Qəsrlər

 

Qəsrlər yaşayış və müdafiə funksiyalarını özündə birləşdirən, orta  əsrlərin yadigarı, zəngin feodallara məxsus tikililər olub və yüzillər boyu sərt sınaqlara məruz qalsalar da, günümüzədək gəlib çıxmışlar. Milli memarlıq nümunələri olan belə tikililərin əhəmiyyəti  müxtəlif dövrlərdə diqqətdən kənarda qalmayıb.

Qəsrlərin digər bu tipli  binalardan fərqli cəhətlərindən biri onların ilkin variantlarının taxtadan tikilməsi idi. Taxta qəsrlərə əsasən Baltikyanı ərazilərdə  rast gəlinib. Müdafiə məqsədilə tikilən qəsrlərdə növbə çəkilirdi.

Qəsrlərlə bağlı əsaslı mənbələrdən biri də Litva Tarix İnstitutunun "Litva taxta qəsrləri" nəşridir. Orada göstərilənlərə görə, Litvada və ümumiyyətlə Avropada mövcud olmuş bütün taxta qəsrlər öz ömürlərini başa vurmuş, demək olar ki,  tamamilə  tarixin  arxivinə atılmışlar. Bir vaxtlar onların tikildiyi yerlərdə  yalnız qum təpələri, çuxurlar qalmaqdadır. Lakin onu da inkar etmək olmaz ki, taxta qəsrlərin qarşısını yeni tikililər, saraylar tutmayıb. Yəni   digər  yerlərdə daş qəsrlər  tikilsə də, Litva ərazisində onlar öz ilkinliklərini saxlamaqda idi.

Zaman dəyişdikcə, bir çox maddi-mədəniyyət nümunələri özlərinin yeni formalarına  keçdikləri kimi,  ömürlərini başa vurmuş qəsrlər də qala bürcləri  ilə əvəzləndi. Taxta qəsrlərin yenidən dövrümüzə qaytarılması  isə yalnız turizmdə oynaya biləcəkləri rola görə mümkündür.

Qəsrlərin tədqiqi də digər maddi-mədəniyyət abidələrindən fərqli olaraq,  diqqət mərkəzində olmayıb. Arxeoloji tapıntılarda onların sayı o  qədər də çox deyil. Qəsrlərin yerüstü hissəsinin görüntülərini isə təsəvvürə gətirmək mümkün deyil.

Maddi-mədəniyyət abidələrinin qalıqlarını bütün  dövrlərdə bərpa etmək o qədər də asan deyil. Ona görə ki, onların qalıqları həmişə kiçik bir parça - fraqment şəklində olub. Çox güman ki, taxta qəsrlər XI əsrdə heç də təsadüfi meydana  gəlməyib.  Onların izləri qədim şəhərlərin vaxtilə yerləşdiyi torpağın mədəni qatında gizlənib. "Sonuncu qədim şəhərlər" istilahı son vaxtlar, kurqanların xronologiyasının araşdırılmasından sonra yaranıb. Taxta qəsrlərin seyr və müşahidə üçün tikilmələri barədə bir sıra tarixçi etnoqrafların gəldikləri qənaətlərin də əsası vardır. Demək,  qədim şəhər yerləri  eyni zamanda məbəd  funksiyasını da yerinə yetirirmiş.

Qəsrlərin  o dövrlər varlılar tərəfindən tikdirilməsi bədii ədəbiyyatda da öz təsdiqini tapıb. Aşıq Ələsgərin yaradıcılığında da qəsrlərlə bağlı misralara rast gəlmək mümkündür:

 

Tikdiribsən qəsr, eyvan, oda sən,

Bu nökərin, o sevdiyin, o da sən.

Qıya baxdın, məni saldın oda sən,

İnsaf eylə, gəl könlümün narın üz.

 

Burada aşıq qəsrin bir seyrəngah olaraq varlı zadəgana məxsusluğunu da dolayısı ilə bildirir.

Çox güman ki, XI əsrdə taxta qəsrlər birdən    heç də təsadüfi  meydana gəlməyib. Belə növ tarixi abidələrə dünyanın bir çox ərazilərində, o cümlədən Kiçik Qafqazda da rast gəlinib. Lakin Qafqazda qəsrlər ağacdan yox, daşdan tikilib. Qəsrlər özünün ikinci dövrünü - daş ömrünü  yaşayanda Qafqazda tikilməyə başlanıb.

Taxta qəsrlər erkən dövrlərdə malikanələrə öz təsirini göstərib. Lakin kiçik şəhər və qəsəbələrin əsası nəyə görəsə tərk edilmiş qəsr yerlərindən bir qədər kənarda qoyulurdu. Son illərin arxeoloji tapıntıları da bunları təsdiqləməkdədir.

Qəsrlərin tikilməsi təkcə mədəni inkişafın deyil, həmçinin  istilaların daha geniş məkanı  əhatə etməsini də özündə ehtiva edən tarixi sübutlardan sayılır. Möhkəmlənmiş yerlərin əmələ gəlməsi yeni ictimai münasibətlərə, düşmənin qarşısını almaq, var-dövləti qorumaq, gücünü göstərmək imkanına bir işarə kimi də qəbul edilir. Tarixdən məlumdur ki, orta əsrlərdə gedən döyüşlər əsasən qəsr və qalalarda sona çatırdı. Qalib və məğlublar qəsrlərdə öz bayraqlarını qaldırırdılar. Qəsrlərdə edamlar da az olmayıb. Öz dövrünün cəza növlərindən sayılan edamlar əsasən qəsr və qalalarda yerinə yetirilirdi. Buna görə də zaman-zaman qəsr və qalalara təkcə istehkam qurğuları kimi baxılmayıb, cəlladlar məskəni, qaniçənlər yuvası kimi də yanaşılıb.

