Bir kəndin
tarixçəsi
İnsan taleləri bənzərsiz olduğu kimi, kəndlərin də öz tərcümeyi-halları, fərqli qismətləri olur. Mənim doğulub boya-başa çatdığım Xucbala kəndi də qeyri-adi kəndlərdən biridir. Nə qədər vaxt idi ki, yazmaq istəyirdim. Ancaq reallıqdan uzaq, ideal və əfsanəvi kəndin mifik surətini yaratmaq fikrində deyildim. Hər şeyi olduğu kimi qələmə almağı düşündüm. Çünki bu kənd mənə olduğu kimi əzizdir. Yaxşısı və pisi, acısı və şirini, sədaqətləri və xəyanətləri ilə.
Əslində, hər şey mənfi və müsbət çalarların vəhdətindən ibarətdir. Yaxşı və pis, isti və soyuq, xeyir və şər bu dünyada əbədi qonşuluqda və ədavətdədir. Bu qarşıdurma hər birimizin içindən keçdiyi kimi, kəndlərin, şəhərlərin və ölkələrin də aqibətindən yan ötmür.
Qafqaz
dağlarının ətəyində 3-4 ildən bir
gurlayıb selləri ilə ətrafı vahiməyə salan,
adəti üzrə isə il boyu susuz qalan Quru çayın
üstündəki yamacda qərar tutan kənd mənim kəndimdir.
Dəniz də,
dağlar da, Quba da, Qusar da bura yaxındır. Quba-Qusar yolunun
9-cu kilometrində yerləşir. Burada hamı bir-birini beş
barmağı kim tanıyır. Hamı qohumdur, illər, əsrlər
boyu qaynayıb qarışsalar da, hərə bir nəslin təmsilçisidir.
Hərənin öz kökü var. Əsas tayfaların
sayı beşdir. Binəlilər və ya bindəqulular
buranın əzəldən birinci sakinləridir. Göyçəklilər
Göycə mahalından nə vaxtsa bu kəndə pənah gətiriblər.
Sərhədlilər Dərbənd tərəfdən,
Talışlar isə cənubdan
köç ediblər. Çürükçülər də
ayrı bir nəsildir.
Kəndimizin
ləhcəsi də maraqlıdır: bütün fellərin
sonuna indiki zamanda varam şəkilçisi əlavə edilir.
Məsələn, gedə+varam, ölə+varam, qala+varam. Mənası
budur ki, getməkdə varam, ölməkdə varam, qalmaqda
varam, yəni hələ ki sağam, ölürəm,
yaşayıram.
Birinci dəfə
bizim danışığımıza kim qulaq assa, çətin ki, bir
şey başa düşə. Yaxşı yadımdadır,
bir dəfə kəndimizə gələn dostlarım da
heç nə anlamadıqları üçün heyrətlənmişdilər
ki, görəsən hansı dildə danışırıq.
Xucbaladan
3 kilometr yuxarı, dağlara tərəf Alpan kəndi yerləşir.
Bu yerlər qədim albanların yaşayıb məskən
saldıqları ərazilər olub. Qədim şəhərlərin
xarabazarlıqlarının uyuduqları bu torpaqlar əfsanələr,
rəvayətlər və bu
gün də çoxunun
sitayiş etdiyi pirlərlə doludur. Kəndimizin
ayağında, Quru çayın o biri üzündə Balazar
deyilən bir dik var. Balazar - bala zarı. Ola bilsin ki, burada balaca uşaqların böyük
faciəsi ilə bağlı qədim bir əfsanə, rəvayət
uyuyur. Ancaq öyrəndiyim bir o oldu ki, "Türkmənçay"
müqaviləsindən sonra Qusarda ruslar süvarilərdən
və topçulardan ibarət hərbi qüvvələrini
yerləşdirirlər. Balazarın ayağında
topçular üçün təlim meydançası
düzəldirlər. Hərbi təlimlərdə
Qızıl qayada yerləşdirilən toplardan Balazardakı
hədəflərə atəş açılardı.
Balazar deyilən yerin arxasındakı
Qanlı dərənin cəmi
bir əsrlik tarixçəsi var. Ötən əsrin əvvəllərində
burada erməni-müsəlman müharibəsinin ən
ağır savaşları gedib və qan su yerinə axıb.
