"Müasir Azərbaycan dövrün baxışında" ikicildliyinin təqdimat mərasimi keçirilmişdir

 

Oktyabrın 7-də Beynəlxalq Mətbuat Mərkəzində "Müasir Azərbaycan dövrün baxışında" adlı ikicildlik kitabın  təqdimat mərasimi keçirilmişdir.

İdeya rəhbəri akademik Ramiz Mehdiyev olan ikicildliyi "Azərbaycan" qəzetinin redaksiyası hazırlayıb çap etdirmişdir. Kitab müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyevin əbədiyaşar xatirəsinə ithaf edilmişdir.

Mərasimdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, tanınmış elm xadimləri, kütləvi informasiya vasitələrinin rəhbərləri iştirak etmişlər.

Dövlət müstəqilliyimizin bərpasının 20-ci ildönümü ərəfəsində işıq üzü görmüş kitabda suveren Azərbaycanın qısa müddətdə sosial-iqtisadi sahədə qazandığı möhtəşəm uğurlardan, ulu öndər Heydər Əliyevin hələ ötən əsrin 70-80-ci illərində böyük müdrikliklə formalaşdırdığı resurslardan geniş söz açılmışdır. Qeyd edilmişdir ki, ümummilli liderin Azərbaycana rəhbərliyinin birinci dövründə - 1969-1982-ci illərdə həyata keçirilən kompleks tədbirlərin uğurlu nəticələri bir neçə onillikdən sonra Azərbaycanın müstəqil dövlət kimi mövcudluğuna etibarlı zəmin olmuşdur.

Kitabda ulu öndər Heydər Əliyevin böyük zəhmət, dəmir iradə, sarsılmaz qətiyyət bahasına qurub-yaratdığı, uğur magistralına çıxardığı, onun layiqli davamçısı İlham Əliyevin daha da inkişaf etdirərək hər bir Azərbaycan vətəndaşının milli qürur yerinə çevirdiyi müstəqil dövlətin ötən müddətdə qət etdiyi möhtəşəm yola nəzər salınmış və qazanılmış nailiyyətlərin düzgün dəyərləndirilərək gələcək nəsillərə çatdırılması bir missiya olaraq qarşıya qoyulmuşdur.

Bu fundamental ikicildliyin təqdimat mərasimini giriş sözü ilə açan Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc) baş direktoru Aslan ASLANOV tədbir iştirakçılarını salamlayaraq bildirmişdir ki, bu günlər ölkəmizin hər bir guşəsində bayram ovqatı yaşanır. Vətənimizin tarixində ən şanlı, unudulmaz günlərdən birinin - Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin iyirminci ildönümü ərəfəsindəyik.

Təqdimatına toplaşdığımız kitabın hər bir vətənpərvər azərbaycanlı üçün əziz olan belə bir bayram ərəfəsində işıq üzü görməsi də, heç şübhəsiz ki, mühüm məna daşıyır. Çünki ötən iyirmi ilin Azərbaycanın müasir tarixində həqiqətən müstəsna əhəmiyyəti vardır.

"Müasir Azərbaycan dövrün baxışında" kitabını Azərbaycanın müstəqilliyə qədər və iyirmi illik müstəqillik yolunda keçdiyi möhtəşəm iqtisadi, siyasi, mədəni inkişafının, ölkəmizin dünya birliyində layiqli yer tutmasının salnaməsi adlandıran Aslan Aslanov ikicildliyin başlıca məziyyətini şərh etmişdir. Baş direktor demişdir ki, kitabda müasir müstəqil  Azərbaycan dövlətinin memarı və qurucusu ulu öndər Heydər Əliyev siyasətinin təntənəsi, ümummilli liderin ideallarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçirdiyi, ölkənin milli maraqlarına söykənən sürətli inkişaf dinamikasının uğurları tarixi-politoloji prizmadan təhlil edilərək qiymətləndirilir.