Bütün bunları  xatırlatmaqda məqsəd  qəsrlərin və qala bürclərinin  tarixən oynadıqları rolun mühüm əhəmiyyət daşımasını yada salmaqdır. Qanlı-qadalı illərdə qəsrlər çox döyüşlərin şahidi olub. Həmin qəsrlər qaliblərlə məğlubların sonuncu görüş yeri kimi də tarixin səhifələrinə yazılıb. Qəsrlər də, insanlar kimi, döyüşlərin qurbanına çevrilb. Mühasirəyə alınmış şəhəri məhv etmək üçün ilk növbədə qala divarları, qəsrlər atəşə tutulurdu. Toplardan atılan daşlar qəsrləri dağıdıb-tökür, mühasirədə saxlanan şəhər ələ keçirilirdi…

Azərbaycan ərazilərində də qəsrlər dövrümüzədək gəlib çatıb.  Erməni vandallarının işğal altında  saxladıqları ərazilərimizdəki maddi-mədəniyyət nümunələri arasında qala, qəsr və bürclər də vardı. Təəssüf ki, onların bu gün yalnız adları qalır. Darmadağın edilmiş, yaxud tamamilə saxtalaşdırılaraq erməniləşdirilmiş həmin yadigarlar orta  əsrlərdə bu yerlərdə gedən çoxsaylı qanlı döyüşlərin şahidi olmaqla yanaşı, həm də mədəni inkişafın göstəricilərindən sayılıblar.

Belə maddi-mədəniyyət abidələri Şuşada da az deyildi. Şuşa  şəhərinin Qarabağ xanı Pənahəli xan tərəfindən salınması barədə kifayət qədər məlumat var. 1756-57-ci illərdə tikilən şəhər əvvəlcə Pənahabad, sonradan Şuşa adlandırılıb. Şəhərin iki tərəfi qala divarları ilə  örtülü olub. Xalq arasında bu qəsr, sadəcə, "Qala" kimi məşhurlaşmış, Qarabağ xanlığının yadigarı və paytaxtı olmuşdur. Qədim mənbələrdə də "Şuşa qəsri" adına rast gəlinir.

1992-ci ilin may ayından Ermənistan silahlı qüvvələrinin işğal altında saxladığı Laçın rayonu ərazisindəki tarixi abidələrdən biri "Ağoğlan" qəsridir. Bu qəsrin tikilməsi barədə  bir çox maraqlı  rəvayətlər dolaşmaqdadır. Deyilənlərə görə,  bu qəsr qədim zamanlarda (konkret olaraq "Ağoğlan" qəsri IX əsrin yadigarı  kimi tədqiq olunub) bu ərazidən keçən bir səyyah tərəfindən tikdirilib. Bu yerlərin təbiəti səyyahı o qədər məftun edib ki, o, könüllülərdən ibarət  topladığı dəstə ilə bu qəsri ucaltdırıb. Səyyah özü o qədər gözəl olub ki, onu Ağ oğlan adlandırıblar. Qəsrin tikintisi gedən vaxtlarda  fəhlələrin günorta yeməyi zamanı bir qaranquş (bəzən də qarğa deyirlər) aşpazın başına  fırlanır və qazandan yemək çəkməyə mane olur. Hamı bu işə məəttəl qalır. Quş  fırlanaraq birdən özünü   qapağıaçıq qazanın içərisinə atıb məhv olur. Qazanın xörəyini boşaltdıqda orada ölmüş ilanı görüb dəhşətə gəlirlər. Beləliklə, həmin quşun xilaskarlığına görə, guya, qəsri "Qaranquş" adlandırıblar.

Lakin sonralar el arasında qəsr onu tikdirən Ağoğlanın adı ilə məşhurlaşıb.

Laçının Minkənd  çayının kənarında, təpəlikdə tikilmiş həmin qəsrin yeganə bir  tağbənd qapısı olub. Bu giriş qapısı elə qurulub ki, oradan nə atın, nə də ulağın keçməsi mümkün imiş.

Qəsrin mühafizə divarının sağ tərəfində karvansara tipli bir bina da vardı. Həmin yaşayış yerinə qala divarının içəri hissəsindən giriş  olmayıb. Qəsrin daxilindəki qəbiristanlıq isə buranın təkcə müdafiə tipli deyil, eyni zamanda yaşayış üçün nəzərdə tutulduğunu göstərirdi.

Qəsrlər tarixin arxivinə atılmış olsalar da, onların haqqında təsəvvürlər və daşıdıqları əhəmiyyət yaşamaqdadır. Qəsrlərə doğma münasibət bu gün də müəyyən formada özünü göstərməkdədir.  Van adlı bir avropalı kolleksiyaçı  tərəfindən 600 min boş siqaret qutusundan (6 metr uzunluğunda, 4,68 metr enində) "tikilmiş qəsr" hətta müəllif-ustasına rekordçu sertifikatı da qazandırıb. Daha maraqlı  faktlardan biri də 1 milyon boş siqaret qutusundan qəsrlərdən ibarət muzey tikilməsi barədə fikirlərin  dünya mediasında özünə yer almasıdır.

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan.- 2011.- 9 oktyabr.- S.  7.