Ermənistanda siyasi böhran ən gərgin
mərhələsinə qədəm qoyur
Hakimiyyətdaxili
çəkişmələrin artması və müxalifətin
fasiləsiz etiraz aksiyalarına
başlaması ölkədə xaotik vəziyyət
yaradır
Sosial-iqtisadi tənəzzülü getdikcə geniş vüsət alan Ermənistan özünün növbəti siyasi böhranını yaşamaqdadır. Buna əsas səbəb həm hakimiyyətdə yer alan qüvvələr arasında yaşanan ziddiyyətin daha da dərinləşməsi, həm də əhalinin sosial narazılığından maksimal dərəcədə faydalanmağa çalışan müxalif qüvvələrin iqtidara təzyiqlərini artırmasıdır. Yaranmış vəziyyət prezident Serj Sarkisyanın vaxtından əvvəl tutduğu vəzifə ilə vidalaşmasını, ölkənin isə növbədənkənar prezident seçkilərinə getməsini şərtləndirə bilər. Əslində, müxalifətin hakimiyyət qarşısında qoyduğu əsas tələblərdən biri də məhz budur.
Digər tərəfdən, Ermənistanın sürətlə azalan əhalisinin hakimiyyətə qarşı güclənən sosial narazılığı real şəraitdə müxalifətin lehinə işləyən mühüm faktorlardan biri kimi çıxış edir. Qarşıdakı dövr ərzində Ermənistanın sosial-iqtisadi durumunun daha da ağırlaşması qaçılmaz sayıldığından müxalifət bu amildən mümkün qədər öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd göstərir. Bu səbəbdən hakimiyyətin sosial-iqtisadi sahədə siyasəti müxalifətin əsas tənqid hədəfləri sırasında yer alır. Belə bir vaxtda ölkədə inflyasiya prosesinin geniş vüsət alması isə müxalifətin hakimiyyətə qarşı daha radikal mövqedən çıxış etməsinə rəvac verir.
Qiymət artımının sürətli xarakter daşıması rəsmi səviyyədə də etiraf olunur. Ölkənin Milli Statistika Xidməti ötən ilin sentyabr ayı ilə müqayisədə bu ilin müvafiq ayında ümumilikdə qiymətlərin 6,2 faiz artdığını açıqlamışdır. Ərzaq məhsullarında bahalaşma 10,3 faiz olmuşdur. 2010-cu ilin sentyabrından keçən bir ildə şəkər tozu 46,4, yumurta 39,9, süd məmulatları 22,7 faiz bahalaşmışdır. Ət və ət məhsullarında qiymət artımı 14 faiz təşkil etmişdir.
Bütün bu məsələlər ölkənin əsas müxalif qüvvələrinin yer aldığı Ermənistan Milli Konqresinin "Azadlıq meydanı"nda oturaq şəkildə keçirdiyi etiraz aksiyalarında xüsusi olaraq qabardılır. Hakimiyyət isə hər dəfə etiraz aksiyalarına qatılanların sayının artmasına mane olmağa çalışır. Bu məqsədlə müxtəlif formada təzyiqlərdən, o cümlədən qanunsuz həbslərdən də istifadə olunur. Lakin müxalifət tələblərində israrlı olduğunu və mübarizənin sonadək davam edəcəyini bəyan edir.
Ermənistan Liberal Partiyasının sədri Ovanes Ovanisyan Ermənistan Milli Konqresinin "Sksel a" (ermənicə - başlayıb) kampaniyasını elan etməsindən danışarkən maraqlı məqamlara toxunmuşdur: "Ölkədə "Sksel a", yəni hakimiyyətin dəyişməsi prosesi gedir. "Sksel a" çox gözəl və uğurlu seçilmiş bir sözdür. Bunu belə izah etmək olar: ölkədə yenidənqurma, yaxud hakimiyyətin dəyişməsi prosesi başlamışdır". Onun sözlərinə görə, əgər Ermənistan Milli Konqresinin "növbəti mitinqə hərəyə daha 5 nəfəri gətirmək" çağırışı həyata keçsə, onda bütün şüarlar və arzular gerçəkləşəcək.
Yaranmış vəziyyət Serj Sarkisyanla yanaşı, hakimiyyətdə yer alan məmur - oliqarxları da narahat edir və onlar iqtidarın dəyişəcəyi təqdirdə topladıqları böyük varidatın əllərindən çıxacağından narahatdırlar. Elə bu səbəbdən növbədənkənar seçkilər olacağı halda bəzi məmur - oliqarxlar sabiq prezident Robert Koçaryanın yenidən dövlət başçısı postuna qayıtmasını istəyirlər. Maraqlıdır ki, belə bir vaxtda Robert Koçaryan özü də böyük siyasətə qayıda biləcəyini açıqlamışdır: "Mən böyük siyasətə qayıtmağımı istisna etmirəm. Mənim qayıtmağımın mümkünlüyü barədə müzakirələrin Rusiyadakı siyasi proseslərlə birbaşa əlaqədə aparılmasını təəccüblə qarşılayıram. Həm də bütün bunlar Ermənistanın istiqlaliyyətinin 20 illiyinin təntənəli şəkildə qeyd olunmasından dərhal sonra baş verir. Əminəm ki, siyasi proseslər burada, Ermənistanda "yetişməlidir", xaricdən qəti şəkildə layihələşdirilməməlidir".
