Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı işə başladı

 

Oktyabrın 6-da Moskvada Avropa Mətbuat Şuraları Alyansının XIII illik toplantısı öz işinə başlamışdır. Toplantıda ölkəmizi Azərbaycan Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov təmsil edir.

Tədbirin açılışında çıxış edən Ə.Amaşov ötən toplantıdan keçən müddət ərzində rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat vermişdir. O, şuranın ölkə mediasındakı mənfi hallarla mübarizə, söz və mətbuat azadlığı prinsiplərinin dərinləşdirilməsi sahəsində həyata keçirdiyi işlərdən danışmışdır.

Ötən müddətdə paralel olaraq jurnalistlərin peşə davranışı qaydalarının təkmilləşdirilməsi istiqamətində də bir çox işlərin görüldüyünü bildirən şura sədri qeyd etmişdir ki, 2003-cü ildə Azərbaycan jurnalistlərinin I qurultayında yaradılan Mətbuat Şurası postsovet ölkələrində eyni missiyalı qurumların formalaşmasında özünün təcrübəsini bölüşə və mövcud məkanda özünütənzimləmə ilə bağlı vahid informasiya şəbəkəsinin qurulmasında yaxından iştirak edə bilər.

Üçgünlük toplantıda Avropada fəaliyyət göstərən mətbuat şuralarının fəaliyyəti təhlil olunacaq, müxtəlif ölkələrdə bu qurumların fərqli prinsipləri ətrafında fikir mübadiləsi aparılacaqdır.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.-  8 oktyabr.- S.  5.