Bakıda müstəqilliyin bərpasının 20-ci ildönümünə həsr olunan beynəlxalq konfrans keçirilir

 

Dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü ilə bağlı Əmlak Məsələləri Dövlət Komitəsi "Müasir əmlak idarəçiliyində daşınmaz əmlakın vahid kadastrının və milli məkan məlumatları infrastrukturunun rolu" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirir.

Xarici ölkələrdən gələn 90-a yaxın nümayəndənin iştirakı ilə keçirilən konfransın məqsədi bu sahədə Avropa və qabaqcıl dünya təcrübəsinin öyrənilməsi və səmərəli tətbiqi yollarının müzakirəsidir. İşini bu gün yekunlaşdıracaq konfransda daşınmaz əmlakın vahid kadastrı və milli məkan məlumatları infrastrukturuna dair beynəlxalq təcrübə, institusional və qanunvericilik aspektləri, sözügedən sahədə inkişafa dair konsepsiya təklifləri, ölkəmizin bu istiqamətdə regionda aparıcı mövqeyinin qərarlaşması məsələləri müzakirə olunur.

Konfransı giriş sözü ilə açan Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirdi ki, Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan dövlət quruculuğu prosesinin tərkib hissəsi kimi ictimai münasibətlərin əsasını təşkil edən mülkiyyət münasibətləri bazar iqtisadiyyatı prinsipləri istiqamətlərində inkişaf etmişdir. Müstəqillik illərində həyata keçirilən sosial-iqtisadi islahatların nəticəsi olaraq Azərbaycanda əmlak münasibətlərində ciddi dəyişikliklər baş vermiş, əmlak üzərində xüsusi mülkiyyət ənənəsi bərpa olunmuş, dövlət proqramları əsasında aparılan genişmiqyaslı özəlləşdirmə əmlaka sahibliyin yeni strukturunun formalaşması ilə nəticələnmişdir. Bu siyasi kursun uğurlu davamçısı Prezident İlham Əliyevin bilavasitə təşəbbüsü və rəhbərliyi altında sosial-iqtisadi münasibətlərin bütün sahələrində olduğu kimi, əmlak idarəçiliyində də əhəmiyyətli institusional və qanunvericilik islahatları aparılmışdır. Əsas hədəf kimi vətəndaşların, əmlak sahiblərinin hüquqlarının təmin edilməsi sahəsində köklü addımlar atılmışdır. Bütün bu ardıcıl tədbirlər ölkədə sürətli iqtisadi inkişafın təmin edilməsində əmlak münasibətlərinin, əmlak bazarının aktivliyinin və bununla bağlı investisiya proseslərinin rolunu daha da artırmışdır.

Konfransda çıxış edən Prezident Administrasiyasının şöbə müdiri Mail Rəhimov, Milli Məclisin komitə sədri Ziyad Səmədzadə tədbirin əhəmiyyətindən, 20 ildə ölkə iqtisadiyyatının keçdiyi yoldan və bu sahədə qazanılan uğurlardan danışdılar. Eyni zamanda bildirildi ki, Əmlak Məsələləri Dövlət Komitəsi milli məkan məlumatlarının mühüm tərkib hissəsini təşkil edən daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının, ünvan reyestrinin tərtibi və aparılması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Səmərəliliyin daha da artırılması məqsədilə bu sahədə beynəlxalq təşkilatlar və xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri qurulur, beynəlxalq təcrübələr öyrənilir, informasiya mübadilələri aparılır.

Konfransın sonunda tədbirin gedişi zamanı toxunulan mövzulara dair beynəlxalq və xarici ölkələrin təcrübələrinin təhlili əsasında Azərbaycan üçün məqbul ola bilən inkişaf konsepsiyası üzrə təkliflər hazırlanacaq.

 

 

Rüstəm KAMAL

 

Azərbaycan.- 2011.- 7 oktyabr.- S.  7.