Avropa Azərbaycan Cəmiyyəti
İmişlidə yaşayan fransız
qadının Fransaya səfərini təşkil
etmişdir
Avropa Azərbaycan Cəmiyyəti 1947-ci ildən Azərbaycanın İmişli rayonunun Murğuzəlli kəndində yaşayan, əslən fransalı xanım İvonna Botto-Şirməmmədovanın cari il oktyabrın 9-dan 18-dək Fransaya səfərini təşkil edəcəkdir.
AAC-dan AzərTAc-a bildirmişlər ki, səfər çərçivəsində İ.Botto-Şirməmmədova Cəmiyyətin araşdırmaları nəticəsində Fransada yaşadığı aşkar olunan qohumları ilə görüşəcək, doğulub boya-başa çatdığı qəsəbəyə gedəcək və vəfat etmiş doğmalarının məzarlarını ziyarət edəcəkdir.
Cəmiyyət Fransanın müvafiq arxivlərindən, o cümlədən Fransanın Azadlıq Hərəkatı Muzeyindən İ.Botto-Şirməmmədovaya aid sənədlər və fotolar, eləcə də onun doğum haqqında şəhadətnaməsini tapmağa müvəffəq olmuşdur.
Bu səfərin təşkili ilə yanaşı, AAC İ.Botto-Şirməmmədovanın həyatından bəhs edən sənədli filmin çəkilişi üzərində də işləyir. Filmin çəkilişləri həm Azərbaycanda, qadının yaşadığı İmişlinin Murğuzəlli kəndində, həm də onun doğulduğu Lion şəhərinin ətrafında yerləşən Lefoye qəsəbəsində aparılır. Filmin təqdimatı cari ilin noyabrında Parisdə keçiriləcək və daha sonra Fransanın televiziya kanallarında nümayiş etdiriləcəkdir.
Qeyd edək ki,
83 yaşlı İ.Botto Jak
Azərbaycana 1947-ci ildə gəlin gəlmişdir. Onun həyat yoldaşı, sovet
ordusunda döyüşən sıravi
Şəmməd Şirməmmədov 1944-cü ildə əsir
düşmüş və faşistlərin
İtaliyadakı əsir düşərgəsinə
aparılmışdır. ABŞ ordusu
İtaliyanı azad edəndə o, Fransaya qaçmağa
müvəffəq olmuşdur. O, Fransa Azadlıq Hərəkatına qoşulur və Paul Botto Jak ilə
tanış olur. Sonradan
Ş.Şirməmmədov Paulun
bacısı İvonna ilə tanış
olur və müharibədən iki il sonra
onunla ailə həyatı quraraq
Azərbaycana gəlir. İvonna 64 ildir ki, Azərbaycanda yaşayır.
Azərbaycan.- 2011.- 9 oktyabr.- S. 7.