Azərbaycanlılarla ləzgilər birləşərək
bu amansız döyüşdə erməniləri məğlub
edib, onlara qan uddura biliblər.
Qanlı dərə azərbaycanlılar və ləzgilər
üçün erməni faşistlərinin
doğulduqlarına peşman olduqları müqəddəs bir
yerdir. Bu döyüşlərdə bizim də kəndimizdən
Müzəffər kişinin başçılığı
altında 40 nəfərlik atlı dəstə vuruşub.
Ötən
əsrin 60-cı illərində biz xırda uşaqlar
idik. Yaşı 90-nı haqlayan
nənəm Aybala qocalıb taqətdən
düşmüşdü. Beli bükülmüşdü, əsasına
söykənib güclə yeriyirdi. İstilər vaxtı
köməkləşib onu həyətə düşürərdik.
Yerini rahatlayıb üzü günəşə oturar,
canını qızdıran şüalara sevinərdi. O, bu
dünyadan yorulsa da,
ömrünün uzun olmasını istədiyimiz
üçün yaşayırdı. "İstəməsəniz,
bir gün də yanınızda qalmaram, köçüb gedərəm",
- deyərdi. Qədimlərdən, köhnə zamanlardan,
yaşadıqları müsibətlərdən, keçdikləri
çətinliklərdən danışardı. Aradan 40 il
ötməsinə baxmayaraq, söhbətləri ən təsirli
bədii əsər kimi
yaddaşıma həkk olunub. Zəmanələrinin sərtliyindən,
insanların nəcibliyindən və mərdliyindən
danışardı. Nənəm bolşevikləri
xatırlayar, qaçaqları daha rəğbətlə yada
salardı. Qaçaqlar gələndə kənddə
onların azuqəsini o saat hazırlayıb verər, yerlərini
də bolşeviklərə deməzdilər. Bolşeviklər
də, öz növbələrində, qaçaqları
meşələrin dərinliklərinə kimi təqib etməkdə
ürəkli deyildilər.
Lakin
bunlardan xeyli əvvəl, İranla Rusiya arasında Azərbaycan
bölündükdən sonra Rusiyanın Qafqazdakı müstəmləkəçilik
siyasəti erməni maraqlarına uyğun
yazıldığından bir o qədər də imperiya
üçün faydalı olmur. Azərbaycanın Rusiya,
İran və Gürcüstanla sərhəd rayonlarına
Rusiyadan malakanların, kazakların və duxoborların
köçürülməsinə
start verilir. Azərbaycanın ətrafında beləcə
rus kəndlərindən ibarət canlı bir xristian kəməri
yaradılırdı. Belə kəndlər Qubada,
Xaçmazda, Lənkəranda, Gədəbəydə və
demək olar ki, bütün sərhəd rayonlarının əksəriyyətində
salınırdı. Malakanlar köhnə əqidəli insanlar
sayılırdılar (staroverı), xaç gəzdirməzdilər,
onlar üçün kəbin müqəddəs idi,
boşanmazdılar, içkiyə aludə deyildilər və
harada olursa-olsun əllərinin qabarı hesabına
yaşamağı bacaran təmiz insanlar olsalar da, imperiya
üçün arzuolunan təbəələrdən deyildilər.
Rusiya malakanları Azərbaycana köçürməklə
bir əldə iki qarpız tuta bilirdi: həm malakanları
özündən uzaqlaşdırırdı, həm də
yeni işğal edilmiş əraziləri daha sürətlə
ruslaşdırmaq şansı qazanırdı. Əslində,
imperiyanın bu siyasəti hər iki xalqa fəlakətlərdən
savayı yenilik gətirə bilmədiyi üçün
iflasa uğradı.