R.Koçaryanın sözlərinə görə, onu böyük siyasətə qayıtmağa təşviq edən amil Ermənistana çox yaxın və əhəmiyyətli olan, ancaq hər halda başqa bir ölkədə cərəyan edən hadisələr yox, əksinə, üç vəziyyət ola bilər: ölkə iqtisadiyyatı və insanların rifahındakı vəziyyətin konkret və sabit yaxşılaşmasının olmaması, bu məsələdə ümidsizlik əhval-ruhiyyəsinin və miqrasiyanın artması; cəmiyyətin müxtəlif sosial təbəqələri tərəfindən onun böyük siyasətə qayıdışının tələb olunması; vəziyyəti radikal şəkildə yaxşılaşdırma gücünə malikolma haqqında daxili əminlik. "Bu üç amil mövcud olduğu zaman aktiv siyasətə qayıdışın yolları müxtəlif ola bilər. Digər bütün şərait hansısa cizgilərdir, siyasi mənbə əlavə edir, lakin köklü amil deyil", - bu fikirlərlə Robert Koçaryan faktiki olaraq Serj Sarksiyanın mövcud siyasətinin əleyhinə çıxdığını da göstərmiş olur.
Lakin bəzi oliqarx məmurlar bu dəfə dövlət başçısı postunda özlərini görmək niyyətlərini açıq şəkildə meydana qoyaraq hakimiyyəti nə Sarkisyana, nə də Koçaryana vermək istəyirlər. Bu fonda hazırda Ermənistan hakimiyyətində əsas qarşıdurma iki qruplaşma arasında özünü göstərməkdədir. Həmin qruplaşmalardan birinə parlamentin sədri Ovik Abramyanla "Çiçəklənən Ermənistan" partiyasının sədri Haqik Çarukyan rəhbərlik edir. Digər qruplaşmanın rəhbəri qismində isə Serj Sarkisyan və Tiqran Sarkisyan çıxış edirlər. Ermənistan mətbuatının verdiyi xəbərə görə, daim vəzifədən uzaqlaşdırılmaq təhlükəsini gözləyən Tiqran Sarkisyan baş nazir postunda qalmaq üçün istənilən qurbana getməyə və Serj Sarkisyanın hər bir göstərişini yerinə yetirməyə hazırdır. Buraya hətta Serj Sarkisyanın əsas rəqiblərinin fiziki cəhətdən məhv edilməsi kimi göstərişlərin icrasının da daxil olduğu vurğulanır.
Lakin Ermənistan KİV-ləri yazır ki, prezident postunu ələ keçirmək üçün birləşən və yaxın qohum olan Ovik Abramyanla Haqik Çarukyan artıq dövlət başçısına müqavimət göstərmək üçün həm siyasi, həm də maliyyə cəhətdən bütün imkanlara malikdirlər. Hadisələrin bu səpkidə inkişafından narahat olan Serj Sarkisyan müqavimət məqsədilə ilk mərhələdə "Çiçəklənən Ermənistan" partiyasını hakim koalisiyadan uzaqlaşdırmağı düşünür. Ermənistanda dərc olunan "Qrapark" qəzeti xəbər verir ki, Serj Sarkisyan koalisiya hökumətindən imtina edərək idarəetmənin birpartiyalı formasına keçmək niyyətindədir. Lakin bu addımın Serj Sarkisyanın mövqelərinin gücləndirilməsi baxımından hər hansı ciddi effekt verəcəyi elə də inandırıcı görünmür. Əsas səbəb Ovik Abramyan-Haqik Çarukyan cütlüyünün hakimiyyət daxilində daha çox məmuru öz tərəflərinə çəkə bilməsidir.
Bütün bunlar Ermənistan hakimiyyətində idarəçiliklə bağlı ciddi problemin yarandığını göstərməklə bərabər, ölkənin nəticəsi kifayət qədər ağrılı olacaq siyasi böhranın astanasında olduğunu da əyani göstərir. Serj Sarkisyanın məmur-oliqarxların həm vəzifə, həm də biznes sferasındakı fəaliyyətlərinə nəzarət etməkdə çətinlik çəkməsi artıq onun 2013-cü ilədək prezident postunda qala biləcəyini ciddi sual atına alır. Real vəziyyətdə Serj Sarkisyanın Ovik Abramyanla Haqik Çarukyana qarşı göstərdiyi müqavimət hakimiyyətdaxili çəkişmələrin güclənməsinə rəvac verməkdədir ki, bu da ümumilikdə dövlətin idarə olunmasında ciddi fəsadlara gətirib çıxarır.
Ermənistan Milli Konqresinin Yerevanda start verdiyi fasiləsiz etiraz mitinqləri hakimiyyətin durumunu daha da ağırlaşdırır. Yaranmış vəziyyət isə nəticədə Ermənistanın bütövlükdə ciddi siyasi böhrana yuvarlandığından xəbər verir.
Elçin CƏFƏROV
Azərbaycan.- 2011.- 8 oktyabr.- S. 7.