdiq olunmuş İnvestisiya Proqramına uyğun olaraq "Müşfiq"-"Bayıl", "Xırdalan"-203 hava xətləri əsaslı təmir edilmiş, 110 kV-luq "Bayıl", 227, 203, 215 saylı yarımstansiyalar yenidən qurulmuş, dairəvi sistemə daxil olan müasir tipli 1103510 kV-luq 2x50 MVA gücündə "Liman" yarımstansiyası inşa edilmiş və hazırda 1103510 kV-luq 2x50 MVA gücündə "İçərişəhər", 110206 kV-luq 2x40 MVA gücündə "Yeni Bayıl" yarımstansiyalarının tikintisi isə başa çatdırılmaqdadır.
Bakı şəhərinin elektrik şəbəkəsinin müasir avadanlıq və yeni texnologiyanın tətbiqi ilə yenidən qurulmasını, şəhərsalmanın günbəgün geniş vüsət aldığı paytaxtda yeni güc mərkəzlərinin yaradılmasını nəzərdə tutan İnvestisiya Proqramı çərçivəsində həyata keçirilən tədbirlər ölkə başçısının gündəlik nəzarətində olmuş, dövlət əhəmiyyətli bu vəzifələrin uğurla həyata keçirilməsi və şəbəkənin maddi-texniki bazasının gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən daima dəstəklənmişdir.
Dövlət büdcəsindən ayrılmış vəsaitlər və Səhmdar Cəmiyyətin daxili maliyyə imkanları hesabına müasir tipli 14 ədəd 110 kV-luq və 29 ədəd 35 kV-luq yeni yarımstansiyalar tikilmiş, 128 ədəd yeni Transformator Məntəqəsi inşa edilmiş və 400 ədəd Transformator Məntəqəsi əsaslı təmir olunmuş, 2000 km-ə yaxın elektrik veriliş xətləri çəkilmişdir. Hazırda 5 ədəd 110 kV-luq və 16 ədəd 35 kV-luq yarımstansiyalarda işlər yekunlaşmaq üzrədir. Həyata keçirilən tədbirlər nəticəsində şəbəkənin güc qəbuletmə və paylama qabiliyyəti 2006-cı illə müqayisədə 70 faiz artmışdır.
Paylayıcı şəbəkə üzrə aparılan yenidənqurma işlərinin, xüsusən də 0,4 kV-luq elektrik şəbəkələrinin özünüdaşıyan izolyasiyalı naqillərlə qurulmasının, elektrik enerjisi uçotunun aparılmasında müasir texnologiyaların, yeni inşa edilmiş yarımstansiyaların məsafədən idarə olunması üçün "SCADA" sisteminin və yarımstansiyalarda müasir rele mühafizəsi və avtomatika qurğularının tətbiqinin nəticəsidir ki, "Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti bərpa edilənədək istehlakçıların enerji təchizatında uzunmüddətli fasilələrlə müşayiət olunan qəza açılmalarının sayı minimuma enmişdir. Uçot sisteminin təkmilləşdirilməsi istiqamətində görülən işlərin şəbəkə üzrə itkilərin səviyyəsinin azaldılmasında çox mühüm əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq "Azərenerji" ASC-dən alınan elektrik enerjisinin uçotunun dəqiq aparılması məqsədilə yarımstansiyalardakı alış nöqtələrində uzaqdan oxunan avtomatlaşdırılmış "Elster Metronika" ölçü sistemi quraşdırılmış və istehlakçıların istifadəsində olan köhnə elektrik sayğacları müasir tipli elektron sayğaclarla əvəz edilmişdir. Şəbəkədə aparılan əsaslı yenidənqurma işləri və uçot sisteminin müasir texnologiyalar əsasında təkmilləşdirilməsi nəticəsində enerji haqqının yığımında əsaslı dönüş yaranmış və hazırda səhmdar cəmiyyət üzrə bu göstərici 93 faizdən yuxarıdır.
Uçot sisteminin müasir texnologiyalar əsasında yenidən qurulması işləri bu gün də davam etdirilir. Hazırda Nəsimi rayonu ərazisində ən müasir uçot sistemi olan "sms smart" sayğaclarının quraşdırılması işləri müvəffəqiyyətlə aparılır. Həmin sayğacların üstünlüyü ondan ibarətdir ki, bu ölçü cihazları vasitəsilə hər bir istehlakçı istifadə etdiyi elektrik enerjisinin sərfiyyatına şəxsən özü nəzarət edir, kommunal xidmətlə bağlı aylıq ailə büdcəsini əvvəlcədən planlaşdıra bilir və ən əsası isə bu sayğacların tətbiqi ilə kənar müdaxilə hallarının qarşısı demək olar ki, tam alınır.
