Mənəvi ucalıq və elmi dərinlik

 

Bir yazıçı kimi az-çox yazıçılıq təcrübəmdən bilirəm ki, xəyalın gətirdiyi hikmətləri real gerçəkliyin müşahidəsi gətirə bilməz. Çünki xəyal, bədii təxəyyül ilahi aləmlərin lacivərd vadilərinə baş vurub gəlir. Bu dəfə də belə oldu. Əslində, peşə, sənət baxımından (yazıçılıq peşə deyil, belə bir ixtisas yoxdur!) mənə çox doğma olan bir mərasimdə idim, Milli Aviasiya Akademiyasında müxbir üzvü olduğum Azərbaycan Mühəndislik Akademiyasının 5 illik hesabat yığıncağı keçirilirdi. Bu akademiyanın prezidenti Arif Mehdiyev hesabat məruzəsi ilə çıxış etdi. Nizamnaməyə uyğun olaraq bu akademiyanın prezidenti hər 5 ildən bir dəyişilməlidir. Akademiyanın vitse-prezidenti Arif Mir Cəlal oğlu Paşayev yekdilliklə yeni dövr üçün prezident seçildi. Arif Paşayev olduqca səmimi, dolğun məzmunlu, necə deyərlər, arifanə-müdrik bir çıxış etdi. Onun çıxışının təsiri altında xəyal məni bu ailənin tarixi və taleyi ilə bağlı nəcib və ülvi bir aləmə apardı: böyük yazıçı, alim Mir Cəlal müəllimin müdrik və həlim nəfəsi, Nəsir İmanquliyevin sərt və tələbkar səsi içimdən keçdi. Hələ lap gənclik illərində "Azərbaycan pioneri" qəzetində işlərkən jurnalistikamızın patriarxı Nəsir müəllimi tanıyırdım...

Zaman və məkandan, ictimai-siyasi şəraitdən asılı olmayaraq, bütün dövrlərdə cəmiyyətin mütərəqqi ruhda inkişafı, xalqın saf məram və məqsədlər ətrafında səfərbər edilməsi məhz sağlam əqidəli, xalqa, dövlətə sədaqətli xidməti həyat kredosuna çevirərək bu yolda hər cür məhrumiyyətlərə sinə gərən, prinsipial xarakterli şəxsiyyətlərin fəaliyyəti ilə bağlı olmuşdur. Belə nəcib insanlar qısa zamanda cəmiyyətin sayılıb-seçilən şəxsiyyətlərinə çevrilmiş, üzərlərinə düşən sosial məsuliyyəti düzgün dəyərləndirmişlər. Ən əsası isə ziyalılıq kimi şərəfli və məsuliyyətli missiyanı yerinə yetirmişlər.

Həyat və yaradıcılığı hər bir azərbaycanlı üçün mənəviyyat, kamillik, müdriklik örnəyi olan Aida Nəsir qızı İmanquliyeva da məhz belə nurlu insanlardan biri kimi milyonların qəlbində yaşayır, dərin ehtiramla, rəğbətlə anılır. Filologiya elmləri doktoru, professor Aida xanım İmanquliyevanın həyat və tale kitabını vərəqlədikcə, onun həm nəcib insan, fədakar alim, həm də xalqını, elini, yurdunu məhəbbətlə sevən vətəndaş olduğunu aydın görmək olur. Xalqımıza məxsus xeyirxahlıq, mərhəmətlilik kimi ali keyfiyyətləri, çeşmə kimi saf mənəvi dəyərləri, müasirliyi şəxsiyyətində cəmləyən bu AZƏRBAYCAN QADINInın nurlu çöhrəsi bütöv bir dövrün, zamanın obrazı kimi göz önünə gəlir. Dünya şərqşünaslığı tarixində sanballı yeri olan professor Aida İmanquliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə yaxından tanış olduqca, haqqındakı xatirələri oxuduqca təsəvvürdə sadə, xeyirxah, nəcib və mütəfəkkir bir şəxsiyyət, mədəni-intellektual, kübar qadın obrazı canlanır.