Kitabda müstəqillik yollarında qarşıya çıxan və uğurlu həllini tapan iqtisadi problemlərdən, həyata keçirilən möhtəşəm layihələrdən, Azərbaycanın dünyanın ən sürətli inkişaf edən ölkələrdən birinə çevrilməsindən, beynəlxalq aləmdə nüfuz sahibi olmasından, ölkəmizi modern dövlətə çevirən islahatlardan, demokratik vətəndaş cəmiyyəti quruculuğu sahəsində əldə olunan uğurlardan maraqlı publisistik bir dillə söz açılır. Hesab edirəm ki, bu kitabın ən maraqlı və üstün cəhətlərindən biri ondan ibarətdir ki, müəlliflər peşəkar jurnalist qələminin məharətindən çox uğurla istifadə edərək buradakı materialları sadə, rəvan, oxunaqlı bir dillə oxucuya çatdırmışlar. Onlar qarşıya qoyulmuş məqsədə nail olmuş, istədikləri informasiyanı çox dəqiq və çox əhatəli səviyyədə oxucuya çatdıra bilmişlər. Buna görə də kitab oxucunu özünə cəlb edir.

AzərTAc-ın baş direktoru demişdir ki, ideya rəhbəri akademik Ramiz Mehdiyev olan kitabı oxuduqca Azərbaycanın xoşbəxt gələcəyinə inam hissi daha da artır. Çox müsbət haldır ki, kitab ürəklə, savadlı yazılıb və hiss olunur ki, onun hazırlanmasına uzun müddət hazırlıq işləri görülüb, çoxsaylı faktlar toplanıb, statistik rəqəmlər ustalıqla, publisistik dillə oxucuya çatdırılıbdır.

Təsadüfi deyildir ki, kitabın Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın fəaliyyətinə həsr olunmuş sonuncu fəsli "Yeni hədəflərə doğru" adlanır və inkişafımızın istiqamətlərini olduqca dəqiq səciyyələndirən aşağıdakı cümlə ilə tamamlanır: "Müstəqilliyimizin əbədiliyinin, dövlətin hərtərəfli yüksəlişinin  ən etibarlı təminatçısı olan Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən, ideyalarını yaşadan və həyata keçirən Prezident İlham Əliyevin ətrafında daha sıx səfərbər olan xalqla onun lideri arasında özünü göstərən birlik sarsılmaz və əbədidir". 

Bir məqamı da xüsusi qeyd etmək istəyirəm ki, kitabın əvvəlində verilmiş Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, görkəmli filosof alim Ramiz Mehdiyevin "Müasir Azərbaycan milli ideyanın təcəssümü kimi" adlı fundamental məqaləsinin ikicildliyə salınması bu kitabın sanbalını daha da artırır.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri, müasir müstəqil Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və xarici siyasətinin geostrateji istiqamətləri barədə çox qiymətli əsərlərin, sanballı dərsliklərin müəllifi, tarix elmləri doktoru, professor Əli HƏSƏNOV çıxış edərək dedi:  

- Bu gün biz fundamental bir kitabın - yeni və müasir Azərbaycanın salnaməsinin təqdimatına yığışmışıq. Bir müddət bundan əvvəl isə biz "İnkişafın Azərbaycan modeli" adlı kitabın təqdimatını keçirmişdik. Azərbaycanın müasir inkişafının xarakteristikasını əks etdirən bu kitabda ölkəmizdə həyata keçirilən inkişaf modeli, ayrı-ayrı sahələrin müasir standartlara uyğun yenidən qurulması və digər məsələlər öz əksini tapmışdır. Qısa vaxt keçməsinə baxmayaraq, biz yenidən ölkəmizin inkişaf salnaməsini əks etdirən "Müasir Azərbaycan dövrün baxışında" adlı kitabı oxuculara təqdim edirik. Hər iki kitabın ideya müəllifi Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri, görkəmli akademikimiz Ramiz Mehdiyevdir. Hər iki kitabın tərtibçisi isə Milli Məclisin deputatı, tanınmış jurnalist Bəxtiyar Sadıqovdur.

