Azərbaycanlı deputat Avropa Şurasında Ermənistanın terrorçu mahiyyətini ifşa edən kəskin çıxış etmişdir

 

Terrorçuluğun bəşəriyyət üçün ən ciddi təhlükə mənbələrindən olması beynəlxalq təşkilatların əksəriyyətində, o cümlədən də Avropa Şurasında daim diqqət mərkəzindədir. Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının dördüncü günündə yenə müzakirəyə çıxarılmış əsas məruzələrdən biri terrorizm problemi ilə bağlı idi.  Böyük Britaniyadan olan deputat lord Con Tomlinsonun təqdim etdiyi məruzə "İnsan hüquqları və terrorçuluğa qarşı mübarizə" adlanırdı. Müzakirələrə İsveç, Hollandiya, Fransa, İtaliya, İngiltərə, Macarıstan, Yunanıstan, Türkiyə və s. ölkələrdən deputatlar qatılmışlar. Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov da müzakirə edilən məsələ ilə bağlı çıxış edənlər sırasında olmuşdur.

Azərbaycanlı deputat çıxışını Avropa Şurasının üzvü olan terrorçu dövlət Ermənistanı ifşa edən faktlar üzərində qurmuşdur. Rafael Hüseynov Ermənistanın terrorçuluğu dövlət siyasətinə çevirdiyini, bu ölkənin keçmişindiki prezidentlərinin beynəlxalq terror şəbəkəsi ilə bağlılığını, hər ikisinin əllərinin yüzlərlə günahsız insanın qanına batdığını konkret dəlillər əsasında Assambleya üzvlərinin diqqətinə çatdırmışdır. Terrorçuluqla mübarizəni Avropa Şurasının içərisindəki terrorçu Ermənistandan başlamağa çağıran R.Hüseynov daha sonra demişdir: "Bəzən belə hallara təsadüf edilir ki, hansısa cinayətləri törətmiş şəxs barəsində İnterpol xətti ilə axtarış elan edilir. O şəxsin hansı ölkədə, hansı şəhərdə, hətta hansı ünvanda yaşaması  bəlli olsa da, həmin adam həbs edilmədən arxayınca həyatını davam etdirir. Bu, paradoksdur, amma niyə təəccüblənməliyik ki?.. Paradokslar onsuz da hər an, hər yerdə, o cümlədən burada - Assambleyada bizi daim müşayiət etməkdədir.  Avropa Şurası dəfələrlə dünyanın ən dəhşətli bəlalarından olan terrorizm məsələsini gündəliyinə salmış, ən qızğın müzakirələr keçirilmiş, ən sərt qətnamələr qəbul edilmişdir. Biz bu müzakirələri apara-apara, bu sərt sözləri deyə-deyə qarşımızda dayanan, öz aramızda olanterrorizmi dövlət siyasətinə çevirmiş Ermənistana sanki göz yummuşuq. Terrorizmin Ermənistanda dövlət siyasəti olaraq həyata keçirilməsinin onlarla danılmaz sübutu vardır və bunları biz dəfələrlə hazırladığımız sənədlərdə və etdiyimiz çıxışlarda bildirmişik. Həm də yalnız biz yox, dünyanın bir sıra mötəbər məlumat mərkəzləri bu haqda xəbərlər yaymışlar. Monte Melkonyan Fransada və dünyanın bir sıra başqa ölkələrində qanlı terror aktları törətmiş, bunlara görə məhkum edilmiş və rəsmən dünya birliyinin ən qəddar terrorçularından biri kimi tanınmış şəxs idi. Ermənistanda onun adına küçə var, o, rəsmən bu ölkənin milli qəhrəmanı elan edilmişdir. Necə deyərlər, şərhə ehtiyac yoxdur!

Ermənistanın beynəlxalq terror şəbəkəsi ilə bağlı olması, bir sıra erməni terror təşkilatlarının Ermənistanda və Ermənistanın işğalı altındakı Azərbaycan ərazilərində təlim düşərgələri yaratması, beynəlxalq nəzarətdən kənarda qalan  bu ərazilərdə gizlənməsi də faktdır. Həmin faktları yalnız xüsusi xidmət orqanlarının kəşfiyyat məlumatları deyil, aerokosmik çəkilişlər də sübut edir. Erməni terror təşkilatları ilə bilavasitə bağlı olan, saysız-hesabsız müharibə cinayətlərində bilavasitə müqəssir sayılan, 1992-ci ildə Xocalıda yüzlərlə qocanın, uşağın, qadının qətlində bilavasitə iştirak edən sabiq və hazırkı Ermənistan prezidentləri Pobert KoçaryanSerj Sarkisyan belə terrorçu mövqeyi yalnız Azərbaycana qarşı deyil, öz xalqına münasibətdə də sistemli şəkildə həyata keçirmişlər və keçirməkdədirlər. Bunu Ermənistanın özündən gələn müraciətlər, Ermənistanın hüquq müdafiəçilərinin illərdən bəri ucalan, amma eşidilməyən etiraz səsləri sübut etməkdədir. Ermənistanın Azərbaycana qarşı 20 ilə yaxın müddətdə apardığı təcavüz siyasətinin tərkib hissəsi olan terrorçuluq onlarla qanlı hadisəni, yüzlərlə qurbanı əhatə edir. Erməni terrorçularının Bakı metrosundaavtobuslarda törətdiyi, həlak olanların miqdarına görə acınacaqlı rekordlar sırasına düşmüş dəhşətli partlayışlarla bağlı bütün sənəd-sübutlar ortada, Ermənistanın öz parlamentində dövlət səviyyəsində həyata keçirdiyi, parlament üzvlərini gülləbaran etdiyi videokadrlar və digər dəlillər əldə, Ermənistanın beynəlxalq terrorçuluğa göstərdiyi dəstək və sıx əlaqələri ilə əlaqədar materiallar məlum, biz isə burada Assambleyada Ermənistana anlaşılmaz yumşaq münasibətimizi davam etdiririk. Hətta vaxtilə Pobert Koçaryan, elə bu il Serj Sarkisyan burada, Assambleyada Avropa Şurasına meydan oxuyandan, "Bizim işimizə qarışmağa haqqınız yoxdur" deyəndən sonra da biz heç bir kəskin addım atıb bu dövlətlə bağlı heç bir cəza tədbiri görməmişiksə, indi beynəlxalq terrorizm təhlükəsi ilə bağlı müzakirələrimizdə nə dərəcədə səmimiyik?! Terrorçuluğun hər yerdə, hər cür təzahürü böyük təhlükədir və mahiyyəti etibarilə insanlıq əleyhinə yönəldilmişdir. Terrorçuluq insan hüquqlarının bünövrəsini təşkil edən var olmaqdinc yaşamaq haqqının əleyhinə yönəlmiş  ümumi bəladır. Ona görə də biz bu mübarizələrdə daim fəal və amansız olmalıyıq. Və ilk növbədə də öz ailəmizin içərisindəki, Avropa Şurasındakı terrorçuya, Ermənistana "yox" deməyi bacarmalıyıq". Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynovun qətiyyətli və əsaslandırılmış çıxışını avropalı deputatlar maraqla qarşılamışlar.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.- 8 oktyabr.- S.  5.