Düşünülmüş, sürətli və davamlı inkişaf

 

2005-ci il iyunun 9-da ictimai, mesenatlıq və xeyriyyəçilik fəaliyyətinə görə, təhsil və mədəniyyət müəssisələrinin dəstəklənməsinə, Rusiya və Azərbaycan xalqları arasında dostluğun möhkəmlənməsinə sanballı töhfələrinə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva  Rusiyanın "Yüzilliyin mesenatları" Beynəlxalq Xeyriyyə Fondunun "Yaqut xaç" ordeni ilə təltif olunub.

Milli Qəhrəman Çingiz Mustafayev Fondu və ANS Şirkətlər qrupu ölkəmizin təhsil sisteminin inkişafında xidmətlərinə, milli mədəni irsimizin qorunub saxlanılmasına və dünyada təbliğinə, xarici ölkələrdə xalqımızın müsbət imicinin möhkəmlənməsi üçün gördüyü işlərə, bədii gimnastika üzrə 27-ci dünya çempionatının respublikamızda yüksək səviyyədə hazırlanıb keçirilməsinə, genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə görə Mehriban xanım Əliyevanı "2005-ci ilin adamı" elan edib.

Dünya Səhiyyə Təşkilatı (DST) İcraiyyə Komitəsinin 2007-ci il yanvarın 29-da Cenevrədə keçirilən 120-ci sessiyasının yekdil qərarı ilə Azərbaycanın birinci xanımı ana, uşaq və ailə sağlamlığının qorunması və möhkəmlənməsi işində müstəsna xidmətlərinə görə bu beynəlxalq təşkilatın mükafatına layiq görülüb. Genişmiqyaslı xeyriyyəçilik fəaliyyətinə, bəşəriyyətin ali ideallarına xidmət sahəsində yüksək nailiyyətlərinə görə Mehriban xanım Əliyeva 2007-ci ilin mayında "Qızıl ürək" beynəlxalq mükafatı ilə təltif olunub.

Azərbaycan Respublikasının Prezidentinin 2009-cu il 5 may tarixli sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyyətinə görə birinci xanım Heydər Əliyev Mükafatı alıb. 2009-cu il sentyabrın 14-də Azərbaycan ilə Polşa arasında dostluq münasibətlərinin inkişafındakı xidmətlərinə görə Mehriban xanım Əliyeva Polşa Respublikasının "Xidmətlərə görə" Böyük Komandor xaçı ordeni, 2010-cu il fevralın 15-də Fransaya münasibətdə göstərdiyi xidmətlərinə və nümayiş etdirdiyi sadiqliyinə görə isə Fransa Respublikası Prezidentinin sərəncamı ilə "Şərəf Legionu" ordeninin zabit dərəcəsi ilə təltif edilib. 2010-cu il iyulun 30-da Mehriban xanım Əliyevaya YUNESKO-nun "Qızıl Motsart" medalı təqdim edilib. 2010-cu il dekabrın 30-da türk dünyası mədəni irsinin zəngin parçası olan Azərbaycan türklərinin maddi və qeyri-maddi mədəniyyət abidələrinin qorunması və təbliği sahəsində böyük xidmətlərinə görə TÜRKSAV-nin "Türk dünyasına xidmət" mükafatına layiq görülüb.

 

Azərbaycanın Rusiyada layiqli təmsilçisi

 

Heydər Əliyev Fondunun Azərbaycan sərhədlərindən kənarda da uğurlu fəaliyyətinin təmin edilməsində onun xaricdəki nümayəndəlikləri mühüm rol oynayır. Fondun nümayəndəliklərinin məqsədləri isə aşağıdakılardır:

Azərbaycan Respublikasının beynəlxalq nüfuzunun artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım göstərmək;  Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq; Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə kömək etmək;

Xarici ölkələrin fondları, QHT-ləri, ictimai təşkilatları ilə əməkdaşlığı genişləndirmək, onlarla birgə layihələr həyata keçirmək; Elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrə aid proqram və layihələr hazırlayıb həyata keçirmək; Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil etmək, elmi tədqiqatların aparılmasına yardım göstərmək;

Xarici ölkələrin təhsil müəssisələri ilə əməkdaşlıq etmək; Yerli əhəmiyyətli sosial problemlərin həllinə yardımçı olmaq, xüsusi qayğıya ehtiyacı olan insanlara kömək göstərmək;  Xaricdə aktual mövzulara dair konfrans və seminarlar təşkil etmək;

Uşaqların, yaradıcı gənclərin, incəsənət xadimlərinin sərgilərini təşkil etmək.

