Bakıda «XXI əsr: ümidlər və çağırışlar» devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır

 

Azərbaycan Prezidenti İlham Əliyev Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak etmişdir

 

Oktyabrın 10-da Bakıda, "Gülüstan" sarayında "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə Beynəlxalq Humanitar Forum öz işinə başlamışdır.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Forumun açılış mərasimində və birinci plenar iclasında iştirak etmişlər.

Bakı Beynəlxalq Humanitar Forumu ən geniş humanitar əməkdaşlıq məsələlərinin müzakirə edildiyi nüfuzlu bir məkandır. Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün ideal yerdir. Forumun keçirilməsi haqqında qərar 2010-cu ilin yanvarında Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunda qəbul edilmişdir.

Forumun işində 20-dən çox ölkənin və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri, o cümlədən mədəniyyət və incəsənət xadimləri, aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri, ictimai xadimlər iştirak edirlər.

Dövlətimizin başçısı Forumun açılışında nitq söylədi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin nitqi

 

- Hörmətli qonaqlar!

Hörmətli xanımlar və cənablar, əziz dostlar!

Mən sizin hamınızı Azərbaycanda salamlayıram. Azərbaycana xoş gəlmisiniz.

Bu gün və sabah Bakıda çox əlamətdar Forum işləyəcəkdir. Foruma gəlmiş bütün qonaqlar bizim əziz qonaqlarımızdır. Əminəm ki, bu iki gün ərzində Forum çərçivəsində aparılacaq fikir mübadiləsi, səslənəcək təkliflər humanitar sahədə əməkdaşlığın daha da dərinləşməsinə xidmət göstərəcəkdir.

Deyə bilərəm ki, Bakı  Birinci Beynəlxalq Humanitar Forumunun keçirilməsi ilə bağlı təşəbbüsü Rusiya və Azərbaycan ziyalıları irəli sürmüşlər. Rusiya və Azərbaycan rəhbərliyi də bu təşəbbüsü dəstəkləmişlər. Deyə bilərəm ki, ölkəmizdə son illər ərzində mütəmadi qaydada humanitar əməkdaşlığa dair beynəlxalq tədbirlər keçirilir. 2008-ci ildən Bakı Prosesi başlamışdır. Bakı Prosesinin təməli 2008-ci ildə qoyulmuşdur. O vaxt Bakıda Avropa Şurasına üzv Ölkələrin Mədəniyyət Nazirlərinin Toplantısına biz İslam Əməkdaşlığı Təşkilatının nümayəndələrini, nazirləri dəvət etmişdik və ilk dəfə olaraq birgə beynəlxalq tədbir keçirilmişdir. 2009-cu ildə isə İslam Əməkdaşlığı Təşkilatına üzv ölkələrin nazirlərinin Bakıda keçirilən toplantısına Avropa Şurası ölkələrinin nazirləri də dəvət edilmişdi. Yəni, artıq bu ənənə başlamışdı. 2010-cu ildə Bakıda Dünya Dinləri Liderlərinin Zirvə Görüşü keçirilmişdir və mən o tədbiri çox yaxşı xatırlayıram. Həm müzakirələr, eyni zamanda, qəbul edilmiş qərarlar sivilizasiyalararası dialoqun möhkəmlənməsinə dəyərli töhfəsini vermişdir. Keçən il isə, paytaxtımızda, eyni zamanda, digər beynəlxalq tədbirlər keçirilmişdir. Nəhayət, bu ilin aprel ayında Bakıda Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsi də əlamətdar hadisə kimi tarixdə qalmışdır. Yəni, bu, artıq gözəl ənənədir.

Mən ümid edirəm ki, bugünkü tədbir və ondan sonrakı görüşlər və Azərbaycanda keçiriləcək növbəti beynəlxalq forumlar arzularımızı reallığa çevirəcəkdir. Arzularımız ondan ibarətdir ki, bütün dünya xalqları, bütün ölkələr bir-biri ilə daha da səmimi münasibətdə olsunlar, qarşılıqlı anlaşma daha da dərinləşsin, beynəlxalq əməkdaşlıq üçün daha da əlverişli şərait yaradılsın.

