Unudulmaz alimin cavidşünaslıq fəaliyyəti

 

Keçən yüzilliyin 50-ci illərinin əvvəllərində Hüseyn Cavid günəşi Stalin repressiyasının bir anda dağılan qatı dumanı arxasından öz şüalarını Azərbaycan ziyalılarının üzərinə salarkən bu dahi şair və mütəfəkkirin sənətini ilk dəyərləndirənlər arasında akademik Məmməd Cəfərlə yanaşı, Abbas Zamanov da olmuşdur. Çox maraqlıdır ki, Abbas Zamanov elmi-publisistik fəaliyyətinə Cavid tutulan il, yəni 1937-ci ildə başlamışdır. Böyük sənətkar bəraət alanda isə artıq o, elmi-ədəbi dairələrdə sayılıb-seçilən bir alim, pedaqoqpublisist idi. "Şeyx Sənan" faciəsinin tamaşası haqqında ilk məqaləsini də 1956-cı ildə yazaraq "Bakinski raboçi" qəzetində rus dilində çap etdirmişdir. Daha çox teatrşünaslıq janrında yazılmasına baxmayaraq, məqalənin ilk səhifələrində Cavid yaradıcılığı haqqında yığcam məlumat təqdim edilir, "Şeyx Sənan" faciəsinin süjeti, kompozisiyası, əsəri yazmaqdan müəllifin məqsədi, əsas obrazların səciyyəsi lakonik şəkildə oxucuya təqdim edilirdi.

Hüseyn Cavidi "böyük şairdramaturq" adlandıran A.Zamanov onun Azərbaycan ədəbiyyatını silinməz səhifələrlə zənginləşdirdiyi fikrini irəli sürərək yazırdı: "H.Cavidin dramları və faciələri Azərbaycan teatrının səhnəsində daimi uğurla gedərək tamaşaçıların dərin məhəbbətini qazanmışdır. Azərbaycan artistlərinin bir neçə nəsli onun dramatik əsərləri zəminində tərbiyə almışdır. Çoxsaylı poemaları və şeirləri həqiqi poeziya örnəkləri kimi oxucuların dilinin əzbəri olmuşdur".

Gördüyümüz kimi, bəraətdən sonrakı cavidşünaslığın hələ ilk kövrək addımlarını atdığı bir dövrdə Abbas Zamanov özünəməxsus cəsarət və elmi obyektivliklə Cavid sənətinin qiymətini verməkdən çəkinməmişdir. Cavid pyeslərinin tamaşaçılar və oxucular arasında böyük uğur qazanmasının əsas səbəblərini onlardakı kəskin dramatik konfliktlərdə, güclü xarakterə malik obrazların toqquşmasında, hadisələrin məqsədyönlü inkişafında görən tədqiqatçı bu yöndə də öz obyektiv dəyərləndirmələrini yığcam formada təqdim etməyə nail olmuşdur.

Daha sonra süjetin qısa xülasəsini verən A.Zamanov faciənin səhnə taleyi haqqında fikirlərini irəli sürərək təqdim etdiyi tamaşanın quruluşçu rejissorları - Azərbaycanın xalq artisti Ə.İskəndərovun və əməkdar incəsənət xadimi A.Şərifovun (Abbasmirzə Şərifzadə - G.B.) işini yüksək qiymətləndirməklə yanaşı, professional  teatrşünas kimi bir sıra nöqsanları da qeyd etməkdən çəkinməmişdir.

Bu məqalənin yazılmasından 28 il sonra Abbas Zamanov bir daha "Şeyx Sənan" faciəsinin səhnə təcəssümünə qayıtmış və bu dəfə əsərin rus dilində ilk tamaşası haqqında qiymətli araşdırma-resenziya ərsəyə gətirərək "Bakinski raboçi" qəzetinin 1984-cü il 28 fevral tarixli sayında dərc etdirmişdir. Həmin məqalə "Əbədi sevgi nəğməsi" adlanır. Tamaşanı respublikanın mədəni həyatında hadisə kimi dəyərləndirən A.Zamanov onu orijinaldakı səhnə təcəssümləri ilə müqayisə edərək bir sıra hallarda, xüsusən şair Vladimir Portnovun tərcüməçilik, Cənnət Səlimovanın rejissor işi, Oqtay Kazımovun musiqisi baxımından üstünlüyü məhz rus dilindəki varianta verdi. Müəllif maraqlı bir fikir irəli sürürdü ki, tamaşadan sonra onu gözləri qarşısında canlandırarkən əsərə rus, yoxsa Azərbaycan dilində baxmasını da yaddan çıxarıbmış.