Bu gün qeyd edilən vəzifələrin yerinə yetirilməsində özünəməxsus fəaliyyətilə seçilən Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi, sözün əsl mənasında, Azərbaycanla şimal qonşumuz arasında həm də nəcib diplomatik missiya yerinə yetirməkdədir. 2007-ci ilin mayında Rusiyada açılan Heydər Əliyev Fondunun nümayəndəliyinin başlıca vəzifələrindən biri də ölkələrimiz arasında mədəni və sosial-humanitar körpülər yaratmaqdır. Fondun proqramlarının irəliləyişini təmin edən əsas mexanizm vətəndaş diplomatiyasıdır. Rusiyada bu diplomatiyanın bilavasitə icraçısı Leyla Əliyevadır. Məhz Leyla Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi Azərbaycanın milli-mənəvi dəyərlərinin, mədəniyyətinin, incəsənətinin, ədəbiyyatının təbliği, diaspor hərəkatının genişləndirilməsi istiqamətində böyük işlər görmüşdür. Bu gün də Rusiya ilə Azərbaycan arasında mədəni dialoqun genişləndirilməsi yönümündə atılan addımlar, Rusiyanın mədəni ictimaiyyəti ilə müxtəlif səviyyəli görüşlər keçirilməsi, Azərbaycanın zəngin mədəniyyətinin qonşu ölkədə təbliği siyasəti uğurla davam etdirilir. Rusiya ilə əlaqələrin genişləndirilməsinin vacibliyinə toxunan Leyla Əliyeva qeyd edir: "Heydər Əliyev Fondunun fəaliyyəti genişlənir və bütün dünyanı əhatə etməyə başlayır, lakin Rusiya ilə əlaqələr xüsusi əhəmiyyət kəsb edir. Biz fondun fəaliyyətinin təkcə Azərbaycanla məhdudlaşa bilməyəcəyini və onun öz əhatə dairəsini genişləndirməli olduğunu başa düşəndə, təbii ki, əməkdaşlıq üçün ilk məkanlardan biri Rusiya oldu".

Fondun Rusiya nümayəndəliyi təkcə federal icra hakimiyyətləri və qanunvericilik hakimiyyəti səviyyəsində deyil, həm də federasiya subyektlərinin nümayəndələri ilə əlaqələr saxlanması istiqamətində xeyli səy göstərir. Fondun nümayəndəliyinin rəhbərliyi Sankt-Peterburq, Tver, İvanovo, Tula və digər vilayətlərin rəhbərliyi ilə səmərəli əlaqələr qurub. Rusiya hakimiyyətinin və biznesinin digər regional elitası ilə də münasibətlər yaradılıb. Bu kontekstdə Azərbaycan diplomatiyasının mövqeyi baxımından Qarabağ münaqişəsi haqqında məlumatların yayılması kimi çox mühüm məqamı da xatırlatmamaq olmaz. Fondun nümayəndəliyi Azərbaycanın ən yeni tarixinin həm kədərli, həm də təntənəli məqamları ilə əlaqədar genişmiqyaslı aksiyalara, təşkil etdiyi tədbirlərə Rusiya siyasi elitasının təmsilçilərini də dəvət edir.

Azərbaycan nəşrlərinin Rusiyada geniş yayılmasında da Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi mühüm rol oynamaqdadır. Elə bunun nəticəsidir ki, məşhur Rusiya Dövlət Kitabxanası (keçmiş Lenin adına kitabxana) Heydər Əliyev Fondunun nəşr etdirdiyi Azərbaycan kitabları ilə zənginləşib. Fondun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva kitabxanaya Azərbaycan dilində xeyli kitab hədiyyə edib. Bu kitablar Şərq ədəbiyyatı salonundakı xüsusi Azərbaycan nəşrləri sərgisinə əlavə olunub. Rusiya Dövlət Kitabxanasının direktorluğu isə bildirib ki, bu, çox fərəhli hadisədir və şübhəsiz, iki ölkə arasında mədəni əlaqələrin möhkəmlənməsində mühüm rol oynayacaq. Təşəkkür əlaməti olaraq V.Fyodorov Leyla Əliyevaya Avropada ən böyük, dünyada isə ABŞ Konqresinin kitabxanasından sonra ikinci sayılan Rusiya Dövlət Kitabxanası haqqındakı nəşri hədiyyə edib.

Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin sifarişi ilə əfsanəvi Azərbaycan geoloqu, Sibir neftinin ilk kəşfiyyatçısı Fərman Salmanovun büstünün hazırlanması da Azərbaycanın təbliği baxımından böyük əhəmiyyətə malikdir. Büst üzərində tanınmış heykəltəraş Y.Neyman çalışıb. O, ümummilli lider Heydər Əliyevin Sankt-Peterburqdakı Qoroxovaya küçəsi, 6 nömrəli evin (ulu öndər 1949-1950-ci illərdə burada oxumuşdur) fasadında qoyulmuş barelyefinin müəllifidir.

Leyla Əliyevanın Azərbaycanı Rusiya sosiomədəni məkanına gənc və müasir ölkə kimi təqdim edən "Bakı" aylıq jurnalını nəşr etdirməsi də Azərbaycanın təbliğində müstəsna rol oynayır. Ötən il yeni, nəfis tərtibatlı "Bakı" jurnalının təqdimat mərasimi mühüm hadisə olmuşdur. Jurnalın baş redaktoru olan Heydər Əliyev Fondunun Rusiya Federasiyasındakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva bildirib ki, "Bakı" geniş auditoriya üçün nəzərdə tutulub: "Biz bu jurnal vasitəsilə şəhərimizin bütün gözəlliklərini və hərarətini oxuculara çatdırmağa çalışmışıq. Bakı deyəndə, gözlərimiz önündə mülayim iqlimli, günəşli bir şəhər, onun zəngin mədəniyyəti və qədim tarixi canlanır. Güman edirəm ki, bu jurnal Azərbaycanla Rusiya arasında dostluğun möhkəmlənməsinə, mədəni dialoqun inkişafına kömək edəcəkdir. Ümidvaram ki, xalqların qarşılıqlı sevgisindən, tarixindən və dostluğundan bəhs edən bu jurnalı hamı məmnuniyyətlə oxuyacaqdır. Bu jurnal siyasi nəşr deyil, burada əsasən mədəniyyət, tarix, müxtəlif maraqlı şəxsiyyətlər haqqında söhbət açılır və başlıca vəzifə ondan ibarətdir ki, bu nəşr Azərbaycanı sevən, ölkəmiz haqqında daha çox məlumat əldə etmək istəyən hər kəs üçün maraqlı olsun".

Həqiqətən də, fəaliyyətindən qısa müddət keçməsinə rəğmən, "Bakı" jurnalı Azərbaycan və Rusiya arasında mədəni dialoqun inkişafında mühüm rol oynaya bilib. Artıq "Bakı" jurnalı təkcə Rusiyada yox, bütün MDB məkanında kifayət qədər populyardır. Rusiyada Azərbaycan gəncləri hərəkatının lideri olan Leyla Əliyeva gəncləri RF-nin ictimai-siyasi həyatında daha fəal iştirak etməyə, Rusiya cəmiyyətinə daha sıx inteqrasiyaya və bununla bərabər, Azərbaycanın milli mədəniyyətinə qayğıkeşliklə yanaşmağa, onu qoruyub saxlamağa və yaymağa da çağırır. Bu mənada, Leyla Əliyevanın Rusiyanın müxtəlif ali məktəblərinin tələbələri olan azərbaycanlı gəncləri ətrafında birləşdirən sima olması tamamilə təsdiqlənmişdir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədri seçilməsini qonşu ölkədə yaşayan azərbaycanlı gənclərin təşkilatlanmasında yeni mərhələnin başlanması kimi də qiymətləndirmək olar. Ümumiyyətlə, bu təşkilat hələ 2007-ci il noyabrın 28-də Leyla Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyində Azərbaycan diasporu və azərbaycanlı gənclərlə görüş təşkil edilən gün özünün sıx birləşmiş bir qurum olduğunu sübut edib.

