Azyaşlı azərbaycanlı qızın qətlə yetirilməsini pisləyən sənəd qəbul edilmişdir
Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞ PA) nümayəndə heyətinin üzvü Qənirə Paşayeva azyaşlı azərbaycanlı qızın ermənilər tərəfindən qətlə yetirilməsini pisləyən ikinci sənəd hazırlamışdır. Bəyanata AŞ PA-da təmsil olunan müxtəlif ölkələrin deputatları da imza atmışlar. Sənəd qurumun yazılı bəyanatı kimi qəbul olunaraq yayılmışdır.
Bəyanatda deyilir: "Ermənistan silahlı qüvvələri 2011-ci il martın 8-də Azərbaycanın işğal olunmuş torpaqlarındakı mövqelərindən snayperlə hədəfə alaraq doqquz yaşlı azərbaycanlı oğlan Fariz Bədəlovu qətlə yetirdikdən sonra bu ilin iyulunda yenə də bir uşağın həyatına son qoymuşlar. Azərbaycanın Tovuz rayonunun Ermənistan ilə həmsərhəd olan Əlibəyli kəndində 13 yaşlı azərbaycanlı qız - Aygün Şahmalıyeva Ermənistanın qeyri-humanist və mənəviyyata zidd siyasətinin növbəti qurbanı olmuşdur. Ermənistan tərəfi partladıcı qurğu quraşdırdığı "oyuncağı" bilərəkdən kəndə axan çaya buraxmışdır. Bu "oyuncağı" tapan Aygün onu evə gətirmişdir. "Oyuncağın" partlaması nəticəsində günahsız bir uşaq faciəli surətdə həlak olmuşdur. Uşaqların bu cür qətlə yetirilməsi əsl insanlıq faciəsidir".
Sənəddə vurğulanır ki, hər bir uşaq sülh şəraitində böyüməli və təhsil almalıdır. Amma 13 yaşlı Aygün Şahmalıyeva Ermənistanın təcavüzü nəticəsində bu hüquqlarından məhrum olmuşdur. Bu faciə bəzi beynəlxalq təşkilatlar, o cümlədən YUNİSEF tərəfindən pislənmişdir.
Bəyanatın sonunda deyilir: "Hər bir uşağın qətlə yetirilməsinin böyük faciə olduğunu nəzərə alaraq AŞ PA Ermənistan tərəfindən 13 yaşlı Aygün Şahmalıyevanın faciəli şəkildə qətlə yetirilməsini kəskin pisləyir və bu hadisədən dərin kədər hissi keçirdiyini bəyan edir".
Əsgər ƏLİYEV,
AzərTAc-ın
xüsusi müxbiri
Strasburq
Azərbaycan.- 2011.- 7 oktyabr.- S. 6.