"Bakıelekrtikşəbəkə" ASC-də "199 Qəza Xidməti" və "Qaynar xətt" fəaliyyət göstərir ki, bu xidmətlər vasitəsilə istehlakçılar 24 saat ərzində onları maraqlandıran suallara cavab ala bilirlər. Göstərilən xidmətin operativ icrası üçün həmin xidmətlər zəruri texniki və rabitə avadanlıqları, müasir texnoloji vasitələrlə təchiz edilmiş, əməkdaşları xüsusi treyninqlərdən keçmiş mütəxəssislərdən ibarətdir. Operativ xidmətlərin təşkili və bütün informasiyaların mərkəzləşdirilməsi məlumatların struktur bölmələr üzrə operativ çatdırılmasına imkan yaradır ki, bu da öz növbəsində şəbəkənin normal iş rejimində saxlanılmasına və nəticədə abonentlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunmasına imkan yaradır.
"Dövlət orqanlarının elektron xidmətlər göstərilməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli fərmanının icrası ilə əlaqədar olaraq "Bakıelektrikşəbəkə" ASC-nin rəsmi internet saytında abonentlərə göstərilməsi nəzərdə tutulan xidmətlərin növləri, habelə müəssisənin struktur rəhbərlərinin "əlaqə telefonları", "elektron müraciət", "Qaynar xətt", "qəbul günləri", "enerji haqqının elektron ödənişi", "borcun öyrənilməsi" və s. başlıqlı səhifələr fəaliyyətdədir. Həmin səhifələrə daxil olan abonentlərin müraciətləri ətraflı araşdırılaraq ən qısa müddətdə cavablandırılır. Göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə yaxın günlərdə şəbəkəyə qoşulma, sayğac dəyişmə, texniki şərtin alınması, borcun araşdırılması və s. məsələlər üzrə abonentlərə elektron xidmətlərin göstərilməsinin həyata keçirilməsi nəzərdə tutulur.
"Bakıelektrikşəbəkə" ASC-nin fəaliyyəti bərpa edildikdən sonra Bakı şəhərini əhatə edən inzibati rayonlar üzrə enerji haqlarının əməkdaşlar tərəfindən yığılması dayandırılmış və enerji haqqının yığımının təşkilində yubanma hallarını aradan qaldırmaq məqsədilə müştəri xidmətləri məntəqələri istifadəyə verilmişdir. Həftənin bütün günləri fəaliyyət göstərən bu ödəniş məntəqələri abonentlərin vahid zaman ərzində (online) ödəniş aparması üçün bütün lazımi kompyuter avadanlıqları ilə təchiz edilmişlər.
Elektrikpaylayıcı şəbəkənin yenidən qurulması istiqamətində həyata keçirilən texniki tədbirlərlə yanaşı, müasir texnoloji avadanlıqları idarə etməyə qadir kadrların hazırlanması, habelə işçi heyət üçün lazımi sosial və əmək şəraitinin günün tələbləri səviyyəsində təşkil edilməsi də səhmdar cəmiyyətin rəhbərliyinin daimi diqqət mərkəzində olan vacib məsələlərdəndir. Kadrların cəlb edilməsi məqsədilə səhmdar cəmiyyətdə CV-bank formalaşdırılmışdır. İlkin müsabiqə nəticəsində ixtisası uyğun gələn və biliyi qənaətbəxş hesab olunan, lakin təcrübəsi kifayət qədər olmayan namizədlər cəmiyyətin tədris mərkəzində bir aylıq kurslara cəlb olunur, kurs bitdikdən sonra isə işə qəbul komissiyası tərəfindən bilikləri yoxlanılır və müvəffəqiyyət qazanan namizədlər cəmiyyətdə işlə təmin olunurlar. Şəbəkədə çalışan işçilərin bilik və peşəkarlıq səviyyəsini artırmaq məqsədilə tədris mərkəzində mütəmadi olaraq davamlı ixtisasartırma kursları təşkil olunur, tədris prosesinə müəssisədə çalışan yüksək biliyə və təcrübəyə malik ixtisaslı mütəxəssislər, həmçinin Neft Akademiyasının, Texniki Universitetin, Bakı Neft-Energetika Kollecinin professor-müəllim heyəti, elektrik avadanlıqları istehsal edən Fransanın "Şneyder Elektrik" və Almaniyanın "Siemens" şirkətlərinin Bakı nümayəndəliklərinin mütəxəssisləri cəlb edilirlər. Yaxın günlərdə ABB, "Siemens", "Şneyder Elektrik", "Tyco" kimi elektrik avadanlıqlarının istehsalı üzrə dünyanın qabaqcıl istehsalçı şirkətlərinin ən son texnologiyaları ilə təchiz olunmuş tədris mərkəzinin açılışı gözlənilir ki, yüksəktəminatlı tədris üçün baza olacaq bu mərkəzin imkanlarından səhmdar cəmiyyətin əməkdaşları ilə yanaşı, respublikanın elektroenergetika sahəsində çalışan bütün mütəxəssisləri yararlana biləcəklər.