Təsadüfi deyil ki, bütün bu tədbirlər, humanitar sahədə aparılan islahatlar Azərbaycanın adı ilə bağlıdır. Çünki əsrlər boyu Azərbaycanda müxtəlif mədəniyyətlərə mənsub olan xalqlar bir ailə kimi yaşamışlar. Bütün dövrlərdə Azərbaycanda hökm sürən ictimai-siyasi quruluşdan asılı olmayaraq, bütün xalqlar bir ailə kimi yaşamışlar. Heç vaxt Azərbaycanda milli, yaxud dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır. Heç vaxt ayrı-seçkiliyə yol verilməmişdir və bu gün müstəqil Azərbaycan bu ənənələrə sadiqdir.

Hesab edirəm, bizim təcrübəmiz əyani şəkildə göstərir ki, müxtəlif mədəniyyətlərə, müxtəlif dinlərə mənsub olan xalqlar mehribanlıq, sülh, əməkdaşlıq şəraitində yaşaya bilərlər. Yəni, ölkəmizdə bu səpkidə keçirilən tədbirlərin ənənəvi xarakter alması təbiidir və mən çox şadam ki, dəvətimizi qəbul edib Forumda iştirak edən görkəmli ictimai xadimlər bu gün bizim qonaqlarımızdır. Əminəm ki, Forum çərçivəsində aparılan diskussiyalar, yaradılacaq təmaslar bizi daha da sıx birləşdirəcəkdir. İndiki zəmanədə, qloballaşan dünyada belə tədbirlərin keçirilməsinin çox böyük əhəmiyyəti vardır.

Azərbaycanın coğrafi vəziyyəti təbii ki, ölkənin inkişafına da təsirini göstərmişdir. Azərbaycan o ölkədir ki, burada mədəniyyətlər, sivilizasiyalar görüşür, birləşir. Bizim gücümüz birliyimizdədir. Milli və dini müxtəlifliyimiz bizim gücümüzü daha da artırır. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı bir ölkədir. Bütün dinlərin nümayəndələri bərabər hüquqa malikdir. Bütün dini abidələr dövlət tərəfindən qorunur, bərpa edilir və eyni zamanda, tikilir. Ölkəmizdə müstəqillik dövründə yaşanan sabitlik və dostluq ab-havası əlbəttə ki, bu gün Azərbaycanı regional ölkə kimi daha da gücləndirir.

Ölkəmizdə  aparılan bütün islahatlar - istər siyasi, istər iqtisadi islahatlar bir məqsədi güdür ki, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar, Azərbaycan öz gücünü artırsın və bunu etmək üçün təkcə iqtisadi islahatların aparılması kifayət deyildir. Bunu etmək üçün cəmiyyətdə çox sağlam iqlim olmalıdır. Bunu etmək üçün əlbəttə ki, Azərbaycanda bütün xalqlar həmişə olduğu kimi, mehribanlıq və əməkdaşlıq şəraitində yaşamalıdır.

Azərbaycanın tarixi və keçmişi göstərir ki, bunu etmək mümkündür. Bu gün Azərbaycan müstəqil ölkə kimi həm Avropa Şurasının, həm də İslam Əməkdaşlığı Təşkilatının üzvüdür. Azərbaycan nadir ölkələrdəndir ki, hər iki təşkilatda üzvdür və eyni zamanda, fəal üzvdür. Sivilizasiyaları, dünya dinlərini birləşdirmək, əməkdaşlığı dərinləşdirmək üçün hesab edirəm ki, bizim ölkə kifayət qədər böyük səylər göstərir. Ən önəmlisi ondan ibarətdir ki, bu səylər öz nəticəsini verməkdədir. Çünki əgər belə olmasaydı, Azərbaycanın bu sahədəki təcrübəsi maraq doğurmazdı.

