Güllələnəndən 25 il sonra verilən bəraət
Süleyman ağanın Gəncəyə getməsi ilə əlaqədar mehtərlər faytonu gözdən keçirir, digər hazırlıq işləri görürdülər. Bu arada xidmətçilərdən biri qaça-qaça Süleyman ağanın yanına gəlib dedi: - Ağa, Çuğulludan bir nəfər gəlib, sizi görmək istəyir. Deyir ki, Musa göndərib, çox mühüm sözüm var.
- Qoy gəlsin, ola bilsin ki, kənddən sübhdən çıxıb. Ona çay-çörək verin, mən də gəlirəm, - deyib otağa keçdi.
Darvazanın ağzında dayanan atlı həyətə keçdi. Atın cilovunu əlindən alıb ikimərtəbəli mülkün alt mərtəbəsində ona yer göstərdilər. Qonaq keçib oturandan sonra dedilər: - Ağa tapşırdı ki, yol gəlmisiz, bir stəkan çay için, çörək kəsin, o da indi gəlir, - deyib süfrəyə təzədəm çay, axşamdan sulanmış yumşaq yuxa, qaymaq, isti süd qoydu.
Qonaq çörək kəsməsə də, çayı nəlbəkiyə töküb həvəslə içdi. Süleyman ağanın ona sarı gəldiyini görən kimi ayağa qalxdı, ədəblə salam verib görüşdü. Gələn Çuğullu kəndində (indiki Düyərli kəndi) yaşayan Süleyman ağanın yaxın qohumu Musa kişinin qonşusuydu. Çağırılmamış qonaq bildirdi ki, Musa kişi ağır xəstədir, təvəqqe edir ki, Süleyman ağa ona bu gün baş çəksin.
Süleyman ağa həyətin ortasında bir anlıq fikrə getdi, dərhal faytonçunu yanına çağırıb bildirdi ki, Gəncəyə yox, Çuğulluya Musa kişigilə gedəcəyik.
Süleyman ağa bilirdi ki, son bir ildə Musa kişinin həyat yoldaşı, iki oğlu, bir qızı qəfil xəstəlikdən dünyalarını dəyişiblər. Musanın xəstələnməsindən isə xəbərsiz idi.
Fayton Musa kişinin düz evinin qabağında dayandı. Süleyman ağa qabağına çıxanlarla salamlaşıb, birbaşa evə keçdi. Musa kişini yataqda görəndə özünü itirməyib ona ürək-dirək verdi.
Süleyman ağanın gəlişinə sevinən Musa kişi qəddini dikəldib dedi:
- Ağa, çox götür-qoy etmişəm, ürəyim qızan, etibar edə bildiyim təkcə sənsən. Xəstəlikdən ağlım bir şey kəsmir, qalam, ya qalmayam. Nə qədər yaşayacağımı da bilmirəm. Kiçik qızım uşaqdır (onda Həlimənin iki yaşı ancaq olardı), ana yox, bacı yox, qardaş yox, hamısı xəstəlikdən tələf oldu, qızı götür apar, öz balan kimi saxla, yiyəsiz qalmasın, - deyib kövrəldi.
Süleyman ağa bura gələndə yolda fikirləşirdi ki, Musa kişi ilə görüşüb oradan Gəncəyə gedər. Amma o, balaca Həliməni götürüb birbaşa Şəmkirə qayıtdı... Balaca Həlimənin bir neçə gün sonra rəhmətə gedən atasının ölümündən heç xəbəri də olmadı.
Bu hadisədən təxminən 15-16 il keçmişdi. Həlimə böyümüş, yetkinlik yaşına çatmışdı. Bir gün Süleyman ağa subay oğlanlarını həyətdə yan-yana düzdü, Həliməni çağırtdırıb dedi: - Bu uşaqların hansı xoşuna gəlir? Hansını bəyənsən, səni ona nişanlayacağam.
Həlimə qəfil təklifdən tutulsa da, ağanın sözündən çıxmadı.
Hannan-hana utana-utana başını qaldırıb uşaqları gözaltı süzdü. Nəzərini lap başda dayanan ucaboylu, xrom çəkməli, beli xəncərli oğlanın üzərində saxladı. Bu, Süleyman ağanın ortancıl oğlu Ədil bəy idi.