Hüseyn Cavidin başqa bir faciəsinin - "Xəyyam"ın ilk tamaşası haqqında məqaləni Abbas Zamanov 1970-ci ildə qələmə alaraq yenə də rus dilində nəşr etdirmişdir. Hər şeydən öncə, əsərin qəribə taleyinə, uzun müddət itmiş sayılmasına toxunan tədqiqatçı, onun əlyazmasının tapılmasında şairin qızı Turan Cavidin gərgin axtarışlarını xüsusi vurğulamışdır.

Faciənin müəllifini, ilk növbədə, böyük humanist mütəfəkkir kimi yüksək dəyərləndirən A.Zamanov əsərin uğurunu da məhz insansevərlik və sosial ədalət fəlsəfəsinin yüksək bədii səviyyədə və maraqlı hadisələr fonunda təqdimində görürdü.

A.Zamanovun Hüseyn Cavid haqqında ən sanballı əsəri isə, şübhəsiz ki, böyük ədibin 1982-ci ildə ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilmiş 100 illik yubileyi münasibətilə qələmə aldığı "Tənqidi realistlərlə bir cəbhədə" adlı tədqiqatıdır. "Ədəbiyyat və incəsənət" qəzetinin 1982-ci il 29 oktyabr nömrəsində dərc olunmuş bu məqaləni bilavasitə Cavid sənətinin səciyyələndirilməsi ilə başlayan Abbas Zamanov yazırdı: "Hüseyn Cavid nə sələflərinə, nə də xələflərinə bənzəyir. Onun sənətdə öz səsi, öz nəfəsi, öz dəst-xətti vardır. Poeziyada da, dramaturgiyada da o orijinaldır, heç kəsi təkrar etməmiş, heç kəsin təsirinə qapılmamışdır". Böyük ədibin bütün şüurlu həyatı, yaradıcılığı boyu apardığı sənət axtarışlarının obyektini onun öz sözləri ilə müəyyənləşdirən alim, bunun "həqiqət və yenə həqiqət" olduğu qənaətinə gəlmişdir. Məhz ana vətənə xidmətdən ibarət olan həqiqət axtarışlarının romantik Cavidi tənqidi realistlərə yaxınlaşdırması qənaətinə gələn Abbas Zamanov bu doğru tezisini böyük sənətkarın əsərlərindən aldığı parlaq bədii örnəklər əsasında məqalə boyunca sübuta yetirməyə nail olmuşdur. Alimin fikrincə, Cavid sənətini onun çoxyönlü ədəbi mühitindən təcrid olunmuş şəkildə öyrənmək mütləq yanlış nəticələrin əldə olunmasına gətirib çıxaracaqdır. Bu baxımdan Cavid poeziyasının və dramaturgiyasının romantizmdən realizmə doğru inkişaf dinamikasının konkret bədii faktlar üzərində izlənməsi maraq doğurmaqla yanaşı, həm də inandırıcı səslənir, Cavid sənətinə yeni baxış bucağı kimi elmi dəyər kəsb etməsi ilə seçilir.

Hüseyn Cavidin yaradıcılığı və onun əsərlərinin səhnə təcəssümü haqqında araşdırmalarını sonrakı illərdə də davam etdirən Abbas Zamanov 1983-cü ildə Hüseyn Ərəblinski adına Sumqayıt Dram Teatrında səhnəyə qoyulmuş "Afət" pyesi haqqında da maraqlı fikirlərini "Bakinski raboçi" qəzetinin oxucuları ilə bölüşdürmüşdür.

Elə həmin il "Kommunist" qəzetində dərc etdirdiyi "Cavid sənətinin qələbəsi" adlı məqaləsini A.Zamanov maraqlı bir tarixi sənədin açıqlaması ilə başlamışdır. Bu sənəddən məlum olub ki, 1921-ci ilin yanvar ayında tamaşaya qoyulan "İblis" faciəsinin qazandığı böyük uğur münasibətilə hökumət belə bir qərar qəbul edib: "...Şair Hüseyn Cavidin orijinallıq və bədiilik cəhətdən müsəlman aləmində yeganə olan "İblis" pyesinə tarif üzrə müəlliflik haqqı verilsin. Bundan əlavə, Hüseyn Cavid yoldaş 150 min manat məbləğində pul ilə mükafatlandırılsın".