Görkəmli alim Şərq filologiyasının müxtəlif aspektləri üzrə apardığı tədqiqatlarla, yaratdığı fundamental əsərlərlə çağdaş elm tariximizə sanballı möhürünü vurmuş, müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə, uğurlu yol açmışdır. Apardığı tədqiqatlarla bu sahədə zəngin məktəb və elmi irs yaradan Aida xanım İmanquliyeva təkcə Azərbaycan və keçmiş sovet şərqşünaslığını deyil, bütövlükdə dünya şərqşünaslığının zənginləşməsinə misilsiz töhfələr vermişdir. Geniş coğrafi arealda - Rusiyada, Ukraynada, Almaniyada, İngiltərədə, Fransada, Özbəkistanda, Gürcüstanda, eləcə də bir sıra ərəb ölkələrində yaxşı tanınan, əsərlərinə tez-tez istinad edilən Aida xanım müasir ərəb ədəbiyyatının sanballı tədqiqatçılarından biri kimi şərqşünaslıq tarixinə əbədi daxil olmuş mütəxəssislərdəndir.

Böyük mütəfəkkirlər əsrlər boyu cəmiyyətdə müsbət keyfiyyətləri ilə seçilən, rəğbət qazanan insanların maraqlı olduğu qədər də şərəfli ömür yoluna nəzər salarkən, onların yetişdikləri mühitin, aldıqları mənəvi tərbiyənin rolunu xüsusi önə çəkirlər. Şübhəsiz, hər bir şəxsiyyətin formalaşmasında onun doğulub boya-başa çatdığı mühitin və ailə dəyərlərinin təsiri birmənalı özünü göstərir. Aida xanım İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakıda, filologiya elmləri doktoru, professor Nəsir İmanquliyevun halal ocağında dünyaya göz açmışdır. Professor Nəsir İmanquliyev daxilindən gələn yaradıcılıq əzmi ilə həyatını jurnalist sənətkarlığına bağlamışdı. Qəzetlərin barmaqla sayıldığı ötən əsrin 40-50-ci illərində "Yeni yol", "Gənc işçi", "Kommunist" qəzetlərində çalışmış, "Bakı" kimi nüfuzlu mətbu orqanı yaratmış Nəsir İmanquliyev milli mətbuatın klassik simalarının yolu ilə getmiş, onların zəngin yaradıcılığından, ənənələrindən bəhrələnmiş, özünəməxsus irs yaratmışdı.

Belə görkəmli ziyalının ailəsində yetkinləşən, tərbiyə alan və həyata sağlam baxışı formalaşan Aida İmanquliyeva erkən yaşlarından təhsilə, elmə, yaradıcılığa böyük maraq göstərməsi ilə müəllimlərinin diqqətini cəlb etmişdir. Yüksək təhsili, nizam-intizamı ilə fərqlənən Aida xanım  Bakıdakı 132 saylı orta məktəbi 1957-ci ildə qızıl medalla bitirdikdən sonra sənədlərini Azərbaycan Dövlət Universitetinin Şərqşünslıq fakültəsinin o vaxtlar yenicə açılmış ərəb bölməsinə vermişdir. Azərbaycan ərəbşünaslığının banisi professor Ələsgər Məmmədovdan dərs alaraq ərəb dilini mükəmməl şəkildə öyrənən Aida İmanquliyevanın elmi tədqiqatlara olan yüksək həvəsi də müəllimlərinin diqqətini çəkmişdir. 1962-ci ildə ADU-nun şərqşünaslıq fakültəsinin ərəb filologiyası bölməsini bitirdikdən sonra həyatını elm yoluna bağlamaq niyyətini özü üçün tam yəqinləşdirən Aida xanım imtahanları inamla verərək universitetin Yaxın Şərq xalqları ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuşdur.

Aida xanım İmanquliyevanın Azərbaycan tarixində ilk qadın ərəbşünas olması da onun avtobioqrafiyasında parlaq xətt kimi diqqəti çəkir. O, şərqşünas alim Rüstəm Əliyevin rəhbərliyi ilə "Qələmlər birliyi" və Mixail Nüaymənin onun yaradıcılığında rolu" mövzusunda namizədlik dissertasiyası üzərində işləməyə başlamışdır.

