Bakıda
Fransız Liseyinin təməlqoyma mərasimi
olmuşdur
Azərbaycan
Prezidenti İlham Əliyev
və Fransa Prezidenti Nikola Sarkozi mərasimdə
iştirak etmişlər
Oktyabrın 7-də Bakıda Fransız Liseyinin təməlqoyma mərasimi keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev,
Fransa Respublikasının Prezidenti
Nikola Sarkozi və
ölkəmizin birinci xanımı Mehriban Əliyeva mərasimdə iştirak etmişlər.
Prezident İlham Əliyev Fransa
dövlətinin başçısı Nikola
Sarkozini qarşıladı.
Mərasim iştirakçıları Azərbaycan
və Fransa prezidentlərini hərarətlə
qarşıladılar.
Əvvəlcə "Azərbaycan
Respublikasının hökuməti və Fransa
Respublikasının hökuməti arasında Bakı
Fransız Liseyinin yaradılması
haqqında" Saziş imzalandı. Sənədi
Azərbaycan tərəfdən xarici
işlər naziri Elmar
Məmmədyarov, Fransa tərəfdən
isə xarici və Avropa
işləri naziri
yanında əməkdaşlıq məsələləri naziri Anri de
Renkur imzaladılar.
Dövlət başçıları mərasimdə
çıxış etdilər.
Prezident İlham ƏLİYEV ali
qonağı salamlayaraq dedi:
- Hörmətli
cənab Prezident!
Hörmətli
qonaqlar!
Xanımlar
və cənablar!
Cənab
Prezident, mən Sizi bir daha Azərbaycanda səmimiyyətlə
salamlayıram, Azərbaycana xoş gəlmisiniz. Sizin səfəriniz
tarixi xarakter daşıyır. İlk dəfə olaraq Fransa
Prezidenti Azərbaycana səfər edir. Əminəm ki, səfəriniz
Fransa-Azərbaycan əlaqələrinin gələcək
uğurlu inkişafına çox böyük töhfəsini
verəcəkdir. Əlaqələrimiz çoxşaxəlidir,
bütün sahələri əhatə edir. Son illər ərzində
ölkələrimiz arasında yaşanan əməkdaşlıq
bizi daha da ruhlandırır və əmin edir ki, gələcəkdə
də Fransa-Azərbaycan əlaqələri strateji xarakter
daşıyacaqdır.
Siyasi əlaqələrimiz
çox intensivdir. Mən dəfələrlə Sizin gözəl
ölkənizə səfər etmişəm, bu gün isə
Siz bizim qonağımızsınız. Siyasi sahədə əməkdaşlığın
perspektivləri də çox gözəldir. Eyni zamanda Azərbaycan-Avropa
İttifaqı əlaqələrinin inkişafında
Fransanın çox böyük rolu vardır. Şəxsən
Sizin və rəhbərlik etdiyiniz dövlətin Avropa
İttifaqı-Azərbaycan əlaqələrinə verdiyiniz dəstəyə
görə Sizə minnətdaram. Bu yaxınlarda "Şərq
tərəfdaşlığı" zirvə
görüşünün keçirilməsi bir daha göstərdi
ki, Avropa İttifaqı-Azərbaycan əlaqələri
uğurla inkişaf edir. Azərbaycan-NATO əlaqələrində
də Fransanın xüsusi rolu vardır. Bu əlaqələrin
inkişafında Sizin ölkəniz əminəm ki, bundan sonra
da dəstəyini göstərəcəkdir.
Əlbəttə,
regional təhlükəsizlik məsələləri daim diqqət
mərkəzindədir. Bu gün də bu məsələlərlə
bağlı biz Sizinlə çox geniş və səmimi
söhbət aparmışıq. Fransa Minsk qrupunun həmsədri
kimi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsinin sülh yolu ilə həll olunması
işində çox mühüm rol oynayır. Biz bu rolu
yüksək qiymətləndiririk və ümid edirik ki, şəxsən
Sizin səyləriniz nəticəsində münaqişə
tezliklə beynəlxalq hüquq normalarına uyğun şəkildə
həllini tapacaq və ölkəmizin ərazi
bütövlüyü bərpa olunacaqdır.