Bakı prosesi 2008-ci ildən bu günə qədər uğurla inkişaf edir. Əminəm ki, növbəti illərdə bu proses çərçivəsində əlavə tədbirlərin keçirilməsi bizim işimizə böyük dəstək olacaqdır.

Bizim ölkədə bütövlükdə bütün dövrlərdə humanitar sahəyə çox böyük diqqət göstərilmişdir. Bu gün də bu sahə hökumətimiz üçün prioritet sahədir. Azərbaycanda elmin, təhsilin inkişafı, səhiyyə, mədəniyyət, idman sahələrində yaşanan inkişaf bütövlükdə humanitar sektorun inkişafına xidmət göstərir. Bu sahələr üzrə ölkədə konkret proqramlar vardır. Proqramlar icra edilir. Bu sahə gələcəkdə də prioritet olacaq və biz çalışacağıq ki, nəzərdə tutulan bütün vəzifələr uğurla icra edilsin.

Humanitar sahə hər bir ölkə üçün çox vacibdir. Əlbəttə, humanitar sahəyə daha da böyük diqqət göstərmək üçün ölkənin  maliyyə imkanları da olmalıdır. Müstəqilliyimizin ilk illərində biz böyük çətinliklər içərisində yaşamışıq. Azərbaycanda həm iqtisadi, həm siyasi böhran yaşanırdı. Ola bilər ki, 90-cı illərin əvvəllərində bu sahəyə lazımi dərəcədə diqqət göstərilmirdi. Ona görə yox ki, bu diqqətdən kənarda qalmışdır. Ona görə ki, maliyyə imkanlarımız yox idi. Bu gün Azərbaycan dünya miqyasında iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkədir. Humanitar sahənin inkişafı əlbəttə ki, bizim üçün prioritetdir. Bu sahəni inkişaf etdirmək üçün bizdə imkanlar vardır. Sirr deyil və hamımız yaxşı bilirik ki, ölkənin gələcəyini və uğurlu  inkişafını təmin edən təbii resurslar deyil, humanitar amildir. Ona görə Azərbaycanda təhsilə, elmə qoyulan sərmayə öz  nəticəsini verir və verəcəkdir. Bir neçə il  bundan əvvəl irəli sürülən, "qara qızıl"ı insan kapitalına çevirək tezisi artıq bu gün reallıqdır. Minlərlə Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərində təhsil alır. Azərbaycanda təhsil sahəsində aparılan islahatlar əminəm ki, yaxın gələcəkdə daha da yaxşı nəticələrə  gətirib çıxaracaqdır. Bununla bərabər, elmin inkişafı, gəncləri elmə cəlb etmək üçün konkret proqramlar icra edilir. Bu yaxınlarda qəbul edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının icrası da bu məqsədi güdür.

Bu gün və gələcəkdə ölkələrin uğurlu inkişafını müəyyən edən elmi-texniki tərəqqidir. Bizim üstünlüyümüz ondan ibarətdir ki, Azərbaycan təbii ehtiyatlarla da zəngin olan ölkədir və biz bu ehtiyatlardan səmərəli şəkildə istifadə edirik. Yoxsulluq şəraitində yaşayanların sayı son 7 ildə Azərbaycanda  5 dəfə, yəni 500 faiz aşağı düşmüşdür. Bu onun nəticəsidir ki, dediyim kimi, biz maddi resursları insan kapitalına çeviririk. Gələcəkdə də humanitar sahədə çox ciddi addımlar atılacaqdır. Ancaq bütün müsbət  meyillərlə yanaşı, humanitar sahədə çətinliklər də vardır. Bizim ən böyük çətinliyimiz ondan ibarətdir ki, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqları uzun illərdir işğal altındadır. Bu, böyük humanitar fəlakətdir. Bir milyon Azərbaycan vətəndaşı öz doğma torpağında qaçqın, məcburi köçkün şəraitində  yaşayır. Azərbaycana qarşı etnik təmizləmə siyasəti aparılmışdır və Ermənistanın işğalçı siyasəti Azərbaycana böyük zərbələr vurmuşdur. Azərbaycana həm maddi ziyan, həm mənəvi zərbələr vurulmuşdur.