Aspirant kimi elmi tədqiqatçılıq əzmi yüksək dəyərləndirilərək Moskva şəhərinə göndərilmiş, təhsilini SSRİ Elmlər Akademiyasının Asiya xalqları İnstitutunun aspiranturasında davam etdirmişdir. 1964-cü ildə "Azərbaycan" jurnalında "Mixail Nüaymə və XIX əsr qabaqcıl rus ədəbiyyatı" adlı ilk mətbu məqaləsi dərc olunmuşdur. Gərgin zəhməti sayəsində elmi tədqiqatlarını qısa müddətdə yekunlaşdıran Aida İmanquliyeva 1966-cı ilin martında hər iki elmi rəhbərinin - Rüstəm Əliyev və İosif Braginskinin xeyir-duası ilə namizədlik dissertasiyası müdafiə edərək filologiya elmlər namizədi alimlik dərəcəsini almışdır.

Alim kimi Azərbaycana dönən Aida İmanquliyeva Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda kiçik elmi işçi və böyük elmi işçi vəzifələrində çalışmış, 1976-cı ildə isə institutda ərəb filologiyası şöbəsinə müdir təyin olunmuşdur. 1988-1991-ci illərdə həmin institutda elmi işlər üzrə direktor müavini işləmiş Aida İmanquliyeva 1991-1992-ci illərdə (ömrünün sonunadək) direktor vəzifəsində çalışmışdır. 1989-ci ildə Tbilisi şəhərində doktorluq dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək tez bir zamanda  bu ixtisas üzrə professor dərəcəsi almış, elmin uca pilləsinə yüksəlmişdir.

Tanınmış alim elmi fəaliyyətlə yanaşı, Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində ərəbşünas mütəxəssislərin hazırlanması işi ilə də yaxından məşğul olmuşdur. Vaxtilə onun dərslərində iştirak etmiş, mühazirələrini dinləmiş tələbələri Aida xanımı - təcrübəli pedaqoqu bu gün böyük ehtiram hissi ilə xatırlayırlar. Onun bilavasitə rəhbərliyi altında ərəb filologiyası şöbəsində güclü kadrlar hazırlanmış, 10-dan çox namizədlik dissertasiyası müdafiə edilmiş, ərəb əbəbiyyatının, ərəb-Azərbaycan ədəbi əlaqələrinin ən müxtəlif sahələrini araşdıran monoqrafiyalar, kitablar hazırlanıb dərc olunmuşdur. Görkəmli elm fədaisi Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən "Asiya və Afrika ölkələri xalqları ədəbiyyatı" ixtisası üzrə müdafiə şurasının üzvü, sədr müavini və sədri olmuşdur. Bununla yanaşı, Azərbaycanın Şərqşünaslıq elminin beynəlxalq səviyyədə tanınmasına, məşhurlaşmasına əsl vətənpərvərliklə, ziyalı təəssübkeşliyi ilə səy göstərən Aida xanım İmanquliyeva Moskva, Küveyt, Poltava, Sankt-Peterburq, Düşənbə, Tbilisi, Hamburq və digər şəhərlərdə keçirilən elmi konfranslarda məzmunlu məruzələrlə çıxış etmişdir.

Akademik Ziya Bünyadovdan sonra AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru vəzifəsində çalışarkən yüksək təşkilatçılıq qabiliyyəti nümayiş etdirmiş, qısa müddət ərzində institutun maddi-texniki bazasının möhkəmləndirilməsi, aparılan elmi-tədqiqat işlərinin miqyasının genişləndirilməsi, onların nəzəri səviyyəsinin yüksəldilməsi, beynəlxalq əlaqələrin gücləndirilməsi, dünyanın aparıcı şərqşünaslıq mərkəzləri ilə münasibətlərin dərinləşdirilməsi sahəsində ardıcıl səylər göstərmişdir. Bir sıra ictimai işlərdə də fəal iştirak edən Aida xanım İmanquliyeva Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, habelə Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olmuşdur.

