Bakıda keçirilən boks üzrə XVI dünya çempionatı başa çatmışdır

 

Prezident İlham Əliyev çempionatın final mərhələsinin qarşılaşmalarını izləmişdir 

 

Bakıda keçirilən boks üzrə XVI dünya çempionatı oktyabrın 8-də başa çatmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və Beynəlxalq Boks Assosiasiyasının prezidenti Çinq-Kuo Vu Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən çempionatın final mərhələsinin qarşılaşmalarını izləmişlər.

Final mərhələsini izləyən tamaşaçılar və idmançılar dövlətimizin başçısını və xanımını hərarətlə qarşıladılar.

Azərbaycanda həyata keçirilən idman siyasəti ölkəmizi dünyada olimpiya məkanı kimi tanıdır. Odur ki, bu gün Azərbaycan dünyada güclü idman ənənələri ilə şöhrət tapmışdır. Çünki Azərbaycanda idmanı sevirlər və bu sahənin inkişafı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə paytaxtımızla yanaşı, regionlarda da inşa olunan nəhəng idman obyektləri Azərbaycanın idman potensialının nümayişi, gənclərin bu sahəyə meylinin artması ilə nəticələnir. Əslində ölkəmizdə bu cür idman obyektlərinin tikilib istifadəyə verilməsinin bir məqsədi var: gənc nəslin sağlam böyüməsi.

Son illərdə Azərbaycanda yüksək səviyyəli beynəlxalq yarışların keçirilməsi ölkəmizin dünya idman ailəsində tutduğu layiqli yerdən xəbər verir. Bunu sentyabrın 26-dan oktyabrın 8-dək Bakıda, Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən boks üzrə XVI dünya çempionatı təsdiqləyir. Bundan əvvəl isə paytaxt Bakıda yeniyetmələr və gənclər arasında boks üzrə dünya birincilikləri uğurla təşkil olunmuşdur. Böyüklər arasında boks üzrə dünya çempionatı isə respublikamızda ilk dəfə keçirilmişdir.

Təqdirəlayiq haldır ki, MDB məkanında məhz Azərbaycan ilk dəfə belə bir möhtəşəm yarışa ev sahibliyi etmişdir. Bu cür yüksək səviyyəli beynəlxalq yarışlar postsovet məkanında yalnız 1989-cu ildə Moskvada keçirilmişdir.

Boks üzrə XVI dünya çempionatına 113 ölkədən 570 boksçu qatılmışdır. Yarış 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyırdı. 75 kiloqram çəki dərəcəsində Soltan Migitinov WSB liqasından London Olimpiadasına vəsiqə qazandığından çempionatda bu çəki dərəcəsində boksçumuz iştirak etməmişdir.

Bakıdakı dünya çempionatında 92 idmançı London Olimpiadasına vəsiqə qazanmışdır. Azərbaycan idmançılarından 64 kiloqram çəki dərəcəsində Heybətulla Hacıəliyev, 52 kiloqram çəki dərəcəsində Elvin Məmişzadə yarışların gedişində artıq Yay Olimpiya Oyunlarına vəsiqəni təmin etmişdilər.

Çempionatın final mərhələsində 10 çəki dərəcəsi üzrə 20 idmançı mübarizə aparmışdır. Final mərhələsində Azərbaycanı iki idmançı təmsil etmişdir. 91 kiloqramda mübarizə aparan Azərbaycan boksçusu Teymur Məmmədov ukraynalı Aleksandr Usik ilə qarşılaşmışdır. Gərgin idman mübarizəsində keçən oyunda məğlub olan Azərbaycan boksçusu dünya çempionatında gümüş medal qazanmışdır.

91 kiloqramdan yuxarı çəki dərəcəsində mübarizə aparan Azərbaycan boksçusu Məhəmmədrəsul Məcidov isə İngiltərə idmançısı Entoni Coşuanı məğlub edərək dünya çempionatının qızıl medalına sahib olmuşdur.

Boks üzrə XVI dünya çempionatında milli komandamız 9 çəki dərəcəsində təmsil olunmuşLondon Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanmışdır. Azərbaycan komanda hesabında UkraynaKubadan sonra üçüncü yerdə qərarlaşmışdır.

Sonra idmançıların mükafatlandırılması mərasimi oldu.

Dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev qalib idmançılara medalları təqdim etdi.

Azərbaycan boksçusunun qələbəsinin şərəfinə dövlət himni səsləndi.

Sonda xatirə şəkli çəkildi.

 

 

AzərTAc

 

Azərbaycan.- 2011.- 9 oktyabr.- S.  1.