Bundan əlavə, ali və orta ixtisaslı kadrların hazırlanması, işçilərin peşəkarlıq səviyyələrinin yüksəldilməsi, elektroenergetika sahəsində beynəlxalq standartların tətbiqi məqsədilə Azərbaycan Dövlət Neft Akademiyası və texniki ixtisaslı mütəxəssislər yetişdirən digər tədris müəssisələri ilə işgüzar əməkdaşlıq əlaqələri qurulmuşdur. Bunların sırasında təqdirəlayiq yeri Azərbaycan Dövlət Neft Akademiyasının müvafiq kafedraları, xüsusən də Elektrik şəbəkələri və sistemləri kafedrası ilə yaradılmış işgüzar münasibətlər tutur. Tələbələrin tədris şəraitini yaxşılaşdırmaq, nəzəri biliklərə və praktik vərdişlərə müasir avadanlıqlardan istifadə etməklə yiyələnməsini təmin etmək üçün səhmdar cəmiyyət tərəfindən kafedranın maddi-texniki bazası möhkəmləndirilmiş, laboratoriyaları, mühazirə zalı, tədris otaqları 2010-cu ilin İnvestisiya Proqramına əsasən təmir edilərək müasir elektrik avadanlıqları ilə təchiz edilmişdir.
Elektroenergetika sahəsində dünyanın aparıcı dövlətlərinin və şirkətlərinin təcrübəsini öyrənmək, əməkdaşlıq etmək və bu istiqamətdə kadr hazırlığının həyata keçirilməsini təmin etmək məqsədilə xarici ölkələrdə keçirilən müxtəlif treyninqlərə mütəmadi olaraq səhmdar cəmiyyət tərəfindən perspektivli əməkdaşlar göndərilir.
İnsan amili iqtisadiyyatın bütün sahələrində olduğu kimi, elektroenergetika sahəsində də aparılan islahatların mərkəzində durur. Məhz bu səbəbdən əməkdaşların iş şəraitinin yaxşılaşdırılması səhmdar cəmiyyətin fəaliyyəti dövründə rəhbərliyin daim diqqət mərkəzində olmuş və bu istiqamətdə tədbirlər ardıcıl olaraq davam etdirilməkdədir. Belə ki, əvvəllər ərazilərdə yalnız iki inzibati binası olan şəbəkədə bu gün Səbail, Yasamal, Binəqədi, Nəsimi, Nizami və Nərimanov rayonlarının Enerji Təchizatı və Satışı idarələri üçün yeni inzibati binalar, habelə Zirə, Binə, Keşlə, Zabrat, Buzovna və Pirallahı qəsəbələrində xidmət məntəqələri inşa edilmişdir. "Bakıelektrikşəbəkə" ASC-nin mərkəzi idarəetmə aparatı şəhərin memarlıq üslubuna uyğun inşa edilmiş və mərkəzi elektron idarəetmə sistemi ilə təchiz olunmuş yeni binaya köçürülmüşdür.
Ehtiyat hissələrinin və mal-materialların saxlanması üçün müasir tipli anbar, habelə elektrik sayğaclarının test və təmiri üçün ən mütərəqqi texnologiyalarla təchiz edilmiş bina inşa edilmiş, maşın və mexanizmlər yeniləri ilə əvəz olunmuşdur.
Bağlanmış kollektiv müqavilənin tələblərinə uyğun olaraq səhmdar cəmiyyət üzrə kompleks sosial proqramlar həyata keçirilir ki, həmin proqramlara əsasən əməkdaşların sosial məsələlərinin həll olunması məqsədilə daimi fəaliyyət göstərən Sosial Komissiya yaradılmışdır. Komissiyada əməkdaşların qarşılaşdığı sosial xarakterli məsələlərə baxılır, yeni ailə quranlara və ehtiyacı olan əməkdaşlara maddi yardımlar göstərilir, bayram, yubiley tədbirləri təşkil edilir, habelə ailə üzvlərini itirmiş əməkdaşlara maddi kömək göstərilir. Gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması üçün maddi yardım göstərilməsindən ötrü rəhbərlik və həmkarlar ittifaqı komitəsi qarşısında məsələlər qaldırılır, müharibə və əmək veteranlarının mükafatlandırılması ilə əlaqədar tədbirlər həyata keçirilir. Yay mövsümündə işdə fərqlənmiş əməkdaşların istirahətlərinin daha səmərəli təminatı üçün respublikanın səfalı guşələrinə səyahətlər təşkil olunur, müxtəlif idman növləri üzrə yarışlar keçirilir. Səhmdar cəmiyyətdə əməkdaşlar üçün günün tələbləri səviyyəsində ictimai-iaşə xidməti təşkil olunmuş və işçilərin maddi cəhətdən dəstəklənməsi məqsədilə bu xidmət üzrə ödənişlərdə 50 faiz güzəşt tətbiq edilir.
Son beş ildə Bakı şəhəri üzrə paylayıcı elektrik şəbəkələrin beynəlxalq standartlara uyğun yenidən qurulması istiqamətində "Bakıelektrikşəbəkə" ASC tərəfindən həyata keçirilən genişmiqyaslı işlər istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təchizatında müsbət nəticələrə gətirib çıxarmışdır. Bu istiqamətdə işlərin davam etdirilməsi daha böyük uğurların əldə ediləcəyinə əminlik yaradır.
E.HACIALIYEV
Azərbaycan.- 2011.- 7 oktyabr.- S. 5.