Həmin görüş aydın şəkildə göstərdi ki, Rusiyada yaşayan gənc azərbaycanlıların birləşdirilməsi təşəbbüsü reallaşmasına ciddi ehtiyac olan ideya və Rusiyada yaşayan hər bir gənc həmvətənimizin arzusudur. Rusiyada yaşayan azərbaycanlı tələbələrin, aspirantların, eləcə də yaşı 16 və daha çox olan adi sakinlərin sayının çoxluğunu nəzərə alsaq, belə bir təşkilatın yaradılmasının zəruri olduğu meydana çıxır. Qeyd olunan məqam fonunda aprelin 18-də Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransı keçirilməsinin də mühüm bir zərurətdən irəli gəldiyi aydınlaşır. Bu təşkilat gənclərin təkcə Moskvada deyil, həm də müxtəlif regionlarda fəaliyyət göstərən təşəbbüs qruplarını özündə sıx birləşdirib. Təsis konfransında çıxış edən Leyla Əliyeva bir sıra mühüm məqamlara toxunaraq qeyd etmişdir ki, bu gün Rusiyanın hər yerində Azərbaycan gənclər klubları açılmışdır: "Onlar uğurla fəaliyyət göstərir və ölkəmizi ləyaqətlə təmsil edirlər".

Leyla Əliyevanın gənc azərbaycanlıları birləşdirməyi və onlara başçılıq etməyi qərara alması, onun həm bir şəxsiyyət kimi, həm də öz xalqının övladı kimi yüksək sosial və vətəndaş məsuliyyətindən xəbər verir. Gənclər fondun və onun Rusiya nümayəndəliyinin bütün təşəbbüslərini dəstəkləməyə və gənclərlə bağlı müxtəlif layihələrdə fəal əməkdaşlıq etməyə hazır olduqlarını bildirirlər. Bununla yanaşı, RAGT-nin nümayəndələri Rusiya tələbələri birliyinə fəal inteqrasiya etməyə çalışır, təhsil aldıqları ali məktəbləri müxtəlif tədbirlərdə uğurla təmsil edirlər. Digər tərəfdən, fondun nümayəndəliyi Rusiya və Azərbaycanın ali məktəbləri arasında əlaqələrin qurulmasına kömək edir, Rusiya məktəbliləri və tələbələrinin Azərbaycanla və Azərbaycan gənclərinin Rusiya ilə tanışlığı formatında mədəni mübadilə proqramlarının həyata keçirilməsi istiqamətində zəruri addımlar atır. Bütün bunlar həm də Rusiya və Azərbaycan arasında etnik submədəniyyətin məhdudiyyətlər çərçivəsini aradan qaldıran körpünün salınmasında Leyla Əliyevanın əvəzsiz rol oynadığını göstərir. Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ölkəmizin beynəlxalq aləmdə fəal təbliğatçısı olmaqla bərabər, Azərbaycanın xarici siyasətinin təmin edilməsində həqiqətən, mühüm diplomatik missiya yerinə yetirir. Özü də Rusiya ilə dostluğu daha da gücləndirən bu missiya iki ölkə arasında münasibətlərin keyfiyyətinə də müsbət mənada ciddi təsir göstərir.

 

"Xocalıya ədalət"

 

Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində atılan addımlarda Heydər Əliyev Fondunun şübhəsiz ki, müstəsna rolu var. Məhz fondun dəstəyi ilə Xocalı faciəsinin ildönümü 2010-cu ildə artıq dünyanın 100-dən artıq yerində qeyd olundu. Soyqırımına həsr olunmuş silsilə tədbirlər fondun təmin etdiyi təbliğat materialları əsasında həyata keçirilir. Artıq fondun gərgin əməyi nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının insanlığa sığmayan qətlləri haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, nüfuzlu qurumlar bəşəriyyətə qarşı törədilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir. Heydər Əliyev Fondu soyqırımı ilə bağlı 100-dək materialın xaricdə sərgisini təşkil edib. Fondun həyata keçirdiyi "Qarabağ həqiqətləri" silsiləsi və işğal olunan ərazilərdə mədəni-tarixi abidələrin dağıdılması ilə bağlı ingilis dilində nəşr olunan kitab və bukletlər də xaricdə yayımlanır.