Uzun illərdir
ki, Azərbaycan torpaqları - Dağlıq Qarabağ və
onun ətrafında yerləşən 7 rayon işğal
altındadır. Bu işğal və etnik təmizləmə
siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı
doğma torpağında qaçqın-köçkün həyatı
yaşayır. Bu vəziyyətə son qoyulmalıdır və
Sizin də qeyd etdiyiniz kimi, status-kvo dəyişdirilməlidir.
Hesab edirəm ki, status-kvonun dəyişdirilməsi
üçün yaxşı imkanlar vardır və
status-kvonun dəyişdirilməsini ən çox arzulayan tərəf
Azərbaycandır. Çünki bu, bizim
torpaqlarımızdır və bizim torpaqlar işğal
altındadır. Beynəlxalq təşkilatlar bu məsələ
ilə bağlı öz qərarlarını vermişlər.
BMT Təhlükəsizlik Şurası, ATƏT, Avropa
Parlamenti, Avropa Şurası, digər təşkilatlar - yəni,
məsələnin həlli üçün hüquqi baza
vardır. Əminəm ki, yaxın zamanlarda daha da ciddi
addımlar atılacaq, münaqişəyə son qoyulacaq və
Cənubi Qafqazda sülh, əməkdaşlıq
yaranacaqdır.
Ölkələrimiz
arasında iqtisadi sahədə əməkdaşlıq da
çox uğurla inkişaf edir. Deyə bilərəm ki, bu
ilin 8 ayında iki ölkə arasındakı ticarət
dövriyyəsi 3 milyard dolları keçmişdir və gələcək
inkişaf üçün imkanlar vardır. Ümid edirəm
ki, ilin sonuna qədər bu rəqəm 4 milyard dollara
çatacaqdır. Fransanın 40-a yaxın şirkəti Azərbaycanda
uğurla fəaliyyət göstərir. Onlar ekologiya, ətraf
mühitin qorunması ilə bağlı müxtəlif layihələri
icra edirlər. Azərbaycanda məişət
tullantıları zavodu Fransa şirkəti tərəfindən
tikilir. Bakıda metronun konseptual inkişaf planında Fransa
şirkətləri iştirak edirlər. Bizim birinci
telekommunikasiya peykimizi orbitə Fransa şirkəti
qaldıracaqdır. Yəni, bu sahədə də əməkdaşlıq
üçün yaxşı imkanlar vardır.
Enerji təhlükəsizliyi
sahəsində əməkdaşlıq çox uğurludur.
Bu yaxınlarda "Total" və "Gaz de France"
şirkətlərinin Azərbaycanda yeni qaz yatağını
aşkarlaması həm ölkəmizin enerji
potensialını gücləndirəcək, eyni zamanda
Avropanın enerji təhlükəsizliyinə də müsbət
təsirini göstərəcəkdir. Çünki bildiyiniz
kimi, Azərbaycan "Cənub" qaz dəhlizinin
reallaşmasında çox mühüm rol oynayır. Bu məsələlər,
eyni zamanda Avropa İttifaqı-Azərbaycan əlaqələrinin
bir hissəsidir.
Bu
yaxınlarda aşkar edilmiş qaz yatağında 350 milyard
kubmetr qaz vardır və beləliklə, Azərbaycanın qaz
potensialı hazırda 2,6 trilyon kubmetrdir. Mən çox
şadam ki, Fransa şirkətləri bizim tərəfdaşlar
kimi Azərbaycanda uğurla fəaliyyət göstərirlər.
Nəhayət,
humanitar sahədə əməkdaşlıq çox
genişdir. Yaxın gələcəkdə Parisdə Azərbaycan
Mədəniyyət Mərkəzi fəaliyyətə
başlayacaqdır. Bu gün isə Bakıda Fransız
Liseyinin təməl daşı qoyulacaqdır. Bu, çox əlamətdar
və gözəl hadisədir. Bu liseyin fəaliyyətə
başlaması Fransa-Azərbaycan əlaqələrini daha da
gücləndirəcəkdir. Bu, bizim dostluğumuzun rəmzidir.