Aida xanımın elmi tədqiqatlarını fərqləndirən, ona nüfuz gətirən başlıca cəhət Şərq-Qərb elmi-mədəni-mənəvi dəyərlərinin qarşılıqlı müqayisəsində Şərq müdrikliyinə üstünlük verməsi, Şərqin Qərb üzərindəki tarixi nüfuzunu ön plana çəkməsi idi. AMEA-nın müxbir üzvü S.Xəlilov yazır ki, "Aida İmanquliyeva sadəcə, ərəbşünas, yaxud ərəb ədəbiyyatı mütəxəssisi deyildi. O, həm də sivilizasiyalar arasındakı münasibəti, Şərq və Qərb düşüncə tərzlərinin ortaq və fərqli cəhətlərini və bu problemlərin ədəbiyyat və fəlsəfə müstəvisində proyeksiyasını öz tədqiqat predimetinə daxil edən, XX əsrin sonlarında Azərbaycan üçün xüsusi aktuallıq kəsb edən məsələləri ədəbi-tənqidi rakursda gündəmə gətirən bir fəlsəfə tədqiqatçısı, vətəndaş alim idi." Bu doğru fikrə onu da, əlavə edək ki, həqiqətən də, Şərq ədəbiyyatı və mədəniyyətinə fəlsəfi yöndən yanaşmadan onun sirrini və sehrini açmaq mümkün deyil. Bu baxımdan Aida İmanquliyeva ərəbist-filosof idi. Həmin həqiqəti alimin 70 illik yubileyi kontekstində keçirilmiş beynəlxalq İbn Ərəbi simpoziumu bir daha təsdiq etdi.

Aida İmanquliyeva Şərq mənəvi dəyərlərinin, müsəlman əxlaqının böyük təəssübkeşi idi. Tədqiqatçılar bu məqamı xüsusi önə çəkirlər ki, Aida xanım İmanquliyeva Şərq-Qərb qarşılıqlı ədəbi əlaqə və təsiri problemini sistemli şəkildə araşdıran ilk azərbaycanlı alimdir. Böyük intuisiyası, uzaqgörənliyi sayəsində hələ ötən əsrin 70-ci illərində bu gün üçün aktual olan sivilizasiyalararası dialoq probleminə özünəməxsus tərzdə yanaşmış, onun fəlsəfi mahiyyətini açıqlamağa çalışmışdır. Şərq və Qərb mədəniyyətlərinin qarşılıqlı təsir və əlaqələrini öyrənərkən, alim hər iki ədəbiyyatın ümumbəşəri dəyərlərini əsas götürmüş, mədəni tərəqqini şərtləndirən amillərə istinad etmişdir. Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması kimi məsələləri tədqiq edən fədakar alim elmi araşdırmaları ilə şöhrət qazanmışdır. Bu da təsadüfi deyildir ki, Azərbaycan hələ keçmiş İttifaq məkanında ərəb filologiyasının əsas tədqiqat mərkəzlərindən biri kimi tanınmışdır. Aida xanımın araşdırmaları da ərəb ədəbiyyatının yeni mərhələyə qədəm qoymasında böyük xidmətləri olmuş Əmin ər-Reyhaninin, Cübran Xəlil Cübranın, Mixail Nüaymənin yaradıcılığına həsr edilmişdir. O, adı çəkilən mütəfəkkirlərin yaradıcılığı barədə keçmiş İttifaq məkanında tədqiqat aparan ilk alimlərdən olmuşdur.

Aida xanım İmanquliyevanın 1975-ci ildə Moskvada nəşr edilən ilk monoqrafiyası da Mixail Nüaymənin yaradıcılığına həsr olunmuşdur. Müəllif kifayət qədər ciddi elmi əsaslarla bu qənaəti diqqətə çəkir ki, "Qələmlər birliyi"nin yaranması əslində, yeni ərəb ədəbiyyatının, mədəniyyətinin inkişafında müstəsna əhəmiyyəti olan yeni əbədi məktəbin formalaşması kimi qiymətləndirilməlidir. Monoqrafiyada vurğulanır ki, M.Nüaymə, C.X.Cübran, İ.Abu Madi, R.Əyyub, H.Arida, A.M.Xəddad kimi görkəmli yazarları sıralarında birləşdirən bu cəmiyyət ərəb ədəbiyyatının inkişafında bütöv mərhələ təşkil etmiş, onun sonrakı inkişafını müəyyənləşdirmişdir.

Aida xanım İmanquliyeva məhcər ədəbiyyatının görkəmli nümayəndələri Cübran Xəlil Cübranın və Əmin ər-Reyhaninin daha çox Qərb romantizminin, Mixail Nüaymənin isə rus tənqidi realizminin təsirinə məruz qaldığını göstərmiş, bunun əsas səbəbini onların dünyagörüşü, düşdükləri mühitin ədəbi-bədii qayəsi və yaradıcılıq istiqamətləri ilə bağlamışdır.