İslam Konfransı Təşkilatının (İKT) Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlamış "Xocalıya ədalət" kampaniyası ötən dövr ərzində uğurla davam edib və artıq bu aksiyaya dünyanın əksər ölkələrində yüzlərlə könüllü qoşulub. Ümumiyyətlə, İKT-nin Dialoq və Əməkdaşlıq uğrunda Gənclər Forumu da Ermənistanın işğalçı mövqeyinin dünya miqyasında pislənməsi istiqamətində fəal iş aparır. Forum hələ 2007-ci ilin payızında Bakıda "Gənclər sivilizasiyaların alyansına tərəfdardır" təşəbbüsü çərçivəsində təsis edilmiş "Sivilizasiyaların alyansı" Beynəlxalq Gənclər Hərəkatına da müraciət edərək, ona tərəfdaşları olan nüfuzlu beynəlxalq təşkilatlar vasitəsilə Ermənistanın həm dinc azərbaycanlıların, həm də öz vətəndaşlarının qanını axıtmış sərsəm rejiminin fitnəkar hərəkətlərini dünya birliyinə çatdırmağı təklif edib. Təklifdə bu fikirlər də yer almışdı ki, Dağlıq Qarabağ münaqişəsinə potensial baxımdan sivilizasiyalararası münasibətlərin kəskinləşməsinə gətirib çıxara biləcək bir münaqişə kimi baxılsın. Təklifdə göstərilirdi ki, Ermənistanda hakimiyyətə gəlmiş S.Sarkisyanın bu cür siyasəti dünyanın enerji təhlükəsizliyi üçün mühüm rol oynayan Cənubi Qafqaz regionunda sabitliyin ciddi şəkildə pozulmasına gətirib çıxara bilər.

Onlarla ölkənin gənclər təşkilatlarını birləşdirən İKT-nin Gənclər Forumu İslam Konfransı Təşkilatının affilyasiya edilmiş təsisatı, eləcə də BMT-nin "Sivilizasiyaların alyansı" qurumunun rəsmi tərəfdaşıdır. İKT Gənclər Forumu İdarə Heyətinin 2008-ci ilin aprelində Küveytdə keçirilən 6-cı sessiyasında isə Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəri Leyla Əliyeva forumun mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə birinci baş əlaqələndiricisi seçildi. Bu, İKT Gənclər Forumunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalına daha çox diqqət ayırmasında mühüm rol oynadı. Məhz bunun nəticəsi idi ki, həmin ilin mayın 17-də İstanbulda İKT Gənclər Forumu və İSESKO-nun təşkilatçılığı ilə keçirilmiş İKT ekspertlərinin iki günlük iclasında Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyası İKT ekspertləri tərəfindən dəstəkləndi və 26 fevral - Xocalı soyqırımı gününün İKT ölkələrində humanitar fəlakətlər qurbanlarının xatirəsini anma günü kimi qeyd olunması barədə qərar qəbul olundu. Bundan əlavə, Xocalı qətliamının islam ölkələrində dərsliklərə daxil edilməsi ilə bağlı təklifin də İKT nazirlərinin toplantısına təqdim edilməsi razılaşdırıldı. Ötən ilin iyununda isə İKT-nin üzvü olan ölkələrin xarici işlər nazirlərinin Kampalada (Uqanda) başa çatmış konfransında İKT-nin Gənclər Forumunun sivilizasiyaların alyansı üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın "Xocalıya ədalət - Qarabağa azadlıq" təşəbbüsü təsdiq edildi. Bu barədə İKT xarici işlər nazirlərinin konfransının 35-ci sessiyasında xüsusi qətnamə qəbul olundu. Qətnamənin xarici işlər nazirləri tərəfindən dəstəklənməsi dünyanın 57 ölkəsində müvafiq kampaniyanın həyata keçirilməsi üçün siyasi-hüquqi baza yaradılmasına gətirib çıxardı.

Qətnaməyə görə, İKT üzvü olan ölkələrdə humanitar faciələrin qurbanlarının xatirə günü təsis edilir. Qətnamədə Xocalı faciəsinin də daxil olduğu bu siyahı təsdiq edilməklə yanaşı, XX əsrdə müsəlman ölkələri xalqlarının məruz qaldığı humanitar fəlakətlər, təcavüzlər və etnik təmizləmələr haqqında düzgün informasiyanın yayılması üçün kampaniyalar keçirilməsi nəzərdə tutulur.