Eyni zamanda Azərbaycanda təhsil sahəsinə qoyulan
böyük sərmayədir. Bu liseyin yaradılmasında əməyi
olan bütün şəxslərə dərin minnətdarlığımı
bildirirəm. Liseyin təməl daşının
qoyulmasında Fransa Prezidentinin iştirakı, əlbəttə
ki, bugünkü mərasimə xüsusi əhəmiyyət
verir.
Əminəm
ki, hörmətli cənab Prezident, liseyin
açılışında da biz Sizinlə bərabər
iştirak edəcəyik. Bir daha Sizi Azərbaycanda səmimiyyətlə
salamlayıram, Sizə və rəhbərlik etdiyiniz ölkəyə
yeni-yeni uğurlar arzulayıram. Sağ olun.
* * *
Fransa
Prezidenti Nikola SARKOZİ
çıxış edərək dedi:
- Möhtərəm
Prezident! Bakı Fransız Liseyinin təməl
daşının qoyulması mərasimində, Bakıda Sizin
aranızda olmaq mənim üçün bir sevincdir. Bu məktəbin
yaradılması qərarı təkcə iki ölkə
arasındakı yüksək səviyyədə olan diplomatik
və siyasi əlaqələrin nümunəsi deyil, eyni zamanda
Azərbaycanın göstərdiyi münasibətlərdəndir.
Bu, həmçinin
Azərbaycanın dinamizmini və onun dünyaya
açıqlığı arzusunu ifadə edir.
Bakı
mühüm bir qovşaqdır. Əsrlərdən bəri
müxtəlif xalqların və müxtəlif mədəniyyətlərin
bir-birinə qovuşduğu məkandır. Fransız Liseyi bu
ölkənin tarixini təcəssüm etdirəcəkdir. Bir vaxtlar
ölkənizin neft sənayesinin inkişafında çox
mühüm rol oynamış Nobel qardaşlarının
yaşadıqları prospektdə bu gün Azərbaycan
Dövlət Neft Şirkətinin və Sizin həyat
yoldaşınız, xanım Mehriban Əliyevanın rəhbərlik
etdiyi Heydər Əliyev Fondunun dəstəyi sayəsində
Fransız Liseyinin təməli qoyulur. Mən bir daha yenidən
Mehriban xanıma öz təşəkkürümü bildirmək
istəyirəm.
Fransız
Dünyəvi Təhsil Missiyasının və ölkələrimizin
təhsil nazirliklərinin dəstəyi ilə bu lisey
fransızdilli elitanın formalaşmasına imkan verəcəkdir.
Eyni zamanda, Fransa universitetlərinin qapıları bu fransızdilli tələbələrin
üzünə daim açıq olacaqdır. Aldıqları
biliklərlə Azərbaycanı bəhrələndirmək
üçün onlar ölkələrinə qayıdacaqlar.
Mən
bilirəm ki, Sizin tələbələr Fransa hökumətinin,
son illərdə isə həmçinin Azərbaycan hökumətinin
təqaüdləri sayəsində Fransada təhsil
alırlar. Arzu edirəm ki, universitetlər arasında əməkdaşlıq
daha da zənginləşsin. Ümidvaram ki, Fransız Liseyi
buna güclü töhfəsini verəcəkdir. Bu lisey həmçinin
ölkələrimiz arasındakı mədəni və tarixi
əlaqələrin ardıcıllığını əks
etdirəcəkdir. 1920-ci ildə bolşeviklərin
işğalından sonra Fransa birinci müstəqil Azərbaycan
hökumətinin sürgündə olan üzvlərinin
çoxuna sığınacaq vermişdir. 1944-cü ilin
noyabrında II Dünya müharibəsinin sonunu müzakirə
üçün Moskvaya gedən general Şarl de Qoll Bakıda
bir gecə səfərdə olmuşdur. Mən bunu unutmuram.