...1916-cı ildə onların toyu olanda Ədilin təxminən 31, Həlimənin isə 19 yaşı vardı. Süleyman ağa Ədil bəylə Həlimə xanıma üç gün, üç gecə toy çaldırdı.
1917-1918-ci illərdə bir gün Şəmkirdə, iki-üç gün Gəncədə olan Ədil bəy Gəncə Milli Müsəlman Komitəsinin üzvü idi. Azərbaycanın çar Rusiyasının müstəmləkə buxovundan qurtulması, milli dövlət qurulması, ölkəsinin müstəqilliyi və xalqının azadlığı uğrunda ictimai-siyasi tədbirlərdə, təşkilati işlərdə əlindən gələni əsirgəmirdi, bu işlərə pul xərcləməkdə böyük səxavət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti yaranandan bir neçə gün sonra İmamzadədə qurbanlar kəsdirib, ehsan verdirdi. Milli hökumətin yaranmaqda olan ordu hissələrinə tez-tez ərzaq və pal-paltar göndərir, digər yardımlar edirdi.
Ədil bəy nəsildə-nəcabətdə sayılıb-seçilən adam olub. Ağsaqqal, ağbirçək yanında bir sözü iki olmazdı. Bolşevik şahidlərin dediyi ikimərtəbəli, 48 otaqlı mülkün həyətində hər gün təndir qalanar, təzə çörək bişərdi. Təsadüfən yoldan keçəni mütləq həyətə - süfrə başına dəvət edərdilər, isti təndir çörəyi ilə təzə süddən-qatıqdan, yağdan-qaymaqdan yedirməmiş, uzaq kəndə gedən yol adamını, xüsusilə qocaları və uşaqlı qadınları çaysız-çörəksiz, dincəlməmiş buraxmazdılar.
Ədil bəyin həyat yoldaşına eldə-obada, qohum-əqrəba arasında "Həlimə xatun" deyə müraciət edərdilər. Xətri-hörməti, qonum-qonşu məclisində iştirakı, fəqir-füqəraya əl tutması onun alicənablığından xəbər verirdi.
Ədil bəyin qardaşı - Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Əhməd ağa Bədirbəyov respublika Xalq Daxili İşlər Komissarlığı tərəfindən 1931-ci ildə "xalq düşməni" elan edilərək əmlakı müsadirə olunmaqla güllələnmişdi. Təsərrüfatını bolşeviklər dağıtmış, ev əşyalarını siyasi idarənin işçiləri bazarda dəyər-dəyməzinə satdırıb pulunu rayon maliyyə şöbəsinin xəzinəsinə keçirmişdilər. Böyük qardaşı İsfəndiyar bəyin də mülkü müsadirə olunmuş, varidatı əlindən alınmış, özü 10 il müddətinə sürgünə göndərilmişdi. O biri qardaşları bundan əvvəl 1920-1921-ci illərdə əkin yerlərinin, var-dövlətlərinin bir hissəsi əllərindən alınmaqla səsvermə hüququndan məhrum edilmişdilər.
Ədil bəy, qardaşları Əşrəf bəy, Xan İsmayıl, Abbas bəy, Səməd bəy, güllələnən Əhməd ağa, sürgünə göndərilən İsfəndiyar bəy Gəncə Milli Müsəlman Komitəsinin fəal üzvü olmuşlar. Bədirbəyov qardaşları Gəncəbasar bölgəsində ictimai-siyasi hadisələrdə hər işdə öndə olmuş, xüsusilə 1918-ci ilin yanvarında "Şamxor hadisələri" zamanı vətənpərvərlikləri ilə fərqlənmişdilər. 1920-ci il Gəncə üsyanının başçılarından, Azərbaycan Milli Ordusunun alay komandiri polkovnik Cahangir bəy Kazımbəyli ilə, Bağbanlı Sarı Qafarla, Qaracəmirli Ramazan oğulları, Koltəhnəlidən Kürən Məhəmmədlə yaxın dost və silahdaş idilər. Odur ki, bolşeviklər azadlıqda olan Bədirbəyov qardaşlarını, onların övladlarını sosial təhlükəli ailə kimi nəzarətdə saxlayırdılar. Ədil bəy çox sayıq adam idi, bilirdi ki, NKVD-nin Şəmkir rayon şöbəsinin əməkdaşları onu izləyir, hara gedib-gəldiyini gözdən qaçırmırlar.
