Polşanın Torun şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20 illiyi silsilə tədbirlərlə əks olunur
Azərbaycan Respublikasının Polşa və Macarıstandakı səfirliklərinin birgə təşəbbüsü ilə Polşanın Torun şəhərində Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi münasibətilə silsilə tədbirlər keçirilmişdir. Səfirlər Həsən Həsənov və Vilayət Quliyev ölkənin ən böyük ali məktəblərindən biri olan Nikolay Kopernik Universitetində növbəti tədris ilinin başlanması ilə əlaqədar keçirilən mərasimdə və Humanitar Elmlər fakültəsinin yeni binasının təntənəli açılışında iştirak etmişlər. Universitetin rektoru professor Ancey Radziminski və universitet Senatının üzvləri ilə görüşdə təhsil və elm sahəsində iki ölkənin ali məktəb və elmi müəssisələri arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Torunda yerləşən "Adam Marşalek" nəşriyyatında Azərbaycanın Polşadakı keçmiş səfiri Vilayət Quliyev tərəfindən hazırlanan və bu nəşriyyatda işıq üzü görən "Polşadakı Azərbaycan siyasi mühacirətinin irsindən" kitabının təqdimat mərasimi keçirilmişdir. Mərasimdə elmi ictimaiyyət və mətbuat nümayəndələri iştirak etmişlər. Nəşriyyatın direktoru Adam Marşalek, Nikolay Kopernik Universitetinin rektoru professor Ancey Radziminski, Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Kopernik Universitetinin Tarix fakültəsinin dekanı professor Poman Baker, sovet siyasi mühacirətinin tarixi üzrə tanınmış mütəxəssis, professor Emilian Vişka, Torun şəhər merinin müavini Zbiqnev Fidereviç, Litvanın Torundakı fəxri konsulu Tomas Barbikus və başqaları çıxış edərək mövzunun əhəmiyyətindən və müasir mərhələdə xalqları bir-birinə daha da yaxınlaşdırmaq üçün onların tarixlərinin müştərək məqamlarının öyrənilməsinin vacibliyindən söz açmışlar. Vilayət Quliyev XX əsr Azərbaycan-Polşa ictimai, siyasi və mədəni əlaqələrinin tarixindən bəhs etmiş, ölkələrimiz arasındakı qarşılıqlı münasibətlərin dostluq xarakterini və fakt-sənəd baxımından zənginliyini diqqətə çatdırmışdır. Azərbaycan siyasi mühacirətinin doğma xalqın azadlıq və müstəqilliyi uğrunda mübarizəsini məhz Polşada davam etdirməsi bu əlaqələrin ən diqqətəlayiq səhifəsi kimi dəyərləndirilmişdir. Vilayət Quliyev, eyni zamanda, təqdimat iştirakçılarının çoxsaylı suallarına da cavab vermişdir.
Universitet rəhbərliyinin xahişi ilə Həsən Həsənov və Vilayət Quliyev bu ali məktəbin Beynəlxalq münasibətlər və sosiologiya fakültəsinin tələbələri qarşısında mühazirə ilə çıxış etmişlər. Mühazirədən əvvəl Azərbaycan tarixi və ölkəmizin təbii zənginlikləri haqqında sənədli film nümayiş etdirilmiş, tələbə və müəllimlər son iyirmi ildə Azərbaycanın keçdiyi inkişaf yolundan bəhs edən sərgiyə tamaşa etmişlər. Səfirlər mühazirələrində ölkəmizin müstəqillik illərində qazandığı uğurlar, Dağlıq Qarabağ münaqişəsi və onun ədalətli həlli istiqamətində Azərbaycan rəhbərliyinin səyləri, Azərbaycanın xarici siyasətinin prioritetləri, Azərbaycan-Polşa münasibətləri və s. məsələlərə toxunmuş, tələbələri maraqlandıran suallara cavab vermişlər.
Pərvanə
QARAYEVA,
AzərTAc-ın
xüsusi müxbiri
Budapeşt
Azərbaycan.- 2011.- 8 oktyabr.- S. 5.