Koreyalılarla görüş keçirilmişdir

 

Koreya Milli Tədqiqatlar Fondunun (KMTF) beynəlxalq əlaqələr şöbəsinin rəhbəri İnho Kim və həmin şöbənin Amerika-Avropa Əməkdaşlıq Mərkəzinin rəhbəri Von-Keun Çoi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) olmuşlar.

Əvvəlcə AMEA ilə əməkdaşlıq məsələlərini müzakirə etmək məqsədilə AMEA-nın birinci vitse-prezidenti, akademik Arif Həşimovla keçirilmiş görüşdə Azərbaycanda aparılan elmi- tədqiqat istiqamətləri, informasiya-kommunikasiya texnologiyaları sahəsində dövlət proqramları, AMEA-nın strukturu, beynəlxalq əlaqələri barədə qonaqlara ətraflı məlumat verilmiş, Koreya ilə əməkdaşlıq perspektivləriylə bağlı müzakirə aparılmışdır.

İnho Kim KMTF fəaliyyəti haqqında akademikə geniş məlumat vermişdir. Tədbirdə həmçinin "Anlaşma Memorandumu"nun ilkin müzakirələri və şərtləri haqqında əhəmiyyətli fikir mübadiləsi aparılmışdır.

Koreyalı nümayəndələr İTİ-nin Tədris-İnnovasiya və Distant Tədris mərkəzləri, AzScienceNet-in monitorinq və təhlükəsizlik xidmətində olmuşlar. İnstitutun fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat verən AMEA-nın müxbir üzvü Rasim Əliquliyev müxtəlif xarici universitet və elmi-tədqiqat institutları ilə əməkdaşlıq əlaqələrindən, həyata keçirilən birgə layihələrdən  söhbət açmışdır.

Qonaqlar institutda aparılan elmi tədqiqatları, həyata keçirilən innovativ layihələri, texniki və təşkilati tədbirləri yüksək qiymətləndirmişlər, Azərbaycanda İKT-nin inkişafı istiqamətində görülən işləri təqdirəlayiq hal hesab etmişlər.

 

 

Azərbaycan.- 2011.- 7 oktyabr.- S.  6.