Sovet hökuməti Şəmkirdə bərqərar olan kimi bolşeviklər Ədil bəyin səkkiz hektar üzüm bağını, 23 hektar əkin yerinin 15 hektarını əlindən alıb Əhməd ağa və İsfəndiyar bəydən müsadirə etdikləri torpaqlara birləşdirərək əvvəl artel, sonra da kolxoz yaratdılar. Bolşeviklər bəyin digər əmlakına da öz malları kimi şərik çıxdılar: kənd şurasının əli ilə 3 kotandan, 3 maladan 2-sini, 102 atdan 6-sını, 15 inəkdən 12-sini, 8 öküzdən 6-sını, 150 qoyundan 75-ini, 20 keçidən 10-unu, ən nəhayət, bu gün də elin-obanın istifadə etdiyi su kəhrizini siyahıya alıb yaratdıqları Karl Marks adına kolxozun hesabına keçirdilər.
1937-ci ildə Ədil bəy həbs ediləndə qapısında cəmi-cümlətanı 2 inək, 2 öküz, 3 keçi, 20 qoyun-quzu qalmışdı. Mülkü, evinin içi, sürüylə mal-qarası, pəyəsi, əkin yeri, kotanı, arabası, malası, suvuranı, əkin-biçində işlədilən digər avadanlığı, atı, ulağı və s. əlindən alınandan sonra sovet hökuməti 53 yaşlı Ədil bəy Süleyman ağa oğlu Bədirbəyovu 1937-ci il avqustun 5-də əslinin-nəslinin bəy, özünün mülkədar və ticarətçi olduğunu, habelə Gəncə üsyanında fəal iştirakını əsas gətirməklə həbs etmişdi. Bunu tutulandan 12 gün sonra respublika Xalq Daxili İşlər Komissarlığı Şəmkir rayon şöbəsi müstəntiqinin sorğusuna cavabında Ədil bəy özü də etiraf etmişdi: "Bəli, əslim bəy olub, özüm də bəy olmuşam, 1920-ci ildə Gəncə üsyanında qardaşlarımla birlikdə bolşeviklərə qarşı vuruşmuşam... Buna görə kiçik qardaşım Əhməd ağa əksinqilabçı kimi 1931-ci ildə güllələnib, İsfəndiyar bəy adlı qardaşım isə keçən il həbs edilərək 10 il müddətinə sürgünə göndərilib".
Bundan əlavə, Xalq Daxili İşlər Komissarlığı Şəmkir Rayon Şöbəsinin müstəntiqi avqustun 9, 10 və 11-də keçirdiyi sorğu zamanı Ədil bəyə bildirib: "Sizin kolxozçular arasında bic-bic danışıqlarınız təsdiqlənib, guya kolxozçular acdırlar, hökumət camaatı aldadır, əhalinin vəziyyəti çörək üçün kartoçka sistemindən azad ediləndən sonra yaxşı olmaq əvəzinə pis olub. Kolxozçular acından ölür, uşaqlar ac qalırlar, sovet hökuməti çörək sarıdan çətinlik çəkir, bu, təsadüfi hal deyil, yəqin hökumət hərbi təhlükədən və hücumdan qorxur, çörəyə ekonomiya edir və ehtiyat yığır". Müstəntiqin "müəyyənləşdirdiyi" bu kimi "sübutları" Ədil bəyin iki nəfər bolşevik həmkəndlisi rayon mərkəzində kolxoz bazarında təsadüfən bəyin ağzından eşitdiklərini həm şifahi, həm də yazılı şəkildə bildirmişdi.
Şahidlər onu da demişdilər ki, Ədil bəyin Gəncədə dükanlarını, Gəncənin müsəlmanlar yaşayan məhəlləsində, Gəncəçay körpüsünün altında böyük mülkünü gözləri ilə görmüşlər. Gəncədə, Gədəbəydə, Şəmkirin özündə 12-yə yaxın dükanı, rayon mərkəzində ikimərtəbəli 48 otaqlı mülkü var (1980-ci ilə kimi bu mülkdə mərkəzi rayon xəstəxanası yerləşib - red.).
Şahidlər onu da bildirdilər ki, Ədil bəy gizli ticarətlə məşğul olur. Azərbaycanın müxtəlif rayonlarına gedir, gizli yolla mal alıb gətirib dükanında satdırır.
