Avropa Şurasında Ermənistanın növbəti fitnəkarlığı və onun ifşası

 

Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Ermənistan nümayəndə heyətinin üzvləri məzmunu saxtakarlıqdan ibarət bir bəyanat hazırlamış, nüfuzlu beynəlxalq təşkilat çərçivəsində bütün uğursuzluqlarını ört-basdır etmək üçün bundan bir vasitə kimi istifadə etməyə çalışaraq öz yerli mətbuatlarında ucuz şou yaratmağa, bunu qeyri-adi bir nailiyyət kimi qələmə verməyə başlamışlar.

Məsələnin mahiyyətini şərh etmək üçün AzərTAc-ın xüsusi müxbiri Avropa Şurasında Azərbaycan daimi nümayəndə heyətinin üzvü Rafael Hüseynova müraciət etmişdir. R.Hüseynov həmin bəyanatla əlaqədar demişdir: "AŞ PA-da müxtəlif sənəd formaları vardır. Bunların ikisi - tövsiyə üçün təklif və tövsiyə üçün qətnamə irəliləyən sənədlərdir. Yəni həmin sənədlər hazırlandıqdan sonra Assambleyanın Bürosunda baxılır, sonra araşdırılmaq və növbəti addımlar atmaq üçün müvafiq tövsiyələrlə komitələrə göndərilir. Komitələr isə həmin sənədlərin əsasında məruzəçilər təyin edir. Eyni zamanda, Avropa Şurasında "Yazılı bəyannamə" deyilən bir forma da vardır. Bu, bir qrup deputatın verdiyi bəyanatdır. Həmin sənəd formasının lap əvvəlində Assambleyanın rəsmi xəbərdarlığı çap edilir ki, bu bəyanat Avropa Şurasının mövqeyi deyil, sadəcə, onu imzalayanların fikridir. Yalnız həmin sənədə qol çəkənlərin arasında müzakirə edilə bilər. İndiki halda ermənilər də belə bir bəyanat hazırlamış və erməni lobbisinin ələ aldığı bir qrup idarəolunan fransalı deputatla birgə onu imzalamışlar. "Dağlıq Qarabağ Respublikası (Artsax)" adlı həmin bəyanat yalnız onların öz aralarında qalacaq, heç bir hüquqi gücü, Avropa Şurası meyarları baxımından irəliləmək və təsir etmək imkanı olmayan bəyanatdır. "Dağlıq Qarabağ respublikası" adlı bir rəsmi qurum mövcud deyil, onu nəinki dünyanın hansısa bir ölkəsi, heç Ermənistan özü də rəsmən tanımamışdır.

AŞ PA avropalı deputatların məclisidir və burada hər parlamentdə olduğu kimi, istənilən deputat arzu etdiyi mövzuda danışa, bəyanat verə bilər. Bu onun fərdi hüququdur. Avropa Şurasında və digər beynəlxalq təşkilatlarda isə ortaq mövqe yalnız ümumi müzakirəyə çıxarılaraq səsverməyə qoyulan məsələlər və sənədlər əsasında müəyyənləşir. Həm də ermənilərin dərhal cavab verməyə vaxt qalmasın deyə sessiyanın sonunda az qala xəlvəti ortaya çıxardıqları bu bəyanat mahiyyəti etibarilə Avropa Şurasının prinsiplərinə, xüsusən də onun bu problemlə bağlı daha əvvəllər qəbul etdiyi rəsmi qətnaməyə ziddir. Başqa sözlə, bu bəyanatı imzalayanlar qanunsuz hərəkət etmiş, Avropa Şurasının norma və prinsiplərinə, təsdiq və qəbul etdiyi sənədlərə hörmətsizlik göstərmişlər. Söz yox, AŞ PA-nın növbəti sessiyasında qurumdakı belə arzuolunmaz təzahürlərlə bağlı biz prinsipial mövqeyimizi ifadə edəcəyik. Hələlik isə bunları bildirmək istərdik ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı Avropa Şurasının konkretobyektiv mövqeyini əks etdirən mötəbər sənəd vardır. Bu, Parlament Assambleyasının 2005-ci il yanvarın 25-də qəbul etdiyi 1416 saylı qətnamədir. Həmin qətnamənin ilk bəndində birmənalı şəkildə göstərilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal etmişdir, Dağlıq Qarabağda separatçı rejim fəaliyyətdədir və ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparmışlar. Bütün beynəlxalq təşkilatlarda Ermənistanın Azərbaycana hərbi təcavüzü, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul edilmiş sənədlərin hamısından bu qətnamənin üstünlüyü ondan ibarətdir ki, ilk dəfə birbaşa olaraq işğalçı kimi mücərrəd "erməni silahlı qüvvələri"nin deyil, məhz Ermənistan dövlətinin adı çəkilir. İlk dəfə olaraq Dağlıq Qarabağda heç bir hüquqi dayağı olmayan separatçıların fəaliyyət göstərdiyi vurğulanır. İlk dəfə olaraq daim guya onlara qarşı türklər tərəfindən "soyqırımı" törədildiyini iddia edən Ermənistanın əslində özünün azərbaycanlılara qarşı qətliam həyata keçirməsi rəsmən təsdiqlənir.

