Xalq yazıçısının virtual muzeyi yaradıldı

 

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında xalq yazıçısı, Dövlət mükafatı laureatı, dramaturq İlyas Əfəndiyevin virtual muzeyinin təqdimatı oldu. Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə "Musiqi dünyası" jurnalının elektron nəşrlər mərkəzinin mütəxəssisləri tərəfindən hazırlanan saytda ədibin həyat və yaradıcılığının müxtəlif məqamları öz əksini tapıb.

Təqdimat mərasimini açan teatrın direktoru İsrafil İsrafilov Azərbaycan ictimai fikrində mühüm yer tutan yazıçı İlyas Əfəndiyevin teatr tarixindəki rolundan danışdı. Bildirdi ki, İlyas Əfəndiyev yeganə dramaturqdur ki, sağlığında 19 pyesi səhnə həyatı alıb. Unudulmaz dramaturq bu günteatrda yaşayır, əsərləri oynanılır.

Sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, əməkdar incəsənət xadimi, rejissor Cənnət Səlimova İlyas Əfəndiyevin Azərbaycan teatrına gətirdiyi bədii-estetik dəyərlərdən söz açdılar.

"Musiqi dünyası" jurnalının baş redaktoru Tariyel Məmmədov sayt haqqında geniş məlumat verərək bildirdi ki, 30 saat video, 18 saat audiomaterialların yer aldığı virtual muzeydə İlyas Əfəndiyevin müsahibələri, çıxışları, xatirələri, nəşr olunmuş əsərləri, məqalələri, şəkilləri toplanıb. Azərbaycan dilində fəaliyyət göstərəcək virtual muzeyin daha sonra ingiliscə də versiyası hazırlanacaq.

Təqdimat mərasimində çıxış edən xalq yazıçısı Elçin atasının yaradıcılığına göstərilən diqqət üçün təşəkkürünü bildirərək dedi: "Belə bir təqdimatın Milli Dram Teatrında keçirilməsi məni xüsusilə sevindirir. Çünki İlyas Əfəndiyev üçün bu teatr ikinci ev idi".

Mərasimin sonunda xalq artisti Aygün Bayramova, caz ifaçıları İsfar Sarabski, Şahin Növrəsli, pianoçu Murad Hüseynovun çıxışları dinlənildi.

 

 

Azərbaycan.- 2011.- 8 oktyabr.- S.  8.