AŞ PA-nın
payız sessiyasında azərbaycanlı deputatlar
Ermənistanın ünvanına sərt ittihamlar
səsləndirmişlər
Oktyabrın 5-də öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Ermənistanda demokratik təsisatların fəaliyyəti ilə bağlı müzakirə keçirilmişdir. Ermənistan üzrə həmməruzəçilər Con Preskottun (Böyük Britaniya) və Aksel E.Fişerin (Almaniya) hazırladıqları məruzə səthi xarakter daşımışdır. Onlar əsasən prezident seçkilərinə etiraz əlaməti olaraq 2008-ci ilin martında Yerevanda keçirilmiş dinc nümayişə qarşı iqtidarın silah işlətməsi zamanı həlak olmuş 10 nəfərin qətlində əli olanların indiyədək cəzasız qalmasını, məhkəmə sistemində islahatlar aparılmamasını, korrupsiya hallarının mövcudluğunu Ermənistana irad tutmuşlar. Aksel E.Fişer Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin onların işi olmadığını, yalnız Ermənistanın Avropa Şurasına üzv olarkən götürdüyü öhdəliyin yerinə yetirilməsinin vəziyyətini araşdırdıqlarını bəyan etmişdir.
Məruzə ətrafında Böyük Britaniyadan, Niderlanddan, Fransadan, Litvadan və İsveçdən olan deputatların çıxışları da ötəri olmuşdur.
Ölkəmizə qarşı həmişə qərəzli çıxışları ilə tanınmış Ermənistan deputatı Armen Rustamyan yenə də ənənəsinə sadiq qalaraq azərbaycanlı deputatları kəskin çıxışlarına görə ittiham etməyə səy göstərmişdir.
Müzakirələrdə Azərbaycan nümayəndə heyətinin üzvləri Aydın Abbasov, Rövşən Rzayev, Qənirə Paşayeva, Rafael Hüseynov, Fəzail İbrahimli və Sevinc Fətəliyeva Ermənistanın ünvanına sərt ittihamlar səsləndirmişlər. Onlar bildirmişlər ki, etnik təmizləmə siyasəti aparan Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, silah gücünə doğma torpaqlarından zorla çıxardıqları bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün həyatı ilə üzləşmişdir. BMT, Avropa Şurası, ATƏT və digər nüfuzlu beynəlxalq təşkilatlar Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz bir hissəsi olduğunu dəfələrlə bildirmələrinə və erməni hərbçilərinin işğal etdikləri əraziləri tərk etmələrini tələb etsələr də, riyakar erməni rəsmiləri buna qarşı nəinki saymazlıq göstərir, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu həllinə yönəlmiş danışıqlardan belə boyun qaçırırlar. Məruzədə Ermənistanda islahatların getdiyi qeyd olunmuşdur. Erməni xalqı bu islahatlara necə inana bilər ki, hakimiyyət xalqı qarşısında öz legitimliyini artıq itirmişdir.
Ermənistan Avropa Şurasında özbaşınalıq edirsə, Parlament Assambleyasının qəbul etdiyi qərarlara hörmətsiz yanaşırsa, təsəvvür edin ki, ölkənin daxilində vəziyyət necədir.
Ermənistanın Azərbaycana qarşı apardığı təcavüzün ağır nəticələri barədə assambleyada dəfələrlə danışılmış, onlarca sənəd hazırlanmışdır. Dağlıq Qarabağ və Azərbaycanın daha 7 rayonunun Ermənistan tərəfindən işğalı ilə əlaqədar assambleyanın 1416 saylı qətnaməsi təəssüf ki, icra edilmədən qalır. Assambleya bürosunun qərarı ilə həmin qətnamənin icrasına nəzarət üçün yaradılmış alt komitənin fəaliyyətini Ermənistan tərəfi nümayişkaranə şəkildə pozur və cəzasız qalır. Assambleyanın qərarlarına belə etinasızlıq göstərən istənilən üzv dövlətə isə yəqin ki, yanaşma yetərincə kəskin olardı. Ermənistana münasibətdə bu anlaşılmaz lütfkarlığın və mülayimliyin səbəbi nədir?
Ermənistan hakimiyyəti əslində daimi ərazi iddiaları və müxtəlif təxribatlarla narahat etdiyi qonşularından daha qəddar münasibəti öz vətəndaşlarına bəsləyir. Ermənistan hakimiyyəti öz xalqının gələcəyini məhv etməklə məşğuldur və bu sahədə artıq ciddi nəticələr mövcuddur. Ermənistan hakimiyyətinin apardığı antidemoktarik siyasətin, işsizliyin, kasıblığın, çətin həyat şəraitinin ucbatından ölkədən vətəndaşların xaricə axını gündən-günə sürətlənir. Ölkədə 4 milyondan çox əhalidən indi 1 milyondan bir qədər artıq insan qalmışdır.
Öz vətəndaşlarını elementar insani hüquqlardan, normal yaşama şəraitindən, sərbəst özünüifadə imkanlarından məhrum etmiş Ermənistanın Azərbaycana və digər qonşulara bədxah münasibəti təəccüblü deyildir. Təəccüblü olan Ermənistandakı real faciəvi vəziyyəti burada olduğu kimi təsvir etməmək, hətta malalamaq cəhdləridir. Ermənistan guya suveren dövlətdir. Amma bu yaxınlarda həmin ölkədə müstəqilliyin ildönümünə həsr edilmiş hərbi parad başqa dövlətin bayrağı altında keçirilirdi. Öz dövlət iradəsi olmayan, kənardan idarə edilən, müəyyən mənada icarəyə verilmiş bir ölkə olan Ermənistanın və erməni xalqının gələcək taleyi narahatedicidir.
Həmməruzəçi Con Preskott yekun nitqində sanki Ermənistan üzrə həmməruzəçi olduğunu unudaraq Azərbaycanı hədəfə götürmüş, əsası olmayan tənqidi fikirlər səsləndirmişdir.
Deputat Rafael Hüseynov dərhal onun qərəzli, qeyri-obyektiv fikirlərinə qarşı sərt etiraz etmişdir. R.Hüseynov həmməruzəçini kəskin şəkildə ittiham edərək demişdir: Siz Ermənistan üzrə məruzəçisiniz. Amma məruzəçi kimi deyil, Ermənistan nümayəndə heyətinin bir üzvü kimi ədalətsiz çıxış edirsiniz.
Sonda müzakirə olunan məsələ ilə bağlı qətnamə qəbul edilmişdir.
Hər dəfə olduğu
kimi, yenə də Ermənistanla
bağlı məsələnin müzakirəsi bilərəkdən günün sonuna salındığından deputatların əksəriyyəti
müzakirələrdə iştirak etməmişdir.
Azərbaycan.- 2011.-7 oktyabr.- S. 6.