Biz ümid edirik ki, yaxın gələcəkdə  bu münaqişə həllini tapacaq, Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü bərpa ediləcəkdir. Bunu etmək üçün hüquqi zəmin kifayət qədər güclüdür. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi vardır və orada göstərilir ki, erməni silahlı qüvvələri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır.  BMT-nin Baş Məclisi qətnamə qəbul etmişdir. Avropa Parlamenti, İslam Əməkdaşlığı Təşkilatı, Avropa Şurası, ATƏT, yəni bütün beynəlxalq təşkilatlar bizim mövqeyimizi gücləndirərək münaqişə ilə bağlı çox dəyərli qərarlar və qətnamələr qəbul etmişlər. Ancaq əfsuslar olsun ki, bu qərarların həyata keçirilməsi hələ mümkün olmamışdır. Yenə də deyirəm,  bütün çətinliklərlə bərabər, bu, böyük humanitar fəlakət idi. Çünki adambaşına düşən qaçqınların sayına görə, əfsuslar olsun ki, Azərbaycan dünyada birinci yerdədir.

Bu münaqişəyə tezliklə son qoyulmalıdır və vətəndaşlarımız doğma torpaqlarına qayıtmalıdırlar. Bu onların hüququdur, elementar hüququdur. Nəhayət, ədalət bərpa edilməlidir. Son illər ərzində Azərbaycanda bütün sahələrdə yaşanan inkişaf əlbəttə ki, bizi həm ruhlandırır, eyni zamanda, məsuliyyətimizi də artırır. Bu gün regional işlərdə Azərbaycan tərəfindən irəli sürülən təşəbbüslər nəinki ölkəmiz üçün, bölgə üçün böyük əhəmiyyət daşıyır. İqtisadi və siyasi təşəbbüslərimiz bir məqsədi güdür: ilk növbədə, Azərbaycan xalqı daha yaxşı yaşasın. Digər tərəfdən, qonşuluqda yaşayan insanlar daim əlaqədə olsunlar. Bizim regional təşəbbüslərimizin məqsədi ondan ibarətdir ki, qonşu ölkələrlə əlaqələrimizi daha da gücləndirək. Bu gün bu, belədir. Azərbaycanın qonşuları ilə çox səmimi və konstruktiv münasibətləri mövcuddur. Bütün dünya ölkələri ilə münasibətlərimiz çox sağlam zəmində qurulmuşdur. Bu münasibətlər dostluq, tərəfdaşlıq münasibətləridir, bərabərhüquqlu münasibətlərdir. Bu il biz müstəqilliyimizin iyirmi illik yubileyini qeyd edirik. İyirmi il ərzində ölkəmiz böyük yol keçmişdir. Bu gün toplaşdığımız bu Forumun Azərbaycanda keçirilməsi, bütün dünyadan tanınmış və hörmətli ictimai xadimlərin Forumda iştirakı mənim sözlərimin təsdiqidir.