Rejimin ictimaiyyətə qarşı ən böyük ittihamlarından biri də kiminsə yaxın qohumlarının xarici ölkələrdə yaşaması idi. Bunu da şahidlərin dili ilə müstəntiq açdı: "Azərbaycan Xalq Cümhuriyyəti süquta uğrayandan sonra sovet hökumətini bəyənməyərək Ədil bəyin yaxın qohumları İmran bəy İrana, Ağa Şamxorski isə Türkiyəyə gedib orada yaşayırlar. Dəfələrlə kolxoz idarə heyəti və kolxozçular Ədil bəyə təklif ediblər ki, kolxoza üzv olsun, lakin o, imtina edib".
İstintaq zamanı Morul kənd sovetinin sədri, müavini və katibi saxtakarlıq edərək 5 ay əvvəlki - 14 aprel 1937-ci il tarixi ilə belə bir sənəd də yazıb NKVD-yə çatdırmışdılar ki, guya "...sabiq mülkədar, Ədil bəy varlı (tacir) və 1933-cü ilə kimi səsdən məhrum olan (diqqəti cəlb etmək üçün bu ifadələrin altından xətt çəkilib) və dəfələrlə fərdi vergiyə düşmüş Ədil bəy Bədirbəyov kənd soveti tərəfindən verilən 1 hektar pambıq yerini bu ana qədər əkməmiş və əkməkdən dəxi boyun qaçırır, hansı ki əkməyə iqtidarı var. Beləliklə, yoxsul əkinçilərin də əkməklərinə mane olur ki, o, əkməyəndə onlar da dəxi əkməyirlər. Hansı ki dəfələrlə bu adama rayon İcraiyyə Komitəsinin sədri yoldaş İbrahimov gəlib deyib, dəfələrlə rayon prokuroru yoldaş İsmayılov tapşırmış, yenə dəxi əkməmişdir".
Ədil bəyin digər şahid-həmkəndlisi NKVD müstəntiqinə yazılı şəkildə daha ətraflı surətdə çatdırmışdır ki, qonşusu və uşaqlıq yoldaşı Ədil bəy Bədirbəyov yeni bolşevik quruluşunu bəyənmir, sovet hökumətinə qarşı çıxan "banditlərlə" daim həmrəy olub. Qatı müsavatçıdır, atası Süleyman ağa Bədirbəyov müsavat vaxtı Dumanın (Gəncə şəhər Duması nəzərdə tutulur - red.) üzvü olub. Ədil bəyin bütün qohumları, bəy və ağalardan başqa repressiya olunublar. Qardaşı Abbas bəy Müsavatın pristavı olub. Ədil bəy nəinki özünün bəy əsilli 18 ailədən ibarət qohumları arasında, həmçinin antisovet əhvali-ruhiyyəli ünsürlər arasında da böyük nüfuza malikdir.
Beləliklə, istintaq bu kimi uydurma dəlillərlə işini yekunlaşdıraraq "müəyyənləşdirmişdi" ki, Ədil bəy kolxoz quruculuğuna inanmır və hazırda heç bir yerdə işləmir, yalnız gizli alverlə məşğuldur.
Həbs ediləndən bir ay beş gün sonra NKVD-nin Şamxor rayon şöbəsinin təcridxanasında saxlanılan 53 yaşlı Bədirbəyov Ədil bəy Süleyman ağa oğlu yeni quruluşa qarşı çıxan qaçaqlarla əlaqəsinə, Gəncə üsyanında iştirakına, kolxoz quruculuğuna qarşı əksinqilabi təbliğat apardığına görə "üçlüy"ün 10 sentyabr 1938-ci il tarixli qərarına əsasən əmlakı müsadirə olunmaqla güllələnməyə məhkum edilmişdir.
Ədil bəy həbs olunanda Həlimə xatun 40 yaşında idi. Dörd oğul, iki qız anası Həlimə xatun yeddinci uşağa hamilə idi. Küçədə qalan Həlimə xatun oğlanları İsraili, Ənvəri, İdrisi, Musanı, qızları Şəhmən və Pikəni götürüb Bəylikdən xeyli aralıda, Morul kəndindəki Qaraəhmədli ocağı deyilən baba yurduna pənah gətirir, bir azdan ailənin yeddinci övladı dünyaya gəlir. Adını Rafiq qoyurlar.
