Azərbaycan alimlərinin məruzələri maraqla qarşılanmışdır

 

"INFOCOM-2011" - informasiya-kommunikasiya texnologiyaları (İKT) həftəsi Özbəkistanda 2004-cü ildən etibarən keçirilir. Bu həftə çərçivəsində Milli İKT sammiti, ICTExpo 2011 Milli informasiya texnologiyaları sərgisi, həmçinin bir sıra elmi-praktiki konfranslar təşkil olunuur. Budəfəki həftə də Daşkənddə baş tutmuşdur. Beynəlxalq tədbirdə Azərbaycanı Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutunun şöbə müdiri, iqtisad elmləri üzrə fəlsəfə doktoru Əlövsət Əliyev və şöbə müdiri Gülnarə Nəbibəyova təmsil etmişlər.

Ə.Əliyev tədbirin əhəmiyyətini xüsusi qeyd edərək bildirmişdir ki, informasiya texnologiyalarının innovativ inkişafına dair yeni ideyaların meydana gəlməsi, bu sahədə mövcud problemlərin həlli yollarının birgə araşdırılması, bilik və təcrübə mübadiləsinin aparılması, yeni əməkdaşlıq əlaqələrinin qurulmasında bu cür tədbirlər mühüm rol oynayır.

İnstitutdan aldığımız məlumata əsasən, konfransda Ə.Əliyev "İnformasiya iqtisadiyyatının formalaşması şəraitində elektron kommersiya sistemlərinin tətbiqinin inkişaf perspektivləri" mövzusunda məruzə söyləmişdir.

İKT sammiti, ICTExpo 2011 Milli informasiya texnologiyaları sərgisinin də İKT həftəsinin aparıcı tədbirlərindən olduğunu bildirən G.Nəbibəyova IX Milli İKT sammitində MDB və digər xarici ölkələrdən 500-dən artıq nümayəndənin iştirak etdiyini bildirmişdir.

Tədbirdə G.Nəbibəyovanın da məruzəsi maraqla dinlənilmişdir. Budəfəki konfransda Azərbaycan alimlərinin məruzələri maraqla qarşılanmışdır.

 

 

Azərbaycan.- 2011.- 7 oktyabr.- S.  6.