AzərTAc ilə
ELTA informasiya agentlikləri arasında imzalanmış əməkdaşlıq
sazişi Azərbaycan-Litva münasibətlərinin möhkəmlənməsinə
layiqli töhfə verəcəkdir
Bakı Beynəlxalq Humanitar Forumunda iştirak edən Litvanın ELTA informasiya agentliyinin baş direktoru xanım Qrajina Ramanauskayte-Tiumeneviyene və Litva Elmlər Akademiyasının prezidenti Valdemaras Razumas ilə Azərbaycan Dövlət Teleqraf Agentliyində (AzərTAc) görüş olmuşdur.
Görüşdə AzərTAc ilə ELTA arasında ikitərəfli əməkdaşlığın gələcəkdə daha da inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə edilmişdir.
AzərTAc-ın baş direktoru Aslan Aslanov agentliyin fəaliyyəti və beynəlxalq əlaqələri haqqında qonaqlara məlumat vermişdir.
Baş direktor bildirmişdir ki, Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində oktyabrın 11-də AzərTAc ilə ELTA arasında imzalanmış saziş qarşılıqlı əməkdaşlığın daha da inkişafına, eləcə də Litva-Azərbaycan münasibətlərinin möhkəmlənməsinə və genişlənməsinə layiqli töhfə verəcəkdir. Diqqətə çatdırılmışdır ki, AzərTAc-ın Latviyada Baltikyanı ölkələr üzrə xüsusi müxbir məntəqəsi fəaliyyət göstərir. Bu, Azərbaycanın həmin regiona verdiyi önəmin göstəricisidir.
ELTA informasiya agentliyinin baş direktoru Qrajina Ramanauskayte-Tiumeneviyene Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etməkdən məmnunluğunu bildirmişdir. Xanım Q.Ramanauskayte-Tiumeneviyene demişdir: "Olduqca maraqlı mövzuların müzakirə edildiyi bu forum çərçivəsində ELTA ilə AzərTAc arasında əməkdaşlığın əsasının da qoyulması mənim üçün xüsusi əhəmiyyət kəsb edir. Buna görə də bu tədbirdə iştirakımı, ümumiyyətlə, Azərbaycana səfərimi çox uğurlu hesab edirəm".
ELTA-nın baş direktoru imzalanmış sazişin Litva vətəndaşlarının Azərbaycanda, Azərbaycan vətəndaşlarının isə Litvada gedən proseslər haqqında mütəmadi olaraq məlumatlandırılması baxımından əhəmiyyətini vurğulamışdır.
Litva Elmlər Akademiyasının prezidenti Valdemaras Razumas Bakıda gedən genişmiqyaslı tikinti-quruculuq işlərinin onu heyran etdiyini bildirmiş, ölkəmizdə gördüyü qonaqpərvərliyi yüksək qiymətləndirmişdir.
Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətinə toxunan V.Razumas bu mötəbər tədbirdə dünyanın bir çox ölkələrindən nüfuzlu mütəxəssislərin müasir dövrün çağırışları ilə bağlı maraqlı diskussiyalar apardıqlarını, faydalı təkliflər irəli sürdüklərini xüsusi vurğulamışdır. Qonaq demişdir ki, Bakı Beynəlxalq Forumu qloballaşan dünya üçün, sözün həqiqi mənasında, faydalı humanitar platforma olmuşdur.
V.Razumas həmçinin forum çərçivəsində
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Litvanın
Elmlər Akademiyası arasında imzalanmış elmi əməkdaşlıq
haqqında sazişin ölkələrimizin bu sahədə əlaqələrinin
inkişafına təkan verəcəyini bildirmişdir.
Azərbaycan.- 2011.-13 oktyabr.- S. 15.