Leyla Əliyeva isə onun təşəbbüsünün nüfuzlu beynəlxalq təşkilat tərəfindən bəyənilməsi barədə aşağıdakıları qeyd edib: "Bu sənədin qəbul edilməsi Azərbaycan torpaqlarının işğalı faktının beynəlxalq birlik tərəfindən getdikcə daha çox dərk olunmasını və təcavüzkarın mənəvi-siyasi baxımdan daha da təcrid edilməsini əks etdirir. Qətnamə Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqəti İKT üzvü olan ölkələrdə və mədəniyyətlərarası dialoq vasitəsilə qlobal səviyyədə gənc nəslə çatdırmaq üçün imkan yaradır. Qətnamə bu təşəbbüsün həyata keçirilməsində foruma geniş səlahiyyətlər verir".

2009-cu ilin mayında isə İKT Xarici İşlər Nazirləri Şurasının Dəməşqdə keçən 36-cı konfransında nazirlər Gənclər Forumu haqqında qəbul etdikləri yekun qətnamədə "Xocalıya ədalət - Qarabağa azadlıq" kampaniyasını tam dəstəkləyərək üzv ölkələri bu kampaniyada fəal iştiraka çağırıblar. 2011-ci ildə isə İslam Konfransı Təşkilatı Parlamentlər İttifaqı (İKT Pİ) Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasına dəstək olaraq bəyannamə qəbul edib. İKT Parlamentlər İttifaqı Şurasının Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə keçirilən 13-cü sessiyasında şuraya üzv dövlətlərin qəbul etdikləri Əbu-Dabi bəyannaməsində Xocalı faciəsini insanlığa qarşı törədilmiş kütləvi cinayət kimi tanımağa çağırılır. Bu, İKT GF-nin təşəbbüsü ilə irəli sürülmüş "İKT GF və İKT Pİ arasında əməkdaşlıq haqqında" qətnamənin şura tərəfindən təsdiqlənməsi nəticəsində baş verib. Qətnamənin 3-cü bəndində qeyd edilib ki, İKT Pİ-yə üzv parlamentlər erməni silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş kütləvi qırğını insanlığa qarşı cinayət kimi tanıyır. Sənəddə üzv dövlətlər qeyd olunan cinayətə milli səviyyədə lazımi qiymətin verilməsinə çağırılırlar. İKT Pİ Şurası Leyla xanım Əliyevanın fəaliyyətini yüksək qiymətləndirib və bu rəy qətnamədə öz əksini tapıb. Qətnamədə təşkilata üzv parlamentlərə birbaşa çağırış vardır və bu, öz növbəsində, faciənin milli səviyyədə hüquqi və siyasi qiymətini alması mərhələsini açır. İKT Pİ-nin dünya parlamentlərinin dörddə birini öz sıralarında cəmləşdirdiyini nəzərə alsaq, mühüm siyasi-hüquqi tərkibə malik "insanlığa qarşı cinayət" ifadəsinin istifadə olunması Xocalı faciəsinin ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı siyasətinin tərkib hissəsi kimi tanınması və cinayəti törədənlərin hüquqi məsuliyyətə cəlb olunması baxımından yeni mərhələdir. Qətnamənin qəbulu ideyası Leyla xanım Əliyevanın "Xocalıya ədalət" kampaniyasının milli koordinatorları ilə görüşündə irəli sürülüb və kampaniyanın fəallarının öz ölkələrinin parlamentləri ilə apardıqları lobbiçilik fəaliyyəti nəticəsində uğurla reallaşdırılıb.

İKT Pİ öz sıralarında 51 üzv dövlətin parlamentini birləşdirir və illik olaraq şuranın sessiyalarını, iki ildə bir dəfə isə Afrika, Asiya və ərəb bölgəsinin müvafiq ölkələrindən birində konfransın sessiyasını keçirir. Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına və hadisənin dünya ictimaiyyəti tərəfindən hüquqi-siyasi və mənəvi qiymətləndirilməsinə nail olmağa yönəlmiş "Xocalıya ədalət" beynəlxalq məlumat və təşviqat kampaniyası hazırda dünyanın bir çox ölkəsində yüzlərlə könüllü tərəfindən uğurla həyata keçirilir.

Bütün bunlar ulu öndərin adını daşıyan fondun onun əməllərini böyük uğurla davam etdirdiyini, Azərbaycanın inkişafına və ölkəmizin dünyada layiqli yerinin daha da möhkəmlənməsinə özünəməxsus töhfələr verdiyini aydın göstərir.

 

(ardı var)

 

 

Azərbaycan.- 2011.- 9 oktyabr.- S.  2.