Dünənə kimi Həlimə xatun kimi tanınan "xalq düşməni"nin həyat yoldaşı dövrün ədalətsizliyinə, rejimin min bir əziyyətinə baxmayaraq, uşaqlarını boya-başa çatdırır. Övladlarına yaxşı tərbiyə verir və təhsil almalarına nail olur.
Qaraəhmədli ocağında, anasının himayəsində böyüyən Ədil bəyin böyük oğlu İsrail İkinci dünya müharibəsi başlayanda Morul kənd orta məktəbində riyaziyyat müəllimi işləyirdi. Müharibəyə könüllü gedənlərdən olub, ön cəbhədə vuruşub. Hərbi hazırlığına və döyüş şücaətinə görə dəfələrlə orden və medallarla təltif olunub. Cəbhədən sonuncu məktubu 1945-ci ilin mart ayında gəlib. SSRİ Müdafiə Nazirliyinin o vaxtkı məlumatına görə, Bədirbəyov İsrail Ədil oğlu alman faşizminə qarşı döyüşlərdə 1945-ci ilin aprel ayında qəhrəmancasına həlak olub.
Ailənin ikinci oğlu Ənvər tarix
müəllimi olub. O da ali təhsil
almışdı. Ömrünün
sonunadək Nizami adına şəhər
orta məktəbində
müəllim işləyib.
İdris uşaq vaxtı dünyasını dəyişib. Qardaşların kiçiyi Musa orta təhsilini başa vuran kimi 1942-ci ildə müharibəyə
yollanıb, itkin düşüb.
Ədil bəyin qızı Şəhmən Azərbaycan
Tibb İnstitutunu (ATU)
bitirib və uzun müddət rayon mərkəzi xəstəxanasında
rentgenoloq-həkim işləyib. Şəhmənin bacısı Pikə evdar qadın olmuşdur.
Ədil bəyin ölümündən
sonra dünyaya gələn sonbeşik Rafiq isə respublika Bədən Tərbiyəsi və İdman İnstitutunu (indiki Azərbaycan Respublikası Bədən
Tərbiyəsi və
İdman Akademiyası)
bitirmiş, ömrünün
sonuna qədər rayonun orta məktəblərində
müəllim işləmişdir.
Artıq Həlimə xatun da, oğlanları da, qızları da dünyasını dəyişiblər. Lakin onların əməllərini
yaşadan nəvə-nəticələri
vətənə, xalqa
və millətə xidmətdə həmişə
babalarına, nənələrinə
oxşamağa çalışıblar.
Bu nəslin nümayəndəsi
Eldar Cəbrayılov deyir: "Atam həmişə söyləyərdi
ki, dünyanın o narahat vaxtlarında dayımgilə (Ədil bəy nəzərdə tutulur - red.) vaxt-bivaxt
gedəndə Həlimə
xatun bizi mehribanlıqla qarşılayardı. Həyətə
girər-girməz öz
uşaqlarını başqa
otağa keçirər,
ya da oynamaq
adıyla bağçaya
çıxarardı, evdə
hazır xörək nə olsa, çəkərdi
qabağımıza. Bizi yedirib-doyurandan
sonra öz uşaqlarını çağırardı
süfrə başına,
bizə çay verər, onlara isə qazanda nə qalsa onu
çəkərdi. Bunu
heç kim
hiss etməzdi, mən
bunu çox sonralar bildim... Odur ki, nəsildə-nəcabətdə
Həlimə xatunun qayğıkeşliyini heç
kim heç
vaxt unutmamalıdır".
Həlimə xatunun xeyriyyəçiliyi,
qayınana-qayınata, gəlin-baldız
münasibətləri eldə-obada
indi də nümunə kimi xatırlanır.
* * *
1963-cü
ildə Azərbaycan
SSR Ali Məhkəməsinin cinayət işləri üzrə məhkəmə
kollegiyası Bədirbəyov
Ədil bəy Süleyman ağa oğlunun işinə yenidən baxaraq Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığı üçlüyünün
Ədil bəy Bədirbəyov haqqında
10 sentyabr 1938-ci il tarixli qərarını ləğv etmiş, istinad edilən cinayət sübuta yetirilmədiyi üçün
işin icraatına xitam vermişdir.
Rəhman SALMANLI
Azərbaycan.- 2011.-9 oktyabr.- S. 6.