Bizim hər birimiz - ictimai xadimlər, siyasətçilər, cəmiyyətdə nüfuz sahibləri olan insanlar çalışmalıyıq, elə etməliyik ki, gələcəkdə xalqlararası əlaqələr daha da güclənsin. Buna böyük ehtiyac vardır. Bu, sadəcə olaraq bir şüar deyildir. Sadəcə olaraq indi dəbdə olan ifadələr deyildir. Bu, zərurətdir. Biz bunu ölkəmizdə görürük. Əgər Azərbaycanda milli zəmində, dini zəmində hər hansı bir xoşagəlməz hal olsaydı,  bu, ölkəmiz üçün böyük bir fəlakət olardı. Bizim həm dövlət siyasətimiz, eyni zamanda, cəmiyyətdə mövcud olan ab-hava və cəmiyyətdən gələn siyasi sifariş onu diktə edir ki, biz bu məsələlərə daim diqqət göstərməliyik, siyasətimizi inamla və müvəffəqiyyətlə irəli aparmalıyıq. Bu gün dünyada multikulturalizm  haqqında kifayət qədər geniş diskussiyalar aparılır. Forumun mövzularından biri də məhz multikulturalizmdir. Bu, təbiidir. Çünki son illər ərzində bu məsələ ilə bağlı müxtəlif səpkidə disskusiyalar aparılır. Deyə bilərəm ki, bir anlayış, bir termin kimi, multikulturalizm  nisbətən yeni bir ifadədir. Ancaq biz Azərbaycanda əsrlər boyu multikulturalizm  şəraitində yaşamışıq. Həyatımız, xüsusilə son iyirmi il ərzində müstəqil ölkə kimi təcrübəmiz göstərir ki, multikulturalizmin  gələcəyi vardır. Biz bunu tam  əminliklə deyirik. Nəinki Azərbaycanda, bir çox ölkələrdə və qonşu ölkələrdə multikulturalizmin böyük ənənələri vardır. Ona görə, bu gün multikulturalizmi  şübhə altına qoymaq, yaxud onun iflası haqqında danışmaq hesab edirəm ki, həm yersizdir, həm zərərlidir. Çünki multikulturalizmin alternativi yoxdur. 

Multikulturalizmin  alternativi özünütəcriddir. Mən inanmıram ki, iyirmi birinci əsrdə, qloballaşan dünyada hər hansı bir siyasi qüvvə özünütəcrid siyasətini aparmağa cəhd etsin. Bu yol heç bir yerə aparmır. Multikulturalizmin dəyərləri, əsasları möhkəmləndirilməlidir. Multikulturalizm  başqa xalqın nümayəndəsinə hörmət,  başqa dinə hörmətdir. Öz dininə hörmət  başqa dinə hörmətdən başlayır. Multikulturalizm  ayrı-seçkiliyə yol vermir, əksinə bütün xalqları birləşdirir. Eyni zamanda, hər bir ölkənin öz qaydaları, öz ənənələri vardır. Hər bir insan - həm ölkənin vətəndaşı, həm ölkəyə gələn qonaq, əlbəttə ki, o qaydalara, o ənənələrə hörmətlə yanaşmalıdır. Mən əminəm ki, bu amillərin sintezi nəticəsində bu gün müxtəlif dairələrdə multikulturalizmlə bağlı səslənən bədbin fikirlər aradan götürüləcəkdir. Bizim bu gün keçirdiyimiz Forum multikulturalizmin təsdiqidir, onun təntənəsidir.

Əziz dostlar, bu gün və sabah müzakirələr zamanı əlbəttə ki, çox dəyərli fikirlər səslənəcəkdir. Əminəm ki, bu fikirlər ümumi işimizə öz töhfəsini verəcəkdir.  Mən bir daha sizi Azərbaycanda ürəkdən salamlayıram. Mən çox şadam ki, Birinci Bakı Beynəlxalq Humanitar Forumu bu gün işinə başlayır. Əminəm ki, Forumun doğrudan da çox ciddi nəticələri, gözəl qərarları olacaqdır. Eyni zamanda, Bakı və Azərbaycan ilə tanış olmaq üçün sizə yaxşı imkanlar yaradılacaqdır. Azərbaycana ilk dəfə gələn qonaqlar şəhərimizlə tanış olacaqlar. Yəqin ki, bu gün Azərbaycan haqqında, Azərbaycanda yaşanan inkişaf haqqında sizin özünüzün də təəssüratlarınız olacaqdır. 

Mən Forumun təşkilində iştirak etmiş, bu təşəbbüsü irəli sürmüş və dəstəkləmiş bütün insanlara minnətdarlığımı bildirmək istəyirəm.

Forumun işinə uğurlar arzulayıram.

Sağ olun.

 

 

Azərbaycan.- 2011.-11 oktyabr.- S. 1.