Əli Həsənov demişdir ki, "Müasir Azərbaycan dövrün baxışında" kitabını oxuyarkən bir daha əmin olursan ki, Bəxtiyar Sadıqov bu nəşrin işıq üzü görməsinə həssas yanaşmış və dövrün salnaməsinin yaradılmasına özünün və başçılıq etdiyi redaksiyanın bütün potensialını yönəltmişdir.

Natiq diqqətə çatdırmışdır ki, son 200 ildə ilk dəfədir Azərbaycan müstəqil dövlət kimi 20 il davamlı olaraq yaşamış və dünyanın beynəlxalq münasibətlər sistemində fəal subyekt kimi çıxış etmişdir. Rusiya-İran, Rusiya-Türkiyə müharibələrindən sonra - yəni 1813-1828-ci illər arasında Azərbaycan iki hissəyə parçalanmışdır. Bir hissə İrana, digər hissəsi isə Rusiyaya birləşdirilmişdir. Ondan sonrakı dövrdə - XX əsrin əvvəlində Azərbaycan müstəqilliyə qovuşmuş, lakin Xalq Cümhuriyyətinin ömrü cəmi 23 ay olmuşdur.

Prezident Administrasiyasının şöbə müdiri diqqətə çatdırmışdır ki, Azərbaycan dövləti müstəqil olaraq 20 il ərzində çox böyük uğurlara imza atmışdır. Bu illər ərzində dövlətçiliyin qorunması və inkişaf etdirilməsi baxımından mühüm işlər görülmüşdür. Hazırda müstəqil Azərbaycan davamlı, olduqca sürətli bir inkişaf yolundadır. Bu 20 ilin həqiqi salnaməsini yaratmaq baxımından bu gün təqdimatına yığışdığımız kitab böyük əhəmiyyət kəsb edir.

Əli Həsənov demişdir: "Tale Azərbaycana ümummilli lider Heydər Əliyev kimi böyük şəxsiyyət bəxş etmişdir və onun hansı dövrdə dünyaya gəlməsi, hansı missiyanı reallaşdırması, hansı dövrdə Azərbaycana rəhbərlik etməsi taleyin işi idi. Unutmamalıyıq ki, xalqların, millətlərin taleyini bir qayda olaraq onlara rəhbərlik edən milli liderlər müəyyən edir. Müstəqil Azərbaycan dövlətinin taleyi də bu anlamda ümummilli liderimiz Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Heydər Əliyev tarix yaratmış, sözün həqiqi mənasında Azərbaycan müstəqil dövlətinin tarixini formalaşdırmışdır. Dahi rəhbər dövlət quruculuğuna rəhbərlik etmiş, onun daxili və xarici siyasətinin formalaşmasının müəllifi kimi bu prosesin reallaşdırılmasını çox böyük uğurla həyata keçirmişdir".

Şöbə müdiri Əli Həsənov demişdir ki, salnaməçilərin, tarixçilərin, jurnalistlərin, tədqiqatçıların, politoloqların vəzifəsi siyasət xadimlərinin yaratdığı tarixin salnaməsini tərtib edib gələcək nəsillərə çatdırmaqdan ibarətdir. Tarix keçmiş, bu gün və gələcək arasındakı əlaqələrə söykənir. Hər bir dövlətin tarixi özünün varislik prinsipini gözləyirsə, ona əməl edilərək qurulursa və keçmişin təcrübəsini nəzərə alaraq bugünkü həyatda istifadə olunursa, bu tarixdən gələcək üçün nəticələr çıxarılırsa, onda o tarix davamlı olur. Həmçinin o zaman dövlətlərin dövlətçiliyi güclü olur, ətraf aləmlə münasibətləri rəvan davam edir və inkişafında da daha az maneələrlə rastlaşır. Bu anlamda tariximizin 20 illik dövrünü əks edən bu cür kitablar sözün həqiqi mənasında dövlətin verdiyi inkişaf yolunun öyrənilməsi üçün mühüm mənbə rolunu oynayır. Ona görə də mən Prezident Administrasiyası adından 20 illik tariximizin ayrı-ayrı sahələrini səhifələrində əks etdirən "Müasir Azərbaycan dövrün baxışında" kitabının bütün yaradıcı heyətinə təşəkkür edirəm. Onların əməyi tərifəlayiqdir. Düşünürəm ki, bu ikicildlik bütövlükdə Azərbaycan tarixinin salnamələri sırasında özünə layiqli yer tutacaqdır.  

