Azərbaycan Həmkarlar
İttifaqları Konfederasiyası 2010-2011-ci dərs ilinin nəticələrinə görə fərqlənmiş
tələbələri mükafatlandırmışdır
Oktyabrın 6-da Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi (ATİAHİRK) tərəfindən verilən təqaüdlərin ali məktəblərin tələbələrinə təqdimetmə mərasimi keçirilmişdir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) keçirilən mərasimdə konfederasiyanın sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev bildirmişdir ki, 1995-ci ilin fevralında ATİAHİRK-nın qərarı ilə adlı təqaüdlər təsis olunmuşdur. Həmin ildən bu günədək 1350-dən artıq tələbə Komitənin adlı təqaüdlərinə layiq görülmüşdür.
Universitetlərdə həmkarlar ittifaqı təşkilatlarının fəaliyyətini yüksək qiymətləndirən AHİK sədri qeyd etmişdir ki, tələbələrə təqaüdlərin verilməsi onları təhsildə müvəffəqiyyətlər qazanmağa daha da həvəsləndirəcəkdir.
S.Mehbalıyev ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə bütün sahələrdə olduğu kimi, təhsildə də mühüm islahatların aparıldığını demişdir. Vurğulamışdır ki, ulu öndərin təhsilə diqqət və qayğısı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Tədbirdə tələbə həmkarlar ittifaqı təşkilatlarının rəhbərləri də çıxış etmişlər.
Sonda 2010-2011-ci dərs ilinin yay imtahanlarında əla qiymətlər almış, eləcə də həmkarlar ittifaqı təşkilatlarında fəallıq göstərmiş 56 tələbəyə adlı təqaüdlər təqdim olunmuşdur.
AzərTAc
Azərbaycan.- 2011.- 7 oktyabr.- S. 8.