Aida xanım romantik poeziyanı onun Qərbdə C.Bayron, U.Bleyk, R.Emerson, U.Uitmen, Şərqdə isə C.Cübran, Ə.Reyhani, M.Nüaymə kimi məşhur nümayəndələrinin timsalında araşdırmış, bir tərəfdən hiss və əqlin, digər tərəfdən Şərq ilə Qərb düşüncə tərzlərinin vəhdət məqamlarını üzə çıxararaq, bəşəriyyətin məhz bu harmoniyaya doğru inkişaf etmək əzmini təsbit etmişdir. Öz tədqiqatlarında da poetik ruhla fəlsəfi düşüncənin vəhdətindən çıxış edən Aida xanım Azərbaycan ədəbi və fəlsəfi fikrində ilk dəfə olaraq Şərq və Qərb romantiklərinin geniş müqayisəli təhlilini vermişdir.

Professorun fikrincə, yeni ərəb ədədiyyatının təşəkkülü və formalaşmasında əhəmiyyətli rol oynamış "Suriya-Amerika məktəbi"nin nümayəndələri öz yaradıcılıqları ilə yalnız ərəb ədəbiyyatında deyil, həm də Şərq ölkələrinin milli ədəbiyyatlarında öz davamçıları üçün yol açmışlar. Bu, əsasən, onların əksər əsərlərini ingilis dilində yazması ilə əlaqədar olmuşdur. Ona görə də "Suriya-Amerika məktəbi"ni təmsil edən yazıçıların yaradıcılığı öz milli ədəbiyyatları çərçivəsindən kənara çıxaraq dünya ədəbiyyatında layiqli yer tutmuşdur. Onların ədəbi fəaliyyəti sanki Qərb və Şərq ədəbiyyatlarının mənəvi nailiyyətlərini mübadilə etdikləri informasiya kanalı rolunu oynamışdır.

Alimin "Mixail Nüaymə və "Qələmlər birliyi" (M.,1975), "Cübran Xəlil Cübran" (B.,1975), "Yeni ərəb ədəbiyyatı korifeyləri" (B.,1991) monoqrafiyaları Azərbaycanda ərəb ədəbiyyatşünaslığının təməlində dayanan fundamental əsərlərdir.

Alimin bir çox xarici dillərə tərcümə edilmiş "Yeni ərəb ədəbiyyatı korifeyləri" kitabı onun çoxillik gərgin tədqiqatlarının yekunu olmaqla, ərəb məhcər ədəbiyyatı haqda yazılmış ən sanballı tədqiqat əsəridir. Kitab ərəb dilinə tərcümə edildikdən sonra ərəb alimləri arasında da geniş maraq doğurmuş, mütəxəssislər tərəfindən yüksək qiymətləndirilmişdir.

Ümumiyyətlə, professorun 3 monoqrafiya, 70-dən çox elmi məqaləsində Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkülü geniş surətdə tədqiq edilmişdir. Aida xanım İmanquliyeva təkcə şərqşünaslıq sahəsində deyil, həmçinin Şərq və Qərb arasında elmi və mədəni əlaqələrin, ortaq mənəvi dəyərlərin aşkar edilməsində də səmərəli fəaliyyət göstərmişdir.

Hər bir alimi tanıdan, məşhurlaşdıran əsas keyfiyyətlərdən biri də onun publisistik qələmi, kəsərli sözü, həmçinin tərcümə sahəsində malik olduğu hazırlığıdır. Lakin açıq demək lazımdır ki, tərcüməçilik qabiliyyəti heç də bütün tədqiqatçılarda olmur. Aida xanım İmanquliyeva isə istedadlı qələm sahibi kimi həm də özünü tərcümə sahəsində sınamış, ərəb ədəbiyyatının bir sıra şedevrlərini dilimizə məharətlə tərcümə etmişdir. O, Mixail Nüaymənin "Buz əriyəcək", "İnsan və quş", "Qu-qu" saatı", Mahmud əz-Zahirin "Üsyan", Məhəmməd Dibin "Hasın dermək", Sahib Camalın "Yusif", Süheyl İdrisin "Azadlıq" və Qənəma Məcid Zeyyibin "Növbəyə dayanmaq" hekayələrini kifayət qədər orijinal uslubda Azərbaycan dilinə tərcümə etmiş, həmin əsərlərin yüksək poetik ruhunu, dəst-xəttini, məna və məzmununu qoruyub saxlaya bilmişdir.