"Müasir Azərbaycan dövrün baxışında" kitabının yaradıcı heyətini təbrik edən YAP sədrinin müavini - icra katibi, Milli Məclisin deputatı Əli ƏHMƏDOV demişdir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasının 20-ci ildönümü ilə əlaqədar təqdim oluna biləcək çox dəyərli töhfələr içərisində inanıram ki, bu kitab özünəməxsus yer tutacaqdır.

Bu kitabda əks olunmuş fikirlər və bütövlükdə onun yazılması ilə əlaqədar ortaya çıxmış məntiqə söykənərək 3 əsas tezisimi hörmətli iştirakçıların diqqətinə çatdırmaq istəyirəm. Bu gün Azərbaycan dövlət müstəqilliyimizin bərpa olunmasının 20-ci ildönümü ərəfəsindədir. Təbii ki, bu, böyük hadisə, böyük tarixdir.

Bu kitabdan əxz etdiyim ideyaları ümumiləşdirərək birinci tezis kimi onu bildirmək istəyirəm ki, müstəqillik hər bir xalqın yaşamaq, fəaliyyət göstərmək haqqıdır. İkincisi, müstəqillik hər bir xalqın öz sərvətlərindən faydalanmaq haqqıdır. Üçüncüsü isə, müstəqillik hər bir xalqın öz taleyini müəyyən etmək haqqıdır ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra yaşadığı 20 il ərzində bütün bunları təsdiq və ifadə etmişdir.

YAP sədrinin müavini - icra katibi bildirmişdir ki, müasir müstəqil Azərbaycan Heydər Əliyevin titanik səylərinin, zəkasının yekunudur. Dövrün verdiyi imkanlar çərçivəsində Heydər Əliyevin həyata keçirdiyi siyasət müasir Azərbaycan reallıqlarını və gerçəkliklərini ortaya qoyubdur. Bu reallıq, bu gerçəklik bugünkü müasir Azərbaycanın gələcək inkişafını da əslində müəyyən və təyin etmişdir.

Ə.Əhmədov diqqətə çatdırmışdır ki, təqdimatına toplaşdığımız ikicildlikdə Azərbaycanın 20 illik dövlət müstəqilliyinin tarixi, bu tarixin yaradılmasına sərf edilmiş Heydər Əliyevin titanik səyləri, bu tarixin formalaşması üçün bu gün də reallaşdırılan Prezident İlham Əliyevin siyasəti və bundan sonrakı hədəflər və başlıca istiqamətlər geniş şəkildə öz əksini tapmışdır.

Milli Məclisin deputatı vurğulamışdır ki, bu kitab həqiqətən Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə dəyərli hədiyyədir.

Mədəniyyət və turizm naziri Əbülfəs QARAYEV demişdir ki, Azərbaycanda müstəqilliyimizin bərpasının 20 illiyinə həsr olunmuş silsilə tədbirlər sırasında ən maraqlı və yaddaqalan tədbirlərdən biri də məhz bu təqdimat mərasimi olacaqdır. Bu gün "müasir" və "müstəqil" anlamları bir-biri ilə bərabər yaşayaraq, bizə milli dövlətçiliyimizi daha da möhkəmlətməyə imkan və şərait yaradır.