Xucbala
camaatı da malakanların gəlişindən doğan
sıxıntıları və yaranan çətinlikləri açıq-aşkar sezdi. Yeni
sakinlər zatən sülhsevər və qeyri-adi dərəcədə
qurub-yaradan zəhmətkeş insanlar olsalar da, imperiyanın qəyyumluğu
altına alınan təbəə kimi yerli əhalidən
artıq imtiyazlara sahib idilər. Belə hal çar hökuməti
tərəfindən sıxışdırılan yerli əhalini
torpaqların əsl sakinləri kimi qeyzləndirməyə
bilməzdi. Ən yaxşı torpaqlar malakanlara verildi, ev tikmək
üçün onlara yardımlar edilir və yaranan
münaqişələrdə onların mənafeləri daha
inadla qorunurdu. Belə xırda amillər iki kəndin münasibətlərinə
mənfi təsir göstərir, imperiyanın
arzuladığı ruslaşmanın əleyhinə
formalaşan siyasi mühit yaradırdı.
Əslində,
malakanların (malakan sözünün kökü moloko -
süd deməkdir) həyat tərzi və adətləri
ruslardan müsəlmanlara daha yaxın idi. İmperiya isə
yerli camaatı gəlmələrdən əskik tutmaqla
işğal edilmiş ərazilərin
ruslaşdırılması siyasətində uduzdu.
Adicə
Azərbaycan kəndlərində yaranan qarğışlara
fikir verək: "Səni görüm Tanrıya pilləkən
qoyanlardan olasan"; "Səni görüm iki taxtadan tuman
geyənlərdən olasan"; "Səni görüm
başına daraq taxanlardan olasan". Nənəm səbrini
basıb bu qarğışların nə demək olduğunu
bizə birər-birər izah edərdi: rus qızları iki
arşınlıq parçadan tuman geyərdilər, hörüklərini
hörüb, daraq taxardılar.
Nənəmizin
söhbətləri bizə hava-su kimi lazım idi, xatirələrinə
heyranlıqla qulaq asardıq, balaca qız ikən ərə
köçməyinə də inanmaq olmurdu. Bu haqda belə
danışardı özü:
- Əsgi-üsgü
tapıb istədiyimiz oyuncağı düzəldərdik. Bir
dəfə yenə də əsgilərimdən gəlincik
bükəndə anam içəri girib başa saldı ki,
qızım, day bunları yığışdır, sən
artıq yekə qız oldun, hazırlaş, gəlin gedəcəksən.
Tez əlimdəkiləri cehizlik bağlamamın arasında
gizlətdim ki, zərər yoxdu, burda qoymurlarsa, gedib ər
evində oynayaram.
Kəndimizlə
bağlı danışdığım bütün adamlar
söhbətlərində nikbin və bir qədər baməzə
idilər. Lakin bu nikbinliyin arxasında böyük bir faciə, kəndimizin
qismətinə yazılan ağır günlər durur. Azərbaycan
ermənilər tərəfindən necə işğal olunub
parçalanıbsa, gözdən-qulaqdan uzaq ucqar bir kənd də eləcə
dağıdılıb, torpaqları əlindən
alınıb. Ermənistandan Muğana yüz minlərlə
insan necə deportasiya edilibsə, bu kənd də son nəfərinədək
Muğana sürgün edilib. Səbəbi sadədir - müstəmləkə
olmuşuq.
Qonşuluqda
malakan kəndi salındıqdan sonra kəndimizin camaatı
sıxışdırılır, əllərindən
münbit torpaqları alınırdı. Qayaların
üstündə dağlara tərəf sığınan kənddə
yaşamaq çətinləşir. Xuclular istəmədən tez-tez rus kəndi ilə münaqişələrə
getmək məcburiyyətində qalırlar. Malakanlar donuz ətini
yeməsələr də, donuz bəsləyərək
Qusardakı hərbçilərə satırlar. Donuz da bir qədər
yiyəsiz heyvan olduğundan girəvə düşən kimi azərbaycanlıların
tərəvəz və əkinlərinə soxulub,
bağ-bağatı kor qoyarmış. Bununla bağlı dəfələrlə
Quba qəzasının rəisinə müraciət edərək, tədbir görülməsini və
hətta malakanların köçürülməsini
xahiş ediblər. Malakanlar da eyni minvalla azərbaycanlıların
onlara gün verib işıq vermədiklərindən şikayətlənərmişlər.