30 ildən çox müddətdə Şərq mədəniyyətini, mənəvi dəyərlərini, ictimai-siyasi fikrini fəlsəfi düşüncə işığında araşdıran, Şərq-Qərb dəyərləri kontekstində tədqiqata cəlb edən, "Köç Yolu"ndan keçənlərdən soraq verən Aida xanım hələ ötən əsrin 70-ci illərində sərhədlərin qapalı olduğu, imperiyanın at oynatdığı dövrdə vətəndaş ziyalı, qüdrətli alim kimi öz sözünü demiş, insanları, dövlətləri Böyük "Köç Yolu"na - İpək Yoluna səsləmişdir. O, dünyanın bir çox ölkələrinə həmin böyük "Köç Yolu" vasitəsilə qovuşan Şərqin və Qərbin ədəbi-fəlsəfi, etik və estetik dəyərlərini, düşüncə sistemlərini tədqiq etmişdir.

Tarixi şərait qüdrətli alimin ideyalarını bütövlükdə açmağa imkan verməsə də, Aida xanım şərqşünas alim, Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun direktoru kimi məqam düşdükcə, sözünü deməyə cəsarət tapırdı. Zaman-zaman mənəvi terrora, hücumlara məruz qalan Şərqin, Şərq dəyərlərinin bir növ himayədarına çevrilən Aida xanım instituta yeni qədəm qoyan aspirant və dissertantları məhz böyük köçün, Şərqin və türk dünyasının məkanına istiqamətləndirirdi.

Aida xanım İmanquliyevanın alimliyini onun Tanrının yalnız sevdiklərinə bəxş edə biləcəyi gözəl, bənzərsiz keyfiyyətləri tamamlayırdı. Yüksək vəzifələr, elmi titullar, ictimai həyatda fəallıq onu bu ümdə insani keyfiyyətlərdən əsla, məhrum edə bilməmişdi. Uzun illər görkəmli alimlə birgə çalışmış həmkarları xatırlayırlar ki, Allah Aida xanımdan heç nəyi əsirgəməmişdi. Zahiri və daxili gözəllik, sadəlik, mehribanlıq, həssaslıq, humanizm, insansevərlik onun müsbət aurasını daha da cəlbedici edirdi. Görkəmli alim alicənablığı, mərhəmətliliyi, xeyirxahlığı, başqalarına diqqət və qayğısı ilə ondan dərs alan gənclərə təkcə ərəbşünaslıq elminin incəliklərini öyrətmirdi. Şəxsiyyət olaraq da Aida xanım ətrafındakı insanlar üçün əsl insanlıq mücəssəməsi, canlı örnək idi. Onun daxili və zahiri gözəlliyini yüksək qiymətləndirən insanlar Aida xanımı İDEAL QADIN OBRAZI kimi qəbul edir, daim ehtiram göstərirdilər.

Görkəmli nəzəriyyəçi alim, AMEA-nın müxbir üzvü, professor Yaşar Qarayev bu misilsiz insan haqqında yazıb: "Şərq dəyərlərini Aida xanım yalnız filosof-mediyevist kimi təmsil etmirdi. Bütün xanımlıq məlahəti, qənirsiz gözəlliyi ilə o, Şirinin, Leylinin özü idi". Zahiri və daxili-mənəvi gözəlliyin vəhdəti olan Aida İmanquliyeva həm də bir xanım kimi şəxsiyyətinə sədaqəti, mənliyini hər şeydən uca tutması ilə nüfuz və məhəbbət qazanmışdı.