Müstəqillik tariximizə nəzər yetirərkən gözlərimiz önündə çox mühüm hadisələr canlanır. Bu hadisələr sırasında birini xüsusi qeyd etmək istəyirəm. Bu, ümummilli lider Heydər Əliyevin təşəbbüsü və iştirakı ilə Naxçıvanda böyük ədib Hüseyn Cavidin məqbərəsinin açılışıdır. Bu tarixi hadisə cəmiyyətdə tamamilə yeni bir ruhun, bəlkə də azərbaycançılıq təfəkkürünün və müstəqil düşüncənin formalaşmasında əvəzolunmaz bir etüddür. Çünki o tədbir yalnız böyük ədibin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı deyildi. O hadisə müstəqil ölkənin təfəkkürünün totalitarizm rejiminin ideologiyasından azad olunmasının bir rəmzi idi. Bu gün müstəqillik haqqında danışarkən biz o anı daim gözümüzün önünə gətirməliyik.

Nazir demişdir ki, bu kitab olduqca rəvan, səlis və oxucuların düşüncəsinə yaxın bir dildə qələmə alınmışdır. Bunun da başlıca səbəbi ondan ibarətdir ki, mətbuatda çalışanlar daim insanların əhatəsindədirlər və onlar materialın oxucuya hansı formada təqdim olunmasını çox yaxşı bilirlər. Bu kitabda əksini tapan yazılar da əsl peşəkarlıqla oxucuya təqdim olunur. Buna görə də onu oxuyarkən sanki müəlliflə bir yerdəsən.

Mədəniyyət və turizm naziri müstəqillik illərində ölkəmizdə mədəniyyət, incəsənət xadimlərinə göstərilən dövlət qayğısından, bu sahədə görülən məqsədyönlü işlərdən geniş söz açmışdır. Bildirilmişdir ki, Azərbaycan muğamının, aşıq sənətinin, Novruz bayramının, Azərbaycan xalçasının YUNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrsi Siyahısına daxil edilməsi görülən işlərin əyani sübutudur.

Ə.Qarayev demişdir ki, bu işlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi xidmətləri vardır.

Nazir vurğulamışdır ki, "Müasir Azərbaycan dövrün baxışında"  kitabı gənc nəslə müstəqilliyimizin qazanılması naminə atılmış addımlar və görülmüş işlər barədə olduqca geniş məlumat verir.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Fərəc Quliyev demişdir ki, tarixi yazmaq da yaşatmaq qədər məsuliyyətli işdir. Kitabda akademik Ramiz Mehdiyevin məqaləsini oxuyarkən mücadilə fəlsəfəsində ardıcıllıq və onun nəzəri əsaslarının gözəl təhlilindən, müstəqilliyə gedən yolun mərhələlərinin elmi şərhindən çox məmnun oldum.

Kitabda ulu öndər Heydər Əliyevin müstəqilliyimizin tarixindəki əvəzsiz xidmətləri geniş şəkildə öz əksini tapmışdır. Burada ulu öndərin gördüyü böyük işlər, üçrəngli bayrağımızın ilk dəfə qaldırılması, əsaslı islahatlara başlanılması, nizami ordu quruculuğu istiqamətində görülən möhtəşəm işlər yüksək peşəkarlıqla oxucuların diqqətinə çatdırılır.

Fərəc Quliyev demişdir ki, Azərbaycan xalqı müstəqillik naminə zaman-zaman mübarizə aparmışdır. Bizim müstəqilliyimiz başqa dövlətlərdən fərqli olaraq gerçək bir müstəqillikdir.

Həm keçmiş, həm müasir dövr, həm də müstəqillik mücadiləsinin fəlsəfəsi baxımından bu kitabda çox sanballı məlumatlar əksini tapmışdır.

Bütün iştirakçılara təşəkkürünü bildirən "Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Bəxtiyar Sadıqov demişdir ki, müstəqilliyimizin bərpasının 20 illiyi ilə bağlı hazırladığımız kitabın sevincini sizinlə bölüşməkdən məmnunuq.

Müstəqilliyimizin 20 illiyi bütün xalqımızın nailiyyətidir. Bütün xalqımız buna sevinir və biz də bu sevinci sizinlə bir yerdə bölüşməyə toplaşmışıq.

Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevə və ictimai-siyasi məsələlər şöbəsinin müdiri, professor Əli Həsənova dərin minnətdarlığını bildirən natiq demişdir ki, belə kitabların ərsəyə gəlməsində bu insanların verdiyi məsləhətlər böyük rol oynayır.

B.Sadıqov bildirmişdir ki, XX əsrin əvvəllərində qürur duyduğumuz birinci müstəqilliyimizin tarixi cəmi 23 ay çəkmişdir. Xalqımız ümummilli lider Heydər Əliyevi yenidən ölkə rəhbərliyinə dəvət etməsəydi, ikinci müstəqilliyimizin tarixi də yəqin ki, iyun hadisələrindən sonra 20 ay çəkəcəkdi. Şükürlər olsun ki, bu gün müstəqilliyimizin 20 illiyini qürurla, fəxrlə, çox böyük nailiyyətlərlə qeyd edirik.

Natiq bildirmişdir ki, Heydər Əliyevin yenidən hakimiyyətə gəlişi ilə ölkəmiz yeni bir inkişaf dövrünə qədəm qoymuşdur. Onun qısa müddətdə bu qədər işlərin öhdəsindən böyük əzmkarlıqla gəldiyini düşünərkən insan heyrətlənməyə bilmir. Məhz bu işlərin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan bütün beynəlxalq qurumlar tərəfindən hazırlanan hesabatlarda ən yüksək inkişaf etmiş dövlətlərdən biri kimi göstərilir.

"Azərbaycan" qəzetinin baş redaktoru söyləmişdir ki, 20 il ərzində Azərbaycan özünün yeni inkişaf modelini yaratmışdır və bu model ölkəmizi daha da inkişaf etdirəcəkdir. Bu gün Azərbaycan Qafqazın ən modern, ən inkişaf etmiş güclü dövlətidir. Qafqaz iqtisadiyyatının 75 faizi Azərbaycanda cəmlənmişdir.

Diqqətə çatdırılmışdır ki, dəyərli insanların tövsiyələri ilə başa gəlmiş bu kitab tarixçilərimiz üçün də əyani vəsaitdir. Kitabda gerçək tarixi faktlar əks olunmuşdur. Bütün sahələrin mütəxəssisləri bu kitabdan bəhrələnə bilərlər.

Bəxtiyar Sadıqov vurğulamışdır ki, bu kitab həm də gənclərə ünvanlanmışdır və belə kitabların yazılmasına ehtiyac vardır. Biz çalışacağıq ki, bundan sonra da üzərimizə düşən işin öhdəsindən layiqincə gələk.

Tədbirə yekun vuran AzərTAc-ın baş direktoru Aslan Aslanov demişdir: "Hörmətli həmkarlar, özünüz də şahid oldunuz ki, mən qənaətimdə yanılmamışam. Kitaba həqiqətən layiq olduğu yüksək qiymət verildi. Çıxış edən natiqlər həm təqdimatı keçirilən kitab barədə, həm də ümumiyyətlə, Azərbaycanın dünəni, bu- günü və gələcəyi haqqında çox dəyərli fikirlər söylədilər.

İcazə verin, öz adımdan və sizin adınızdan belə bir uğurlu layihəni həyata keçirdiyi üçün "Azərbaycan" qəzeti redaksiyasının yaradıcı kollektivini, həmçinin qəzetin baş redaktoru, Milli Məclisin    deputatı, tanınmış publisist Bəxtiyar Sadıqovu təbrik edim, yeni yaradıcılıq uğurları arzulayım".

Bəxtiyar Sadıqovun publisistik yazıları ilə milyonlarla oxucunun sevgisini qazandığını bir daha diqqətə çatdıran Aslan Aslanov vurğulamışdır ki, o, Azərbaycan mətbuatının dəyərli qələm sahiblərindəndir. Ona görə də onun qələmindən çıxan əsərlər belə gözəl, nəfis və oxunaqlı alınır.

AzərTAc-ın baş direktoru tədbirin bütün iştirakçılarına, həmçinin çıxış edən natiqlərə təşəkkürünü bildirmişdir.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 8 oktyabr.- S.  4.