Sumqayıtda Azərbaycanın sığorta-pensiya sisteminin inkişafı ilə bağlı «dəyirmi masa» keçirilib

 

Sumqayıtda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunmuş "Müstəqil Azərbaycanın sığorta-pensiya sistemi: inkişaf tarixi" mövzusunda "dəyirmi masa" keçirilib. Dövlət Sosial Müdafiə Fondunun (DSMF) İctimaiyyətlə əlaqələr bölməsindən verilən məlumata görə, tədbirdə çıxış edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov xatırladıb ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti müstəqillik haqqında Konstitusiya Aktı qəbul edərək Azərbaycanın müstəqil dövlət olduğunu bütün dünyaya bəyan edib. Onun sözlərinə görə, dövlət müstəqilliyinin ilk illərində Azərbaycan cox çətin sınaqlarla üzləşib, yalnız ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə müstəqil dövlətçiliyimiz məhv olmaq təhlükəsindən xilas olub. Eldar Əzizov müstəqillik dövründə sığorta-pensiya sistemində keçirilən islahatların əhalinin etibarlı sosial müdafiəsinə imkan yaratdığını, əmək pensiyalarının dəfələrlə artırıldığını vurğulayıb.

"Dəyirmi masa"da iştirak edən DSMF sədri Səlim Müslümov ölkəmizin sığorta-pensiya sisteminin tarixi barədə məlumat verib. Bildirib ki, Azərbaycan dövlətləri və xanlıqlarında 1813-cü ilə qədər sosial müdafiə sistemi olmayıb. O dövrlərdə Azərbaycanda bütün ictimai münasibətlər əsasən sosial müdafiə cəhətlərinə söykənən şəriət qanunları ilə nizamlanıb. Çar Rusiyası dövründə isə yalnız XX əsrin əvvəllərində sığorta münasibətlərini tənzimləyən bir neçə normativ akt qəbul edilmişdi.

Azərbaycan Xalq Cümhuriyyətinin pensiya sistemi haqqında danışan Səlim Müslümovun sözlərinə görə, AXC hökuməti pensiya məsələləri üzrə iki əsas qərar qəbul edib. Bunlar "Pensiya haqqında qanun layihəsinin tərtib olunması üçün komissiya yaradılması haqqında" və "Pensiya nizamnaməsinin hazırlanması üzrə komissiyanın yaradılması haqqında" qərarlar olub. Birinci qərarla pensiya qanunvericiliyinin layihəsinin hazırlanması, ikinci qərarla mülki və hərbi idarələrin pensiya nizamnamələrinin razılaşdırılması üçün komissiyanın yaradılması nəzərdə tutulub.

SSRİ dövründə Azərbaycanın pensiya sistemi ümumittifaq qanunvericiliyi çərçivəsində inkişaf edib. Sovet pensiya təminatı sistemi "haqq ödəmədən sığorta" prinsipi ilə qurulmuşdu. Zəruri maliyyə vəsaitləri yalnız dövlət büdcəsi və ya müəssisələrin ödənişlərindən götürülürdü.

Səlim Müslümov nəzərə çatdırıb ki, 1991-ci ildə Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra SSRİ Pensiya Fondunun Azərbaycan şöbəsi Azərbaycan Respublikasının Pensiya Fonduna çevrilib. Sonralar həmin fondun və Azərbaycan Respublikasının Sosial Sığorta Fondunun bazasında indiki Dövlət Sosial Müdafiə Fondu yaradılıb.

DSMF sədri qeyd edib ki, ulu öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışından sonra vətəndaşların pensiya təminatının yaxşılaşdırılması istiqamətində ciddi addımlar atılıb, həm əhaliyə pensiya və müavinətlərin ödənilməsi, həm də digər sosial ödənişlər üzrə xərclərin artımı müşahidə olunub, bu sahədə köklü dəyişikliklər baş verib. Ölkəmizdə əhalinin sosial müdafiəsi sistemində köklü dəyişikliklərin başlanğıcı isə Azərbaycan Prezidentinin 17 iyul 2001-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası"nın (2001-2005-ci illər) reallaşdırılması ilə qoyulub. İslahat tədbirləri çərçivəsində fərdi uçotuninformasiya texnologiyalarının bütün ölkə ərazisində tam tətbiqi üçün hazırlıq işləri 2005-ci ildə başa çatdırılıb, bununla da ölkədə yeni pensiya sisteminin işləməsi üçün zəruri infrastruktur hazırlanıb. İslahatların mühüm həlqəsi kimi 2004-cü ildən etibarən pensiya və müavinətlərin əhaliyə çatdırılmasında müasir texnologiyaların tətbiqinə başlanılıb.

Ölkədə həyata keçirilən islahatların uğurla davam etdirilməsi nəticəsində 1 yanvar 2006-cı il tarixdən sığorta-pensiya sistemi ilə dövlət sosial yardım sistemlərinin bir-birindən ayrılması və beynəlxalq standartlar əsasında fəaliyyət göstərməsi təmin edilib. 2006-cı il yanvarın 1-dən tətbiq edilən sığorta-pensiya sistemi əmək pensiyalarının baza hissəsinin istehlak qiymətləri indeksi nəzərə alınmaqla bütün pensiyaçılar üzrə bərabər məbləğdə artırılmasını, sığorta hissəsinin isə indeksləşdirilməsini nəzərdə tutur ki, bu da bazar iqtisadiyyatı mühitində vətəndaşların pensiya təminatı hüququnun etibarlı müdafiəsini ifadə edir. Yeni sistem fəaliyyətə başladığı dövrdən əmək pensiyalarının minimum məbləği 3,4 dəfə, orta aylıq məbləği isə 4,6 dəfə artıb.

Səlim Müslümov vurğulayıb ki, yeni sığorta-pensiya sisteminin fəaliyyəti dövründə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulub, vətəndaşların pensiya hüquqlarının fərdi uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilib. Bu məqsədlə 1 milyon 930 mindən çox  sığortaolunana sosial sığorta nömrəsi verilib, onlar üçün fərdi hesab açılıb. Hazırda yeni sığorta-pensiya sisteminin dayanıqlı və dinamik inkişafına nail olunması, bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi tədbirləri Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində davam etdirilir.

Tədbirdə Milli Məclisin deputatları Musa Qasımlı, Leyla Abdullayeva və başqaları çıxış ediblər.

 

 

R.CƏFƏRLİ

 

Azərbaycan.- 2011.- 7 oktyabr.- S.  7.