Elmi və pedaqoji fəaliyyəti, hər kəsə nümunə sayılacaq şəxsi keyfiyyətləri, xeyirxah məqsədlərə köklənmiş nəcib xarakteri, ziyalılığı və sadəliyi ilə Aida xanım İmanquliyeva həm də ailəsinin sağlam təməl üzərində qurulmasına çalışmışdır. Görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin ocağının gəlini olan Aida xanım İmanquliyeva əsl azərbaycanlı qadını kimi ailəsinə bağlı olmuş, onun müqəddəsliyini daim qorumuşdur. İşinin gərginliyinə baxmayaraq, özünün cazibədarlığı, mülayimliyi, zərifliyi ilə həmişə nəcib qadın olaraq qalmış, həm görkəmli alim, həm də həyat eşqi, xeyirxahlığı, qayğıkeşliyi ilə seçilən ana olmuşdur. Cəmiyyətdə tutduğu yüksək mövqeyə baxmayaraq birinci növbədə ailəsinin qayğıları ilə yaşamışdır. Bu mənada, nüfuzlu nəsil-şəcərənin layiqli davamçıları olan Paşayevlərin mənəvi təmələ, pak niyyət və arzulara tapınmış milli ailə modeli bu gün də cəmiyyətdə böyük rəğbət hissi doğurur. Aida xanımın həyat yoldaşı Arif Paşayev ömrünü fizika elminin nəzəri-təcrübi məsələlərinə həsr edərək bu sahədə yorulmadan çalışan, cəmiyyət həyatı üçün fundamental əhəmiyyət kəsb edən bir sıra yeniliklərə, ixtira və kəşflərə imza atan görkəmli akademik kimi onu yaxından tanıyanların dərin rəğbət və ehtiramını qazanmışdır. Qəlbinin odunu və hərarətini, mənalı ömrünün ən qaynar illərini xalqının gələcəyi olan gənc nəslin təlim-tərbiyəsinə həsr etmiş Arif Paşayev respublikamızda radiofizika və yarımkeçiricilər sahəsində də zəngin irs, özünəməxsus məktəb yaratmış, çoxlu sayda fundamental əsər və dərsliklər yazmışdır. Bu görkəmli alimin, nəcib şəxsiyyətin böyük zəhmət və əzmkarlıq hesabına yaratdığı, bu gün də müvəffəqiyyətlə rəhbərlik etdiyi Aviasiya Akademiyası milli təhsilimizin flaqmanlarından biri kimi Azərbaycanın beynəlxalq elmi nüfuzunu möhkəmləndirir.

Yüksək mənəviyyat sahibi kimi nəcib əməllər uğrunda çalışmış professor Aida xanım İmanquliyeva iki qız övladını da məhz bu ruhda tərbiyə etmişdir. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva kökdən gələn mənəvi zənginliyi ilə dünyanın xilasına yönələn mütərəqqi ümümbəşəri və milli idealların cəmiyyətdə daha da geniş intişar tapmasına, ictimai şüura hakim kəsilməsinə, fərqli sivilizasiyaların dialoquna, keçmişlə gələcək arasında körpü salınmasına, insanlara xeyirxahlıq, insanpərvərlik və nəciblik kimi ali dəyərlərin əxz edilməsinə çalışır.

Son illərdə ölkəmizin dörd bir tərəfində geniş vüsət alan məktəb və xəstəxana tikintisində, diaqnostika və müalicə mərkəzlərinin, müxtəlif xəstəliklərdən əzab çəkən uşaqlar üçün xüsusi tibb müəssisələrinin yaradılmasında, uşaq evlərinin və bağçalarının, internat məktəblərinin yenidən qurulmasında Mehriban xanım Əliyevanın xidmətləri misilsizdir. Ölkəmizin birinci xanımının təşəbbüsü ilə həyata keçirilən xeyriyyəçilik təbdirlərinin nəticəsində yüzlərlə insan normal sağlam həyata dönüb. Mehriban xanımın həyata keçirdiyi dəyərli layihələr, irəli sürdüyü nəcib və xeyirxah təşəbbüslər təkcə ölkəmizdə yox, beynəlxalq miqyasda da Azərbaycanın birinci xanımının dərin inam və etimad qazanmasına səbəb olub.

