Moskvada QİƏT üzvü olan dövlətlərin kənd təsərrüfatı nazirlərinin birinci görüşü keçirilmişdir

 

Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) üzvü olan dövlətlərin kənd təsərrüfatı nazirlərinin birinci görüşündə iştirak etmişdir. Rusiya Federasiyasının  kənd təsərrüfatı naziri Yelena Skrınnikin sədrliyi ilə keçən görüşdə 330 milyon sakinin yaşadığı, ticarət dövriyyəsinin həcmi 350 milyard dollar olan QİƏT ölkələrində qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələləri müzakirə olunmuşdur. Görüşdə, həmçinin aqrar sektora investisiyalar cəlb edilməsi, Qara dəniz hövzəsi ölkələri arasında ticarət dövriyyəsini artırmaq üçün müştərək infrastruktur yaradılması və bəzi başqa məsələlər müzakirə edilmişdir.

İsmət Abasov AzərTAc-ın müxbiri ilə söhbətində bu görüşün yekunlarını şərh edərək bildirmişdir ki, QİƏT üzvü olan 12 ölkənin nazirlərini, o cümlədən onu Moskvaya səfərə şəxsən RF kənd təsərrüfatı naziri Yelena Skrınnik dəvət etmişdir. İ.Abasovun sözlərinə görə, nazirlərin görüşündə bir sıra məsələlərə dair geniş fikir mübadiləsi olmuşdur. Əsas məsələ qlobal ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı məsələdir. İ.Abasov demişdir: "Belə bir görüşün keçirilməsi və aktual məsələlərin müzakirə edilməsi çox mühüm hadisədir. Bu görüş gələcəkdə həmin ölkələrin ərzaq təhlükəsizliyinə təsir edə bilər". Nazir öz çıxışında Prezident İlham Əliyevin dövlət siyasəti və onun kənd təsərrüfatının, aqrar sənaye kompleksinin inkişafı ilə əlaqədar çoxsaylı fərmanları, iqtisadiyyat sahəsində qazanılmış uğurlar barədə məlumat vermişdir. Onun sözlərinə görə, görüş iştirakçıları ölkə iqtisadiyyatının, xüsusən kənd təsərrüfatının inkişafının Azərbaycan modeli haqqında məruzəni böyük maraqla qarşılamışlar.

İsmət Abasov bildirmişdir ki, nazirlərin görüşünün yekunlarına əsasən 12 bənddən ibarət bəyannamə qəbul edilmişdir. Bəyannamənin əsas bəndi ölkələrimizin ərzaq təhlükəsizliyinin təmin edilməsi məsələsi olmuşdur. O demişdir: "Bəyannamədə fitosanitariya, baytarlıq, dənli bitkilərin kultivasiyası, elmi tədqiqat işləri və əməkdaşlığın digər mühüm istiqamətlərinə dair birgə tədbirlər haqqında da bəndlər vardır".

Nazir onu da demişdir ki, gələn il Azərbaycanda BMT Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının (FAO) regional konfransı keçiriləcəkdir. QİƏT üzvü olan dövlətlərin Moskva görüşündə iştirak etmiş nazirlərin çoxu həmin konfransın işində iştirak edəcəkdir. İ.Abasov demişdir: "Bu cür genişmiqyaslı tədbirlər keçirilməsi həm regional, həm də qlobal səviyyədə milli ərzaq təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərir".

İsmət Abasov Rusiyanın kənd təsərrüfatı naziri Yelena Skrınnik, QİƏT katibliyinin baş katibi Leonidas Xrizantopolos, Rumıniyanın kənd təsərrüfatı naziri Valeriu Tabere, Ukraynanın aqrar siyasət və ərzaq nazirinin müavini Aleksandr Sen ilə ikitərəfli görüşlər keçirmişdir.

 

 

Asya HACIZADƏ,  

AzərTAc-ın xüsusi müxbiri

Moskva

 

Azərbaycan.- 2011.- 8 oktyabr.- S.  3.