Avropa Şurası Azərbaycanın ərazi bütövlüyünü tanıyır, Dağlıq Qarabağonun ətrafındakı yeddi Azərbaycan rayonunun Ermənistan tərəfindən işğal olunduğunu bilir və təsdiq edir. Hər sessiyada da bu təcavüzə son qoyulması tələbini yenidən irəli sürür. Bu, həm də Ermənistanın Avropa Şurasına qəbul olunarkən altına imza ataraq qəbul etdiyi əsas öhdəliklərdən biridir. 1416 saylı qətnamənin icrasına nəzarətlə bağlı Avropa Şurası ayrıca bir altkomitə də yaratmışdır və Dağlıq Qarabağ üzrə bu komitə Ermənistanın bütün etirazlarına, təhrikçilik hərəkətlərinə baxmayaraq fəaliyyət göstərir və ermənilər nə qədər cəhd etsələr də, onun ləğvinə nail ola bilmədilər. Əslində, nəticə etibarilə 1416 saylı qətnamənin qəbuluna gətirib çıxarmış məruzənin də ermənilər və onları dəstəkləyən qüvvələr vaxtilə Parlament Assambleyasında hazırlanmasına qarşı çıxırdılar. Həmin məruzənin hazırlanması təklifini hələ 2001-ci ildə o zamanlar AŞ PA-dakı Azərbaycan nümayəndə heyətinə rəhbərlik edən Prezident İlham Əliyev vermişdi. Ermənilərin bütün əks səylərinə baxmayaraq, Dağlıq Qarabağ üzrə məruzə Avropa Şurasının hazırlanmalı olan məruzələr sırasına daxil edilmiş, Böyük Britaniyadan olan görkəmli siyasətçi, o vaxt Parlament Assambleyasında Siyasi Komitənin sədri, sonralar isə Assambleyanın prezidenti olan Terri Devis kifayət qədər ədalətli və yetərincə kəskin məruzə hazırlamışdır. Daha sonra isə ingiltərəli digər deputat Devid Ətkinson həmin məruzəni bir az da təkmilləşdirərək Assambleyada təqdim etmişdir. Ermənilər həmin məruzəyə görə Terri Devisi düşmən elan etmişAssambleyada bunu dəfələrlə dilə gətirmişlər. Lakin uzun siyasətçi ömrü boyunca çox çətin sınaqlardan mərdanəliklə keçmiş Terri Devis sonadək ləyaqətlə dayanmış və bütün təzyiqlərə baxmayaraq, hazırladığı məruzədən Ermənistanın təcavüzkar olması, Dağlıq Qarabağın separatçıların əlində qalması maddələrini qətnamədən çıxarmamışdır. Avropa Şurasının Dağlıq Qarabağ ilə əlaqədar mövqeyi həmin sənəddir. Həmin sənəd Dağlıq Qarabağın separatçı, işğalçı rejimin nəzarətində olduğunu təkid edirbunu daim pisləyir. Parlament Assambleyası, Avropa Şurasının Nazirlər Komitəsi hər dəfə Dağlıq Qarabağda qondarma separatçı rejimə guya hansısa hüquqi don geyindirmək məqsədi ilə saxta seçkilər keçirilməsi təşəbbüslərini tənqid edir. Əldəqayırma prezident, parlament, bələdiyyə seçkilərini heç bir əsası olmayan seçki imitasiyası, oyun sayan Avropa Şurası elə bu sessiyada da Dağlıq Qarabağda baş verən belə hərəkətləri kəskin pisləyən növbəti sənəd qəbul etmişdir. Separatizm Avropa Şurasının qətiyyətlə pislədiyi, cinayət saydığı və daim tənqid hədəfində saxladığı problemlərdən biridir. Təsadüfi deyil ki, elə bu payız sessiyasında da gündəliyə salınmış suverenlik və dövlətçiliklə əlaqədar məruzənin təməl mövzularından biri separatçılığın bütün təzahürlərinə qarşı mübarizə məsələsi idi. Parlament Assambleyasının payız sessiyasının birinci günüdə mən çıxışımda Ermənistanla bağlı belə bir fikir söyləmişdim ki, Ermənistan yalnız öz gücü ilə deyil, ona havadarlıq və yardım edən qüvvələrin sayəsində Azərbaycan ərazilərinin 20 faizini zəbt etsə də, həmin torpaqların sahibi olmamış və heç vaxt da olmayacaqdır. Ermənistan və bütün ermənilər də bunu yaxşı bilir.

Zənnimcə, AŞ PA-da ermənilərin ortaya qoyduğu riyakar və fitnəkar məzmunlu son bəyanat da təcavüzkarın stəkanda fırtına yaratmaq cəhdindən başqa bir şey deyildir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, tarix boyu belə olmuşdur  bundan sonra da həmişə belə olacaqdır. Ermənistan-Azərbaycan münaqişəsində rəsmən tərəf olan elə bu iki dövlətdir və Dağlıq Qarabağı ayrıca bir tərəf kimi araya salmaq cəhdləri həmişə rədd edilmiş və ediləcəkdir. Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları həmin danışıqlara iştirakçı kimi qatıla bilər. Danışıqlarda müstəqil tərəf olmaq xülyası isə yalnız bu riyakar bəyanatdakı kimi hüquqi gücü olmayan kağızların üzərində, ermənilərin özlərinin və özlərinəbənzər muzdlularının balaca dəstəsinin arasında baş tuta bilər. Bu xülyalar heç vaxt gerçəkləşməyəcəkdir. Gündən-günə siyasiiqtisadi tənəzzülü artan, tam iflas fəlakətinə doğru sürətlə irəliləyən Ermənistan bu mənasız xülyalar aləmindən və qəflət yuxusundan nə qədər tez ayrılsa və ayılsa, xilas olmaq ümidləri də bir o qədər artar".

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Strasburq

 

Azərbaycan.- 2011.- 9 oktyabr.- S.  6.