Təsadüfi deyildir ki, Mehriban xanım Əliyeva nəcib missiyalar daşıyıcısı və Azərbaycan mədəniyyətinin dünyada ən fəal təbliğatçılarından biri olaraq tanınır. Onun bilavasitə təşəbbüsü ilə Azərbaycan mədəniyyətinin inkişafına göstərilən diqqət və qayğı biz ziyalıların, bütövlüklə ölkə ictimaiyyətinin dərin rəğbətinə səbəb olmuşdur. Bu sırada ölkəmizdə beynəlxalq musiqi festivallarının keçirilməsi, tarixi-mədəniyyət abidələrinin yenidən qurulması, rəsm müsabiqələrinin təşkili, görkəmli mədəniyyət xadimlərinin musiqi albomlarının hazırlanması Azərbaycanda mədəniyyətin inkişafına gözəl töhfələr verir. Mehriban xanımın rəhbərliyi altında Heydər Əliyev Fondunun xüsusən, Azərbaycan muğam sənətinin təbliğinə və qorunmasına xidmət edən layihələri olduqca möhtəşəmdir. Bakı şəhərində Beynəlxalq Muğam Mərkəzinin yaradılması Mehriban xanım Əliyevanın milli-mənəvi dəyərlərimizə nə dərəcədə bağlı olduğunu göstərdi. Məhz onun yorulmaz fəaliyyəti sayəsində muğam YUNESKO tərəfindən Bəşəriyyətin Şifahi və Qeyri-Maddi İrsinin "Şah Əsərləri" Siyahısına daxil edilib. "Azərbaycan muğamı" layihəsi çərçivəsində  nəfis şəkildə hazırlanan "Qarabağ xanəndələri" musiqi albomunda yer alan muğam parçaları xalqımızın qədim və zəngin mədəniyyəti barədə dinləyicilərdə əyani təsəvvür yaradır. Bu kimi təşəbbüslər xalqının mədəni ənənələrində və tarixində dərin köklərə malik olan muğam sənətinin inkişafında, təbliğində böyük rola malikdir.

Məhz nəcib əməllərinə görə Mehriban xanım Əliyeva yüksək titullu mötəbər beynəlxalq mükafatlarla, fəxri adlarla təltif olunub. YUNESKO və İSESKO-nun "Xoşməramlı səfiri" olan Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin 2009-cu il 5 may tarixli sərəncamı ilə "Heydər Əliyev mükafatı"na layiq görülməsi, bu günlərdə isə Fransa Resrublikasının "Şərəf Legionunun Zabiti" dövlət ordeni ilə təltif olunması zənnimcə, onun fəaliyyətinə verilən layiqli qiymətlərdir. Görünür, Mehriban xanım Əliyevanın üzərinə götürdüyü xeyirxah, nəcib və şərəfli missiya tarixi bir qanunauyğunluq, həyatın diktə etdiyi ilahi harmoniyadır.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz xanım Paşayeva da Azərbaycan elminin, mədəniyyətinin, incəsənətinin inkişafı sahəsində mühüm xidmətləri ilə tanınan kübar ziyalıdır. Bir alim kimi nəsil şəcərəsinin möhtəşəm ənənələrini ləyaqətlə davam etdirən Nərgiz Paşayevanın Azərbaycan təhsilinin inkişafına xidmətləri böyükdür. Onun rəhbərliyi ilə fəaliyyət göstərən Moskva Dövlət Universitetinin Bakı filialı Azərbaycanda təhsilin yüksəlişinə uğurla xidmət etməklə yanaşı, Azərbaycanla Rusiya arasındakı dostluq münasibətlərini daha da möhkəmləndirir. Elə buna görə də Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, filologiya elmləri doktoru, professor Nərgiz Paşayevanı Rusiyanın yüksək dövlət mükafatı - "Dostluq" ordeni ilə təltif etmişdir.

Hər bir şəxsiyyətin tarixi dəyəri onun öz xalqı üçün etdiyi xidmətlərlə ölçülür. Aida İmanquliyeva xalq mənəviyyatı nəhrindən su içmiş, xalq həyatı, milli - tarixi taleyimizlə bağlı istedadlı alim, vətəndaş ziyalı və kübarlıq məktəbinin parlaq nümayəndəsi idi. Həmin məktəbin ənənələrini bu gün Azərbaycanın tarixi-ictimai mühitində bənzərsiz mövqeyi, xüsusi çəkisi olan övladları ləyaqətlə davam etdirir.

Aida xanım dünyadan tez getdi. Fəqət o, tarixə daxil oldu. Onun həyatı mənəvi ucalığın və elmi dərinliyin parlaq simvolu idi.

 

 

Hüseynbala MİRƏLƏMOV,

Milli Məclisin deputatı, yazıçı-dramaturq,

Azərbaycan Mühəndislik Akademiyasının müxbir üzvü

 

Azərbaycan.- 2011.- 9 oktyabr.- S. 3.