Azərbaycan
müstəqilliyini bərpa edən gündən başlayaraq
ölkələrimiz arasında, xüsusilə də mədəniyyət
və təhsil sahəsi dinamik və məhsuldar bir əməkdaşlığa
başlamışdır. Bu, həm strateji tərəfdaşlıqda
özünü əks etdirir, həm də qeyd edim ki, mədəniyyətdə.
Gələn
ilin mart ayında Bakı İncəsənət Muzeyi
dünyada ilk olaraq Fransanın inciləri sərgisini
açacaqdır. Burada intibah dövründən bugünədək
fransız mədəni irsini əks etdirən yüzədək
görkəmli əsər nümayiş etdiriləcəkdir.
Möhtərəm
Prezident! Əziz İlham! Mənimlə birlikdə bu liseyin
yaranmasını qərara almaqla Siz mədəniyyət rəngarəngliyini
və Frankafoniyanı seçmiş olursunuz. Bu, cəsarətli
seçim və uğurlu gələcəkdir. Fransa
bütün sahələrdə Sizin dostunuzdur, Sizin tərəfdaşınızdır.
Siz bilirsiniz ki, artıq Frankafoniya tolerantlıq, azadlıq,
insan hüquqları və demokratiya kimi bəşəri dəyərlərin
daşıyıcısıdır. Nüfuzunuzla, bu gözəl
layihəni müdafiə etməklə Siz bu dəyərlərə
dəstək verdiyinizi nümayiş etdirirsiniz və mən bu
münasibətlə Sizi təbrik edirəm. Mən bir daha Sizə
təşəkkür etmək istərdim.
Bu gün
bizə göstərdiyiniz qəbul üçün, cənab
Prezident, şəxsən Sizə və Sizin həyat
yoldaşınıza təşəkkürümü bildirirəm.
Bilin ki, Fransa Sizin dostunuzdur
və Siz ona etibar edə
bilərsiniz. Təşəkkür
edirəm!
* * *
Azərbaycan və Fransa
prezidentləri tikiləcək
liseyin stendinə baxdılar.
Sonra Fransız Liseyinin təməli qoyuldu.
Prezident İlham Əliyev və Prezident Nikola Sarkozi gilizi təmələ buraxdılar. Dövlət başçıları və Azərbaycanın birinci xanımı təmələ beton qarışığı tökdülər.
Bildirildi ki, Heydər
Əliyev Fondunun təşəbbüsü ilə
inşa olunacaq lisey ölkəmizdə müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi
vətəndaşların və
Azərbaycan vətəndaşlarının
bu dildə təhsil almalarına geniş imkanlar yaradacaqdır. Fransız məktəbinin tədris
planı uşaq bağçasından başlayaraq
12 illik ümumi təhsil müəssisəsində
tətbiq edilən klassik fransız tədris planı olacaqdır. Tədris proqramı
Fransa milli təhsil sisteminin tələblərinə uyğun
olaraq fransız dilində aparılacaqdır.
Şagirdlərə veriləcək attestat
Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə cavab
verəcək və nazirlik tərəfindən
tanınacaqdır. Məktəbin
məzunları öz
seçimlərinə uyğun
olaraq təhsillərini
Fransanın istənilən
ali təhsil
müəssisəsində davam
etdirmək imkanı qazanacaqlar.
Fransa Prezidentinin diqqətinə çatdırıldı
ki, bu təhsil
ocağı Bakının
"Ağ şəhər"
adlanan ərazisində
inşa olunacaqdır. Dünyada şəhərsalma sahəsində həyata keçirilən ən iri və nadir layihələrdən olan
"Bakı Ağ şəhər" layihəsinin
maraqlı tərəflərindən
biri də burada Paris məhəlləsinin
salınmasıdır.
Sonra Azərbaycanın və Fransanın dövlət başçıları
ölkəmizdə fəaliyyət
göstərən fransız
iş adamları ilə görüşdülər,
onlara fəaliyyətlərində
uğurlar arzuladılar.
Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Fransa Prezidenti Nikola Sarkozini yola saldılar.
AzərTAc
Azərbaycan.-2011.-8 oktyabr.-S.2-3.