Azərbaycan
Respublikası Dövlət Arxivinin Quba filialının
direktoru, kəndçimiz Şirin Müzəffərov hadisələrə
yaxından bələd olan mütəxəssis kimi məlumat
verir ki, Quba qəzasının rəisi knyaz Leontyev bu məsələni
dəfələrlə sülh yolu ilə həll etməyə
çalışıb. Adamların arasında toqquşmalar baş
verərmiş və nəhayət, boğaza
yığılan xuclular kəndə növbəti
münaqişəni həll etməyə gələn
pristavı ölümcül yaralayırlar. Knyaz Leontyev tələb
edir ki, cinayətkar hökumətə təslim edilsin. Söz
də verir ki, onu mənə versəniz, heç birinizlə
işim olmayacaq. Camaat
pristavı kimin vurduğunu gözəl bilsə də, onu
satmır. Quba qəzasının rəisi knyaz Leontyev isə,
təbii ki, kəndin həmrəyliyini alqışlamadan
imperatora donos yazır.
Bu təqdimata
yubanmadan münasibət bildirən imperatorun fərmanına əsasən
1896-cı ilin aprelində bütün kənd silahlı dəstənin müşayiəti altında indiki
Biləsuvarla Şabran rayonlarının arasındakı
boş əraziyə sürgün edilir. O zaman
sürgünün müddəti 10 ildən artıq olmasa
da, çarın qəzəbinə
tuş gələn kənd 15 illik sürgünə məhkum
edilir. Sürgün zamanı bir
neçə nəfər Türkiyəyə qaçır,
dağlara çəkilib qaçaqlıq edənlər də
olur.
Köçən
xuclular isə Muğanın cəhənnəmi xatırladan
istilərindən əziyyət çəkir, qızdırma
və yatalaq xəstəliklərinə tutularaq
qırılıb gedirlər. Yaşı 90-a yaxınlaşan
Qızılgül xala keçmişi belə vərəqləyir:
- Mən
sürgündən camaat qayıdandan xeyli sonra anadan
olmuşam. Yadımda eşitdiklərimiz qalıb. Elə ev
olub ki, hamı qırılıb, sürgündən bir nəfəri
belə qayıda bilməyib, elə ailə olub ki, cəmi bircə
nəfəri sağ qalıb. Ora gedib yurd salanların da məhəlləsindən
qəbiristanlıqları böyük
düşübmüş. Ölən belə çox olub.
Sürgünün
iztirablarını yaşayanlardan nənəm və Sədəf
bibi ilə təxminən 40-45 il bundan qabaq
danışdığım yadımdadır. Hər ikisi çoxdan
dünyasını dəyişib.
Sədəf bibi kədərli sürgün bayatıları
oxuyardı və özü də ah çəkib qəfildən
susardı. Aybala nənəmin yeddi oğlundan
altısı Muğanda kəpənək
kimi qırılıb. Dağlarda hər daşın dibindən
bir bulaq, buradasa ilanlar qaynayıb çıxırdı.
Xuclular
xeyli zaman sürgünün məhrumiyyətlərinə
dözüblər. II Nikolaya illər
boyu müraciət edərək kəndlərinə dönmələrinə
izin verilməsini rica ediblər. Uzun müddət onların
müraciətləri qulaqardına vurulsa da, yalnız 1907-ci
ildə geri dönmələrinə izin verilib. Ancaq 15 illik
sürgünün müddəti bitmədiyindən onlara öz kəndlərinin 10-15
kilometrliyində məskən
salmaq əmr edilir.
Sürgündən
qayıdanlar müticəsinə oturub 15 ilin başa
çatmasını gözləmirlər. Rus dilini bilənlər
malakanlarla birbaşa danışıqlarda gizlətmədən
deyirlər ki, bu torpaqlarda gözləri var, heç vaxt halallıq verməyəcəklər,
sizi çar qorusa da, Allahın bəlasından qurtula bilməyəcəksiniz. Bu yerlərə ahımız
çökdüyündən Rəbbin cəzası
yubanmayacaq. Dəmir bəy adamlara altdan pul da
buraxıbmış ki, gedin nə
qədər mümkündürsə, o evlərdən
danışın alın, amma bərk-bərk
tapşırıbmış ki, onun adını dilə-dişə
salmasınlar.
(Ardı var)
Bahadur İMANQULİYEV
Azərbaycan.- 2011.- 9 oktyabr.- S. 7.