Cavidindaxil olduğu böyük klassiklərin əsərlərinin ölməzliyi onların bədii cəhətdən həmişə təzətər, ideya baxımından isə aktualmüasir olmasındadır. Bu qənaəti də A.Zamanov çox düzgün olaraq həmişə axtarışlarının leytmotivinə çevirmişdir. Doğrudur, dövrün tələbi, kommunist ideologiyasının diktəsi ilə əsərin ideyasının əhatə dairəsini müəyyən qədər lokallaşdırmaq cəhdi də özünü büruzə verir; ancaq bu, böyük alim və mütəfəkkir kimi Abbas Zamanovun ezop dili sayıla bilərdi: "...Cavidin "İblis"ində bəşəriyyətin sanki bugünkü faciələri qələmə alınmışdır. Bu, təsadüfi deyil: Cavid bədii söz aləminin elə böyük ustalarındandır ki, onlar yalnız öz dövrləri, nəsilləri üçün yazmırlar, bütün zamanlar üçün yazıb-yaradırlar. Onlar dünənin, bu günün və sabahın sənətkarlarıdırlar".

Dahi sənətkarı çox dəqiqliklə xarakterizə edən bu elmi qənaət - onun müəllifinin irəli sürdüyü fikirlərin də yalnız öz dövrünün, öz nəslinin hüdudlarında qalmayaraq bu gün də ədəbiyyatşünaslıq elmimizi zənginləşdirən qaynaqlardan biri olduğunu göstərməkdədir.

Abbas Zamanov Məmməd Cəfər Cəfərov və Yaşar Qarayev kimi böyük cavidşünaslarla müqayisədə Hüseyn Cavid irsinin tədqiqi ilə nisbətən az məşğul olsa da, yuxarıda artıq qeyd etdiyimiz kimi, bu sahədə bir sıra aktual problemlərini qaldıraraq onları tezis şəklində elmi-ədəbi ictimaiyyətə təqdim edə bilmişdir. Bu tezislərin xüsusən müstəqillik illərində çağdaş cavidşünaslıq elmində ərsəyə gəlmiş gənc qüvvələr tərəfindən davam etdiriləcəyi və bunların əsasında yeni-yeni monoqrafiyaların yazılacağı heç bir şübhə doğurmur.

Çoxyönlü fəaliyyəti ilə seçilən professor Abbas Zamanov həm də görkəmli mətnşünas kimi tanınmışdır. Bu sahədə onun cavidşünaslığa bəxş etdiyi ən böyük töhfə - dahi sənətkarın 100 illik yubileyi münasibətilə toplanıb tərtib edilmiş və 1982-ci ildə işıq üzü görmüş "Cavidi xatırlarkən" toplusudur.

Toplunun redaktorlarından biriön sözün müəllifi olan Abbas Zamanov "Tənqidi realistlərlə bir cəbhədə" adlı artıq nəzərdən keçirdiyimiz tədqiqatındakı tezisləri burada da inkişaf etdirərək böyük ədib haqqında maraqlı fikirlər irəli sürməyə müvəffəq olmuşdur. İki hissədən ibarət olan toplunun birinci hissəsində Hüseyn Cavid haqqında elmi-tənqidi məqalə və araşdırmalar, ikinci hissəsində isə xatirələr öz əksini tapmışdır.

Abbas Zamanovun cavidşünaslıq fəaliyyətinin son yadigarı - alimin ömrünün sonlarında qələmə aldığı və 1992-ci ilin fevral ayında çap etdirdiyi "Bir kitabın taleyi, yaxud Vəli Məmmədovun Amerika səfəri" adlı məqaləsidir. Bu yazıda Abbas Zamanov əslən şuşalı olan ədəbiyyatşünas Mustafa Haqqı Türkəqulun "Azərbaycan türk şairi Hüseyn Cavid" monoqrafiyasını ilk dəfə olaraq Azərbaycan oxucusuna və ədəbiyyatşünasına tanıtmış və onun yığcam qiymətini vermişdir. Məqalədə qərib azərbaycanlıların keçirdiyi niskil duyğuları, onların tükənməz vətən sevgisi xüsusi bir tərənnüm qaynağı kimi oxuculara təqdim olunmuşdur. Bu yazıya böyük patriotböyük ədəbiyyatşünas Abbas Zamanovun "qu quşunun son nəğməsi" adını da vermək olar.

Abbas Zamanov son nəğməsini oxuyub bu fani dünyadan əbədiyyətə qovuşdu, ancaq onun cavidşünaslıq sahəsində ifa etdiyi nəğmələr bu gün də ən gözəl və mənalı melodiyalar kimi cavidsevərlərin qulaqlarında səslənməkdədir.

 

 

Gülbəniz BABAXANLI,

filologiya elmləri doktoru

 

Azərbaycan.- 2011.- 8 oktyabr.- S.  7.